Məhkəmə qərarları › İş №1(010)-76/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-76/2020

17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-76/2020 17.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 16:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, boşanmış, bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 360 saat müddətinə ictimai işlər cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 66 ünvanında yerləşən 1 saylı uşaq evində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində əvvəllər dayə kimi işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 14 nömrəli evin 6 nömrəli mənzilində, ev sahibi Zərərçəkmiş şəxs və sonuncunun digər ailə üzvlərinin olmamasından istifadə edərək, yataq otağındakı çarpayının sağ aşağı küncündə olan qadın pul kisəsinin içərisindən 800 manat nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda əvvəlcə özünü qismən təqsirli bilərək göstərdi ki, iki aylığında valideynləri tərəfindən 1 saylı uşaq evinin qarşısına atılmış, həmin vaxtdan 18 yaşına kimi Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 1 saylı uşaq evində himayə olunmuşdur. Valideynləri hal-hazıradək onunla maraqlanmamışlar və sonuncular barəsində heç bir məlumatı yoxdur. 2013-cü ildə 18 yaşı tamam olandan sonra uşaq evindən çıxmış və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində dayəlik etməyə başlamışdır. Dörd ilə yaxın həmin yerdə işləmiş və 2017-ci ildə oradan çıxmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində işlədiyi vaxtı ev sahibinin qohumu, Əziz adlı şəxslə ailə həyatı qurmuşdur. Evliliyinin ikinci aydan sonra, iki aylıq hamilə olduğu zaman Əzizin gedib Naxçıvanda yaşamaları təklifi ilə razılaşmadığına görə sonuncu ilə rəsmi qaydada boşanmışlar. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki işdən çıxdıqdan sonra Abşeron rayonu, Xırdalan şəhərində başqa bir evdə iş tapmış və orada təxminən bir il dayəlik etdikdən sonra həmin işdən də çıxmışdır. İşdən çıxdıqdan sonra onunla uşaq evində bir yerdə böyümüş İlqar adlı şəxslə əlaqə saxlamış, sonuncu ilə 2018-ci ilin iyun ayında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində görüşmüşdür. Həmin vaxt İlqar ona Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quluyev küçəsində kirayə ev tapmışlar. Evin sahibi Rövşən adlı şəxslə ayda 80 manat kirayə pulu verəcəyi barədə razılığa gəlmişlər. Bundan sonra o, Rövşənin evində yaşmağa başlamış, bir müddət restoranda qabyuyan işləmişdir. Sonradan Rövşənin yoldaşı da işləməyə başladığına görə sonuncular ona, evin kirayə pulu əvəzində azyaşlı uşaqlarına dayəlik etməyi təklif etmişlər, onların təklifi ilə razılaşıb dayəlik etməyə başlamışdır. Lakin həmin ərəfədə əlavə gəliri olmadığına, maddi cəhətdən tələbatlarını ödəyə bilmədiyinə, həmçinin, hamilə olduğu zaman yıxılmağı səbəbindən övladının başında şiş yarandığına, sonuncunu mütəmadi olaraq müalicə etdirmək lazım olduğuna, dərman almalı olduğuna görə həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də, xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində o, yataq otağındakı çarpayının sağ aşağı küncündə olan qadın pul kisəsinin içərisindən 650 manat nəğd pulu götürüb evdən çıxmışdır. Həmin günü saat 15 radələrində Rövşənin həyat yoldaşı ona zəng edib uşağı məktəbdən qonşunun götürdüyünü və sonuncudan uşağı götürüb evə aparmasını demişdir. Bu səbəbdən qayıdıb uşağı götürüb evə aparmış, yeməyini verdikdən sonra evdən çıxıb getmişdir. Oğurladığı pula özü üçün paltar və övladı üçün dərman almışdır. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, övladını Abşeron rayonu, Xırdalan şəhərində imkanlı bir ailənin himayəsinə vermiş, bununla belə özü tez-tez gedib övladı ilə maraqlanır. Rövşənin evindən puldan başqa hər hansı bir əşya, o cümlədən şəxsiyyət vəsiqəsi oğurlammaışdır. Zərərçəkmiş şəxs, evindən oğurlandığını qeyd etdiyi mobil telefon isə oğurlammaış, həmin mobil telefon özünə məxsus olduğuna görə evdə gedərkən onu özü ilə götürmüşdür. Belə ki, qeyd edilən telefonu şəxsiyyət vasiqəsi olmadığına görə 2019-cu ilin iyun ayında, yəni Rövşənin evində qaldığı zaman 25 manat ilkin ödəniş edib, hər ay 38 manat ödəmək şərti ilə doqquz ay müddətinə Rövşənin adına kreditə götürmüş, ödənişləri hər ay özü etmiş, ödəniş qəbzləri Rövşənin evində olmuşdur. 367 manat dəyəri olan mobil telefonun 215 manatını ödəmiş, qalan dörd ayın ödənişlərindən isə məlumatı olmamışdır. Sonradan Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, göstərdi ki, ona istinad edilən cinayəti tam etiraf etməməsi barədə əvvəlki ifadəsini o, özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə vermişdir. Əslində isə o, Rövşənin evindən 650 manat deyil 800 manat oğurlamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razılıq əldə etdiyini, onunla barışıq əldə etdiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, ailə üzvləri ilə yaşadığı evin bir otağını 80 manata Səbinə adlı qadına kirayə vermiş, evin açarlarının bir nüsxəsi sonuncuda olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə, səhər saat 08 radələrində o, və həyat yoldaşı Xalidə işə, azyaşlı oğlu isə məktəbə getmiş, Səbinə isə evdə qalmışdır. Saat 15 radələrində Xalidə ona zəng edərək bildirmişdir ki, “Səbinəyə zəng edirəm telefonu açmır sən də zəng elə gör nə iş görür'’. Bundan sonra o, Səbinənin istifadəsində olan xatırlamadığı nömrəsinə zəng etmiş, lakin onunla əlaqə saxlaya bilməmişdir. Belə ki, operator tərəfindən nömrənin söndürüldüyü bildirilmişdir. Məcbur olub yaşadığı evdə olan şəhər telefonuna zəng etmiş, telefona azyaşlı oğlu cavab vermişdir. Oğlundan Səbinənin harada olduğunu soruşmuş, oğlu Səbinənin çıxıb getdiyini, hələ də qayıtmadığını bildirmişdir. Həmin günü saat 16 radələrində ona zəng edib evdən oğurluq edildiyini bildirdikdə dərhal evə gəlmiş və həmin vaxt məlum olmuşdur ki, evdən ona məxsus şəxsiyyət vəsiqəsi, 800 manat pul və üzərində olan hazırda xatırlamadığı 04 manat dəyərində nömrə ilə birlikdə bir ədəd 3573xx/xx/382589/2 və 3573xx/xx/382589/0 iki imei kodlu “Samsung” markalı, “A10” modelli mobil telefon oğurlanmışdır. Həmin günü onlar Səbinə ilə əlaqə saxlamağa çalışsalar da onunla əlaqə saxlaya bilməmişlər. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 1.260 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslə razılığa gəldiyini, onunla barışdığını, buna görə də sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, ailə üzvləri ilə yaşadığı mənzilin bir otağını 80 manata Səbinə adlı qadına kirayə vermişlər, evin açarlarının bir nüsxəsi sonuncuda olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə, səhər saat 08 radələrində o, və həyat yoldaşı Rövşən işə, azyaşlı oğlu məktəbə getmiş, Səbinə isə evdə qalmışdır. Saat 15 radələrində Səbinəyə zəng edib ondan nə işlə məşğul olduğunu soruşmuş, sonuncu da ona evdə olduğunu, ev işləri gördüyünü bildirmişdir. Oğlu Yusifi məktəbdən evə Səbinə gətirməli olduğundan, həmin günü sonradan Səbinə ilə bir neçə dəfə əlaqə saxlamış, sonuncu uşağı məktəbdən götürdüyünü, artıq evə çatmaq üzrə olduqlarını demişdir. Bundan bir neçə dəqiqə sonra yenidən Səbinəyə zəng etmiş, lakin sonuncunun telefonu bağlı olduğundan onunla əlaqə saxlaya bilməmişdir. Belə olan halda Rövşənə zəng edərək bildirmişdir ki, “Səbinəyə zəng edirəm telefonu açmır sən də zəng elə gör nə iş görür”. Bir qədər sonra Rövşən ona zəng edib Səbinənin telefonuna zəng çatmadığını, azyaşlı oğlu Yusifin evdə olduğunu, Səbinənin isə evdən çıxıb getdiyini, hələ də qayıtmadığını bildirmişdir. Buna görədə o, yaşadığı evə gəlmiş, evə çatdıqda qapı bağlı olduğundan, özündə isə aşar olmadığından evdə olan oğluna pəncərəni açmasını işarə etmiş, sonuncu pəncərəni açdıqdan sonra evə daxil olub qapını açmışdır. Evə baxdıqda həyat yoldaşı Rövşənə məxsus şəxsiyyət vəsiqəsinin, 800 manat pulun və bir ədəd 3573xx/xx/382589/2 və 3573xx/xx/382589/0 iki imei kodlu “Samsung” markalı, “A10” modelli mobil telefon aparatının, üzərində olan hazırda xatırlamadığı nömrə ilə birlikdə oğurlandığını aşkar etmişdir. Həmin günü onlar Şəbinə ilə əlaqə saxlamağa çalışsalar da buna nail ola bilməmişlər. İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 14 nömrəli evin 6 nömrəli mənzilindən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs mənzilin yataq otağını göstərərk bildirmişdir ki, həmin otaqdan ona məxsus “Samsung” markalı, “A10” modelli mobil telefon, şəxsiyyət vəsiqəsi və 800 manat məbləğində nəğd pul, evində kirayədə yaşayan Səbinə adlı şəxs tərəfindən oğurlanmışdır. İş materiallarında olan könüllü təqdim edilmiş əşyaya baxış keçirmə və götürmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi 01 ədəd qara rəngli “Samsung” markalı, “A10” modelli mobil telefon iş üçün maddi sübut əhəmiyyəti olduğundan götürülmüşdür. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs, evində yaşadığı zaman yataq otağından şəxsiyyət vəsiqəsini, 800 manat pulu və bir ədəd 3573xx/xx/382589/2 və 3573xx/xx/382589/0 iki imei kodlu “Samsung” markalı, “A10” modelli mobil telefonu oğurladığını Təqsirləndirilən şəxs üzünə deyərək ibtidai istintaq verdiyi ifadəsini bir daha təsdiq etmiş, həmçinin mobil telefonun beş aylıq kreditinin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi ilə bağlı sonuncunun bildirdiyi xüsusatı təsdiq etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 14 nömrəli evin 6 nömrəli mənzilin giriş qapısını və yataq otağında olan çarpayının aşağı hissəsini göstərərək 2018-ci ilin yay aylarından həmin evdə kirayədə yaşadığını, xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində yataq otağında olan çarpayının aşağı hissəsindəki pul kisəsindən 650 manat nağd pul vəsaitini götürərək evdən getdiyini bildirmişdir. İş materiallarında olan toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə, Azərbaycan Respublikası CM-nin 326-cı maddəsi ilə cinayət təqibinin başlanması isə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən rədd edilmiş, cinayət işi üzrə götürülmüş “Samsung” markalı, “A10” modelli mobil telefonun mülkiyyət hüququnun kimə məxsus olması və gələcəkdə telefonun kimdə qalması məsələsinin həll edilməsi üçün tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razılıq əldə edərək onunla barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 360 saat müddətinə ictimai işlər cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4, 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə məhkum edildiyi, habelə hazırki iş üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs əvvəllər Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə məhkum edildiyi, o cümlədən hazırki iş üzrə təqsirli bilindiyi əməllərin böyük ictimai təhlükə törətməyən cinayət olduğunu, habelə Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyini nəzərə alaraq hesab edir ki, qeyd edilən cinayət əməlləri və ictimai işlər növündə cəaya görə məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cavanlığını, o cümlədən onun barəsində işdə olan və ayrıayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona ictimai işlər növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində ictimai işlər növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli məktubunun və Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü və hökmün icrası barədə xx xxxxxxxx 2019-cu il tarixli göstəriş xx xxxxxxx 2019-cu il tarixdə icraata qəbul edilsə də, məhkumun olduğu yer məlum olmadığından onun barəsində axtarış elan edilmiş və Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən hökmün icra edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs 07 gün müddətinə tutulması qərara alınmışdır. Bununla da göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü və hökmün icrası barədə xx xxxxxxxx 2019-cu il tarixli göstəriş Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsində icraata qəbul edilsə də, məhkumun olduğu yer məlum olmadığından həmin hökmlə təyin edilmiş cəzanı icra etdirmək mümkün olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 360 saat müddətinə ictimai işlər cəzası, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək ictimai işlər cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən şəxsə, ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə isə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 360 (üç yüz altmış) saat müddətinə ictimai işlər növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 360 (üç yüz altmış) saat müddətinə ictimai işlər cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 480 (dörd yüz səksən) saat müddətinə ictimai işlər növündə cəza müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə isə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN- ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar