Məhkəmə qərarları › İş №1(010)-81/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-81/2020

17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-81/2020 17.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 15:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1985-ci ildə Xocavənd rayonunun Kuropatkin kəndində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məcburi köçkün, orta təhsilli, evli, himayəsində biri azyaşlı digəri isə yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olan, “Kənan 2000” X1 sürücü işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 4 nömrəli evin 197 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxx 2019-cu il tarixdə, saat 07 radələrində texniki cəhətdən saz vəziyyətdə olan atası X2 məxsus “Samand” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan ünvan 1 70 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət zamanı diqqətini daimi dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, idarə etdiyi avtomobilin hərəkət hissəsində təhlükəsiz hərəkətini təmin etməli, təhlükəsizliyi təmin etməyən manevr aparmamalı, avtomobilin hərəkət hissəsindən sağa çıxmasına səbəb olan hərəkətin təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli, nəqliyyat vasitəsini yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda, həmin təhlükəsizlik tələblərinə riayət etməmiş, nəticədə ünvan 1 46 saylı ünvanda yerləşən “Zəhra” mərasim evinin yaxınlığında dayanmış piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuraraq ona kəllə qapağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasına, qişalarına, qişaları altına və mədəciklərinə qansızma, sol saidin və sağ əlin sıyrıqları ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs kəllə qapağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyinə qansızma səbəbindən yol nəqliyyat hadisəsi yerində ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, “Kənan 2000” X1 sürücü işləyir. 2016-c ildə aldığı və atası Bəxtiyarın adına rəsmiləşdirdiyi “Samand” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobili öz istifadəsində və sahibliyində olmuş, avtomobili etibarnamə olmadan idarə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə, səhər saat 07 radələrində qeyd etdiyi avtomobillə Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi ilə Bakı şəhəri, Suraxanı rayonu istiqamətində saatda 70 km sürətlə hərəkətdə olduğu zaman, Bakı şəhəri, Suraxanı qəsəbəsi, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən “Zəhra” mərasim evinin qarşısına çatmağa təxminən 50 metr qalmış bir piyadanın yolu soldan sağa keçdiyini görmüşdür. Həmin piyada ilə onun idarə etdiyi avtomobilin arasında məsafə az olduğundan, piyadanın yolu keçə bilməsi üçün avtomobilin əyləcini sıxaraq sürətini bir qədər azaltmışdır. Lakin həmin piyada yolu iki hissəyə ayıran qoşa xəttin üzərinə çatdıqda bir anlıq dayandıqdan sonra adi yerişlə piyada keçidi ilə yolu keçməyə başlamışdır. Həmin vaxt artıq piyada ilə idarə etdiyi avtomobilin arasında təxminən 10 metr məsafə olmuşdur. Piyadanı vurmamaq üçün idarə etdiyi avtomobili sola istiqamətləndirmiş, lakin həmin vaxt həyəcanlı olduğundan idarə etməni itirmiş və avtomobil yolun sol tərəfinə doğru istiqamətlənərək yolun kənarına düzülmüş daşlara dəyib mərasim evinin qarşısında olan səkiyə çıxmış, səki ilə sürüşərək arxası avtomobilə tərəf olan bir nəfər kişi piyadaya dəymişdir. Həmin şəxs avtomobilin qabaq kapotunun üzərinə dəyərək yerə düşmüş, avtomobil isə yolun kənarında olan ağaca çırpılaraq dayanmışdır. Dərhal avtomobildən düşüb yerdə uzanıqlı vəziyyətdə olan piyadaya yaxınlaşmış, həmin şəxsin nəbzini yoxlamış, lakin sonuncunun nəbzinin vurmadığını görmüşdür. Bundan sonra “103” qısa nömrəsinə zəng edib hadisə yerinə təcili tibbi yardım çağırmışdır. Bir qədər keçmiş hadisə yerinə təcili tibbi yardım stansiyasından həkimlər, habelə polis əməkdaşları gəlmişlər. Həkimlər piyadaya baxıb onun artıq öldüyünü bildirmişlər. Polis əməkdaşları isə hadisə yerinə baxış keçirib müvafiq sənədləşdirmə aparmışlar və onu sərxoşluq müayinəsindən keçmişlər. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Samand” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobildə tək olmuş, avtomobilin yük yerində hər hansı bir yükü olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri aradan qaldırdığını, buna görə də zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi və onun müdafiəçisini, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərəçəkmiş şəxsin hüquqi varisi X5 məhkəmədə göstərdi ki, mərhum Zərərçəkmiş şəxs atası olmuş, sonuncu ilə birlikdə yaşamışdır. Bakı şəhəri, Nizami rayonu ərazisində olan 8-ci km bazarında işləmiş atası Asif hər gün qeyd etdiyi bazara getmişdir. xx xxxxxx 2019-cu il tarixdə də atası həmişə olduğu kimi işlədiyi 8-ci km bazarına getmiş, həmin günü səhər saatlarında əmisi zəng edib atasının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində avtomobillə vurulduğunu bildirmişdir. Hadisə yerinə çatdıqda orada bir neçə nəfər şəxsin və polis əməkdaşlarının olduğunu görmüş, atasının artıq öldüyünü və xəstəxanaya aparıldığını öyrənmişdir. Həmin günü yaxın qohumları ilə atasının meyitini yaşadığı evə gətirmiş, daha sonra dəfn etmişdir. Sonradan məlum olmuşdur ki, atasını Təqsirləndirilən şəxs idarə etdiyi “Samand” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında vurmuşdur. Sonda Ü.Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi, örtüyünün eni 08 metr, hərəkət hissəsinin eni 04 metr, 02 hərəkət zolağı olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, 46 ünvanında, yolun solunda olan “Zəhra” mərasim evinin qarşısında baş vermişdir. Yol nəqliyyat hadisəsi yerində uzanmış halda meyit aşkar edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 1/4137 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, 46 ünvanında yerləşən “Zəhra” mərasim evinin qarşısını göstərərək, xx xxxxxx 2019-cu il tarixdə, saat 07 radələrində idarə etdiyi “Samand” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 60-70 kilometr sürətlə hərəkətdə olduğu zaman idarə etməni itirərək, həmin yerdə dayanmış piyada Zərərçəkmiş şəxs idrə etdiyi avtomobilin ön hissəsi ilə vurduğunu bildirmişdir. İş materiallarında olan meyitin ekspertizasının xx xxxxxx 2019-cu il tarizli, 127 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər – kəllə qapağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasına, qişalarına, qişaları altına və mədəciklərinə qansızma, sol saidin və sağ əlin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, həyatidirlər, xx xxxxxx 2019-cu il tarixdə yol-nəqliyyat qəzası zaman əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhumun ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyinə qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2483 nömrəli rəyindən görünür ki, “Samand” markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olunun hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış məntəqəsində 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərdində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan məhkəmə trasoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2487/88 saylı rəyindən görünür ki, təqdim edilmiş “Samand” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotun sağ hissəsində, qabaq sağ qanadda) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər hansı bərk olmayan predmetin, o cümlədən insanın (piyadanın) vurması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş “Samand” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq sol qapıda, qabaq sol qanadda, qabaq sol təkərdə) olan zədələr, izlər öz formasına, marfoloji qruluşuna, xaraketrinə və s. əlamətlərinə görə hər hansı bərk predmetin təsirindən yarana bilən zədələrdir. Belə predtmetə ağac, dirək və s. aiddir. Təqdim edilmiş gösəkçənin, şalvarın üzərində olan zədələr, izlər öz formasına, qruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər hansı bərk (küt) predmetlə kontakda olması, sürtünməsi o, cümlədən nəqliyyat vasitəsinin vurması, vurub atması nəticəsində yaranması mümkündür. İş materiallarında olan avtomobilə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı “Samand” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin ağ metallik rəngdə, qabaq beferinin, qabaq işıqlarının hər ikisinin, alın şüşəsinin, qabaq kapotonun, qabaq sol qapısının yuxarı hissəsinin və avtomobilin ön hissəsində olan digər avadanlıqlarının əzilmiş və sınmış vəziyyətdə olduğu müəyyən edilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, məcburi köçkün olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, himayəsində biri azyaşlı digəri isə yetkinlik yaşına çatmayan olmaqla iki uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Samand” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə trasoloji ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 316 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün öz vəsaiti hesabına Bakı şəhəri 7 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi ilə müqavilə bağladığına görə iş üzrə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmədiyindən onun hüquqlarını müdafiə edilməsinə görə dövlət büdcəsi hesabına vəsaitin ödənilməsinə zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Samand” markalı, ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai araşdırma zamanı sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə trasoloji ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 316 (üş yüz on altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar