Məhkəmə qərarları › İş №1(010)-82/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-82/2021

31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-82/2021 31.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı Abulməcidoviçin, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, 31 oktyabr - xx xxxxxx 2020-ci il tarixləri üzrə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablanmaqla xx xxxxxx 2021-ci il tarixinədək «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozduğuna görə Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «ev dustaqlığı» «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilmiş, göstərilən qərara əsasən xx xxxxxx 2021-ci ildə polis əməkdaşları tərəfindən tutularaq xx xxxx 2021-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmiş və hazırda həmin təcridxanada «həbsdə» saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Suraxanı Rayon Məhkəməsinə xx xxxxxx 2021-ci ildə daxil olub. İş üzrə məhkəmənin hazırlıq iclasları 21, 25 və xx xxxxxx 2021-ci il tarixlərinə təyin olunmuş, lakin təqsirləndirilən şəxs həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumatlandırıldığına baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, beləliklə, barəsində iş üzrə ibtidai istintaq dövründə seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbirinin şərtlərini pozmuşdur. Göstərilənlərə əsasən Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, «ev dustaqlığı» «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilmiş, iş üzrə icraat təqsirləndirilən şəxs tapılıb məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından xx xxxx 2021-ci ildə daxil olmuş yazılı məlumatla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xx xxxxxx 2021-ci ildə tutularaq xx xxxx 2021-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilib. Bununla əlaqədar cinayət işi üzrə icraat Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərarı ilə təzələnmiş, məhkəmənin hazırlıq iclası xx xxxx 2021-ci il tarixinə təyin olunmuş, lakin təqsirləndirilən şəxs gətirilmədiyindən məhkəmə iclasının keçirilməsi mümkün olmamışdır. Məhkəmənin hazırlıq iclası xx xxxx 2021-ci il tarixinə təyin olunmuş, lakin təqsirləndirilən şəxsin müdafiəçisi gəlmədiyinə görə məhkəmənin hazırlıq iclası bu günə – xx xxxx 2021-ci il tarixinə təxirə salınmışdır. Cinayət işi üzrə ittiham aktının nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: Təqsirləndirilən şəxs «təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan ünvan 2 saylı ünvanda yerləşən mənzildə heç kəsin olmamasını bildikdən sonra həyətyanı sahəyə çəkilmiş daş hasardan qanunsuz olaraq həyətə daxil olub, evin pəncərəsinə yaxınlaşmış və üzərində olan alətlə pəncərəni açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla evdən sonuncuya məxsus bir ədəd 6000 manat dəyərində “Argon 18 Nitrogen” markalı, dəyişən sürətli, tam komplektli, istifadə olunmuş velosiped, bir ədəd 50 manat dəyərində üzərində “Moon” yazıları olan istifadə olunmuş qoruyucu papaq (kask), bir ədəd 40 manat dəyərində üzərində “energycarboncomp” yazıları olan istifadə olunmuş velosiped üçün ayaqqabı, bir ədəd 90 manat dəyərində 7 litr su tutumlu olan istifadə olmuş samovar, 11 manat pul vəsaitini, bir ədəd 40 manat dəyərində velosipedin ön və arxa işıqlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 6190 manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir». İttiham aktının nəticəvi hissəsində həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törədib. Azərbaycan Respublikası CPM-nin 299.3.2-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında “aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə” məsələyə baxılır. Məhkəmə həmin məsələyə baxaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin 289.4-cü maddəsinə əsasən «İttiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir». Yuxarıda qeyd olunduğu kimi, Təqsirləndirilən şəxs ittiham aktına əsasən Zərərçəkmiş şəxs məxsus bir ədəd 6.000 manat dəyərində “Argon 18 Nitrogen” markalı, dəyişən sürətli, tam komplektli, istifadə olunmuş velosipedi, bir ədəd 50 manat dəyərində üzərində “Moon” yazıları olan istifadə olunmuş qoruyucu papağı (dəbilqəni), bir ədəd 40 manat dəyərində, üzərində “energycarboncomp” yazıları olan istifadə olunmuş velosiped üçün ayaqqabını, bir ədəd 90 manat dəyərində 7 litr su tutumlu istifadə olmuş samovarı, 11 manat pul vəsaitini və bir ədəd 40 manat dəyərində velosipedin ön və arxa işıqlarını gizli olaraq talamaqda təqsirləndirilir. İttiham aktının nəticəvi hissəsində göstərilən əşyaların və pul vəsaitinin ümumi dəyəri 6.231 manat təşkil etdiyi halda (6.000 + 50 + 40 + 90 + 11+ 40 = 6.231), zərərçəkmiş şəxsə cinayət nəticəsində vurulmuş maddi ziyanın miqdarı 6.190 manat, yəni 41 manat az olmaqla göstərilib. Müstəntiqin «sübutların qiymətləndirilməsi haqqında» və «təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında» xx xxxxxx 2020-ci il tarixli qərarlarında da (iş v. 126 – 132; 134 – 135) riyazi hesablama zamanı eyni səhvə yol verilmişdir. Məhkəmə hesab edir ki, bu hal cinayət prosessual qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin məhkəmə baxışının hədlərini müəyyən edən 318-ci maddəsinin mənasına görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Eyni maddənin mənasına görə məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham çərçivəsindən öz təşəbbüsü ilə kənara çıxa bilməz. İttiham aktının nəticəvi hissəsində göstərilən əşyaların və pul vəsaitinin təqsirləndirilən şəxs tərəfindən oğurlanması halı, həmçinin həmin əşyaların və pul vəsaitinin ayrı-ayrılıqda dəyərləri (miqdarı) işin məhkəmə baxışının yekununda sübuta yetiriləcəyi təqdirdə isə məhkəmə düzgün riyazi hesablama aparmaqla oğurlanmış əşyaların və pulun ümumi dəyərini 6.231 manat, yəni ittiham aktının nəticəvi hissəsində göstəriləndən 41 manat artıq olmaqla müəyyən etməli olacaq ki, bu da məhkəmənin ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham çərçivəsindən kənara çıxması, həmçinin təqsirləndirilən şəxsə daha ağır ittiham verilməsi ilə nəticələnəcək. Göründüyü kimi, cinayət işi hazırkı vəziyyətdə məhkəmə baxışına təyin ediləcəyi və mahiyyəti üzrə baxılacağı təqdirdə bir sıra prosessual problemlər yarana bilər. Beləliklə, ittiham aktı tərtib edilərkən Azərbaycan Respublikası CPM-nin 289.4-cü maddəsinin tələbi pozulmuş, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham düzgün təsvir olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən «Məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır». Məhkəmə hesab edir ki, ittiham aktında yol verilmiş pozuntunun cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırkı vəziyyətdə məhkəmə tərəfindən aradan qaldırılması mümkün deyil. Həmin pozuntu ibtidai araşdırma orqanının özü tərəfindən aradan qaldırılmaıdır. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən «cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması» kobud qanun pozuntusu sayılır. Bu pozuntu cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və o, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı aşağıdakıları qeyd etməyi də zəruri sayır. Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində «cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə» qərar qəbul edilə bilər. Həmin Məcəllənin 306-cı maddəsinə əsasən «306.1. Məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. 306.2. Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə». Məhkəmə prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən təqsirləndirilən şəxsin barəsində daha əvvəl seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbirinin şərtlərini pozduğunu, məhkəmənin çağırışlarına gəlmədiyini, onun yalnız barəsində axtarış elan edildikdən sonra tapılmasının və məhkəməyə gətirilməsinin mümkün olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanılması zərurəti aradan qalxmayıb. Ona görə də təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə seçilmiş «həbs» növündə qətimkan tədbirinin müddəti uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinın baxılmasına xitam verilsin və həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna qaytarılsın. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin müddəti xx xxxxx 2021-ci il tarixinədək uzadılsın. Qərarın bu hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar