Məhkəmə qərarları › İş №1(010)-77/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-77/2020

28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-77/2020 28.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı X5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7, təqsirləndirilən şəxsin müdafiəçisi X1 iştirakı ilə xx xxxxxxxx 2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 97 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar bağları, nömrəsiz evdə yaşayan, barəsində Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə əvvəli xx xxxxxx 2019-cu ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2019-cu ildə saat 18 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, O.Şabanov küçəsində yerləşən 32 nömrəli evin pəncərəni açmaq yolu ilə içəri qanunsuz daxil olaraq, evin birinci mərtəbəsinin qonaq otağındakı şkafın içərisindən 150 manat məbləğində nağd pulu, ikinci mərtəbədəki yataq otağında olan şkafdan isə 250 manat dəyərində bir ədəd qızıl üzüyü gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 400 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxx 2019-cu ildə saat 13 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq yataq otağındakı paltar şkafından 1.300 manat dəyərində bir ədəd qızıl qolbaq və bir ədəd boyunbağıdan ibarət dəsti, 800 manat dəyərində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəsti, 150 manat dəyərində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəsti, 450 manat dəyərində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəsti, 300 manat dəyərində bir ədəd qızıl kişi üzüyünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 3.000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu ildə günorta saatlarında Zərərçəkmiş şəxs3 məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə qapının qıfılını sındırmaq yolu ilə qanunsuz daxil olaraq yataq otağındakı paltar şkafında olan əl çantasının içərisindən bir ədəd 300 manat dəyərində qızıl kişi üzüyünü, bir cüt 150 manat dəyərində qızıl sırğanı və hər birinin dəyəri 60 manat olan üç ədəd qızıl dişləri, habelə bir ədəd 40 manat dəyərində qızıl muncuğu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 670 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu ildə saat 23 radələrində Zərərçəkmiş şəxs4 məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən 41 nömrəli evə dəmir barmaqlığı sındırıb pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq yataq otağındakı şkafda dəsmalların altına qoyulmuş 140 manat məbləğində nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 maddi ziyan həmin miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu ildə saat 12 radələrində Zərərçəkmiş şəxs5 məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 18 nömrəli evin 118 nömrəli mənzilinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq evin yataq otağındakı paltar şkafından bir ədəd 8 manat dəyərində «Curren» markalı qol saatını, bir ədəd 30 manat dəyərində gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli və ağ şəffaf qaşları olan sırğa cütü, üzük və kulondan ibarət dəsti, bir ədəd 15 manat dəyərində gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli və ağ şəffaf qaşları olan bilərziyi, bir ədəd 5 manat dəyərində gümüşü rəngli metaldan boyunbağını, bir ədəd 3 manat dəyərində üzərində ağ şəffaf qaşları olan kulonu, bir ədəd 20 manat dəyərində sarı metaldan olan qadın qolbağını, bir ədəd 50 manat dəyərində gümüş materialdan olan dəstin boyunbağısını, bir ədəd 100 manat dəyərində suvenir xəncəri, bir ədəd 50 manat dəyərində sadə materialdan olan qadın qol saatını və bir cüt 30 manat dəyərində bayquş formalı sadə materialdan olan sırğanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 311 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu ildə saat 16 radələrində Zərərçəkmiş şəxs6 məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 5 nömrəli evə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq, evdə saxlanılan, pul yığmaq üçün nəzərdə tutulmuş iki ədəd qabdan ümumilikdə 400 manat məbləğində nağd pulu və ümumi dəyəri 18 manat olan iki ədəd «Naviforce» markalı kişi qol saatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 418 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu ildə saat 17 radələrində Zərərçəkmiş şəxs7 məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsində yerləşən 167 nömrəli evə dəmir barmaqlığı aralayıb pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq, qonaq otağında masanın üzərindəki pul kisəsinin içərisindən 100 manat məbləğində pulu, habelə ümumi dəyəri 162 manat təşkil edən, yataq otağındakı trümonun siyirməsində saxlanılan bir ədəd 12 manat dəyərində gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli və ağ şəffaf qaşları olan boyunbağını, bir ədəd 10 manat dəyərində gümüşü rəngli metaldan, üzərində bir ədəd çəhrayi rəngli qaş olan sırğa cütünü, bir ədəd 8 manat dəyərində sarı (qaralmış) rəngli metaldan, yarpaq formalı elementləri üzərində ağ şəffaf qaşlar olan sırğa cütünü, bir ədəd 5 manat dəyərində gümüşü rəngli metaldan kilid hissəsi, bənövşəyi rəngli daşlardan ibarət qolbağı, bir ədəd 5 manat dəyərində sarı rəngli metaldan kilid yeri, üzərində 1 ədəd ağ rəngli daş olan parça materialdan qolbağı, bir ədəd 4 manat dəyərində sarı rəngli metaldan üzərində mirvariyə bənzər muncuqlar olan sırğa tayı və qırıq üzük dəstini, bir ədəd 3 manat dəyərində gümüşü rəngli metaldan üzərində bir ədəd qırmızı rəngli qaş olan kulonu, bir ədəd 80 manat dəyərində istifadədə olmuş «Samsung» markalı GT-İ9300 modelli telefonu, bir ədəd 10 manat dəyərində istifadədə olmuş «Nokia» markalı, 200 modelli, **********25125 imei kodlu telefonu, bir ədəd 20 manat dəyərində istifadədə olmuş, istifadəyə yararsız vəziyyətdə olan «İphone» markalı A1332 modelli telefonu, bir ədəd 5 manat dəyərində gümüşü rəngli metaldan, üzərində bir ədəd bənövşəyi rəngli qaş olan məmulat hissəsini gizli talamaqla oğurluq cinayətini törətməyə cəhd etmiş, lakin Zərərçəkmiş şəxs7 tərəfindən hadisə yerində müəyyən olunduğundan bilavasitə cinayəti törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ünvan 1 mənzil 97 ünvanında qeydiyyatda olsa da, anası X2 və bacısı X3 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. İşləmədiyinə görə müxtəlif yerlərdən oğurluq edərək dolanır. xx xxxx 2019-cu ildə günorta saatlarında piyada gəzib evləri müəyyən edərək oğurluq etmək üçün boş evlər axtarırdı. Həmin gün saat 18 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən həyət evinin qapısını döymüş, lakin cavab verən olmamışdır. Evdə heç kimin olmadığına əmin olmuş və ətrafa bir daha baxıb hasara qalxaraq həyətə düşmüşdür. Həyətdə olan plastik pəncərəni əlinin içi ilə sıxıb təsir edərək açmış və oradan evə daxil olmuşdur. Evi axtarmağa başlamış və bu zaman qonaq otağında olan qab şkafının içərisindəki qablardan 50 manat, 20 manat və 80 manat olmaqla, cəmi 150 manat nağd pul tapıb onu götürmüşdür. Sonra digər otaqları gəzib axtarmağa başlamış, evin ikinci mərtəbəsində olan yataq otağında içərisində sənədlər olan qutunun içindən bir ədəd qadın qızıl üzüyü tapmış və həmin üzüyü də götürdükdən sonra evə daxil olduğu pəncərədən həyətə çıxıb hasardan çölə düşüb oradan uzaqlaşmışdır. Bundan sonra 8-ci kilometr bazarına gəlmış və oğurladığı bir ədəd qızıl üzüyü orada tanımadığı şəxsə 80 manata satmışdır. Əldə etdiyi pulu isə öz ehtiyacları üçün xərcləyib. Bundan sonra xx xxxx 2019-cu ildə saat 13 radələrində piyada gəzərək oğurluq etmək üçün ev axtardığı zaman Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən evlərdən birinin qapısını döymüşdür ki, evdə kiminsə olub-olmamasını müəyyən etsin. Lakin cavab verən olmamış və o, başa düşmüşdür ki, həmin evdə heç kim yoxdur. Bundan sonra ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra hasara qalxıb oradan həyətə düşmüş və həyətdə yerləşən bir mərtəbəli kürsülü evə yaxınlaşmışdır. Evin plastik pəncərəsindən birini əli ilə sıxıb açmış və həmin pəncərənin üzərində olan nəfəslik setkasını yerindən çıxarıb kənara qoymuşdur. Bundan sonra o, həmin pəncərədən evə girmış və evi axtarmağa başlamışdır. Bu zaman evin yataq otağında olan paltar şkafının içərisindən müxtəlif qızıl-zinət əşyaları olmasını görmüş və həmin qızılları götürüb cibinə qoyduqdan sonra həmin pəncərədən də həyətə çıxmış və həyət darvazasını arxadan açıb çölə çıxaraq oradan uzaqlaşmışdır. Bundan sonra o, «Moskva Univermağı» deyilən yerə getmiş və oğurladığı qızıl-zinət əşyalarını orada tanımadığı bir nəfər qadına ümumilikdə 900 manata satmışdır. Əldə etdiyi pul məbləğini isə şəxsi ehtiyaclarına xərcləyib. Bundan sonra xx xxxxxx 2019-cu ildə günorta saatlarında o, növbəti dəfə oğurluq törətmək üçün Suraxanı rayonu, Hövsan qəsəbəsinə getmişdir. Həmin qəsəbədə Bağlar massivi adlanan yerə gəlmişdir ki, orada bir mənzilə daxil olub oğurluq etsin. Məhəllələrlə gəzib oğurluq üçün daxil olacağı ev axtardığı zaman bir evin qapısının qıfıllı olduğunu görmüş və həmin evdə heç kəsin olmadığını düşünüb, qapının qıfılını yerdən tapdığı dəmir parçası ilə sındırıb həmin evə daxil olmuşdur. Həmin evdə yataq otağında şifoneri axtardığı zaman bir qadın çantasının içərisindən bir ədəd qızıl kişi üzüyünü, bir cüt qızıl sırğanı, üç ədəd qızıl dişləri və bir ədəd qızıl muncuğu götürüb həmin evi tərk etmişdir. Bundan sonra həmin qızılları «Laçın» Ticarət Mərkəzinin qarşısında tanımadığı şəxsə ümumilikdə 200 manata satmış və əldə etdiyi pulları özü üçün xərcləmişdir. Bundan sonra xx xxxxxx 2019cu ildə saat 23 radələrində Hövsan qəsəbəsinə gəlmiş, «Limon» kafesinin yanından ara küçələrə girərək oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Küçədə işıqları yanmayan bir ev görmüş və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra darvazadan evin həyətinə tullanmışdır. Evin pəncərələrində dəmir barmaqlıq var idi. Evin sağ tərəfində ağaclar olan tərəfdəki mətbəxin pəncərəsinin dəmir barmaqlığına həyətdəki nərdivana söykəmiş və həyətdən tapdığı dəmir parçası ilə dəmir barmaqlığı sındırmışdır. Daha sonra mətbəxin taxtadan olan pəncərəsini əli ilə güc tətbiq edərək açmağa nail olmuşdur. Mətbəxdən zala daxil olmuş və oradan sağ tərəfdə olan iki otağı axtarmağa başlamışdır. Evin yataq otağında şkafın yuxarı gözündə dəsmalların altından 140 manat pul tapmış və götürmüşdür. Həmin puldan başqa qiymətli heç nə tapa bilməmiş və evin girdiyi pəncərəsindən çıxaraq oradan uzaqlaşıb getmişdir. Götürdüyü pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra xx xxxxxx 2019-cu ildə saat 12 radələrində Hövsan qəsəbəsinə gəlmiş və çimərliyə gedən yoldan içəri küçə ilə gəzməyə və ara küçələrə girərək oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Küçədə bir ev görmüş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra darvazadan evin həyətinə tullanmışdır. Evin pəncərələrində dəmir barmaqlıq var idi. Evin giriş qapısının yanında olan pəncərəni yerdən tapdığı dəmir parçası ilə açmışdır. Pəncərədən daxil olduğu balaca otaq uşaq otağına oxşayırdı. Evin otaqlarını axtaran zaman yataq otağındakı şkafda bir ədəd kişi qol saatı, bir ədəd sarı metaldan olan qadın qolbağı, gümüş materialdan olan sırğa, üzük, qolbaq, boyunbağıdan ibarət dəst, bir ədəd gümüş materialdan olan boyunbağı, bir ədəd suvenir xəncər, bir ədəd sadə materialdan olan qadın qol saatı və bir cüt bayquş formalı sadə materialdan olan sırğa və bir ədəd kənarları qaşlarla bəzədilmiş klon tapmış və onları götürərək həmin evdən çıxıb getmişdir. Sarı rəngli qolbağın qızıl olmadığını bildikdən sonra onu tullamış, bir ədəd xəncəri isə «Vasmoy bazarı» adlanan yerdə tanımadığı şəxsə 20 manata satmışdır. Lakin gümüş dəstin içərisindəki boyunbağını, bir ədəd qadın qol saatını və bir cüt bayquş formalı sırğanı oradan qaçan zaman itirmişdir. Bundan sonra xx xxxxxx 2019-cu ildə saat 16 radələrində Hövsan qəsəbəsi «Limon» kafeyə çatmamış ara məhəlləyə girmış və evləri nəzərdən keçirməyə başlamışdır. Küçədə yerləşən bir evin gündüz vaxtı həyət işığının yandığını və darvazaya diqqətlə baxanda kilidlənmiş vəziyyətdə olduğunu görmüşdür. Hər ehtimala qarşı evdə heç kimin olmadığına əmin olmaq üçün qapını bir neçə dəfə döymüş, lakin açan olmamışdır. Bundan sonra ətrafda heç kimin olmadığına əmin olduqdan sonra darvazadan evin həyətinə tullanmışdır. Evin pəncərələrində dəmir barmaqlıq yox idi. Həmin gün birinci evin pəncərəsini açdığı dəmir parçasını özü ilə götürmüş və həmin dəmir parçası ilə evin plastik pəncərəsini açıb içəriyə daxil olub evi axtarmağa başlamışdır. Evin yataq otağında balaca masa var idi və saat qablarının içindən iki ədəd kişi qol saatını götürmüşdür. Daha sonra yataq otağı ilə üzbəüz olan otaqdakı balaca şkafda içərisində 1, 5, 10 manatlıq əsginaslar və qəpiklər olan banka var idi, həmin bankanın skoçla bağlanmış ağzını açıb içərisindəki pulları götürmüşdür. Bundan sonra mətbəxə keçib orada olan şkafları axtarmış, lakin heç nə tapmamışdır. Zal sayılan otaqdan gəldiyi pəncərədən çıxan zaman zaldakı masanın üzərində dəmirdən olan pul yığmaq üçün nəzərdə tutulmuş qabı görmüş və bıçaqla həmin qabı açmışdır. Orada bir ədəd 100 manatlıq, 20, 10, 1 manatlıq əsginaslar və qəpiklər var idi. Onları da götürüb oradan uzaqlaşıb getmişdir. Götürdüyü pulları öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra xx xxxxxx 2019-cu ildə saat 17:00 radələrində oğurluq etmək məqsədi ilə Suraxanı rayonu, Dədə-Qorqud yaşayış sahəsinə gəlmişdir. Bir qədər gəzdikdən sonra birmərtəbəli fərdi yaşayış evin olmasını və evin darvazasında asma qıfıl olduğunu görmüşdür. Həmin vaxt bilmişdir ki, evdə heç kim yoxdur və qeyd olunan evdən oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra o, hasardan keçərək evin həyətyanı sahəsinə daxil olmuş və evin sağ tərəfində yerləşən plastik pəncərənin qarşısındakı dəmir barmaqlığı həmin həyətyanı sahədən tapdığı çəkiclə sındırıb, plastik pəncərəni əli ilə açaraq evin mətbəxinə daxil olmuşdur. Bundan sonra evin mətbəxindən qonaq otağına keçmiş və masanın üzərində pul kisəsini görmüşdür. Daha sonra həmin pul kisəsini açan zaman orada 100 manat məbləğində pul olduğunu görüb götürmüşdür. Bundan sonra evin yataq otağına keçərək, oradakı paltar dolabından 2-3 cüt sırğa, həmçinin həmin otaqda olan kiçik dolabların üzərində olan bir ədəd «Samsung Galaxy S3» markalı, bir ədəd «Nokia» markalı və bir ədəd «İphone 5S» markalı mobil telefonları götürmüşdür. Daha sonra evin digər otağına keçərək axtarış aparsa da, heç nə tapmamışdır. Həmin vaxt evə girdiyi pəncərədən çıxmaq istədikdə, darvazanın açıldığını və ev sahibinin evə gəlməsini görmüşdür. Bu zaman düşünmüşdür ki, evin mətbəx otağında gizlənsin və ev sahibi evə daxil olan zaman o, evə girdiyi pəncərədən qaçıb gedər. Həmin vaxt ev sahibi evə girməmiş və mətbəxin pəncərəsindən baxan zaman onu görmüşdür. Bundan sonra o, pəncərədən çıxaraq evin sahibinin yanına gəlmiş və o, ondan kim olduğumu soruşduqda, həmin evdən oğurlayaraq gödəkcənin cibində saxladığı əşyaları, mobil telefonları və 100 manat məbləğində nağd pulu, eyni zamanda digər evlərdən də etdiyi oğurluq zamanı əldə edərək gödəkcəsinin cibində saxladığı digər əşyaları da yerə ataraq, darvazadan qaçıb getmiş, lakin ev sahibi onun arxası ilə getməmişdir. Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları onu saxlamış və o, törətdiyi əməl barədə bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, əri X6 və oğlu X9 hər gün saat 08-dən işlə əlaqədar evdən çıxırlar və saat 17-18 radələrində qayıdırlar. Həmin müddət ərzində evdə heç kim olmur. xx xxxx 2019-cu ildə 08-də onlar evdən çıxmışlar. Həmin günü saat 20 radələrində evə gələn zaman onlara məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin mətbəx tərəfdən pəncərəsinin açıq olduğunu görmüşdür. Həyat yoldaşından həyət qapısını açıq qoymasını soruşmuş, lakin o qapını açıq qoymadığını bildirmişdir. Evlərə keçəndə görmüşdür ki, şkafların gözlükləri açıqdır. Onda başa düşmüşdür ki, evlərinə oğru girib. Belə ki, evin yataq otağındakı paltar şkafından içərisində saxlanılan 1.300 manat dəyərində bir ədəd qızıl qolbaq və bir ədəd boyunbağıdan ibarət dəst, 800 manat dəyərində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, 150 manat dəyərində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, 450 manat dəyərində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, 300 manat dəyərində bir ədəd qızıl kişi üzüyü oğurlanıb və nəticədə ona 3.000 manat məbləğində maddi ziyan dəyibdir. Təqsirləndirilən şəxsin ailə vəziyyətini nəzərə alaraq ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, xx xxxxxx 2019-cu ildə saat 13 radələrində o, yaşadığı həmin evdən çıxıb, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, ev 52 saylı ünvanda yeni tikdirdiyi evə baxmağa getmişdir. Həmin evdə işlərini yekunlaşdırıb saat 15 radələrində yaşadığı evə gəlmiş və evin həyət qapısından daxil olduqda evin qapısının açıq olduğunu, qıfılının sındırıldığını görmüşdür. Dərhal mənzilə daxil olub nə baş verdiyini müəyyən etmək istəyərkən, evin əşyalarının qarışdırıldığını, dağınıq olduğunu görmüşdür. Başa düşmüşdür ki, evdə olmadığı müddətdə evə naməlum şəxs daxil olaraq oğurluq edib. O, öz əşyalarına nəzər yetirdikdə, yataq otağında paltar şkafında saxladığı əl çantanın içərisində 1 ədəd 300 manat dəyərində qızıl kişi üzüyünün, 1 cüt 150 manat dəyərində qızıl sırğanın və hər birinin dəyəri 60 manat olan 3 ədəd qızıl dişlərin və 1 ədəd 40 manat dəyərində qızıl muncuğun oğurlandığını müəyyən etmişdir. Bundan sonra dərhal bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Daha sonra yaşadığı mənzilə polis əməkdaşları gəlmiş və mənzilə baxış keçirərək, sənədləşmə aparmışlar. O, baş vermiş hadisə ilə bağlı şikayət ərizəsi yazmışdır. Baş vermiş hadisə nəticəsində ona cəmi 670 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsin ailə vəziyyətini nəzərə alaraq ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirmişdir ki, xx xxxxxx 2019-cu ildə saat 14 radələrində Hövsan qəsəbəsi, Çöllük küçəsi 5 ünvanında yerləşən yaşadığı evin qapısını kilidləyərək işə getmiş və saat 19 radələrində qayıdıb darvazanı açaraq həyətə daxil olduqda evin qarşı tərəfində qonaq otağının pəncərəsinin açıq olduğunu görmüşdür. Pəncərəyə yaxınlaşanda görmüşdür ki, həmin pəncərə arasına hansısa əşya salınmaqla açılıb. Sonra evin giriş qapısını açaraq evə daxil olmuş, evdə otaqların əşyalarının dağınıq vəziyyətdə olduğunun şahidi olmuş və bu barədə 30-cu polis şöbəsinə məlumat vermişdir. Evə diqqətlə nəzər yetirdikdə yataq otağından ona məxsus biri 70 manat, digəri isə 50 manat dəyərində olan iki ədəd «Naviforce» markalı kişi qol saatlarının, yataq otağı ilə üzbəüz yerləşən otaqdakı balaca şkafın içərisində olan ağzı skoçla bərkidilmiş, pul toplamaq üçün nəzərdə tutulan qabın ağzının açılaraq oradan 5, 10 manatlıq əsginas və qəpiklər olmaqla təxminən 200 manat pulun və qonaq otağında masanın üzərində olan pul toplamaq üçün nəzərdə tutulmuş dəmir qabın açılaraq oradan bir ədəd 100 manatlıq əsginas, 20, 10, 1 manatlıq əsginas və qəpiklərlə birlikdə təxminən 200 manat pulun oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 520 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsin ailə vəziyyətini nəzərə alaraq ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirmişdir ki, xx xxxxxx 2019-cu ildə 16:45-də yaşadığı evin qapısını və darvazanın qapısını bağlayaraq saçını qırxdırmaq üçün yaxınlıqda olan bərbərxanaya getmişdir. Təxminən 30 dəqiqə orada olub saçını qırxdıqdan sonra geri qayıtmış və saat 17:15-də darvazanın qapısını açarla açıb içəri həyətə daxil olduqda evin mətbəx otağının pəncərəsinin dəmir barmaqlığının sındırılaraq aralandığını və pəncərənin açıq olduğunu görüb çöldən mətbəxə baxdıqda içəridə təxminən 20 yaşında olan bir nəfər şəxsi görmüşdür. Həmin şəxs onu gördükdə ondan kim olduğunu soruşub evdən çıxmasını tələb etmişdir. Həmin şəxs mətbəx otağından tullanaraq həyətə düşmüş və onunla üzbəüz vəziyyətdə dayandıqda o, ona qışqıraraq səs küy etməyə başlamışdır. Bu zaman həmin şəxs cibində olan bütün əşyaları yerə ataraq oradan qaçmışdır. Lakin o, həmin şəxsin arxasınca qaçmamış və baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra yaşadığı evə polis əməkdaşları gələrək baxış keçirdilər. Baxış zamanı o, həmin şəxsin ona məxsus evdən oğurladığı əşyaları, həmçinin qaçan zaman həyətlərinə atdığı digər əşyaları, yəni 03 ədəd qol saatı və digər bəzək əşyalarını polis əməkdaşlarına təhvil vermişdir. Həmin şəxs qonaq otağındakı masanın üzərində olan ona məxsus pul kisəsindən 100 manat pulu, yataq otağındakı kiçik dolabların üzərindən bir ədəd 100 manat dəyərində Samsung S3 markalı, bir ədəd 20 manat dəyərində Nokia markalı sadə telefon aparatı, bir ədəd 60 manat dəyərində İphone 5S markalı mobil telefon aparatını və həmin otaqda olan trümonun siyirməsindən 60 manat dəyərində müxtəlif bijuteriyanı oğurlayaraq ona 340 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirmişdir ki, ona məxsus fərdi yaşayış evi bir mərtəbəlidir və həyətyanı sahəsi dəmir darvaza ilə bağlanır, lakin pəncərələrdə hər hansı dəmir barmaqlıq yoxdur. xx xxxxxx 2019-cu ildə saat 09 radələrində o, və arvadı şəxsi işləri ilə əlaqədar yaşadıqları evdən çıxaraq, darvazanı asma qıfılla bağlayaraq getmişlər. Saat 14 radələrində yaşadıqları evə qayıdan zaman müəyyən etmişlər ki, ona məxsus evin uşaq otağının plastik pəncərəsi açıq vəziyyətdədir. Bundan şübhələnərək evə baxan zaman görmüşdür ki, evin yataq otağındakı paltar şkafında olan bir ədəd «Curren» markalı kişi qol saatı, bir ədəd sarı metaldan olan qadın qolbağı, gümüş materialdan olan sırğa, üzük, qolbaq, boyunbağıdan ibarət dəst, bir ədəd gümüş materialdan olan boyunbağı, bir ədəd suvenir xəncər, bir ədəd sadə materialdan olan qadın qol saatı və bir cüt bayquş formalı sadə materialdan olan sırğa oğurlanmışdır. Bundan sonra baş vermiş hadisə barədə Suraxanı RPİ-yə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona məxsus evdən bir ədəd 50 manat dəyərində «Curren» markalı kişi qol saatı, bir ədəd 20 manat dəyərində sarı metaldan olan qadın qolbağı, 200 manat dəyərində gümüş materialdan olan sırğa, üzük, qolbaq, boyunbağıdan ibarət dəst, bir ədəd 20 manat dəyərində gümüş materialdan olan boyunbağı, bir ədəd 100 manat dəyərində suvenir xəncər, bir ədəd 40 manat dəyərində sadə materialdan olan qadın qol saatı və bir cüt 20 manat dəyərində bayquş formalı sadə materialdan olan sırğa oğurlanmış, nəticədə ona ümumilikdə 450 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, təxminən beş ildir ki, evləri 03 sot torpağın daxilində tikilməklə, iki mərtəbəlidir və altı otaqdan ibarətdir. xx xxxx 2019-cu ildə əri Ramin yaşadıqları evdən çıxaraq işə getmişdir. O isə oğlu Məhəmmədi musiqi məktəbinə aparmaq üçün saat 12:30 radələrində evdən çıxmışdır. Həmin vaxt evdə heç kim olmamışdır. Təxminən 6-7 saatdan sonra, təqribən saat 19 radələrində o, yaşadıqları evə qayıdan zaman həyətə daxil olduqda, evin birinci mərtəbəsinin pəncərəsinin açıq olmasını görmüşdür. Bundan şübhələnərək evə daxil olub baxış keçirən zaman ona məlum olmuşdur ki, evin birinci mərtəbəsindəki qonaq otağında olan qab şkafının içərisindəki qabların içərisindən 50 manat, 20 manat və 80 manat olmaqla, cəmi 150 manat nağd pul və evin ikinci mərtəbəsində olan yataq otağında içərisində sənədlər olan qutunun içindən bir ədəd 250 manat dəyərində qızıl qadın üzüyü naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra əri Raminə baş vermiş hadisə barədə məlumat vermiş, daha sonra isə DİN-in 102 xidməti və Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxsin ailə vəziyyətini nəzərə alaraq ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx xxxxxx 2020-ci il tarixli 488/489 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «təqdim edilmiş məmulatların metalı əlvan metal ərintisində və dəmir əsaslı ərintidən hazırlanmış bijuteriyalardır, üzərində olan qaşlar qiymətli qaşlara aid deyil. Ayrıayrılıqda çəkiləri və digər göstəriciləri tədqiqat hissədə göstərilmişdir (1 ədəd qara rəngli metaldan, içərisində “Curren” yazısı, qara rəngli dəriyəbənzər materialdan kəməri olan qol saatı - metalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 71,75 qramdır-8,0 manat; 2 ədəd qara rəngli metaldan, içərisində “NAVİFORCE” yazısı, qara rəngli dəriyəbənzər materialdan kəməri olan qol saatı - metalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 156,65 qramdır - 18,0 manat; 1 ədəd gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli və ağ şəffaf qaşları olan sırğa cütü, üzük və kulon dəsti - üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı əlvan metal ərintisindən hazırlanmış bijuteriyadır, çəkisi 26,57 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 30,0 manat; 1 ədəd gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli və ağ şəffaf qaşları olan bilərzik - üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı əlvan metal ərintisindən hazırlanmış bijuteriyadır, çəkisi 11,78 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 15,0 manat; 1 ədəd gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli və ağ şəffaf qaşları olan boyunbağı - metalı dəmir əsaslı ərintidən hazırlanmış bijuteriyadır, çəkisi 5,01 qramdır qaşları qiymətli qaşlara aid deyil - 12,0 manat; 1 ədəd gümüşü rəngli metaldan boyunbağı - metalı dəmir əsaslı ərintidən hazırlanmış bijuteriyadır, çəkisi 1,92 qramdır-5,0 manat; 1 ədəd gümüşü rəngli metaldan, üzərində 1 ədəd çəhrayi rəngli qaş olan sırğa cütü - metalı dəmir əsaslı ərintidən hazırlanmış bijuteriyadır, çəkisi 7,71 qramdır, qaşı qiymətli qaşlara aid deyil - 10,0 manat; 1 ədəd sarı (qaralmış) rəngli metaldan, yarpaq formalı elementləri üzərində ağ şəffaf qaşlar olan sırğa cütü - metalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmış bijuteriyadır, çəkisi 10,45 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 8,0 manat; 1 ədəd gümüşü rəngli metaldan kilid hissəsi, bənövşəyi rəngli daşlar ibarət qolbaq - metalı dəmir əsaslı ərintidən hazırlanmış bijuteriyadır, çəkisi 11,14 qramdır - 5,0 manat; 1 ədəd sarı rəngli metaldan kilid yeri, üzərində 1 ədəd ağ rəngli daş olan parça materialdan qolbaq- metalı dəmir əsaslı ərintidən hazırlanmış bijuteriyadır, çəkisi 8,25 qramdır – 5,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində mirvariyəbənzər muncuqlar olan sırğa tayı və üzük dəsti (üzük qırıqdır) - metalı əlvan metal ərintisindən və dəmir əsaslı ərintidən hazırlanmış bijuteriyadır, çəkisi 6,24 qramdır, qırıntı hesab olunur - 4,0 manat; 2 ədəd gümüşü rəngli metaldan, 1 ədədinin üzərində 1 ədəd qırmızı rəngli qaş, 2-nin üzərində ağ şəffaf qaşları olan kulon - metalı əlvan metal ərintisindən hazırlanmış bijuteriyadır, çəkisi 5,25 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 6,0 manat; 1 ədəd gümüşü rəngli metaldan, üzərində 1 ədəd bənövşəyi rəngli qaş olan məmulat hissəsi - metalı dəmir əsaslı ərintidən hazırlanmış bijuteriyadır, çəkisi 1,72 qramdır, qaşı qiymətli qaşlara aid deyil, qırıntı hesab olunur - qiymətləndirilmir; 1ədəd, istifadədə olmuş “Samsung” markalı GT-İ9300 modelli telefon - 80,0 1 ədəd istifadədə olmuş “Nokia” markalı, 200 modelli, **********25125 imei telefon - 10,0 manat; 1 ədəd istifadədə olmuş, istifadəyə yararsız vəziyyətdə olan “İphone” markalı A1332 modelli telefon, ehtiyat hissəsi kimi - 20,0 manat). Ekspertiza tədqiqatına təqdim olunan məmulatların 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 236,0 manat müəyyən olunur. Ayrı-ayrılıqda qiymətlər tədqiqi hissədə göstərilmişdir». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, ailə vəziyyətini, elan olunmuş ittihamda qeyd edilən ilk iki epizod üzrə cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs5 məxsus olan 01 (bir) ədəd «Curren» markalı qol saatı, 01 (bir) ədəd gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli və ağ şəffaf qaşları olan sırğa cütü, üzük və kulon dəsti, 01 (bir) ədəd gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli və ağ şəffaf qaşları olan bilərzik, 01 (bir) ədəd gümüşü rəngli metaldan boyunbağı, 01 (bir) ədəd üzərində ağ şəffaf qaşları olan kulon, Zərərçəkmiş şəxs6 məxsus olan 02 (iki) ədəd «Naviforce» markalı kişi qol saatı, Zərərçəkmiş şəxs7 məxsus olan 01 (bir) ədəd gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli və ağ şəffaf qaşları olan boyunbağı, 01 (bir) ədəd gümüşü rəngli metaldan, üzərində bir ədəd çəhrayi rəngli qaş olan sırğa cütü, 01 (bir) ədəd sarı (qaralmış) rəngli metaldan, yarpaq formalı elementləri üzərində ağ şəffaf qaşlar olan sırğa cütü, 01 (bir) ədəd gümüşü rəngli metaldan kilid hissəsi, bənövşəyi rəngli daşlar ibarət qolbaq, 01 (bir) ədəd sarı rəngli metaldan kilid yeri, üzərində 01 (bir) ədəd ağ rəngli daş olan parça materialdan qolbaq, 01 (bir) ədəd sarı rəngli metaldan üzərində mirvariyəbənzər muncuqlar olan sırğa tayı və qırıq üzük dəsti, 01 (bir) ədəd gümüşü rəngli metaldan üzərində 01 (bir) ədəd qırmızı rəngli qaş olan kulon, 01 (bir) ədəd gümüşü rəngli metaldan, üzərində bir ədəd bənövşəyi rəngli qaş olan məmulat hissəsi, 01 (bir) ədəd istifadədə olmuş «Samsung» markalı GT-İ9300 modelli telefon, 01 (bir) ədəd istifadədə olmuş «Nokia» markalı, 200 modelli, **********25125 imei kodlu telefon, 01 (bir) ədəd istifadədə olmuş, istifadəyə yararsız vəziyyətdə olan «İphone» markalı A1332 modelli telefon və 100 (yüz) manat məbləğində nağd pul müvafiq olaraq zərərçəkmiş şəxslərə qaytarıldığından onların sərəncamına verilmiş hesab olunsunmalı, iş üzrə Zərərçəkmiş şəxs2 məxsus evdən götürülmüş əl-barmaq izləri cinayət işində saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxx 2019-cu ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs5 məxsus olan 01 (bir) ədəd «Curren» markalı qol saatı, 01 (bir) ədəd gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli və ağ şəffaf qaşları olan sırğa cütü, üzük və kulon dəsti, 01 (bir) ədəd gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli və ağ şəffaf qaşları olan bilərzik, 01 (bir) ədəd gümüşü rəngli metaldan boyunbağı, 01 (bir) ədəd üzərində ağ şəffaf qaşları olan kulon, Zərərçəkmiş şəxs6 məxsus olan 02 (iki) ədəd «Naviforce» markalı kişi qol saatı, Zərərçəkmiş şəxs7 məxsus olan 01 (bir) ədəd gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli və ağ şəffaf qaşları olan boyunbağı, 01 (bir) ədəd gümüşü rəngli metaldan, üzərində bir ədəd çəhrayi rəngli qaş olan sırğa cütü, 01 (bir) ədəd sarı (qaralmış) rəngli metaldan, yarpaq formalı elementləri üzərində ağ şəffaf qaşlar olan sırğa cütü, 01 (bir) ədəd gümüşü rəngli metaldan kilid hissəsi, bənövşəyi rəngli daşlar ibarət qolbaq, 01 (bir) ədəd sarı rəngli metaldan kilid yeri, üzərində 01 (bir) ədəd ağ rəngli daş olan parça materialdan qolbaq, 01 (bir) ədəd sarı rəngli metaldan üzərində mirvariyəbənzər muncuqlar olan sırğa tayı və qırıq üzük dəsti, 01 (bir) ədəd gümüşü rəngli metaldan üzərində 01 (bir) ədəd qırmızı rəngli qaş olan kulon, 01 (bir) ədəd gümüşü rəngli metaldan, üzərində bir ədəd bənövşəyi rəngli qaş olan məmulat hissəsi, 01 (bir) ədəd istifadədə olmuş «Samsung» markalı GT- İ9300 modelli telefon, 01 (bir) ədəd istifadədə olmuş «Nokia» markalı, 200 modelli, **********25125 imei kodlu telefon, 01 (bir) ədəd istifadədə olmuş, istifadəyə yararsız vəziyyətdə olan «İphone» markalı A1332 modelli telefon və 100 (yüz) manat məbləğində nağd pul müvafiq zərərçəkmiş şəxslərə qaytarıldığından həmin zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab olunsunlar. İş üzrə Zərərçəkmiş şəxs2 məxsus evdən götürülmüş əl-barmaq izləri cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar