Məhkəmə qərarları › İş №1(010)-80/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-80/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-80/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı hüquq bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 27 iyul 2023-cü il tarixdə, saat 12:15-də, Bakı şəhərində xx xxxxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, heç bir yerdə işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü, 237.1-ci və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 7(007)-242/2021 saylı, 29 aprel 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 (üç) ay 18 (on səkkiz) günlük hissəsindən vaxtından əvvəl azad olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 20 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 aprel 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə saat 13:05-də Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 1 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya edilməsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına gətirilərək videoçəkiliş aparılmaqla üzərində keçirilən şəxsi axtarış və götürmə aparıldıqdan sonra, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə videoçəkiliş aparılmaqla baxış keçirilən zamanı həmin evin zirzəmisindən 03 ədəd dibçəkdə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi yaş vəziyyətdə ümumi sayı 05 ədəd bitki nümunələri, əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, 20 aprel 2022-ci il tarixdə günorta təxminən saat 13 radələrində yaşadığı evin qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməyini istəmişlər. O, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik vasitələrin əldə edilməsi, gəzdirilməsi, daşınması və kultivasiya etməkdə şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması üçün onu Suraxanı RPİ-nə dəvət etmişlər. O, razılaşaraq polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nə gəlmişdir. Suraxanı RPİ-də ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təyin olunmuşdur. Vəkili ilə görüşdükdən sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməyi təklif olunmuşdur. O, üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya maddə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərinə baxış keçirmişlər, lakin qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə gedərək həmin evə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin zirzəmisində 03 ədəd dibçəkdə 08 ədəd kol aşkar olunmuşdur. Sözügedən bitkilər oğlu tərəfindən əkilib, sonuncu 31 mart tarixində polis əməkdaşları tərəfindən tutulduqdan sonra onun tərəfindən həmin bitkilərə heç bir qulluq göstərilməyib, onun, ümumiyyətlə, oğlunun narkotik vasitələr yetişdirməsindən xəbəri olmayıb. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı RPİ-nin NMB-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 20 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin NMB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 13:05-də ünvan 1 ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı oldualqrını bildirmişlər. Bundan sonra sonuncudan özünü təqdim etməsini tələb etmişlər və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Suraxanı RPİ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya və ya maddə olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sonra isə bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi zərurətini izah edərək bununla bağlı etirazının olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs da heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra dəvət edilmiş aqronomun, eləcə də Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həmin evin zirzəmiyə bənzər açıq havada olan fərdi otağında girişdən sol tərəfdə 03 ədəd dibçəkdə ümumilikdə 08 ədəd qulluq olunmuş narkotik vasitə çətənə bitkisinə bənzər kol aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin dibçəklərdəki 08 ədəd kolun narkotik vasitə çətənə kolları olduğunu, həmin çətənə kollarının oğlu Böyükağaya məxsus olduğunu və oğlu həbsdə olduğu üçün həmin bitkiləri yetişdirmək üçün su verməsini xahiş etdiyi üçün həmin kollara qulluq etdiyini bildirmişdir. Həmin 08 ədəd kol dibçəklərdən çıxarılaraq kağır zərfə qoyulub qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imza edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış davam etdirilmiş, lakin qanunsuz hər hansı bir əşya, maddə və ya kol aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Səfərov X6 İzzət Sənan oğlu ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, istintaq zamanı heç bir ifadə verməmişdir və ibtidai istintaq materiallarında olan ifadə onun iradəsini əks etdirmir. Belə ki, evlərinin zirzəmisindən aşkar olunmuş çətənə bitkilərini özü əkib becərmişdir, atası zirzəmiyə düşməmiş və həmin bitkilərin orada olmasından ümumiyyətlə xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayonu Yaşıllaşdırma İdarəsinin sahə rəisi X5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin yaşadığı evə onun da iştirakı ilə baxış keçirilmiş və çətənə ştilləri aşkar edilmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, aşkar olunmuş çətənə bitkiləri təxminən hadisədən bir həftə əvvəl əkilmişdir, bundan başqa sözügedən bitkilərə qulluq olunmuşdur. Əlavə olaraq ifadəsində onu da göstərmişdir ki, 20 gün müddətində çətənə bitkisinə qulluq edilməzsə bu zaman həmin bitki quruyar, yəni çətənə bitkisi 20 gün müddətinə baxımsız qala bilməz. İş materiallarında olan 20 aprel 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Sonuncunun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamış və götürülməmişdir. İş materiallarında olan “Həyətyanı sahəyə və mənzilə baxış keçirmə və götürmə haqqında” 20 aprel 2022-ci tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı həmin evin zirzəmiyə bənzər açıq havada olan fərdi otağında girişdən sol tərəfdə 03 ədəd dibçəkdə ümumilikdə 08 ədəd qulluq olunmuş narkotik vasitə çətənə bitkisinə bənzər kol aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 20 aprel 2022-ci il tarixli Bakı şəhəri Suraxanı rayonu Yaşıllaşdırma İdarəsinin sahə rəisi X5 tərəfindən verilmiş rəydən görünür ki, ona təqdim edilmiş 08 (səkkiz) ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli bitkisi çətənə bitkisi əkilmiş və aqrotexniki qaydada qulluq olunmuşdur. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 25 aprel 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya və ya maddə olmadığını bildirməsi, bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və əldə edilməsi, saxlanması və ya daşınması qadağan edilən hər hansı bir əşya və ya maddə aşkar olunmaması müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 25 aprel 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evə onun müdafiəçisinin və aqronomun iştirakı ilə polis əməkdaşları tərəfindən baxış keçirilməsi, baxış zamanı həmin evin zirzəmiyə bənzər açıq havada olan fərdi otağında girişdən sol tərəfdə 03 ədəd dibçəkdə ümumilikdə 08 ədəd qulluq olunmuş narkotik vasitə çətənə bitkisinə bənzər kol aşkar edilməsi, sorğu zamanı Təqsirləndirilən şəxs həmin dibçəklərdəki 08 ədəd kolun narkotik vasitə çətənə kolları olduğunu, həmin çətənə kollarının oğlu Böyükağaya məxsus olduğunu və oğlu həbsdə olduğu üçün həmin bitkiləri yetişdirmək üçün su verməsini xahiş etdiyi üçün həmin kollara qulluq etdiyini bildirməsi, həmin 08 ədəd kolun dibçəklərdən çıxarılaraq kağız zərfə qoyulub qablaşdırılması və üzəri iştirakçılar tərəfindən imza edilməsi, bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı evə baxışın davam etdirilməsi, lakin qanunsuz hər hansı bir əşya, maddə və ya kol aşkar olunmaması müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 7/391 saylı 21 aprel 2022-ci il tarixli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş 08 ədəd kol” yazılar və imzalar olan ağ rəngli kağız paketdə olan 05 (beş) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi, 03 (üç) ədəd çətənə (kannabis) bitkisinin ştilləridir. Aqronumun (mütəxəssisin) rəyinə əsasən ümumi sayı 08 ədəd bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 3576 saylı 01 iyul 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin zirzəmisindən aşkar edilərək götürülmüş 08 ədəd çətənə bitkisi kolunun oğlu Böyükağa Neymətova məxsus olması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq və əvvəlki məhkəmə araşdırması zamanı verdiyi ifadəsindən görünür ki, bir müddətdir ki, narkotik maddə olan marixuanadan istifadə etmişdir. O, narkotik maddəni tanımadığı şəxslərdən alıb. 20 aprel 2022-ci il tarixdə günorta təxminən saat 13 radələrində yaşadığı evin qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməyini istəmişlər. O da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik vasitələrin əldə edilməsi, gəzdirilməsi, daşınması və kultivasiya etməkdə şübhəli olduğunu bildirərərk üzərində şəxsi axtarış aparılması üçün onu Suraxanı RPİ-nə dəvət etmişlər. O, razılaşaraq polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ nə gəlmişdir. Suraxanı RPİ-də ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təyin olunmuşdur. Vəkili ilə görüşdükdən sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməyi təklif olunmuşdur. O, üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya maddə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərinə baxış keçirmişlər, lakin qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Sonra bu ondan yaşadığı evdə narkotik vasitə olub-olmaması barədə soruşulmuşdur. O, yaşadığı evin həyətyanı sahəsində oğlu Böyükağaya məxsus dibçəklərdə çətənə kolları olduğunu bildirmişdir. Bu zaman ona yaşadığı evə baxış keçirilməsinə etirazı olub-olmadığı soruşulmuş və o da etirazı olmadığını bildirərək bu barədə ərizəni imzalamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə gedərək həmin evə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin zirzəmisində 03 ədəd dibçəkdə 08 ədəd kol aşkar olunmuşdur. Sorğu zamanı həmin kolların oğlu Böyükağaya məxsus olmasını, həmin kolları oğlu Böyükağanın əkdiyini və sonuncu tutulduqdan sonra bu bitkiləri sulamasını ondan xahiş etdiyini, lakin daha sonra həmin kolların çətənə kolları olduğunu bildiyini demişdir. Lakin əslində həmin çətənə kolları onun özünə məxsus olmuşdur. Belə ki, elə düşünmüşdür ki, həbsdə olan oğluna məxsus olduğunu desə məsuliyyətdən yaxa qurtara biləcəkdir. Lakin həmin çətənə kollarını özü əkib becərib və qulluq edib. Niyyəti isə həmin bitkiləri yetişdirib sonra qurudaraq istifadə etmək olmuşdur. Polis əməkdaşları tərəfindən həmin kollar götürülərək qablaşdırılmışdır. Sonra evinə baxış keçirilmiş, qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra evinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və onunla birlikdə bütün iştirakçılar tərəfindən imzalanmışdır. Yaşadığı evin zirzəmisindən aşkar edilərək götürülmüş, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkisinin kolları onun özünə məxsus olmuşdur. O, əvvəlcə elə fikirləşmişdir ki, həmin kolların oğlu Böyüküğaya məxsus olduğunu desə cinayət məsuliyyətindən yaxa qurtara biləcəkdir və oğlu Böyükağa onsuz da həbsdə olduğu üçün bu məsələ bağlanacaqdır. O, heç heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Hər dəfə öz istifadəsi üçün narkotik maddə əldə etmişdir. Polis tərəfindən hər hansı təzyiqə məruz qalmamışam. Bundan başqa yuxarıda qeyd olunanlar cinayət işi üzrə şahid Bakı şəhəri Suraxanı rayonu Yaşıllaşdırma İdarəsinin sahə rəisi X3 ifadəsində də öz təsdiqini tapır. Belə ki, Bakı şəhəri Suraxanı rayonu Yaşıllaşdırma İdarəsinin sahə rəisi X3 ifadəsi ilə bir daha təsdiq olunur ki, Təqsirləndirilən şəxs evinin zirzəmisindən aşkar olunmuş narkotik tərkibli çətənə bitkiləri təxminən hadisədən bir həftə əvvəl əkilib. Bundan başqa sözügedən bitkilərə 20 gün müddətində qulluq olunmadıqda həmin bitkilər quruyur. Halbuki Təqsirləndirilən şəxs ifadəsində çətənə bitkilərinin oğlu tərəfindən əkildiyini, sonuncunun 31 mart 2022-ci il tarixdən polis əməkdaşları tərəfindən saxlanıldığını, özünün isə şübhəli şəxs qismində tutulduğu 20 aprel 2022-ci il tarixə qədər olan müddətdə, ümumiyyətlə, evinin zirzəmisində belə bitkilərin varlığından xəbərinin olmadığını və həmin bitkilərə qulluq etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin özünə məxsus olması və orada daimi yaşaması, buna baxmayaraq evinin zirzəmisində narkotik tərkibli bitkilərin yetişdirilməsindən xəbərsiz olması və oğlu 31 mart 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtdan özünün şübhəli şəxs qismində tutulduğu 20 aprel 2022-ci il tarixə qədər olan müddətdə həmin bitkilərə qulluq etməməsi barədə Təqsirləndirilən şəxs ifadəsi həqiqəti əks etdirmir, sonuncunun ifadəsi özünümüdafiə məqsədi ilə uydurulmuş dəlildir. Həmçinin məhkəmə Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, sonuncunun ifadəsi atası Təqsirləndirilən şəxs müdafiəsi məqsədi ilə onun xeyrinə verilmiş sayılmalıdır. Şahid3 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, müxtəlif növ narkotik maddələrdən istifadə etmişdir. Buna görə də, barəsində Suraxanı RPİ-nin İŞ-də cinayət işi istintaq olunaraq məhkəməyə göndərilmiş və Suraxanı Rayon məhkəməsi tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra isə azadlığa buraxılmışdır. 20 aprel 2022-ci il tarixdə atası Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələri kultivasiya etməkdə şübhəli bilinərək saxlanıldığı zaman o, həbsdə olmuşdur. Həmin gün atasının yaşadığı evə baxış keçirilərkən evin zirzəmi kimi istifadə edilən yerindən dibçəkdə çətənə kolları aşkar edilmişdir. Həmin vaxt sorğu zamanı atası özünü müdafiə etmək üçün həmin çətənə kollarının ona məxsus olduğunu və guya onun həbsxanadan atasına zəng edərək həmin kollara su verib qulluq etməsini dediyini bildirmişdir. Lakin həqiqətdə belə bir şey olmamışdır. Çünki həmin vaxt o artıq çoxdan həbsdə olmuş və heç vaxt atasına belə bir söz deməmiş, həm də heç vaxt yaşadığı evdə və ya başqa hər hansı bir yerdə narkotik tərkibli kol əkməmiş və qulluq edərək becərməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 06 iyul 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinə əsasən isə cinayət məsuliyyəti qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə yaranır. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Bu səbəbdən, Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələrinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ürək çatışmazlığından əziyyət çəkməsini cəzasını yüngülləşdirən hal hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi tərəfindən verilmiş epikrizdən görünür ki, Təqsirləndirilən şəxs yarımkəsim mərhələli miokardın aşağı divar inkarktı, İİİ-İV dərəcəli ürək çatışmazlığı diaqnozu qoyulmuş, bu diaqnoz üzrə sonuncuya 04 may 2022-ci il tarixdə cərrahi əməliyyat icra edilmişdir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış 10 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü, 237.1-ci və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 7(007)-242/2021 saylı, 29 aprel 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 (üç) ay 18 (on səkkiz) günlük hissəsindən vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, əvvəllər ağır cinayət törətməyə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2017-ci il tarixli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 06 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəası həm qadın, həm də kişi məhkumlara aiddir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxsya Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 20 aprel 2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22 aprel 2022-ci il tarixli qərardan, habelə vəsatətin müdafiə edilməsindən imtina olunması barədə Bakı şəhəri Suraxanı rayon prokurorunun 22 aprel 2022-ci il tarixli və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, qərarın surəti sonuncunun həbsdən azad edilərək, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 05 ədəd çətənə (kannabis) bitkisi və 03 ədəd çətənə (kannabis) bitkisinin ştilləri məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət nəfinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsa məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 42 (qırx iki) saatı üçün 252 (iki yüz əlli iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 20 aprel 2022-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məһrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətdə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu 27 iyul 2023-cü il tarixdən, saat 12:20-dən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə-bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 05 ədəd çətənə (kannabis) bitkisi və 03 ədəd çətənə (kannabis) bitkisinin ştilləri məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 42 (qırx iki) saatı üçün 252 (iki yüz əlli iki) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar