Məhkəmə qərarları › İş №1(010)-81/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-81/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-81/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məsləhətçi Əlizadə Yasin Lətif oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, R.Əliyev küçəsi, 15 nömrəli evdə qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 43 nömrəli evdə yaşamış, hazırki iş üzrə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 1(011)- 242/2020 nömrəli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 avqust 2020-ci il tarixdə, saat 02 radələrində ünvan 1 ünvanda yerləşən yeni tikilmiş binanın sakinlərinin ümumi istifadəsində olan avtodayanacağa daxil olaraq orada park edilmiş Zərərçəkmiş şəxs1 məxsus “Suzuki” markalı, 10-C-010 dövlət qeydiyyat nişanlı motosikletin üzərində ehtiyyat hissələri hesab olunan 140 manat dəyərində 02 ədəd (sağ, sol) sükan qoruyucularını, 600 manat dəyərində 02 ədəd qaz troslarını, 600 manat dəyərində 02 ədəd (sağ, sol) əlcəkləri, 800 manat dəyərində 02 ədəd (sağ, sol) ön ayaq altlıqlarını, 700 manat dəyərində 01 ədəd tros qoruyucusunu və 700 manat dəyərində 02 ədəd (sağ, sol) arxa ayaq altlıqlarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3.540 (üç min beş yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 avqust 2020-ci il tarixdə, saat 10 radələrində ünvan 2 ünvanın həyətində yerləşən Zərərçəkmiş şəxs2 məxsus olan avtomobil qarajının qapısının açıq olmasından istifadə edərək saxlanc yerinə qanunsuz daxil olaraq oradan 450 manat dəyərində olan bir ədəd istifadə olunmuş “Kross” markalı, “Evado 3.0” modelli, 28 ölçülü velosipedi gizli yolla talyaraq Zərərçəkmiş şəxs2 450 (dörd yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, heç bir yerdə işləmir və küçələrdən yığdığı dmirlərin satışından əldə etdiyi gəlir hesabına dolanır. 02 avqust 2020-ci il tarixdə, təxminən saat 18-19 radələrində su içmək məqsədilə yaşadığı ərazinin yaxınlığında, yəni ünvan 1 ünvanında yerləşən yeni tikilmiş binanın avtodayanacağına daxil olub bir qədər gəzsə də lakin su tapa bilməmişdir. Həmin vaxt avtodayanacağın girişindən sağ tərəfdə park edilmiş 01 ədəd göy rəngli motosikletin üzərində olan detalları oğurlamaq qərarına gəlmişdir. Ətrafa baxıb heç kimin, o cümlədən videomüşahidə kameralarının olmadığına əmin olduqdan sonra yaxınlaşıb motosikletin detallarına baxmış və oranı tərk edib şəhərə getmişdir. 03 avqust 2020-ci il tarixdə, təxminən saat 01-02 radələrində avtodayanacağın açıq qapısından içəri daxil olub sözügedən motosikletin detallarını sökərək polietilen torbaya yığıb oranı tərk etmişdir. Motosikletin detallarını sökərkən hər hansı bir alətdən və ya vasitədən istifadə etməmiş, detalları əli ilə sökmüşdür. Oğurladığı ehtiyyat hissələrini əvvəlcə yaşadığı evə aparmış, bir neçə gündən sonra isə onları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki olan yarımtikilidə gizlətmişdir. 27 avqust 2020-ci il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onlarla birlikdə həmin yerə getmiş və oğurladığı əşyaları sonuncularaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, o narkotik vasitə aludəçisi olduğuna görə narkoloji dispanserdə qeydiyyatdadır. 29 avqust 2020-ci il tarixdə, saat 06 radələrində evdən çıxıb Ramin adlı tanışı ilə görüşüb, onunla birlikdə Semaşko xəstəxanasına getmək üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinə getmiş, lakin sonuncu ilə görüşə bilməmişdir. Buna görə də oradan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə getmişdir. ünvan 2 yaşayış binasının yaxınlığından keçərkən, həyətdə olan avtomobil qarajının açıq qapısından içəridə velosipedin olduğunu görmüşdür. Heç kimin olmadığını görüb içəri daxil olaraq “Kross” markalı velosipedi götürüb sürə-sürə oradan uzaqlaşmışdır. Velosipedi Bakı şəhəri, Nizami rayonunda yerləşən 8-ci km bazarına aparıb, orada araba sürən tanımadığı bir nəfər şəxsə 150 manata satmışdır. Həmin pulun yarısını yemək-içməyə xərcləmiş, qalan məbləğə isə tanımadığı şəxsdən narkotik vasitə alıb istifadə etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənildiyinə görə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 04 fevral 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, yaşadığı ünvan 2 binanın həyətində ona məxsus avtomobil qarajı var. Avtomobilini və evinin istifadə olunmayan artıq əşyalarını həmin qarajda saxlayır. 28 avqust 2020-ci il tarixdə sonuncu dəfə avtomobilini qarajdan çıxardıb işi ilə əlaqədar olaraq rayona getmiş və 02 sentyabr 2020-ci il tarixdə evə qayıtmışdır. Avtomobili qarajda saxlamaq istədikdə qarajın qapısının açıq olduğunu görmüş, içəriyə baxdıqda isə 980 manata aldığı “Kross” markalı, 28 ölçülü velosipedin yerində olmadığını aşkar etmiş və başa düşmüşdür ki, velosipedi naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Buna görə də ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə müraciət edərək hadisə barədə məlumat vermiş, sonradan polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirərək müvafiq sənədləşdirmə aparmışlar. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 450 manat məbləğində maddi ziyan vurulmuşdur. Sonda Zərərçəkmiş şəxs2 cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. 02 mart 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs X3 göstərmişdir ki, 2020-ci ilin əvvəllərində 15.000 ABŞ dollarına aldığı “Suzuki” markalı, 10 C 010 dövlət qeydiyyat nişanlı motosikleti 20 iyul 2020-ci il tarixdə qohumlarının yaşadığı ünvan 3 ünvanında yerləşən binanın altında olan avtodayanacaqda saxlamışdır. 03 avqust 2020-ci tarixdə qeyd etdiyi yaşayış binasının komendantı Taleh ona zəng edib motosikletinin bir neçə ehtiyyat hissələrinin sökülməsi barədə məlumat vermişdir. Dərhal qeyd olunan ünvana getmiş, həmin yerə çatdıqda artıq polis əməkdaşları hadisə yerində olmuşlar. Onların iştirakı ilə hadisə yerinə və motosikletə baxış keçirilmiş və motosikletin üzərindən bir neçə detalın, o cümlədən 02 ədəd (sağ, sol) sükan qoruyucuların, 02 ədəd (sağ, sol) əlcəklərin, 02 ədəd (sağ, sol) ön ayaq altlıqlarının, 02 ədəd qaz troslarının, 01 ədəd tros qoruyucunun və 02 ədəd (sağ, sol) arxa ayaq altlıqlarının oğurlandığı müəyyən edilmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3.540 manat məbləğində maddi ziyan vurulmuşdur. Sonda Zərərçəkmiş şəxs1 cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid məhkəmədə göstərdi ki, təxminən 04 ildir Bakı şəhəri, Nizami rayonunda yerləşən 8-ci km bazarında araba sürməklə fəhləlik edir. 29 avqust 2020-ci il tarixdə, saat 12 radələrində bazarda olduğu zaman əvvəllər tanımadığı bir nəfər şəxsin velosiped satdığını görmüş, yaxınlaşıb həmin şəxsdən velosipedi neçəyə satdığını soruşduqda sonuncu verlosipedi 150 manat satdığını demişdir. Həmin şəxsdən velosipedin oğurluq olub-olmadığını soruşmüş, həmin şəxs isə velosipedin özünə məxsus olduğunu, uşağının xəstəliyi ilə əlaqədar təcili pul lazım olduğu üçün satdığını demişdir. Razılaşıb 28 ölçülü, “Kross” markalı velosipedi həmin şəxsdən almış, velosipedi alarkən onu satan şəxsdən sənəd təqdim etməsini istəmiş, lakin sonuncu sənədinin olmadığını bildirmişdir. Buna görə də o, mobil telefonu ilə həmin şəxsin foto şəklini çəkib telefonunda saxlamışdır. 02 sentyabr 2020-ci il tarixdə polis əməkdaşları onu axtarıb tapdıqdan sonra məlum olmuşdur ki, 29 avqust 2020-ci il tarixdə aldığı velosiped oğurluq yolu ilə əldə edilmiş əmlak olmuşdur. Həmin velosipedi ibtidai sitintaq zamanı polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 02 sentyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 2 yaşayış binasının həyətində yerləşən Zərərçəkmiş şəxs2 məxsus avtomobil qarajında oğurluq hadisəsi baş vermişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 qarajından bir ədəd “Kross” markalı velosipedin oğurlandığını bildirmişdir. İş materiallarında olan əşyanın könüllü təqdim edilməsi barədə 02 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid, 29 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən 8-ci kilometr bazarında Təqsirləndirilən şəxs 150 manat aldığı bir ədəd “Kross” markalı velosipedi könüllü olaraq istintaqa təqdim etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 04 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ünvan 2 binanın həyətində yerləşən Zərərçəkmiş şəxs2 məxsus olan avtomobil qarajını göstərərək, 29 avqust 2020-ci il tarixdə həmin ərazidən keçərkən sözügedən qarajın qapısının açıq olduğunu, içəri baxdıqda heç kimin olmadığını görüb orada olan 28 ölçülü, “Kross” markalı velosipedi götürüb sürə-sürə Bakı şəhəri, Nizami rayonunda yerləşən 8-ci km bazarına apardığını, orada velosipedi tanımadığı araba sürən bir nəfər şəxsə 150 manata satdığını bildirmişdir. İş materiallarında olan hadisə yerinin müayinə olunması haqqında 05 avqust 2020-ci il tarixli prokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerinə baxış zamanı ünvan 1 ünvanında yerləşən yeni tikilmiş binanın sakinlərinin ümumi istifadəsində olan avtodayanacağa park edilmiş Zərərçəkmiş şəxs1 məxsus “Suzuki” markalı, 10-C-010 dövlət qeydiyyat nişanlı motosikletin üzərindən ehtiyyat hissələrinin oğurlandığı müəyyən edilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 27 avqust 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən yeni tikilmiş binanın sakinlərinin ümumi istifadəsində olan avtodayanacağı göstərərək, 03 avqust 2020-ci il tarixdə, təxminən saat 01-02 radələrində, avtodayanacağın açıq qapısından içəri daxil olduğunu, orada park edilmiş “Suzuki” markalı, 10-C-010 dövlət qeydiyyat nişanlı motosikletin üzərindən ehtiyyat hissələrini sökərək polietilen torbaya yığdığını, oğurladığı ehtiyyat hissələrini əvvəlcə yaşadığı evə apardığını, bir neçə gündən sonra onları aparıb Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən yarımtikili ərazidə gizlətdiyini, 27 avqust 2020-ci il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanıldıqda oğurladığı əşyaları sonunculara təqdim etdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 noyabr 2020-ci il tarixli, 9/4157 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində tədqiq edilən 2014-cü il buraxılışlı “Suzuki” markalı mosotikletin ehtiyyat hissələrinin, 2020-ci ilin avqust ayına, respublikadaxili orta bazar satış qiymətləri – 02 ədəd (sağ, sol) sükan qoruyucuları 140 manat və 02 ədəd qaz trosları 600 manat kimi müəyyən edilir. Tədqiqata təqdimedilməyən, siyahılarda göstərilən, lakin qiymətləndirilməyən 02 ədəd (sağ, sol) əlcəklərin, 02 ədəd (sağ, sol) ön ayaq altlıqlarının, 02 ədəd tros qoruyucusunun və 02 ədəd (sağ, sol) arxa ayaq altlıqlarının faktiki ekspert baxışı keçirilmədən, onların əmtəə görünüşünü, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, mənəvi və fiziki köhnəlməyə və zədələnməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən və onlar barədə mərkəzdə məlumat olmadığından tədqiqat və qiymətləndirmə aparılmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 dekabr 2020-ci il tarixli, 9/5830 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd istifadədə olmuş “Kross” markalı, “Evado 3.0” modelli, 28 ölçülü velosipedin 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 450 manat müəyyən edilir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət nəticəsində zərəçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 1(011)-25/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini 17 aprel 2020-ci il tarixdə törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə qəti olaraq, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 18 sentyabr 2020-ci il tarixdən hesablanmış və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 1(011)-25/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə, həmin Məcəllənin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə qəti olaraq təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5ci maddələrinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 02 sentyabr 2020-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 sentyabr 2020-ci il tarixli qərardan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə 04 sentyabr 2020-ci il tarixli, 4(010)-202/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 sentyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 4(010)-202/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməklə, dərhal məhkəmə iclası zalında həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 02 sentyabr 2020-ci il tarixdən 04 sentyabr 2020-ci il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 1(011)-25/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi cəzaçəkmə müddətinə hesablanaraq, azadlıqdan məhrum etmə cəzasının əvvəli həmin cinayət işi üzrə həbsə alındığı vaxtdan 18 sentyabr 2020-ci il tarixdən sayılmalı, azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 1(011)-242/2020 nömrəli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edildiyini, həmin məhkəmənin 04 mart 2021-ci il tarixli, 1(011)-25/2021 nömrəli hökmü ilə ona azadlıqdan məhrum etmə cəzasının təyin edildiyini, cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Cəzaçəkmə müəssisəsində çəkdiyini və hazırda onun Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 1(010)-81/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına etap edildiyini, bununla da təqsirləndirilən şəxs tərəfindən hazırki hökmün icrasına maneçilik törədilməsi ehtimalına əsasların olmadığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin təsdiq edilməsinə və ya dəyişdirilməsinə zərurət olmadığından ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Kross” markalı, “Evado 3.0” modelli, 28 ölçülü velosipedin sahibi Zərərçəkmiş şəxs2, 02 ədəd (sağ, sol) sükan qoruyucularının və 02 ədəd qaz troslarının isə sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 1(011)-25/2021 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2ci maddələrinə əsasən bu hökmlə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 02 sentyabr 2020-ci il tarixdən 04 sentyabr 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məһrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 1(011)-25/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilmiş hissəsi qəti cəzaçəkmə müddətinə hesablansın və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2020-ci il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbirinin təsdiq edilməsinə və ya dəyişdirilməsinə zərurət olmadığından ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Kross” markalı, “Evado 3.0” modelli, 28 ölçülü velosipedin sahibi Zərərçəkmiş şəxs2, 02 ədəd (sağ, sol) sükan qoruyucularının və 02 ədəd qaz troslarının isə sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar