Məhkəmə qərarları › İş №1(010)-79/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-79/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-79/2021 14.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:45-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1994-cü ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, ibtidai istintaq orqanı tərəfindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 1(010)- 79/2021 nömrəli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən, şəxsi istehlak miqdarından artıq 01 ədəd bükümdə təmiz çəkisi 0.875 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli, xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki və şəxsi istehlak miqdarından artıq olmayan 01 ədəd bükümdə təmiz çəkisi 0.097 qram qəhvəli rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə - heroini, 01 ədəd gümüşü rəngli falqa bükümündə təmiz çəkisi 1.675 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz əldə edərək, üzərində saxlamaqla daşımış, 05 oktyabr 2020-ci il tarixdə, saat 04:30-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “ABU” yanacaq doldurma məntəqəsinin qarşısında qurulmuş stasionar postda özünü şübhəli apardığına və üzərində narkotik vasitə saxladığını etiraf etdiyinə görə həmin postda xidmət aparan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, həmin polis şöbəsinə aparılmış, orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman şəxsi istehlak miqdarından artıq 01 ədəd bükümdə təmiz çəkisi 0.875 qram olan tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli, xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryək və şəxsi istehlak miqdarından artıq olmayan 01 ədəd bükümdə təmiz çəkisi 0.097 qram olan qəhvəli rəngli tozşəkilli kustar üsulla hazırlaşmış narkotik vasitə - heroin və 01 ədəd gümüşü rəngli falqa bükülüdə təmiz çəkisi 1.675 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitələrin marixuana, heroin və tiryək növlərindən çəkmək yolu ilə istifadə edir. Narkotik vasitəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alır. Sonuncu dəfə narkotik vasitələri Badamdar qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olduğu zaman müştəri qismində apardığı, lakin tanımadığı şəxsdən almış, onların hissə-hissə bir qismini istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. 04 oktyabr 2020-ci il tarixdə, saat 21:00-da sevgilisi Jalə ilə şəhərdə görüşmüşdür. Həmin vaxt özünə məxsus “Nissan Sunny” markalı, **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla olmuşdur. Jalə ilə birlikdə şəhərin müxtəlif yerlərində gəzdikdən sonra dəniz kənarına getmək məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində hərəkət etmişdir. 05 oktyabr 2020-ci il tarixdə, saat 04:30-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “ABU” yanacaq doldurma məntəqəsinin qarşısında polis postunun qurulduğunu görmüş, üzərində narkotik maddələr olduğu üçün qorxub postdan yayınmaq istəmişdir. Lakin polis əməkdaşları ona saxla işarəsi verdiklərinə görə məcbur olub avtomobilini saxlamışdır. Polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun və yanında olan Jalənin icazəsinin olubolmamadığını yoxladıqda icazələrinin olmadığını aşkar etmişlər. Bu zaman o, özünü itirmiş və həvacanlı olduğunu biruzə vermişdir. Bundan şübhələnən polis əməkdaşları onunla sorğu-sual etməyə başlamışlar. Polis əməkdaşlarına, özünü şübhəli aparmasının və həyacanlı olmasının səbəbinin üzərində özünə məxsus narkotik vasitələr olması ilə izah etmiş, xəstə olduğu üçün narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Buna görə də polis əməkdaşları onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə qeyd etdiyi polis şöbəsinə getmişdir. Orada ona hüquq və vəzifələri izah olunduqdan sonra xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibində saxladığı 03 bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə marixuana, heroin və tiryək kimi tanıdığı narkotik maddələr var, onları bir müddət əvvəl şəxsi istifadəsi üçün Badamdar qəsəbəsində tanımadığı şəxsdən almışdır. Həmin bükümlərdəki narkotik vasitələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Habelə ona məxsus “Samsung A31” markalı, üzərində ***-***-**-** GSM nömrə olan mobil telefonu da polis əməkdaşları tərəfindən götürülmüş, lakin sonradan ibtidai istintaq zamanı müstəntiq tərəfindən özünə qaytarılmışdır. Bundan sonra onun və müdafiəçisinin iştirakı polis əməkdaşları etibarnamə əsasında idarə etdiyi “Nissan Sunny” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirmişlər. Lakin avtomobilindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya tapılmamışdır. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə üzərində və avtomobilində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 04 ildir tanıyır. Fərid həmişə ona müalicə olunduğunu, buna görə də narkotik vasitə qəbul etmədiyini demişdir. Heç vaxt Fəridi narkotik vasitə qəbul edən zaman görməmişdir. 04 oktyabr 2020-ci il tarixdə, saat 21:00-da Fəridlə şəhərdə görüşmüş, sonuncu onu “Nissan Sunny” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərdə gəzdirmişdir. Sonra onlar dəniz kənarına getmək məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi istiqamətində hərəkət etmişlər. 05 oktyabr 2020-ci il tarixdə, saat 04:30-da Hövsan qəsəbəsində polis postunun qurulduğunu gördükdə Fəridin həyacanlandığı görmüşdür. Polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun və Fəridin icazələrinin olub-olmadığını yoxladıqda, icazələrinin olmadığını aşkar etmişlər. Bu zaman Fəridin özünü itirməsindən şübhələnən polis əməkdaşları Fəridlə sorğu-sual etmişlər. Fərid polis əməkdaşlarına, özünü şübhəli aparmağının və həyacanlı olmağının səbəbinin üzərində şəxsi istifadəsi üçün narkotik vasitələr saxlaması ilə izah etmişdir. Sonra isə Fərid həmin narkotik vasitələri könüllü olaraq polis əməkdaşlarına təhvil verə biləcəyini bildirmişdir. Buna görə də polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 göstərdi ki, 05 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “ABU” yanacaq doldurma məntəqəsinin qarşısında qurulmuş stasionar postda özünü şühhəli apardığına və üzərində narkotik vasitə saxladığını etiraf etdiyinə görə həmin postda xidmət aparan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən saxlanılaraq 30-cu Polis Şöbəsinə gətirilmişdir. Orada Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs, əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibində saxladığı 03 bükümü təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə marixuana, heroin və tiryək kimi tanıdığı narkotik maddələr var, onları bir müddət əvvəl şəxsi istifadəsi üçün Badamdar qəsəbəsində tanımadığı şəxsdən almışdır. Həmin bükümlərdəki maddələr qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə eldiyi “Nissan Sunny” markalı avtomobilə baxış keçirilmiş, lakin avtomobildən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Şahid Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Şahid3 ifadəsi ilə eynu məzmunlu ifadə vermişdir. Şahid Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 05 oktyabr 2020-ci il tarixdə, saat 04:30-da dövlət tərəfindən tətbiq edilmiş komendant saatı ilə əlaqədar olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “ABU” yanacaq doldurma məntəqəsinin qarşısında stasionar postda xidmətdə olduğu zaman “Nissan Sunny” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobillə posta yaxınlaşmış sürücünün özünü şübhəli aparmağa başladığını görüb həmin avtomobili saxlatdırmışdır. Sürücünün və avtomobildə olan sərnişinin icazələrinin olub-olmadığını yoxlamış, sonuncuların icazələrinin olmadığı məlum olmuşdur. Sürücünün həyacanlı şəkildə şübhəli hərəkətlər etdiyini, postdan yayınmaq istədiyini görüb onunla sorğu-sual etmiş, sonuncu şübhəli hərəkətlər etməsinin səbəbini üzərində narkotik vasitə olması ilə izah etmiş və narkotik vasitələri polisə təqdim edə biləcəyini bildirmişdir. Buna görə də həmin sürücünü və yanındakı sərnişini Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirərək təhvil vermiş və orada məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs Tevyııb oğlu, sərnişin isə Şahid1dır. Bundan sonra o, xidmətdə olduğu stasionar posta qayıtmışdır. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 05 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibində saxladığı 03 bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə marixuana, heroin və tiryək kimi tanıdığı narkotik maddələr var, onları bir müddət əvvəl şəxsi istifadəsi üçün Badamdar qəsəbəsində tanımadığı şəxsdən almışdır. Həmin bükümlərdəki narkotik vasitələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan avtomaşına baxış keçirmə və götürmə haqqında 05 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Nissan Sunny” markalı, **-EB-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobilə müdafiəçisi Müdafiəçi iştirakı ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış keçirilən zaman avtomaşından iş üzrə sübut əhəmiyyəti kəsb edən əşya, cinayət izləri və ya qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 05 oktyabr 2020-ci il tarixli, 6/2065 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş” yazısı olan zərfdəki 02 ədəd bükümdə təmiz çəkisi 0.097 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 0.875 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesilik iyli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Heroin və tiryək Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısına daxildirlər. Təmiz çəkisi 0.097 qram olan heroinin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.047 qram təşkil etmişdir. Təmiz çəkisi 0.875 qram olan tiryəkin 0.1 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.775 qram təşkil etmişdir. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 05 oktyabr 2020-ci il tarixli, 7/694 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş” sözləri yazılmış zərfdə bir ədəd gümüşü rəngli falqa bükülüdə təmiz çəkisi 1.675 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təmiz çəkisi 1.675 qram olan heroinin 0.03 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1.645 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 13 oktyabr 2020-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibində saxladığı 03 bükümü polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin bükümlərdə marixuana, heroin və tiryək kimi tanıdığı narkotik maddələr var, onları bir müddət əvvəl şəxsi istifadəsi üçün Badamdar qəsəbəsində tanımadığı şəxsdən almışdır. Həmin bükümlərdəki narkotik vasitələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülür və baxışın nəticələrinə dair protokol tərtib edilir. Bundan başqa, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Nissan Sunny” markalı, **-EB-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobilə müdafiəçisi Müdafiəçi iştirakı ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilir, baxış keçirilən zaman avtomaşından iş üzrə sübut əhəmiyyəti kəsb edən əşya, cinayət izləri və ya qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və ya psixotrop maddə aşkar olunmur. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 noyabr 2020ci il tarixli, 3161 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 19-cu bəndlərinə əsasən həm tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı həddi 0.5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 50 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 05 oktyabr 2020-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 oktyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməklə, dərhal məhkəmə iclası zalında həbsdən azad edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 05 oktyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək tutulduğu 01 gün Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 1(010)-79/2021 nömrəli qərarından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 02 iyul 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs 01 iyul 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 02 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı 01 iyul 2021-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.775 qram olan narkotik vasitə - tiryək, xalis çəkisi 0.047 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 1.645 qram olan narkotik vasitə - marixuana məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə və məhkəmə bioloji ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 203 (iki yüz üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 05 oktyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 01 iyul 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə və məhkəmə bioloji ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 203 (iki yüz üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.775 qram olan narkotik vasitə - tiryək, xalis çəkisi 0.047 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 1.645 qram olan narkotik vasitə - marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar