Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-84/2024 15.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsilsiz, evli, kuryer kimi çalışan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü və 267.1-1 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdə saat 22 radələrində yol hərəkətinin iştirakçısı kimi idarə etdiyi iş həcmi 49 kub santimetr olan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 45 kilometr olan iki təkərli nəqliyyat vasitəsi - «Tufan M50» markalı mopedlə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ilə Rüfət Abdullayev küçəsi istiqamətinə 45 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə riayət etməmiş və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək, nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən, habelə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub yolun sağından soluna doğru keçən xx.xx.2017-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs mopedin qabaq hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs alın sümüyünün qəlpəli sınığı, sol təpə sümüyünün xətti sınığı, baş beyinin yüngül dərəcəli əzilməsi, alın nahiyəsinin əzilmiş yarası, sağ baldırın sıyrığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olmaqla nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən, habelə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş və hadisədən sonra həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan Zərərçəkmiş şəxs kömək göstərmək imkanı olduğu halda, bunu etməyib zərərçəkmiş şəxsi bilə-bilə köməksiz vəziyyətdə qoymaqla hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 7 ilə yaxındır ki, moped idarə edir. Moped ilə kuryer fəaliyyəti ilə məşğul olur. Hadisə baş verən zaman idarə etdiyi moped qara rəngli «Tufan M50» markalı moped olmuşdur. Həmin mopedi təxminən 2022ci ilin yanvar-fevral aylarında Tap.az saytından taparaq kreditə almışdır. Mopedin əvvəlki sahibi onu kreditlə Babək prospektində yerləşən “Motoplaza” adlı salondan almışdır. O da aldıqdan sonra həmin mağazaya kredit ödəməyə davam etdi və ümumilikdə 1185 AZN-a mopedi almışdır. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində anasının yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ünvanından mopedlə çıxmış və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi istiqamətində «Tufan M50» markalı moped ilə 50-60 km/saat sürətlə istiqamətində hərəkətdə olan zaman qəfildən ara küçədən azyaşlı qızın çıxdığını görmüşdür. Qız yolun sağından yolun sol tərəfində olan atasına doğru qaçırdı. O, baş verə biləcək hadisənin qarşısını almaq üçün tədbir görmək istəmiş, qızla toqquşmadan qaçmaq üçün mopedi sola doğru manevr etdirmişdir. Mopedin sürüşməməsi üçün əyləcdən istifadə etməmişdir. Bu zaman həmin qız da yolun sol tərəfinə doğru çəpinə hərəkət etdiyindən idarə etdiyi mopedin qabaq hissəsi qızın bədənin sağ tərəfinə dəyərək xəsarət yetirmişdir. O, mopedlə 10- 15 metr irəliləyərək qabaqda dayanmış və qıza baxmışdır. Qızın atasının oraya gəldiyini, orada atasının qışqırdığını görmüşdür. Qızın atası arxadan onu səsləmiş, lakin o, qorxduğu üçün hadisə yerindən uzaqlaşmışdır. Oradan çıxıb həmin vaxt yaşadığı ünvan 4 ünvanına gəlmiş və həmin mopedi binanın girişinin içərisində pilləkənlərin altında tros vasitəsilə bağlayaraq gizlətmişdir. Mopedin qabaq hissəsi zərbənin təsirindən cüzi dərəcədə əyilmişdir. Moped ustaya aparılmamış və həmin vəziyyətdə də idarə edilmişdir. Təxminən 2-3 gün sonra həmin mopedi Tap.az saytında 1150 AZN-a satışa qoymuşdur. Elanı yerləşdirdikdən təxminən 01 həftə sonra bir nəfər müştəri onunla əlaqə saxlamış və mopedi almaq istəməsini bildirmişdir. Həmin müştəriylə mopedi yoxlatmaq üçün Babək prospektində yerləşən “Motoplaza” adlı salonun qarşısında görüşmüş, lakin müştəri mopedi orada yoxlatmağa razı olmamışdır. Daha sonra həmin müştəri ilə 20 yanvar metrosuna çatmamış, Binəqədi rayonunda yerləşən mototəmir yerinə getmişlər. Orada mopedi yoxlatmış və mopedin zərbə dəymiş qabaq hissəsi müştəri tərəfindən çıxartdırılmış, həmin mopedi müştərinin istəyinə uyğun ehtiyat hissələri ilə təchiz olunmuşdur. Həmin müştəriyə mopedi 995 AZN-a satmış və həmin müştəri mopedi Salyan rayonuna aparmışdır. Həmin pulu da o, borclarına və evin kirayəsinə xərcləmişdir. Sonda ilk dəfə cinayət əməlinin törədilməsini və əməlindən peşman olduğunu nəzərə alınmaqla, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 143-cü və 267.1-1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X2 Azərbaycan Respublikasının Cİnayət Məcəlləsinin 267.1-1-ci və 143-cü maddələri ilə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı tələb və şikayətinin olmadığını, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, ailə üzvləri ilə birgə ünvan 5 küçəsi nömrəsiz ev ünvanında yaşayır. 18 avqust 2023-cü il tarixdə saat 2 radələrində atası Emin küçədə olduğu üçün onu çağırmağa çıxmışdır. Atasının yolun digər tərəfində olduğunu görmüş və yolu keçmək qərarına gəlmişdir. Yolu keçmədən öncə sağa və sola baxmış, avtomobilin gəlmədiyini görmüşdür. Buna görə də yolu keçmək qərarına gəlmişdir. Yolun digər tərəfinə, yəni atasının yanına keçən zaman sol tərəfdən gələn moped onu vurmuşdur. Hadisə nəticəsində aldığı xəsarətlərlə bağlı atası Emin onu xəstəxanaya aparmış və orada ona ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızııdır. İnci xx.xx.2017-ci il təvəllüdlü olmaqla, azyaşlıdır. 18 avqust 2022-ci il tarixdə saat 22:30 radələrində hava isti olduğundan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsində yaşadığı evin qarşısındakı səkidə oturmuşdur. Azyaşlı qızı Zərərçəkmiş şəxs isə yaşadıqları evdən çıxıb onu çağırmaq məqsədilə küçəyə gəlmişdir. Qızı yolu sağdan sola onun yanına gəlmək üçün keçən zaman görmüşdür ki, qara rəngli dövlət qeydiyyat nişanı olmayan moped azyaşlı qızı İncini yolu keçərkən vurmuş və qızı İnci asfalt hissəyə yerə yıxılmışdır. Sonra isə həmin mopedi idarə edən şəxs hadisə yerindən qaçıb getmişdir. O da dərhal səkidən durub qızına tərəf qaçmış və qızının başından qan gəldiyini görmüşdür. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Daha sonra isə qızını xəstəxanaya aparmışdır. Qızı İncini almış olduğu xəsarətlə bağlı bir neçə xəstəxanalara aparmış, lakin sonuncu xəstəxana DTX- nin hospitalı olmuşdur. DTX-nm hospitalında qızı başından əməliyyat olunmuşdur. Cinayət işinin 4-6-cı vərəqələrində olan iş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 19 iyul 2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi ünvan 5 küçəsində baş vermişdir. Yolun hərəkət zolaqlarının sayı 02, yolun hərəkət hissəsi düz, yol örtüyünün növü asfalt, yol örtüyünün eni isə 7,40 metrdir. Yol nəqliyyat hadisəsi nəticəsində, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub yolun sağından soluna doğru keçən xx.xx.2017-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs mopedin qabaq hissəsi ilə vurması müəyyən edilmişdir. Cinayət işinin 82-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 21 iyul 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə, saat 21:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 104-105-ci vərəqlərində olan 23 iyul 2023-cü il tarixli “şübhəli şəxsin statusuna xitam verilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində statusuna xitam verilməsi, Bakı şəhəri Suraxanı RPİ-nin Müvəqqəti saxlama yerindən azad edilməsi, qərar icra edilməsi üçün Bakı şəhəri Suraxanı RPİ-nin Müvəqqəti saxlama yerinə göndərilməsi və Təqsirləndirilən şəxs elan edilməsi və qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin 22-24-cü vərəqələrində olan məhkəmə tibb ekspertizasının xx.xx.2022ci il tarixli 1002 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni səthində olan xəsarətlər: alın sümüyünün qəlpəli sınığı, sol təpə sümüyünün xətti sınığı, baş beynin yüngül dərəcəli əzilməsi, alın nahiyəsinin əzilmiş yarası, sağ baldırın sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Cinayət işinin 111-113-cü vərəqələrində olan iş üzrə təyin edilmiş yol-nəqliyyat hadisələri ekspertizasının 26 avqust 2023-cü il tarixli 8/2189 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «Tufan M50» markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Cinayət işinin 115-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin 126-127-ci vərəqlərində olan “təqsirləndirlən şəxs qismində cəlb etmək haqqında” 17 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 143-cü və 267.1-1-ci maddələri ilə təqsirlənsdirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 145-146-cı vərəqində olan 17 avqust 2023-cü il tarixli “təqsirləndirlən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işində olan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2 08 fevral 2024-cü il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsində, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənildiyi üçün ona qarşı heç bir şikayəti olmadığını, gələcəkdə də heç bir tələbi və iddiası olmayacağını bildirmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 143-cü və 267.1-1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 143-cü maddəsinə əsasən həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 267.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMnin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11,40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə cinayətdə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmasını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1- 1-ci maddəsi üzrə əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmin maddələrlə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən halların mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 21 iyul 2023-cü il tarixdən 23 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1.Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışdığına və ona dəymiş maddi ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, Azərbaycan Respublikası CM-nin 143-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan hissədə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 143-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 21-23 iyul 2023-cü il tarixədək 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-84/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-84/2024
15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver