Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-85/2020 24.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 09:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətlərində olan, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 23 nömrəli evin 11 nömrəli mənzilində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində xalası Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, 20 nömrəli fərdi yaşayış evinə qapıdan keçmək yolu ilə qanunsuz daxil olaraq, yataq otağında yerləşən saxlanc yeri hesab edilən paltar dolabından 500 manat pulu və həmin vaxta Azərbaycan Respublikasının Mərkəzi bankının valyuta məzənnəsi ilə 340 manat dəyərində olan 200 ABŞ dollarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 840 (səkkiz yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, hələ kiçik yaşında olarkən valideyinləri rəsmi olaraq bolşanmışlar, atası Arzuman başqa bir qadınla ailə qurmuş, anası isə tək yaşamışdır. 3-4 yaşından 14 yaşınadək onu xalası Zərərçəkmiş şəxs saxlamış, sonuncuya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, 20 nömrəli fərdi yaşayış evində yaşamışdır. 14 yaşından 18 yaşınadək anası X1 ilə birlikdə Bakı şəhərində kirayədə yaşamışdır. 18 yaşından sonra anası ilə heç bir əlaqəsi olmamışdır. 2018-ci ildə X3 ilə faktiki nikah mnüasibətlərinə daxil olmaqla ailə qurmuş, xx xxxxxx 2019-cu ildə Benyamin adlı oğlu dünyaya gəlmişdir. Anası ilə bir yerdə yaşadıqdan sonra demək olar ki, xalası ilə münasibət saxlamamış, 4-5 il onlara getməmişdir. xx xxxxxx 2019-cu il tarixdə xalasının yaşadığı məhəlləyə getmiş, lakin evdə heç kim olmamışdır. Xalası ilə bir məhəllədə yaşayan Pikə xaladan xalası oğlu Alxasın nömrəsini almış, zəng ondan 200 manat borc istəmiş, lakin sonuncu pulunun olmadığını demişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat təxminən 13 radələrində o, yenə də xalasının yaşadığı məhlləyə getmiş, həmin vaxt da evdə heç kim olmamışdır. Pikə xalanın evində bir müddət gözləsə də xalası ilə oğlunun gəlmədiyini görmüş, təcili pul lazım olduğu üçün oğlurluq etmək qərarına gəlmişdir. Həyətdən tapdığı köhnə mismarla xalasının yaşadığı evinin köhnə qapısını açıb içəri daxil olmuş, yataq otağında olan paltar dolabındakı sellofan torbanın içində olan kitabın arasından 200 ABŞ dolları və 500 manat pulu götürüb cibinə qoymuşdur. Həmin sellofanın içində qızıl əşyaları da olmuş, lakin qızılları götürməmişdir. Sonra evdə olan soyuducunun üstündə evin qapısının açarını görmüş, həmin açarla qapını çöldən bağlayıb evdən çıxmış, Pikə xala ilə sağollaşıb getmişdir. Evin giriş qapısının açarını isə küçədə tullamışdır. Oğurladığı pulla Adil adlı tanışına olan borcunu qaytarmışdır. Axtarıldığını bildiyinə görə oğurluq etdiyi gündən yaşadığı evə getməmiş, Bakı şəhərinin Yasamal rayonu ərazisində gündəlik verilən kirayə evlərdə qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31ci Polis Bölməsinə aparılmışdır. Polis bölməsində ifadəsi alınarkən xalası Rübabənin evindən oğurluq etdiyini etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, 20 nömrəli fərdi yaşayış evində oğlu Alxasla birlikdə yaşayır. Ozü dərzi, oğlu Alxas isə mağazada satıcı işləyir. Evini təmir etmək üçün yığdığı 200 ABŞ dolları və 500 manat pul yataq otağında olan paltar dolabında, sellofan torbanın içindəki balaca kitabın arasında olmuşdur. Həmin torbada puldan savayı, sənədlər və qızılları da olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə qeyd etdiyi pulu götürmək istəyərkən qızılların və başqa əşyalarının yerində olduğunu, lakin pulların yerində olmadığını görmüşdür. Oğlu Alxasdan bu barədə soruşmuş, sonuncu pulların harda olduğundan xəbərinin olmadığını demişdir. Onunla bir həyətdə yaşayan qaynı arvadı Pikəyə pullarının oğurlandığını bildirdikdə, sonuncu bir gün öncə bacısı oğlu Eminin gəldiyini demişdir. Sonradan oğlu Alxas ona, bir neçə gün əvvəl Eminin ona zəng edib borca 200 manat pul istədiyini, lakin Eminə pulunun olmadığını dediyini bildirmişdir. Emin hələ uşaq vaxtlarından onun evində qalarkən həmişə pullarının paltar dolabında saxlamasının şahidi olmuşdur. Belə ki, bacısı Mahirə ilə həyat yoldaşı Arzuman boşandıqdan sonra Arzuman başqa bir qadınla evlənmiş, bacısı isə Türkiyəyə gedib gəldiyindən oğlu Eminə baxmamışdır. Buna görə də Emini 3-4 yaşından 14 yaşınadək özü saxlamış, 14 yaşı olanda isə bacısı Mahirə gəlib Emini aparmış və həmin vaxtdan sonuncuları görməmişdir. Evindən oğurluq edilən zaman başqa yerlərin axtarılmadığından, paltar dolabından pullarının oğurlandığından, qonşusu Pikənin və oğlu Alxasın dediklərindən Emindən şübhələnib ona zəng etmiş, lakin sonuncuya zəng çatmamışdır. Belə olan halda şikayət ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermiş, bir müddət sonra isə Emin polis əməkdaşları tərəfindən saxlanılmış, ifadəsi alınarkən sonuncu onun evindən oğurluq etdiyini etiraf etmişdir. Sonda Zərərçəkmiş şəxs cinayət nəticəsində ona vurulmuş maddi zərəri tam olaraq ödədiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs yaşadığı evlə onun yaşadığı ev ayrı-ayrı olmaqla bir həyətdə yerləşir. Təqsirləndirilən şəxs Azuman oğlunu uşaqlıqdan tanıyır, belə ki, Emin 14 yaşına kimi Rübabənin evində yaşamış, 14 yaşından sonra isə anası gəlib Emini aparmış, sonuncu sonradan görməmişdir. 2019-cu ilin noyabr ayının axırlarında Emin yaşadığı evə gəlmiş, Rübabə və oğlu evdə olmadıqlarına görə Eminə çay verib xalası Rübabənin harda olsa gələcəyini demiş, lakin həmin vaxt zəng gəldiyi üçün Emin gözləyə bilinəcəyini deyib getmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 12 radələrində Emin yenidən gəlmiş, həmin vaxt da Rübabə evdə olmadığından Emin təxminən 2-3 saat onun evində yatmış, təxminən saat 15 radələrində isə yuxudan ayılıb həyətə çıxmışdır. Həmin vaxt Emin həyətdə gəzişmiş, o isə 15-20 dəqiqəlik yuxuya getmişdir. Ayıldıqda Eminin həyətdə olmadığını görüb onu axtarmağa başlamış, lakin tapa bilməmişdir. Həmin vaxt Eminin ayaqqabısı yaşadığı evin qarşısında olmuş, sonuncu həyətə onun ailə üzvlərinə məxsus ayaqqabıları geyinib çıxmışdır. Bu səbəbdən də Emin yaxınlıqda olduğunu və gəlib ayaqqabısını dəyişəcəyini düşünmüşdür. Təxminən iki saat keçdikdən sonra Emin gəlib ayaqqabılarını dəyişərək tələsik getmişdir. Sonradan Rübabə onun yaşadığı evə gəlib pullarının yerində olmadığını deyib ondan, yaşadığı evə kimin gəldiyini soruşmuşduqda Rübabəyə, bacısı oğlu Eminin gəldiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs onun qızı X3 ilə faktiki nikah mnüasibətlərinə daxil olmaqla ailə qurmuş, xx xxxxxx 2019-cu ildə sonuncuların Benyamin adlı oğulları dünyaya gəlmişdir. Emin Jalə ilə birlikdə onların evində yaşamışdır. xx xxxxxx 2019-cu il tarixdən Emin evdən çıxmış və həmin gündən evə gəlməmişdir. Sonradan isə Eminin xalası Rübabənin evindən oğurluq etdiyini eşitmiş, Rübabə zəng edib nə baş verdiyini soruşduqda, sonuncu ona Eminin xx xxxxxx 2019-cu il tarixdə onların məhləsinə gəldiyini, məhlədə qohumlarının evində qaldığını, sonra isə onların evindən pul oğurladığını bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, anası Rübabə ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, 20 nömrəli fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs Azuman oğlu onun xalasının oğludur, Emin uşaq yaşlarından 14 yaşına kimi onarın yaşadığı evdə yaşamış və Emini, onun anası saxlayıb böyütmüşdür. Emin onların yaşadığı evdən çıxdıqdan sonra onunla ümumiyyətlə əlaqə saxlamamışdır. 2019-cu ilin noyabr ayının ortalarında Emin tanımadığı mobil nömrədən ona zəng edib ondan borca 200 manat pul istəmişdir. Eminə pulunun olmadığını bildirərək, ona borc verməkdən imtina etmişdir. Bundan sonra da Emini görməmiş və onunla hər hansı telefon əlaqəsi saxlamamışdır. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 20 radələrində işdə olduğu zaman anası Rübabə zəng edib ondan evdən pul götürüb-götürmədiyini soruşmuş, anasına evdən pul götürmədiyini bildirdikdə sonuncu 500 manat və 200 ABŞ dollarının oğurlandığını demişdir. İşdən qayıtdıqdan sonra isə anası ona, evdən pulların Emin tərəfindən oğurlandığını bildirmişdir. İş materiallarında olan baxış keçirilməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, 20 nömrəli fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs, xx xxxxxx 2019-cu il tarixdə 500 manat və 200 ABŞ dolları məbləğində pulunun yerində olmadığını aşkar etdiyini, sonradan onunla bir həyətdə yaşayan qohumu Şahid2 ona, bacısı oğlu Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə onlara gəldiyini, həmin vaxt Eminin özünü şübhəli apardığını dediyini bildirmidir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytı olan www.cbar.az internet saytından çıxarışdan görünür ki, hadisənin baş verdiyi xx xxxxxx 2019-cu il tarixdə 01 ABŞ dolları Azərbaycan manatı ekvivalentində 01 manat 70 qəpik təşkil etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, 20 nömrəli fərdi yaşayış evinin yataq otağındakı paltar dolabını göstərərək, xx xxxxxx 2020-ci il tarixdə, xalası Zərərçəkmiş şəxs 500 manat və 200 ABŞ dolları məbləğində pulunu həmin yerdən oğurladığını bildirmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəyərək, onunla barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında və qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon prokurorunun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon X2 Şöbəsinin müstəntiqinin vəsatəti rədd edilmiş və bundan sonra Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 01 gün müddət 02 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-85/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-85/2020
24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver