Məhkəmə qərarları › İş №1(010)-82/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-82/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-82/2020 12.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1994-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Şəhadət kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, döngə 4 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisindən keçən Hövsan-Zığ şosesinin 5-ci km-də etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “xxxxxxxxxxxx” MMC-yə məxsus “Ravon R4” markalı 90PB623 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin təhlükəsizlik tələbinə riayət etməmiş, nəticədə yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs vuraraq ona ehtiyatsızlıqdan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, “Ravon R4” markalı 90PB623 dövlət qeydiyyat nişanlı avtomobili “xxxxxxxxxxxx” MMC-dən lizinqə götürüb, həmin şirkət tərəfindən verilmiş etibarnamə əsasında idarə edir. BC dərəcəli sürücülük vəsiqəsi var. xx xxxxxx 2020-ci ildə saat 18 radələrində həmin avtomobillə yaşadığı evdən çıxıb şəhər istiqamətində hərəkət etməyə başlamışdır. Saat təxminən 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindən Zığ qəsəbəsi istiqamətində avtomobili 70 km/saat sürətlə yolun orta xətti ilə hərəkət etdirdi. Həmin ərazidə yerləşən Nəqliyyatda Baş Polis İdarəsinin inzibati binasını keçdikdən bir az sonra yerüstü piyada keçidinə çatmağa təxminən 10-12 metr məsafə qalmış bir nəfər qadının hərəkət istiqamətinə nəzərən yolu soldan sağa doğru piyada qaçaraq keçməyə başladığını görmüş və fikirləşmişdir ki, avtomobil yolun sağ hərəkət zolağına çıxar və həmin qadın avtomobili görüb dayanar. Bu səbəbdən də idarə etdiyi avtomobili yolun sağ zolağına çıxarmış, lakin həmin qadın buna əhəmiyyət vermədən yolu keçməyə davam etmişdir. Buna görə də, sükanı sağa doğru istiqamətləndirib yolun sağına çıxarmış, lakin qəzadan yayına bilməyib idarə etdiyi avtomobilin ön sol hissəsi ilə həmin piyadanı vurmuşdur. İdarə etdiyi avtomobili dərhal saxlamış və avtomobildən düşərək piyadaya yaxınlaşmışdır. Həmin qadının nəbzini yoxladıqdan sonra onu yerdən qaldırıb idarə etdiyi avtomobilin arxa sərnişin oturacağına uzatmış və avtomobili neyrocərrahiyyə xəstəxanası istiqamətinə sürmüşdür. Xəstəxanaya çatdıqda qadını avtomobildən düşürmüş və həkimlərin köməyi ilə onu xəstəxananın içərisinə aparmışdır. Piyadanı xəstəxanaya yerləşdirdikdən sonra birbaşa polisə gəlmiş və hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs bildirir ki, zərərçəkmiş şəxsin müalicəsinə təxminən 7 – 8 min manat pul xərcləyib. Hadisənin zərərçəkmiş şəxsin öz təqsiri üzündən baş verdiyini nəzərə alaraq ona bəraət verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, hadisə xx xxxxxx 2020-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində baş verib. Həmin gün işlərini qurtarıb yaşadığı evə gələrkən saat 18 radələrində asfalt yolunun kənarı ilə piyada hərəkət edirdi. Nəqliyyatda Baş Polis İdarəsinin inzibati binasının yaxınlığına çatdıqda yolu keçmək istəmiş, yolu keçməyə başladıqda ani bir anda ağ rəngli avtomobil onu vurmuşdur. Aldığı zərbə nəticəsində huşunu itirərək asfalta yıxılıb. Hazırda ciddi müalicəyə ehtiyacı var. Buna baxmayaraq, təqsirləndirilən şəxs ona müalicəsi ilə bağlı heç bir maddi yardım göstərmir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanunla nəzərdə tutulan cəza təyin olunmasını xahiş edir. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı iş üzrə toplanmış materiallarla, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla tam təsdiq olunur. xx xxxx 2020-ci il tarixli 3901 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ravon R4 markalı 90PB623 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur». xx xxxx 2020-ci il tarixli 211/2020 TC nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs aşkar edilmiş «xəsarətlər – baş beynin ağır dərəcəli əzilməsi, hər iki qasıq və oturaq sümüklərinin qəlpəli yerdəyişdən sınıqları, sidik kisəsinin cırılması, makrohematuriya, sağ ağciyərin yuxarı seqmentinin əzilməsi, sol gicgah və sol baldır nahiyələrinin əzilmiş-cırılmış yaraları. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətdiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, “Ravon R4” markalı 90PB623 dövlət qeydiyyat nişanlı avtomobil, sahibi “xxxxxxxxxxx” MMC-yə qaytarıldığından həmin MMC-nin sərəncamına verilmiş hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, “Ravon R4” markalı 90PB623 dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi “xxxxxxxxxxx” MMC-yə qaytarıldığından həmin MMC-nin sərəncamına verilmiş hesab olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar