Məhkəmə qərarları › İş №1(010)-75/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-75/2025

20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-75/2025 20.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, prokuror Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili X11 və müqavilə üzrə müdafiəçisi “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 4ü azyaşlı olmaqla, 7 uşağı olan, orta təhsilli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 1(010)-206/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, əvvəli 19 iyun 2024-cü il tarixdən hesablanmaqla, qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 1(103)-2121/2024 saylı qərarı ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, üzərində qəti olaraq 02 il 04 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası y/s, nömrəsiz evdə yaşamış, 25 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 may 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 1(010)-75/2025 nömrəli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 14 sentyabr 2025ci il tarixdə tutulmuş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq-xeyli miqdarda ümumi təmiz çəkisi 0,359 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 may 2024-cü il tarixdə, saat 21:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin inzibati binasına gətirilmiş, inzibati binada otaqların birində üzərinə şəxsi axtarış həyata keçirilən zaman üzərində olan boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,359 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqribən 02 (iki) ilə yaxındır ki, şüşə kimi tanıdığı psixotrop maddədən çəkmək yolu ilə istifadə edir. Həmin maddəni hər dəfə tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün almışdır. Sonuncu dəfə 24 may 2024-ci il tarixdə, Əhmədli metrosunun yaxınlığında tanımadığı şəxsdən 20 manat ödəniş edərək öz şəxsi istifadəsi üçün almış və həmin məqsədlə də üzərində saxlamaqla daşımışdır. 25 may 2024-ci il tarixdə, saat 21:00 dəqiqədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi nömrəsiz evin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və onu yaxınlıqda olan polis şöbəsinə gətirərək təhvil vermişlər. Şöbədə şəxsiyyəti müəyyən olunduqdan sonra, polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, da üzərində, yəni əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində şüşə kimi tanıdığı psixotrop maddə olan ümumillikdə 01 (bir) ədəd bükümü təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümə baxış keçirmiş və içərisində şüşə kimi tanıdığı maddəni aşkar etmişlər. Ondan aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 194 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün proseslər videoçəkilişlə qeydə alınmışdır. Üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddəni şəxsi istifadəsi üçün Əhmədli qəsəbəsində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 20 manata almışdır. O, bir neçə il olar ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə özünə məxsusdur. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona qarşı qanunazidd hərəkət olmamışdır. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə etsə də, artıq uzun müddətdir ki, heç bir narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. Şübhəli şəxs qismində tutulan zaman da üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya olmamışdır. 25 may 2024-cü il tarixdə, Anar adlı dostu ilə birlikdə restoranda çay içmişlər. Daha sonra isə Anarla birlikdə Hövsan qəsəbəsində yerləşən əvvəllər adı “Həyat market” olan, indi isə “Al market” adlanan mağazaya girmişlər, o, ərzaq almışdır. Marketdən çıxan zaman iki polis əməkdaşı gəlib, onu, dostu Anarı və başqa iki nəfəri 30-cu polis şöbəsinə aparmışlar, şöbədə olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq göstərilmiş, yanında başqa bir şəxsə də fiziki zorakılıq göstərilmiş, polis əməkdaşları tərəfindən döyülmüşdür. Bundan qorxub polis əməkdaşlarının dedikləri ilə razılaşıb, psixotrop maddəni üzərinə götürmüşdür. Daha sonra, müstəntiqə olanlar barəsində bildirmiş və “Al market”in yanında olan kamera görüntülərinin alınmasını xahiş etmişdir. Lakin müstəntiq bu barədə heç bir tədbir görməmişdir. Əlavə olaraq bildirmişdir ki, onu iki dəfə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzi publik hüquqi şəxsinə ambulator məhkəmə-narkoloji ekspertizadan keçmək üçün aparmışlar. Ancaq hər iki dəfə də ondan heç bir analiz götürməmişlər. Lakin buna baxmayaraq, Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzi publik hüquqi şəxsi istintaq orqanına onun barəsində 16 iyun 2024-cü il tarixli, 4852 saylı ambulator məhkəmə-narkoloji ekspertizasına dair rəy vermiş və həmin rəydə onda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. O, barəsində verilmiş bu rəylə razı deyil. Həmçinin bildirmişdir ki, 25 may 2024-cü il tarixdə onu saat 21:00-da deyil, həmin gün saat 15:00-da tutmuşlar. Saxlanılan zaman da üstündə heç bir narkotik və psixotrop maddə olmamışdır. Tutulan zaman yanında Suraxanı rayonu Hövsan qəsəbəsindəki sosial binaların birində yaşayan 44 günlük Vətən müharibəsi qazisi X13 olmuşdur. Onların hər ikisini bir yerdə 30-cu polis şöbəsinə gətirmişlər. Tutulub 30-cu polis şöbəsinə gətiriləndən sonra üzərinə “şəxsi axtarış və götürmə” istintaq hərəkəti keçirilərkən də üzərindən heç bir narkotik və psixotrop maddə aşkar edilməmişdir. 30-cu polis şöbəsində zorakılıqlara məruz qalmış və xəsarətlər almışdır. Ona verilmiş saxta və qondarma ittihamda göstərilən psixotrop maddəni (metamfetamini) 30-cu polis şöbəsində zorla boynuna qoyublar. Həmin psixotrop maddə ona aid deyildir. Heç vaxt da metamfetamindən istifadə etməmişdir. 30-cu polis şöbəsində ona qarşı fiziki zor tətbiq edib, onu döyən həmin şöbənin əməliyyat müvəkkili Bəşir Nəcəfov olmuşdur. 30-cu PŞ-də onu tam qanunsuz və əsassız olaraq narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilib, şübhəli şəxs kimi saxlamışlar. Təkrar ambulator məhkəmə-narkoloji ekspertizadan keçirilməsini istəmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olduğu müddətdə ona qarşı fiziki və ya psixi təzyiq göstərilmiş və döyülmüşdür. Ona fiziki zorakılığı Bəşir adlı polis əməkdaşı göstərmişdir. Bəşir adlı polis əməkdaşı şəxsi axtarış həyata keçirilən zaman iştirak etməmişdir. Polis əməkdaşları mülki geyimdə olmuşlar. Müvəqqəti saxlama yerində olan zaman həkim onu müayinə etməmişdir. Xəsarətləri olmamışdır. Narkotik maddələrdən əvvəllər istifadə etmişdir. Narkotik vasitənin kola kimi tanıdığı heroin növündən istifadə etmiş, metamfetamindən isə ümumiyyətlə istifadə etməmişdir. Neçə nəfər polis əməkdaşı tərəfindən tutulduğunu dəqiq bilmir, iki avtomobillə gəlmişlər, təxminən 10 nəfər olardılar. Tutulan zaman mobil telefonu yanında olmamışdır, başqa bir işlə bağlı polis bölməsində olan zaman şəxsiyyət vəsiqəsi ilə birlikdə götürümüşlər, lakin qaytarmamışlar. Videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Əvvələr dini kitabların satışı ilə məşğul olmuşdur. Həmin kitabları məscidin önündə satdığı üçün bir dəfə problem yaşamışdır. Metamfetamini falqa arasında çəkmək yolu ilə qəbul etmiş, iynədən istifadə etməmişdir. İbtidai araşdırma dövründə ona dövlət hesabına vəkil təyin olunmuş, lakin bölmədə olan zaman müdafiəçisi yanında deyildi. Müdafiəçi həmin günü axşam saatlarında gəlmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq göstərilməsi ilə bağlı müstəntiqə demiş, lakin heç bir tədbir görülməmiş, prokurorluq orqanlarına və ya məhkəməyə müraciət etməmişdir. Şübhəli şəxs qismində tutulandan sonra narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Onu tutan şəxsləri görsə tanıyar, lakin adlarını bilmir. Şəxsi axtarışda iştirak edən şəxsləri ilk dəfə şöbədə görmüşdür. Sonda isə məhkəmənin çağırışlarından yayınmadığını, barəsində Bakı Apellyasiya Məhkəməsi tərəfindən azadlığın məhdudlaşdırılması cəzası təyin edildikdən sonra probasiya idarəsindən ona zəng olunacağını gözləmiş, lakin zəng gəlməmiş buna görə də ailəsinə görə rayona getmişdir. Həyat yoldaşının onkoloji xəstə olmaqla, İ qrup əlil olmasını, 7 uşağının olmasını və onlardan birinin xəstəxanada olmasını nəzərə alaraq, barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, 25 may 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin sahə inspektoru, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, həmin gün saat 21:00 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi nömrəsiz evin yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də razı olaraq onlarla birlikdə şöbəyə gəlmişdir. 30-cu polis şöbəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra, dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində “metamfetamin” kimi tanıdığı narkotik vasitə olmasını və həmin maddəni 24 may 2024-cü il tarixdə, Əhmədli qəsəbəsində olarkən tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün alıb əldə etməklə üzərində saxladığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonda isə keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİnin 30-cu polis şöbəsində olduğu zaman ona qarşı hər hansı fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmiş, lakin qaçmağa cəhd etmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni tanımadığı şəxdən 20 manata öz istifadəsi üçün alıb özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Təqsirləndirilən şəxsə yaxınlaşan zaman tək olmuş, Hövsan qəsəbəsində yerləşən “Al market”-dən çıxan zaman tutulmamışdır. Şübhəli şəxs qismində tutulan zaman şəxsin hər hansı xəsarəti olmamış, şəxsi axtarış istintaq hərəkəti 30-cu polis şöbəsinin inzibati binasında təhqiqatçının xidməti otağında videoçəkilişlə keçirilmiş, bu vaxt o, Şahid2, təhqiqatçı, müdafiəçi və təqsirləndirilən şəxs iştirak etmişdir. Əməliyyat məlumatı onu tutmazdan bir neçə gün əvvəl ona daxil olmuş, əməliyyat qrupuna da özü rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni aldığı mənbə barədə tədbir görülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin sahə inspektoru, polis mayoru Şahid2 da ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Şahid2 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmiş, üzərindən psixotrop maddə-metamfetamin və şəxsi əşyaları aşkar olunmuşdur. Psixotrop maddəni tanımadığı şəxdən 20 manata öz istifadəsi üçün alıb özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsə mülki geyimdə yaxınlaşmışlar, ona qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşan zaman tək olmuş, şübhəli şəxs qismində tutulan zaman isə hər hansı xəsarəti olmamışdır. Şəxsi axtarış istintaq hərəkəti aparılan zaman videoçəkiliş aparılmış, bu zaman o, Şahid1, təhqiqatçı, müdafiəçi və təqsirləndirilən şəxs iştirak etmişdir. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs Hövsan qəsəbəsində yerləşən “Al market”dən çıxan zaman tutulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Namaz-zadə Anar Faiq oğlu ifadəsində bildirmişdir ki, əvvəllər Kamran Hüseynzada ilə qonşu olmuşlar. Bir müddət xəstəxanada müalicə almış, 25 may 2024-cü il tarixdə isə xəstəxanadan yeni çıxmışdır. Həmin gün Kamranla görüşüb birlikdə Hövsan qəsəbəsində yerləşən “Sultan” adlı restoranda çay içmiş, daha sonra isə siqaret almaq üçün Hövsan qəsəbəsində yerləşən “Al market” mağazasına getmişlər. Marketdən çıxan zaman polis əməkdaşları onlara yaxınlaşıb 30-cu polis şöbəsinə dəvət etmiş, polis əməkdaşları ilə birlikdə 30-cu polis şöbəsinə getmişlər. Onlarla birlikdə tanımadığı başqa iki nəfəri də polis şöbəsinə aparmışlar. 2-ci Qarabağ Müharibəsi iştirakçısıdır, polis şöbəsində olduğu zaman özünü narahat hiss etmiş, huşunu itirmişdir. Buna görə də, polis əməkdaşları taksi çağırıb onu evinə göndərmişlər. Polis şöbəsinə Təqsirləndirilən şəxs ilə birlikdə getsə də sonradan onu görməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlarla birlikdə tutulan şəxsləri tanımır. Marketdə olan zaman onları da tutub, polis şöbəsinə aparmışlar. Polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Saat neçə radələrində tutulmalarını dəqiq xatırlamır, lakin günorta radələri idi. Polis şöbəsindən isə axşam saatlarında buraxılmışdır. Polis idarəsində olduğu müddətdə Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməsi barədə məlumatı yoxdur. Tutulan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Növbətçi hissədə qeydiyyatdan keçirilməmişlər, belə ki, polis şöbəsinə gəldikdən sonra inzibati binanın otaqlarından birində saxlanılmışlar, mobil telefonları da yanlarında olmuşdur. ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini istifadə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 26 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru X14 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 25 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. (iş.v. 6-7) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 may 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən, ümumilikdə 01 (bir) ədəd bükümü təqdim edərək həmin bükümdə, metamfetamin kimi tanıdığı psixotrop maddənin olduğunu bildirmişdir. Təqdim edilmiş 01 (bir) ədəd şəffaf sellofandan ibarət bükümə baxış keçirilərkən içərisində kristal rəngli psixotrop maddə-metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin maddəni 24 may 2024-ci il tarixdə, Əhmədli qəsəbəsində olarkən tanımadığı şəxsdən 20 manat pul ödəyərək əldə etmiş və istifadə etmək məqsədilə üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddəyə bənzər kütlə olan, ümumilikdə 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 194 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilən zaman cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik hesab ediləcək digər əşya və maddələr aşkar edilməmişdir. (iş.v. 32-33) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilir, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim edir, sonra, ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində “metamfetamin” kimi tanıdığı psixotrop maddə olduğunu və həmin maddəni 24 may 2024-cü il tarixdə, Əhmədli qəsəbəsində olarkən tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün alıb əldə etməklə üzərində saxladığını bildirir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam edirilir və onun üzərindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmur . Məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 may 2024-cü il tarixli 3-16-16/2-6/2977 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş AR DİN “Zərflər üçün № 194” möhür əksi, “Ş/ş X7 üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə; ş/ş /imza Təqsirləndirilən şəxs; ə/m /imza/ Şahid1; s/i /imza/ Şahid2; Tərtib etdi /imza/ Eyvazov Zaur” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,359 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 0,359 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0, 309 qram. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil etmişdir. (iş.v. 42-43) Ambulator məhkəmə-narkoloji ekspertizasının 16 iyul 2024-cü il tarixli, 4852 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 112-113) Suraxanı RPİ-nin İŞ-nin 30 may 2024-cü il tarixli əməliyyat tapşırığına Suraxanı RPİnin 30-cu polis şöbəsi tərəfindən ünvanlanan 12 iyul 2024-cü il tarixli məktubdan görünür ki, zəruri əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi şəxsi müəyyən etmək mümkün olmamışdır. (iş.v. 83-84; 108) 22 iyul 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 0,359 qram, tədqiqatdan sonra qalıq qalmış 0,309 qram olan psixotrop maddə - metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarla maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və bununla bağlı sənədlərin surəti çıxarılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. CM-nin 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasın olmaması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs 0,359 qram psixotrop metamfetamini əldə etdiyi naməlum şəxsin şəxsiyyətini müəyyən edərək istintaqa təqdim edilməsi məqsədilə ********* saylı cinayət işindən ayrıca icraata material ayrılmış və araşdırma aparılması üçün Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə göndərilmişdir. (iş.v. 115-121) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk 22 iyul 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 103- 111) Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli sorğusuna cavab olaraq göndərilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2024-cü il tarix, saat 01:50-də Suraxanı RPİ-nin MSY-nə daxil olmuş, Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudovun 27 may 2024-cü il tarixli qərarına əsasən MSY-dən azad olunmuş və bu zaman heç bir şikayəti olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 1(010)- 439/2024 saylı qərarından görünür ki, iş üzrə əlavə şahid Namaz-zadə Anar Faiq oğlunun istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin 24 may 2024-cü il tarix, saat 09:00-dan 28 may 2024-cü il tarix, saat 09:00-dək olan müddət ərzində zənglər, sms-lər, abunəçilərin anket məlumatları, anten əhatə dairəsi məlumatları müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmış, qərarın icrası müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-dən 28 oktyabr 2024-cü il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 16 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilərək tədqiq edilmişdir. İş üzrə əlavə şahid Namaz-zadə Anar Faiq oğlunun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi məlumatları ilə bağlı diskə baxış keçirilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə, saat 21:20-də tutulmuş, 25 may 2024-cü il tarixdə, saat 21:00-dan tutulmuş hesab edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verən zaman 25 may 2024-cü il tarixdə saat 14-15 radələrində tutulduğunu bildirmişdir. "xxxx" MMC tərəfindən verilmiş diskə məhkəmə iclasında baxış keçirilən zaman ***- ***-**-** saylı mobil telefon nömrəsinin 25 may 2024-cü il tarixdə, saat 11:57, 12:09 və 12:41 radələrində Hovsan Sosiyal/Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zeytun sovxoz/Surakhany/ ünvanında, həmin tarixdə saat 12:58 radələrində Hovsan/Bakı şəhəri, ünvan 6 ünvanında, həmin tarixdə saat 14:09 radələrində Bahar qesebesi/Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi, Suraxanı Hövsan yolu 202/Surakhany/ ünvanında, həmin tarixdə saat 14:46 radələrində XDMX/ Bakı şəhəri, Suraxanı rayonu, Hövsan mərkəzi/Surakhany/ ünvanında, həmin tarixdə saat 15:04 radələrində Bakı şəhəri, ünvan 6 ünvanında, həmin tarixdə saat 15:06, 15:09, 15:14, 15:24, 15:43 və 15:59 radələrində Hovsan Sosiyal/Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zeytun sovxoz/Surakhany/ ünvanında olduğu müəyyən edilir. "xxxx" MMC-dən 28 oktyabr 2024-cü il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 13 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, ***-***-**-** saylı mobil nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. Qeyd olunmalıdır ki, mobil operatorlardan məhkəmənin icraatına adətən daxil olmuş anten əhatə dairəsi ilə bağlı məktublardan müəyyən olunur ki, hər hansı inzibati ərazi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa, telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə/yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. "xxxx" MMC tərəfindən məhkəmənin qərarının icrası ilə bağlı göndərilmiş anten dairələrinə dair 01 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir halı əks etdirmədiyindən maddi sübut hesab edilməməli və iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 04 aprel 2025-ci il tarixli məktubdan və Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru, ədliyyə müşaviri X12 tərəfindən qəbul edilmiş həmin tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmadığından, həmçinin məhkəmə-tibbi ekspertizasının 20 dekabr 2024-cü il tarixli, 124 saylı rəyinə əsasən onun İT-na daxil olarkən bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid3 S-vari bağırsağın xərçəngi xəstəliyi vardır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun himayəsində 4-ü azyaşlı olmaqla 7 uşağı vardır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə, saat 21:20-də şübhəli şəxs qismində tutulmuş, saat 21:00-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 27 may 2024-cü il tarixdə, saat 12:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 27 may 2024-cü il tarixli qərarla, müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Barəsində istintaqı aparılmış başqa cinayət işi üzrə məhkəmə iclaslarında iştirak etmədiyinə görə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(010)-206/2024 saylı qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 1(010)-206/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində əvvəli 19 iyun 2024-cü il tarixdən hesablanmaqla, 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 1(103)-2121/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 1(010)- 206/2024 saylı hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, ona CM-in 234.1-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 27 yanvar 2025ci il tarixli, 1(010)-75/2025 saylı qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanası və Suraxanı RPİ tərəfindən göndərilmiş 15 sentyabr 2025-ci il tarixli məktublardan görünür ki, Suraxanı RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 sentyabr 2025-ci il tarixdə tutularaq 15 sentyabr 2025-ci il tarixdən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılır. Suraxanı Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. (iş.v. 28, 55-56, 79-81, 96-98) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X15 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. X19 əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs ibtidai istintaq zmaanı özünü tam təqsirli bilsə də, məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə etsə də, uzun müddətdir ki, heç bir narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. Şübhəli şəxs qismində tutulan zaman da üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya olmamışdır. Şöbədə olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq göstərilmiş, yanında başqa bir şəxsə də fiziki zorakılıq göstərilmiş, polis əməkdaşları tərəfindən döyülmüşdür. Bundan qorxub polis əməkdaşlarının dedikləri ilə razılaşıb, psixotrop maddəni götürmüşdür. Daha sonra, müstəntiqə olanlar barəsində bildirmiş və “Al market”in yanında olan kamera görüntülərinin alınmasını xahiş etmişdir. Lakin müstəntiq bu barədə heç bir tədbir görməmişdir. 25 may 2024-cü il tarixdə onu saat 21:00-da deyil, həmin gün saat 15:00-da tutmuşlar. Tutulan zaman yanında Suraxanı rayonu Hövsan qəsəbəsindəki sosial binaların birində yaşayan 44 günlük Vətən müharibəsi qazisi X13 olmuşdur. Onların hər ikisini bir yerdə 30-cu polis şöbəsinə gətirmişlər. Tutulub 30-cu polis şöbəsinə gətiriləndən sonra üzərinə “şəxsi axtarış və götürmə” istintaq hərəkəti keçirilərkən də üzərindən heç bir narkotik və psixotrop maddə aşkar edilməmişdir. 30-cu polis şöbəsində zorakılıqlara məruz qalmış və xəsarətlər almışdır. Heç vaxt metamfetamindən istifadə etməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Halbuki təqsirləndirilən şəxs iki gün şübhəli şəxs qismində saxlanılmış, sonradan barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, yəni azadlıqda olmaqla sərbəst hərəkət etmək, əgər ona qarşı psixi zorakılıq, hədə-qorxu tətbiq edilmişdisə, vaxtında müvafiq orqanlara şikayət etmək imkanı olmuş, lakin o, bu imkanlardan istifadə etməmişdir. Təqsirləndirilən şəxs tutulan zaman üzərində psixotrop maddə olmaması və polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması xüsusatları ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatları təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bununla bağlı məhkəmə istintaqı dövründə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna araşdırma aparılması üçün sorğu göndərilmiş, həmin sorğu əsasında Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 04 aprel 2025-ci il tarixli məktubdan və Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru, ədliyyə müşaviri X12 tərəfindən qəbul edilmiş həmin tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmadığından, həmçinin məhkəmə-tibbi ekspertizasının 20 dekabr 2024-cü il tarixli, 124 saylı rəyinə əsasən onun İT-yə daxil olarkən bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədiyindən CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan əlavə, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli sorğusuna cavab olaraq göndərilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2024-cü il tarix, saat 01:50-də Suraxanı RPİ-nin MSY-yə daxil olmuş, Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudovun 27 may 2024-cü il tarixli qərarına əsasən MSY-dən azad olunmuş və bu zaman onun tərəfindən heç bir şikayət daxil olmamışdır. Odur ki, Təqsirləndirilən şəxs polis idarəsində polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı bildirdikləri tam təkzib edilmiş, öz təsdiqini tapmamışdır. Belə ki, təsadüfi deyildir ki, Suraxanı Rayon Məhkəməsinin tərəfindən 05 avqust 2024-cü il tarixdə onun CMin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham hökmü çıxarılmış və məhkəmə iclaslarında heç vaxt metamfetamin istifadə etmədiyini bildirsə də, həmin cinayət işinin başlamasına səbəb də məhz polis əməkdaşları tərəfindən üzərindən psixotrop maddə aşkar edilərək götürülməsi olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zorakılıq tətbiq edilmədiyi, o cümlədən onun azərbaycan dilində sərbəst olaraq yazmağı və oxumağı bacardığı halda, guya polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün məcburən psixotrop maddənin ona məxsus olması ilə bağlı etirafedici ifadələr verməsi, həmçinin metamfetaminin ona məxsus olmadığı halda üzərindən aşkar edilməsi ilə bağlı qeyd etdikləri də heç cür məntiqəuyğun ifadələr deyildir. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilən və tədqiq olunan zaman videogörüntülərdən Təqsirləndirilən şəxs aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi, üzərində olan boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,359 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini çıxarıb təqdim etməsi, ona hansısa xəsarət yetirilmədiyi və bədəni üzərində vizual müşahidə zamanı xəsarətlərin olmaması da aşkar görünür. Həm videogörüntüdən, həm Suraxanı RPİyə verilmiş sorğunun cavabı olaraq göndərilmiş aktdan, həm də aparılmış araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş və bu əməlin nə ilə nəticələnə biləcəyindən məlumatlı olmuşdur. Həmçinin iş materiallarında olan məhkəmə ambulator narkoloji ekspertiza rəyinin nəticəvi hissəsində onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, təqsirləndirilən şəxsin dediklərinin həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyri-mötəbər dəlillər olmasını göstərir. Odur ki, məhkəmə iclaslarında dindirilən zaman ifadəsində özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiyi xüsusatlar tam təkzib edilmişdir. Buna görə də, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin tutularkən üzərində psixotrop maddə olmaması və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə bildirdikləri cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə tərəfindən sübut növü olaraq qiymətləndirilir və nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 0,359 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsidir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq-xeyli miqdarda ümumi təmiz çəkisi 0,359 qram kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 may 2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin inzibati binasına gətirilmiş, inzibati binada otaqlarının birində üzərinə şəxsi axtarış istintaq hərəkəti həyata keçirilən zaman üzərində olan boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,359 qram kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğular və onlara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən azadlıq və toxunulmazlıq hüququ demokratik cəmiyyətdə ən böyük əhəmiyyətə malikdir. Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) 1 e yarımbəndi bir neçə şəxs kateqoriyasına, infeksion xəstəlik yayan şəxslərə, ruhi xəstələrə, spirtli içki, narkotik aludəçilərinə və səfillərə aiddir. Konvensiyanın cəmiyyətə yaxşı uyğunlaşa bilməmiş belə şəxslərin azadlıqdan məhrum edilməsinə icazə verməsinin səbəbi yalnız onların ictimai təhlükəsizlik üçün təhdid təşkil edə bilmələri deyil, həmçinin onların öz maraqlarının da həbslərini zəruri edə bilməsidir. (Quzzardi İtaliyaya qarşı iş). Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 1(010)-159/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 08 ay 28 gün müddətə azadlı qdan məhrumetmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 1(010)-206/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək barəsində əvvəli 19 iyun 2024-cü il tarixdən hesablanmaqla, 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 1(103)-2121/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 1(010)-206/2024 saylı hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, ona CM-in 234.1-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. (iş.v. 85-95) CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bakı şəhər Probasiya idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 il 04 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və onun icrası barədə göstəriş 27 noyabr 2024-cü il tarixdə icraata qəbul edilmişdir. Bugünkü tarixədək məhkumun olduğu yeri müəyyən etmək və probasiya qeydiyyatına almaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixə cəzanın çəkilməmiş hissəsi 02 il 04 ay 04 gün təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs, məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş şəxs hesab olunur. Lakin CM-nin 18.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yaranmır. Belə ki, CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Çünki, Təqsirləndirilən şəxs əvvəlki törətdiyi cinayət əməlinə görə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli Qərarına əsasən məhkumluq, cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayəthüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. O da nəzərə alınmalıdır ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 4-ü azyaşlı olmaqla, 7 uşağının olması və həyat yoldaşının onkoloji xəstə olması CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 15 oktaybr 2024-cü il tarixli qərarı ilə, azadlığın məhdudlaşdırılması cəzasına, ondan da əvvəl bir dəfə Suraxanı rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü ilə yenə də CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş olmasına baxmayaraq, yenidən eyni maddə üzrə cinayət əməli törətməsi onun ictimai təhlükəliliyini, cəzasının islah təsirinin yetərli olmamasını, qanunlara laqeyd münasibətin göstəricisidir. Həmçinin onun Suraxanı Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı mövcuddur. Həmin material üzrə yekun protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2024-cü il tarixdə, saat 23:00 radələrində yaşadığı ünvan 10 ünvanda həyat yoldaşı Şahid3 ona ailəsi ilə maraqlanmadığını, işləmədiyini və evə pul gətirmədiyini irad bildirməsi səbəbindən aralarlında yaranmış mübahisə zamanı əsəbləşərək qəsdən yumruqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq ona sağ bazunun iç səthinin yumuşaq toxumasının hematoması, burunun sol yan səthinin, sağ almacıq nahiyəsinin, hər iki bazunun qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Odur ki, təqsirləndirilən şəxs məhkəmə iclasında həyat yoldaşının xəstəliyi ilə bağlı sənədlər təqdim edərək, ailədə yeganə işləyən şəxs özünün olmasını bildirməklə məhkəmə tərəfindən ona cəza təyin ediləcək cəzasının yüngülləşdirilməsinə çalışsa da, həyat yoldaşı ilə münasibətləri pis olmuş və onu döyməsi ilə bağlı məhkəmənin icraatında Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə sadələşdirilmiş icraat materialı mövcuddur. Təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayətə meyilli şəxs olmuş, hazırki vaxtadək CM-nin 234-cü maddəsi ilə barəsində 2 dəfə məhkəmə tərəfindən hökm çıxarılmışdır. Həmin hallar məhkəmə tərəfindən onun şəxsiyyətini mənfi xarakterizə edən hallar hesab olunur. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 68.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli Qərarına əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. O da nəzərə alınmalıdır ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin suiistifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən azadlıq və toxunulmazlıq hüququ demokratik cəmiyyətdə ən böyük əhəmiyyətə malikdir. Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) 1 e yarımbəndi bir neçə şəxs kateqoriyasına, infeksion xəstəlik yayan şəxslərə, ruhi xəstələrə, spirtli içki, narkotik aludəçilərinə və səfillərə aiddir. Konvensiyanın cəmiyyətə yaxşı uyğunlaşa bilməmiş belə şəxslərin azadlıqdan məhrum edilməsinə icazə verməsinin səbəbi yalnız onların ictimai təhlükəsizlik üçün təhdid təşkil edə bilmələri deyil, həmçinin onların öz maraqlarının da həbslərini zəruri edə bilməsidir. (Quzzardi İtaliyaya qarşı iş). Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 1(103)-2121/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmalı, alınan azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə şübhəli şəxs qismində tutulduğu müddət, həbsdə saxlanıldığı müddət və hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu müddət cəmi Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxsnın azadlıqdan məhrum etmə cəzasının əvvəli 14 sentyabr 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olumalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,309 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılmalı, mobil operatorlardan anten dairələri ilə bağlı təqdim edilmiş 01 ədəd diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabpına məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü X3 və X11 müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi X3 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 14 saat, oğlu isə 4 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 14 iş saatı üçün 154 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X2, 4 iş saat üçün isə ödənilməsi üçün 44 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X10, Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 1(103)-2121/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablansın, alınan 01 il 06 ay müddət azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, ona qəti olaraq 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, 19 iyun 2024-cü il tarixdən 15 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 03 ay 26 gün müddət və hazırki iş üzrə 25 may 2024-cü il tarixdən 27 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, cəmi 04 ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 11 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxsnın azadlıqdan məhrum etmə cəzasının əvvəli 14 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoliji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,309 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Mobil operatorlardan anten dairələri ilə bağlı təqdim edilmiş 01 ədəd diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Müdafiəçi X1 Təqsirləndirilən şəxsnın hüquqlarının müdafiəsinə sərf etdiyi 14 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 154 manat, X8 isə Təqsirləndirilən şəxsnın hüquqlarının müdafiəsinə sərf etdiyi 04 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 44 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar