Məhkəmə qərarları › İş №1(010)-75/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-75/2021

29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-75/2021 29.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 57L ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx xxxxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 13 radələrində yaxın münasibətdə olduğu Zərərçəkmiş şəxs ondan ayrılmaq istəməsi səbəbindən, onun yaşadığı ünvan 2 mənzil 24 ünvanda yerləşən mənzildə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı sillə və yumruqla Zərərçəkmiş şəxs qəsdən vuraraq, ona sağ alt göz qapağı nahiyəsinin, boyunun və sol baldırın qançırları, vətərin qopması ilə müşayiət olunan sol əlin İ barmağının proksimal falanqasının şişkinliyi ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs oğlu öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 127-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq, məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 4 il müddət olar ki tanıyır və onunla qeyri-rəsmi münasibəti olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə Almazla dənizə getmək barədə razılaşmışlar. Həmin günü dəfələrlə Almaza zəng etsə də, o, telefona cavab verməmiş, bundan sonra Almazın yaşadığı evə getmişdir. Qapını bir neçə dəfə döydükdən sonra Almaz qapını açmış və evə girərək qapını bağlamışdır. Ondan telefonu niyə açmamasının səbəbini soruşduqda, Almaz işi olduğunu və telefonu görmədiyini bildirmişdir. Almazdan nə vaxt dənizə gedəcəklərini soruşmuş, sonuncu isə uşaqları qoymağa yer olmadığını və buna görə də, bu gün gedə bilməyəcəklərini demişdir. Bunun üstündə aralarında mübahisə yaranmış və mübahisə zamanı o, əli ilə Almazın sifət nahiyəsinə vuraraq xəsarət yetirmiş və onunla dalaşmağa başlamışdır. Mübahisə zamanı Almazı vurduğu üçün diş və dırnaqları ilə onu qolundan və qarnından xəsarət yetirmişdir. Bundan sonra Almaz qapını açaraq ona çıxıb getməyini demiş, o, da evdən çıxaraq uzaqlaşmışdır. xx.xx.2020- ci il tarixdə Günəşli qəsəbəsi, “V” yaşayış massivində olan zaman Almazı avtobus dayanacağında görərək, avtomobildən düşüb ona yaxınlaşmış və ona niyə belə etdiyini, məqsədinin nə olduğunu soruşmuş, Almaz isə yaxşı etdiyini, hələ bunun harası olduğunu demiş, o, isə əsəbləşərək şillə ilə Almazın üz nahiyəsindən vurmuş və həmin vaxt Almaz yerə yıxılmışdır. Almazı yerdən qaldıraraq yerə düşən çantasını ona vermiş və Almaz oradan uzaqlaşaraq getmişdir. Avtomobilə minərək oradan uzaqlaşmışdır. xx.xx.2020-ci il tarixdə yenidən Almazın yaşadığı binanın qarşısına getmişdir ki, onunla aralarında olan söhbəti aydınlaşdırsın. Onların binasının qarşısında bir müddət gözlədikdən sonra Almaz evdən çıxaraq gözəllik salonuna getmiş, Almaza yaxınlaşmaq isdəsə də, sonuncu ona məhəl qoymayaraq salona girmişdir. Salonun qarşısında bir müddət gözlədikdən sonra Almaz oradan çıxaraq, yaşadığı binaya getmiş və binanın blokuna girəndə Almaza yenidən yaxınlaşaraq, bu etdiyi hərəkətlərin səbəbini öyrənmək istəmiş, Almaz isə onu polisə verdiyini, ondan heç nə soruşmamasını bildirmişdir. Həmin zaman Almaz pilləkənlə yuxarı qalxanda, onun arxa cibindən ona aldığı “Samsung A 51” markalı mobil telefonu götürərək bunu özünün ona aldığını, buna layiq olmadığını bildirmişdir. Almaz telefonu istəsə də, o, bu telefonu özünün ona aldığını deyib, həmin telefonu verməyərək blokdan çıxaraq avtomobilinə oturmuşdur. Bir neçə dəqiqə sonra isə tanımadığı həyətdə oynayan uşaqların birinə telefonu aparıb Almaza qaytarması üçün vermiş və oradan uzaqlaşmışdır. İlk hadisə xx xxxxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Almazın yaşadığı Suraxanı rayonu, Y/Giinəşli qəsəbəsi, V yaşayış sahəsi ev 27, mənzil 24-də, ikinci hadisə isə xx xxxxxxxx 2020-ci il tarixdə saat 09 radələrində Günəşli qəsəbəsi, V yaşayış massivində avtobus dayanacağında baş vermişdir. Birinci hadisə zamanı orada ikisi olmuş, ikinci hadisədə isə səhər saatları olduğu üçün ətrafda heç kim olmamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və onun barəsində olan cinayət işinə xitam verilməsinə etiraz etməməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə bir sinifdə orta məktəbdə təhsil aldığı üçün onu tanımışdır. O, 2007-ci ildə ailə həyatı qursa da, 2017-ci ildə boşanmış və bu nikahdan iki övladı dünyaya gəlmişdir. Övladları onunla birlikdə yaşayırlar. 2017-ci ildə boşandıqdan sonra “Facebook” sosial şəbəkəsində Əli onunla əlaqə saxlamış və onlar bir-birinə əlaqə nömrələrini verdikdən sonra görüşməyə başlamışlar. Beləliklə də, o, Əli ilə görüşməyə başlamış və aralarında yaxın münasibət yaranmışdır. Əlinin ailəli olduğunu bilsə də, lakin Əli ailəli olmasının onların münasibətinə heç bir təsiri olmayacağım bildirdiyi üçün onunla münasibət saxlamağa qərar vermişdir. Onlar birlikdə olmağa başladığı təxminən bir ildən sonra Əli onunla kobud şəkildə hərəkətlər etməyə və kobud danışmağa başlamışdır. Belə ki, Əli çox cuzi söhbətlərə görə onunla dalaşmağa başlamış və bir neçə dəfə onu əli ilə vurmuşdur. Əvvəllər Əlinin bu səhv hərəkətlərini bağışlasa da, sonradan bu hal mütəmadi vəziyyət almağa başlamışdır. Buna görə də, təxminən bir il bundan əvvəl Əliyə ondan ayrılmaq istədiyini bildirmiş, lakin Əli buna etiraz etmiş və ondan ayrılmayacağını bildirmişdir. 2020-ci ilin yay aylarında dəqiq xatırlamadığı zaman Əli yumruqla sifətindən vurub xəsarət yetirdiyi üçün onun barəsində polisə şikayət etmiş, lakin sonradan Əlinin anası onun yaşadığı evə gələrək, şikayətini geri götürməyini xahiş etmiş və onun da yazığı gəldiyi üçün Əli barəsində etdiyi şikayəti geri götürmüşdür. Bundan sonra Əli ilə danışmaqdan imtina etmiş, lakin Əli hər gün onun iş yerinə, evinə gəlib ondan ayrılmaq istəmədiyini bildirmişdir. 2020-ci ilin avqust ayının sonlarında o, yenə də Əliyə ondan ayırlmaq istədiyini və onu narahat etməməsi barədə danışmış, lakin Əli yenə də ayrılmaq istəmədiyini bildirmiş və onların mübahisəsi olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə bütün gün Əli ilə telefonda dalaşmış və axşam saat 17 radələrində Əli onun yaşadığı evə gəlmişdir. Qapını açıb Əlini gördükdə, qapını bağlamaq istəsə də, Əli qapını açıb içəri keçmişdir. Həmin gün valideynləri rayona getdiyi üçün uşaqları ilə evdə tək qalmışdır. Uşaqlar həyətdə oynayan zaman Əli onun evinə daxil olduqdan sonra sözlə mübahisə etməyə başlamış və ondan ayrılmayacağını bildirmişdir. Həmin vaxt onlar sözlə mübahisə edərkən, Əli əsəbiləşmiş və onun sifətindən yumruqla vuraraq yerə yıxmışdır. Yerdə özünü müdafiə edərkən, Əli yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrindən vurmuş və yerdə uzanmış halda olarkən, əli onun sol baş barmağından tutub bərk sıxaraq burmuşdur. Bu zaman onun barmağı şişmiş və bərk ağrı hiss etmişdir. Sonra o, qapını açmış və Əlini evdən qovmuşdur. Bir azdan Əli təkrar evinə gəlmiş və qapını bərk döyməyə başlamışdır. Lakin qapını açmamış və Əli bir xeyli qapını döydükdən sonra çıxıb getmişdir. Səhərisi gün, yəni xx xxxxxxxx 2020-ci il tarixdə səhər tezdən Əli təkrar gəlib qapını möhkəm döyməyə başlamış, o, məcbur qalıb qardaşı Mikayıla zəng etmiş və bu barədə ona demişdir. Əli qardaşına zəng etdiyini eşidən kimi qaçıb getmişdir. Birazdan qardaşı evə gəlmiş və o, hadisə barədə ona məlumat verdikdən sonra DİN-nin 102 xidmətinə zəng edərək Əlinin onu döyməsi və xəsarət yetirməsi barədə məlumat vermişdir. Birazdan Suraxanı RPİ-nin 33-cü PB-dən onunla əlaqə saxlamışlar və onu 33-cü PB-nə dəvət etmişlər. O, PB-nə gedib orada hadisə barədə ərizə və izahat yazmış, sonra isə məhkəmə-tibbi ekspertizasının müayinəsindən keçmişdir. Həmin gün Əli onun əl və ev telefonlarına dayanmadan zənglər etməyə başlamış və o, bütün nömrələrində Əlinin nömrəsini qara siyahıya salmışdır ki, onu narahat etməsin. Bundan iki gün sonra, yəni xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 10 radələrində işdən çıxdıqdan sonra Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən avtobus dayanacağında avtobusdan düşüb bir neçə addım atdıqdan sonra Əli gəlib avtomobili ilə küçənin ortasında onun qabağını kəsmiş və avtomobildən düşüb niyə onun barəsində polisə şikayət etdiyini deyərək, onu yavaş vurmuş və o yerə yıxılmışdır. Əli isə avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. O, ayağa qalxıb evə getmişdir. Evdə DİN-nin 102 xidmətinə zəng edərək Əlinin yenə onu döyməsi barədə məlumat vermiş, sonra isə TTY-a zəng edərək evə çağırmışdır. Birazdan TTY həkimləri gəlib onu müayinə etmiş və heç bir xəsarət olmadığını deyərək çıxıb getmişlər. Bu vaxt polis əməkdaşları evə gəlib ondan hadisə barədə ərizə almışlar və təkrar məhkəmə-tibbi ekspertizasının müayinəsindən keçmişdir. Lakin o, heç bir xəsarət almadığı üçün məhkəmə-tibbi ekspertizasının müayinəsindən keçməkdən imtina etmişdir. Bundan sonra Əli dəfələrlə onun iş yerinə gələrək, işində problem yaratmağa başlamış və işdə də Əlinin ona problemlər yaratdığını bilmişlər. Sonuncu dəfə isə xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində uşaqları ilə birlikdə salondan gələn zaman yaşadığı binanın blokunda uşaqlarının yanında Əli ona yaxınlaşıb qabağını kəsmiş və zorla qolundan tutub dartışdıraraq, istifadəsində olan “Samsung Galaxy A51” markalı mobil telefonunu zorla ondan alaraq çıxıb getmişdir. O, uşaqları ilə birlikdə evə qalxıb DİN-nin 102 xidmətinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. Biraz sonra yaşadıqları binada yaşayan uşaqlardan biri qapını döyüb Əlinin onun mobil telefonunu qaytarması üçün göndərdiyini bildirmişdir. O, indiyə kimi dəfələrlə Əli ilə aralarında sözlə mübahisə olması və Əlinin dəfələrlə onu vuraraq xəsarət yetirməsi, lakin indiyə kimi buna dözsə də, artıq səbr edə bilmədiyini bildirmişdir. Həmin hadisələrin baş verməsinə səbəb Əlinin onunla kobud hərəkət etməsi və döyməsi səbəbindən ondan ayrılmaq istəməyi, Əlinin isə ondan ayrılmaq istəməməsi olmuşdur. Həmin vaxt o, Əlini vurmamış və xəsarət yetirməmiş, ümumiyyətlə Əlini vurmaq imkanı və fiziki gücü olmamışdır. O, Əlini hansısa bir formada vurmamış və ona xəsarət yetirməmiş, göstərilən fotoşəkillərdəki xəsarətlərin isə Əlinin öz evində qapının şüşəsinə dəyməsi nəticəsində yarandığını, bununla bağlı Əlinin ona “Whatsap” proqramı vasitəsilə yazdığını və həmin mesajın hal-hazırda da onun mobil telefonunda qaldığını qeyd etmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir tələb və şikayətinin olmamasını, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi və istintaq protokolları və cinayət işinin materiallarında olan digər sübutlarla da təsdiq edilir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 801 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: vətərin qopması ilə müşayiət olunan sol əlin İ barmağının proksimal falanqasının şişkinliyi, sağ alt göz qapağı nahiyyəsinin, boyunun, sol baldırın qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb oaln sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınmaları inkar olunur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 808 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol saidin, sol bazunun, sağ qarınüstü nahiyənin, sağ qalça tini nahiyəsinin qançırları, sağ saidin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərdən sağ qarınüstü nahiyənin qançırı xarakterinə görə dişləmə nəticəsində əmələ gələ bilərdi. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs X4 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 62, 53 və 68.1.2-ci maddələri tətbiq edilməklə 02 il 02 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2007-ci ildə Milli Məclisin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 1.3-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan 149 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində göstərilir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəyən ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən “məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində (40.2.2. zərər çəkmiş şəxslə barışdıqda) nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublkası CM-nın 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini və Azərbaycan Respublikası CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Qərardan 20 gün müddətində Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar