Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-85/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1990-cı ildə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Zəngilan rayonu, Mincivan qəsəbəsi, C.Cabbarlı küçəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 435 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq saxlamış, Suraxanı RPİ-nin NMB-nə daxil olan əməliyyat məlumatı əsasında 20 may 2024-cü il tarixdə saat 02:30 radələrində həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən “Halal Süfrə” restoranın yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilib həmin tarixdə saat 06:10 dəqiqədən 06:20 dəqiqəyədək olan vaxt ərzində üzərində şəxsi axtarış keçirilən zaman əlində olan göy rəngli sellofanın içərisində olan üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada satış məqsədi olmadan qanunsuz olaraq daşıyaraq saxladığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadələrində özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, Vaqif küçəsi nömrəsiz fərdi evdə yaşlı anası ilə birlikdə yaşayır. Chevrolet cobalt markalı 77 xx 782 dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili lizing yolu ilə almış və həmin maşınla Bakı şəhəri ərazisində taksi sürücsü kimi fəaliyyət göstərir. Uzun illərdir ki, narkotik vasitələrdən istifadə edir. Belə ki, narkotik vasitənin “kakos” adlanan heroin və “nəşə” adlanan qurudulmuş marixuana növündən istifadə edir. Belə ki, narkotik vasitələrdən istifadə etdiyinə Xəzər rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 30 dekabr 2023-cü il tarixdə azadlığa buraxılmışdır. Narkotik vasitələri tərgitmək üçün arada bir “nəşə” adlanan qurudulmuş marixuanadan istifadə edir. Marixuananı siqaretə doldurub yandırmaqla tüstüsünü qəbul edir. 20 may 2024-cü il tarixdə gecə saat 02:30 radələrində Suraxnı rayonu Əmircan qəsəbəsinə müştəri gətirmişdir. Müştərini Əmircan qəsəbəsində “Halal süfrə” restoranın yaxınlığında düşürdükdən sonra yavaş-yavaş hərəkətə başlamaq istəmişdir. Bu zaman restoranın yaxınlığında olan ağacın altında göy rəngli seloffan bağlama olması diqqətini çəkmişdir. Maşını saxlayıb maşından düşmüşdür. Bağlama olan istiqamətə gedərək bağlamanı götürüb açıb içərisinə baxan zaman içərisində qara rəngli başqa bir bağlamada içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. Həmin göy rəngli sellofan torbanı götürüb maşına tərəf gedib avtomobilə minərək yoluna davam etmək istəyirmiş. Bu zaman xarici markalı avtomobil qəfildən yanında dayanmışdır. Avtomobildən düşən mülki geyimdə olan şəxslər dərhal ona yaxınlaşıb Suraxanı RPİ-nin X1 əməliyyatçıları olduqlarını bildirərək üzərində narkotik vasitə gəzdirməyi barəmdə məlumat aldıqlarını və buna görə də onlarla birlikdə polis idarəsinə getməli olduğunu demişlər. Polislərə etiraz etməyərək əlində olan sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu öz avtomobillərinə mindirərək Suraxanı RPİ-nə gətirmişlər. Polis idarəsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Belə ki, Bakı şəhər 9 saylı vəkil bürosundan Xəlil Məmmədov müdafiəçisi kimi çağırılaraq müdafiəçisi olaraq təyin olunmuşdur. Bundan sonra müvafiq sənədləşmə işləri aparıldıqdan sonra üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. O da buna etiraz etməmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman özü əlində olan göy rəngli selofan bağlamanın içərisində olan qara rəngli sellofan bükümdəki qurudulmuş marixuananı təqdim edərək ona məxsus olduğunu və “Halal süfrə” restoranın yaxınlığından tapdığını və özü istifadə etmək məqsədilə götürdüyünü bildirmişdir. Bundan sonra həmin kütlə təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib edilmişdir. Protokol bizə ucadan oxunmuşdur. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar olunan narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Həmin narkotik vasitədən kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmamışdır. Saxlanılan zaman istərsə də polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. Sonda o, əməlindən peşman olduğunu və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Alahverdi oğlu ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin X1 rəisi vəzifəsində işləyir. Polis mayoru xüsusi rütbəsi daşıyır. Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 20 may 2024-cü il tarixdə Xətai adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Xətai adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə tərəfindən əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar RPİ-nin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra rəhbərliyi altında Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Suraxanı rayonu Əmircan qəsəbəsi Halal Süfrə restoranın yaxınlığında olmasını görüb saat 02:30-da əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs əlində olan sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Suraxanı RPİ-inzibati binasına gətirmişlər. Suraxanı RPİ-nin inzibati binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Göy rəngli sellofan toranın içərisinə baxış keçirilən zaman içərisində yapışqan lentlə sarılmış qara rəngli sellofan torbanın içərisində yaşıl rəngli quru halda spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisində yol kənarından tapdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd özünə məxsus olan Redmi markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansısa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd sellofan torbada olan narkotik vasitə qurudumuş marixuanaya bənzər kütlə olan büküm bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin Zərflər üçün 45 saylı möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edərək saxladığı bildirilsə də, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə Suraxanı RPİ-nin NMB-nə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək anoloji ifadələr vermişdir. Cinayət işinin 22-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 20 may 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə, saat 02:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 85-87-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-166/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 may 2024-cü il tarixdən hesablanmaqla, 20 avqust 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 52-ci vərəqində olan “baxış keçirilməsi barədə” 21 may 2024-cü il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin X1 (NMB) əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, NMB-nin rəisi polis mayoru Şahid1 tərəfindən videoçəkiliş aparılmaqla Suraxanı RPİ-nin təhqiqatçısı, polis kapitanı Ayaz Meydanov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil ürosunun vəkili X2 oğlunun iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlayarkən proses iştirakçıları özlərini təqdim etdikdən sonra təhqiqatçı Ayaz Meydanov şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilməsinə dair bildirişlə tanış edir. Sonuncu hüquq və vəzifələrinin ona aydın olduğunu bildirir. Daha sonra təhqiqatçı Ayaz Meydanov şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı videoçəkilişlə etirazı olub- olmamasını soruşduqda sonuncu heç bir etirazı olmadığını bildirdi. Daha sonra X4 Məhərrəmovdan üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet olub- olmadığını soruşduqda sonuncu sağ əlində saxladığı göy rəngli sellofan torbanı çıxarıb təqdim edir. Bundan başqa əynində olan şalvarının sol yan cibindən bir ədəd Redmi markalı telefon çıxarıb təqdim edir. Göy rəngli sellofan toranın içərisinə baxış keçirilən zaman içərisində yapışqan lentlə sarılmış qara rəngli sellofan torbanın içərisində yaşıl rəngli quru halda spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisində yol kənarından tapdığını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansısa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd sellofan torbada olan narkotik vasitə qurudumuş marixuanaya bənzər kütlə olan büküm bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin Zərflər üçün 45 saylı möhürü ilə möhürlənərək götürülür. Vəkil Xəlil Məmmədov Təqsirləndirilən şəxs ona qarşı təzyiqlər olub-olmadığını maraqlandıqda sonuncu ona qarşı təzyiqlər olmadığını bidirir. Şəxsi axtarışın aparılması 20 may 2024-cü il tarixdə saat 06:10-dan 06:20 dəqiqəyə qədər davam edir. Cinayət işinin 41-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 20 may 2024-cü il tarixli, 3-16-16/2-7/782 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs 1).... Təqsirləndirilən şəxs” yazılar və imzalar olan kağız paketdə 01 (bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi -435,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 143-144-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs ambulator-məcburi narkoloji tibbi yoxlamanın 28 iyun 2024-cü il tarixli 4466 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərici yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 131-132-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən ahnmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmuşdur. Bakı şəhər Xəzər rayon məhkəməsinin 1(003)-520/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2023-ci ildə cəzasının sonu ilə azad edilib. Cinayət işinin 133-139-cu vərəqlərində olan Bakı şəhər Xəzər rayon məhkəməsinin 1(003)-520/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməklə və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunması, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlandığı 01 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzasından çıxılması və üzərində qəti olaraq 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzaçəkmənin əvvəli 04 iyul 2023-cü il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi hökm edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən əlində olan göy rəngli sellofanın içərisində olan üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada satış məqsədi olmadan qanunsuz olaraq daşıyaraq saxladığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuananın təmiz çəkisi 435 qram Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri (psixotrop maddələri, prekursorları) qanunsuz daşımağa və ya göndərməyə görə, həm də CM-in 206.2-ci maddəsində xüsusilə göstərilmiş həmin predmetlərin qaçaqmalçılığına görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs səmimi olaraq peşman olmasını əməlində cəzasını yüngülləşdirən hal kimi müəyyən edir.. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhər Xəzər rayon məhkəməsinin 1(003)-520/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər rayon məhkəməsinin 1(003)-520/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməklə və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlandığı 01 gün müddət Azərbaycan Respublikası Cİnayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzasından çıxılması və üzərində qəti olaraq 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, onun cəzasının sonu xx.xx.2023cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2024-cü il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 20 may 2024-cü ildən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli faktiki tutulduğu vaxtdan, yəni 20 may 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 434,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-85/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-85/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver