Məhkəmə qərarları › İş №1(010)-87/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-87/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-87/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X4, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.2008-ci ildə Naxçıvan MR, Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam təhsilli, işləməyən, məhkum olunmamış, Naxçıvan MR, Ordubad rayonu, Dırnıs kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda yaşayan, barəsində 14 avqust 2024-cü il tarixdə «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 aprel 2024-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə qanunsuz daxil olaraq qonaq otağında stolun üzərində olan “Tooşbe” markalı 500 manat dəyərində qızıl kişi saatını, bir ədəd 10 manat dəyərində bijuteria üzüyü və bir ədəd 150 manat dəyərində olan “Samsung Galaxy” markalı A32 modelli mobil telefon cihazını, digər otaqdakı paltar şkafının siyirtməsində olan 120 AZN nağd pulu və evin həyətyanı sahəsində olan 40 manat dəyərində 5 litrlik od samovarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 820 (səkkiz yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 aprel 2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin hasarından keçməklə həyətinə qanunsuz daxil olub oradan həyətyanı sahədə yerləşən yardımçı tikilidən iki ədəd hər birinin qiyməti 250 manat dəyərində olan 20 litrlik od samovarı, 250 manat dəyərində “Bosh” markalı 36-38 sm diametrli 4 predmetdən ibarət qazan dəsti və 170 manat dəyərində “Zenn” markalı 4 predmetdən ibarət qazan dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 920 (doqquz yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən 05 may 2024-cü il tarixdə saat 14 radələrində isə Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə qonaq getməsindən istifadə edərək evin yataq otağına gizli olaraq qanunsuz daxil olub oradakı şkafın siyirtməsindən 420 AZN nağd pulu və bir ədəd 500 manat dəyərində brilliant qaşlı 750 əyarlı qızıl üzüyü gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 920 (doqquz yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası X10 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük savxozunda nömrəsiz fərdi yaşayış evində yaşayır. Körpə vaxtdan atası onlardan ayrıldığına görə anası Aytən Ağalarova onu tək başına böyütmüşdür. Orta məktəbi oxuyub başa çatdırmamış, 8-ci snifdən məktəbi yarımçıq qoymuşdur. 2024-cü ilin aprel ayının ortalarında təxminən saat 21 radələrində yaşadığı evə gedərkən Binə Südçülük savxozunda, qonşuluqda yaşayan sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxsin fərdi yaşayış evinin işıqlarının sönülü olduğunu görüb onların evdə olmadıqlarını bilmiş və oğurluq etmək məqsədilə hasardan aşıb keçməklə Zərərçəkmiş şəxs1 evinin həyətyanı sahəsinə keçmiş, sonra da bağlı olmayan qapıdan evə daxil olmuşdur. Evə girdikdən sonra birinci mərtəbədə zalda stolun üstündə olan bir ədəd qızılı rəngli saat, bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd qızılı rəngli üzüyü götürüb cibinə qoymuşdur. Sonra yataq otağına keçmiş və orada şkafın siyirtməsindən 120 manat pul götürüb evdən çıxmışdır. Evdən çıxdıqda hyətyanı sahədə olan bir ədəd 5 litrlik od samovarını görüb oğurlayaraq həyətdən çıxmışdır. Gizli olaraq ələ keçirdiyi samovarı yaşadığı evə aparıb gizlətmişdir. Səhəri günü oğurladığı qızılı rəngli saatı məhəllərində mobil telefon aksesuarları mağazası işlədən Cəlal adlı oğlana göstərmiş, Cəlaldan saatın qızıl olub olmadığını soruşmuşdur. Cəlal da saata baxdıqdan sonra saatın qızıl olmadığını demiş, buna görə də saatı dəyərsiz bir əşya kimi yerə tullamışdır. Zərərçəkmiş şəxs1 evindən götürdüyü üzüyü isə qonşuluqda yaşayan Şəbnəm adlı tanıdığı qadına göstərərək həmin üzüyü satmaq istədiyini və üzüyü yerdən tapdığını demişdir. Şəbnəm ona verdiyi üzüyə baxdıqdan sonra qızıl olmadığını demiş və ona qaytarmışdır. O da bir qədər Şəbnəmgildə oturduqdan sonra yaşadığı evə getmişdir. Ertəsi günü o, Şəbnəmin əri Babəki görmək üçün onlara getmiş və həmin vaxtı Zərərçəkmiş şəxs1 evindən götürdüyü üzük əlində olmuşdur. Şəbnəm gildə olduğu zaman əlində olan üzüyü oynatması üçün Şəbnəmin iki yaşlı qızına vermişdir. Bir qədər oturduqdan sonra yaşadığı evə qayıtmışdır. Bundan sonra 14 aprel 2024-cü il tarixdə saat 01 radələrində dostları ilə birlikdə Binə qəsəbəsinin mərkəzində gəzib-dolaşdıqdan sonra evinə gedərkən qonşuluqda yaşayan Səidə kimi tanıdığı sonradan həyat yoldaşının adının Emin olduğunu bildiyi qadının evinin işıqlarının sönülü olduğunu görüb və evdə olmadıqlarını bilərək oğurluq etmək məqsədi ilə həyətlərinə girmək qərarına gəlmişdir. Bu məqsədlə o, hasardan aşıb keçərək həyətyanı sahəyə daxil olmuş, ətrafa göz gəzdirdikdən sonra həyətyanı sahədə olan yardımçı tikilinin taxta qapısından içəri kemiş və oradan 02 ədəd gümüşü rəngdə samovarları və qazan dəstlərini götürüb bir-bir həyətdən küçəyə çıxardaraq yaşadığı evinə aparıb gizlətmiş, evdə anası Aytən samovarları hardan əldə etdiyini soruşanda, küçədə görüb götürdüyünü bildirmişdir. Səhəri gün gizlətdiyi qazan dəstlərini küçədə tanımadığı səyyar metal qəbulu ilə məşğul olan şəxsə ucuz qiymətə satmış, pulunu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 2024-cü ilin may ayının əvvəllərində təxminən saat 13 radələrində qonşuluqda yaşayan tanıdığı Qədir adlı şəxs onu evinə çağırmış və mobil telefonuna oyun yükləməsini xahiş etmişdir. O da Qədirin mobil telefonuna oyunu yükləyib telefonu sonuncuya qaytarmışdır. Qədir gildə olduğu zaman ev sahiblərinin gözündən yayınaraq evin başqa bir otağına keçmiş və orada olan şkafı açıb şkafın yuxarı siyirtməsində paltarların altında olan 420 AZN pulu oğurlamış, sonra şkafın yuxarı və aşağı siyrtmələrini axtarmış və oradan bir ədəd qaşlı üzüyü qutusu ilə birlikdə görüb gizilincə ələ keçirmişdir. Bundan sonra Qədir gilin yaşadığı evdən çıxıb öz yaşadığı evə getmiş, təxminən 15-20 dəqiqədən sonra yaşadıqları evdən çıxıb qonşuluqda yaşayan Şəbnəm adlı qadının evinə getmişdir. Həmin vaxt Şəbnəm evdə tək olduğundan o, cibində olan üzüyü Şəbnəmə göstərib qızıl olub-olmamasını və qiymətini soruşmuşdur. Şəbnəm ona üzüyü xalasına satacağını və 20 manat pul verəcəyini demişdir. Həmin üzüyü Şəbnəmə verdikdən sonra yaşadığı evə getmişdir. 2 gündən sonra Şəbnəmin yaşadığı evə getmiş və üzüyü satmağa aparıb-aparmadığını soruşmuşdur. Şəbnəm ona 2 saat sonra şəhərə gedəcəyini və üzüyün qiyməti barəsində xəbər edəcəyini demişdir. Bir neçə saat sonra Şəbnəm ona zəng edib üzüyə 5 azn pul verildiyini demiş, o da 5 manata satılmasına razılıq vermişdir. Sonra şəbnəm 5 manat pulu köçürmə vasitəsi ilə onun kart hesabına göndərmişdir. 05 may 2024- cü il tarixdə qonşu Qədir adlı şəxs oğlu Emil ilə birlikdə onun yaşadığı evə gələrək evlərindən pul və qızıl götürdüyünü demiş və onları qaytarmasını tələb etmişlər. O da Qədir gilə onların evlərindən heç bir şey götürmədiyini demişdir. Həmin vaxt Qədir DİNnin 102 zəng xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Sonra o, whats app sosial şəbəkəsi vasitəsi ilə Şəbnəmə zəng edib verdiyi üzüyü hara satdığını soruşmuş, həmin vaxt Şəbnəm üzüyün oğurluq olub-olmadığını soruşmuş, Şəbnəmə oğurluq barədə heç bir söz deməyib yenidən zəng edəcəyini demişdir. Ümumiyyətlə Şəbnəmə verdiyi üzüyün oğurluq olması barədə sonuncunun heç bir məlumatı olmamışdır. Bir qədər sonra yaşadığı evə 30-cu polis şəbəsinin əməkdaşları gələrək onu Polis şöbəsinə aparmışlar. Sonda o, əməlindən səmimi peşman olduğunu, ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxslərlə barışığın əldə edilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, yetkinlik yaşına çatmamış şəxs olduğunu nəzərə alınmasını və ona yüngül cəza təyin edildiyini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, rəsmi qaydada məlumatlandırılsa da, məhkəməyə gəlməmişlər və üzrlü səbəb göstərməmişdirlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı cinayət üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Səidə Dadaşova ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük savxozunda yerləşən nömrəsiz fərdi evdə yaşayırlar. 2024-cü il aprel ayının 13də həyat yoldaşı Səidə Dadaşova ilə birlikdə Səidənin Biləsuvar rayonunda yaşayan atası evinə qonaq getmişlər. Onlar üç gün rayonda qalandan sonra 16 aprel 2024-cü il tarixdə günorta saatlarında rayondan çıxıb şəhərdəki evlərinə qayıtmışlar. Təxminən saat 18 radələrində Suraxanı rayonu, Binə Südçülük sovxozunda yerləşən evlərinə çatıb həyət darvazısını açaraq içəri girmişlər. İlk baxışda şübhəli heç bir hadisənin şahidi olmamışlar və əşyalarını yerbəyer etmək üçün həyətyanı sahədə evin yanında olan yardımçı tikiliyə keçib samovarı götürmək istəyərkən orada olan iki ədəd hər birinin qiyməti 250 manat dəyərində olan 20 litrlik od samovarının yerində olmadığını görüb oğurlandığını müəyyən etmişlər. Əşyalarını saxladıqları həmin tikiliyə bir az da diqqətlə göz gəzdirdikdə müəyyən etmişlər ki, 250 manat dəyərində olan “Bosh” markalı 36-38 sm diametrli 4 predmetdən ibarət qazan dəsti və 170 manat dəyərində “Zenn” markalı 4 predmetdən ibarət qazan dəsti də naməlum şəraitdə oğurlanmışdır. Bu hadisə ilə bağlı səhəri gün həyat yoldaşı X6 DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurluq nəticəsində onlara ümumilikdə 920 manat maddi ziyan dəymişdir. Oğurluq barədə şikayət ərizəsini Səidə Dadaşova versə də özü də ərizə ilə müraciət edərək, iş üzrə onun zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı müstəntiq Nizami Məhərrəmova vermiş olduğu 15 avqust 2024-cü il tarixli ərizəsində ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı cinayət üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 13 aprel 2024-cü il tarixdə təxminən saat 18 radələrində əmisi oğlu Bəkirin toy məclisi olduğu üçün ailə üzvləri ilə birlikdə Binə qəsəbəsində yerləşən “Ülvi” şadlıq sarayına getmişlər. Gecə saat 22 radələrində evə qayıdan zaman yaşadıqları evin giriş qapısının və pəncərəsinin açıq olduğunu görmüşlər. Bundan sonra onlar dərhal evə daxil olmuşlar və evdə əşyaların səliqəli şəkildə olduğunu görmüşlər. Sonra qonaq otağında stolun üstündə “Tooşbe” markalı təxminən 500 manat dəyərində olan qızıl kişi saatı və həmin yerdə stolun üstündə olan ona məxsus bir ədəd sadə qaşlı 10 manat dəyərində bijuteria üzüyün və ona məxsus arxa və ön hissəsi mavi rəngdə, təxminən 150 manat dəyərində olan “Samsung” markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Bundan başqa yaşadığı evin digər otağında şkafın alt siyirtməsində saxladığı 120 manat pulunun da oğurlandığını görmüşdür. Həyətə düşdükdə isə evin qarşısında olan bir ədəd 5 litrlik təxminən 40 manat dəyərində olan od samovarının da oğurlanmasını aşkar etmişdir. Uşaqlarının məktəb və gündəlik qayğıları ilə bağlı oğurluq barədə vaxtında hüquq mühafizə orqanlarına məlumat verə bilməmişdir. 05 may 2024-cü il tarixdə yaşadığı qəsəbədə qonşulardan eşitmişdir ki, Məhəmməd adlı qonşusu bir neçə evə daxil olaraq oğurluq etmişdir. O da Məhəmməddən şübhələndiyi üçün qəsəbədə yerləşən 30-cu polis şöbəsinə getmiş və qonşusu Məhəmmədin polis şöbəsində olduğunu görmüşdür. Polis şöbəsində ərizə ilə müraciət etdikdən sonra yaşadığı evdən oğurlanan əşyaların Məhəmməd tərəfindən oğurlandığını öyrənmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 820 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı müstəntiq Nizami Məhərrəmova vermiş olduğu 15 avqust 2024-cü il tarixli ərizəsində ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı cinayət üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük savxozunda yerləşən nömrəsiz fərdi evində yaşayır. 05 may 2024-cü il tarixdə saat təqribən 14 radələrində yaşadığı evdə olarkən idarə etdiyi avtomobilin kreditini ödəmək üçün anasından pul istəmişdir. Anası evin yataq otağında şkafın yuxarı siyirtməsində paltarların altına qoyduğu 420 manat pulu götürüb ona vermək istəyən zaman pulun şkafda olmadığını görmüş və dərhal onu səsləyərək yanına çağırmişdır. Dərhal anasınının olduğu yataq otağına getmiş və şkafın içərisində olan əşyaların dağılmış vəziyyətdə olduğunu aşkar etmişdir. Təxminən 1 saat vaxt keçdikdən sonra anası həmin şkafın alt siyirtməsində balaca üzük qutusunun içərisində saxladığı bir ədəd 500 manat dəyərində brilliant qaşlı qızıl üzüyün də orada olmadığını aşkar etmişdir. Atası Qədir demişdir ki, günorta saatlarında qonşuluqda yaşayan MƏhəmməd adlı oğlanı evə çağırıb mobil telefonuna oyun yükləməsini sahiş etmişdir, bu müddətdə Məhəmməd nəzarətsiz qalmışdır, buna görə də oğurluğun Məhəmməd tərəfindən edilməsindən şübhələnmişlər. Atası Qədir ilə birlikdə Məhəmmədin yaşadığı evə gedib, evlərindən oğurluq edib-etmədiyini soruşmuşlar, Məhəmməd isə etiraf etməyərək heç bir oğurluq etmədiyini bildirmişdir. Bundan sonra atası Qədir DİN-nin 102 qaynar xəttinə zəng edərək yaşadığı evdən 420 manat pulun və bir ədəd brilliant qaşlı qızıl üzüyün oğurlanması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı müstəntiq Nizami Məhərrəmova vermiş olduğu 28 iyun 2024-cü il tarixli ərizəsində ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən bir il müddətdir ki, o, şəhərin 28 May metrostansiyasının yaxınlığında yerləşən gümüş-zinət əşyalarının alışı və satışı mağazasında icarəyə yer götürüb gümüş alış və satışı ilə məşğul olur. Belə ki, 2024-cü il may ayının əvvəllərində günorta saatlarında işdə olduğu zaman bir nəfər qadın mağazaya daxil olub bir ədəd ağ rəngli sadə qaşlı üzüyü təqdim edərək özünə məxsus gümüş üzük olmasını və 50 manata satmaq istədiyini bildirmişdir. Qadın özü gümüş mağazasına gəlib təqdim etdiyi üzüyün də gümüş olmasını dediyinə və həqiqətən də üzüyün ağ rəngdə olub, gümüşdən seçilmədiyinə görə o da həmin üzüyü elə gümüş kimi qəbul etmişdir. Üzüyü əlinə alıb gümüş olub-olmadığını yoxlayarkən içərisində 750 rəqəminin yazıldığını görmüş, lakin elə başa düşmüşdür ki, bu gümüş üzərində lazer üsulu ilə yazılmış bəzək mənası daşıyan saxta əyyar göstəricisidir. Çünki, adətən gümüş zinət əşyalarının üzərində bu cür saxta bəzək əyyarları olur. O həmin üzüyə görə qadına əvvəlcə 40 manat pul təklif etmiş, lakin qadın israr edərək üzüyə görə 50 manat istədiyini və uşağının bağça pulunu verə bilmədiyini dediyinə görə qadının istəyini yerə salmamış və üzüyə görə 50 manat pul vermişdir. Qadından üzüyü şəxsiyyət vəsiqəsi ilə almışdır. Şəxsiyyət vəsiqəsinin surətini çıxardarkən qadının adının Şəbnəm olmasını bilmişdir. O həmin üzüyü piştaxtada satışa qoymuş və satış qiymətini aldığından 5 manat baha yəni 55 manata dəyərləndirmişdir. Bundan sonra 6 may 2024-cü il tarixdə polis əməkdaşları həmin Şəbnəm adlı qadınla birlikdə onun işlədiyi mağazaya daxil olmuşlar və Şəbnəm adlı qadının ona üzük satıb-satmadığını soruşmuşlar. O da öz növbəsində Şəbnəm adlı qadından gümüş üzük aldığını bildirmiş və piştaxtada olan həmin üzüyü polis əməkdaşlarına təqdim etmişdir. Polislər bildirmişlər ki, həmin üzük sübüt qismində götürülməlidi, o isə buna heç bir etiraz etməmiş və polis əməkdaşları protokol tərtib edərək gümüş üzüyü ondan götürmüşlər. Araşdırma zamanı oğurluq hadisəsinin baş verdiyi zərərçəkmiş şəxslərə məxsus fərdi yaşayış evlərinə baxış keçirilmiş, hadisə yerlərinin fotoşəkilləri çəkilmiş və bu barədə müvafiq protokollar tərtib olunaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əri Babəkin vasitəsi ilə tanımışdır, həmçinin Məhəmməd onunla qonşuluqda yaşayır və ailəvi gediş- gəlişləri var. Belə ki, təxminən aprel ayının sonlarında Məhəmməd onların yaşadığı evə gələrək bir ədəd üzük tapdığını demiş və üzüyün qızıl olub- olmadığını soruşmuşdur. O, üzüyü Məhəmməddən alıb baxdıqdan sonra üzüyü Məhəmmədə qaytarıb qızıl olmadığını demişdir. Səhəri gün Məhəmməd yenidən onların evinə gəlmiş və üzüyü yoxlatdırdığını, qızıl olmadığını demişdir. Sonra əlindəki üzüyü azyaşlı qızına oynatması üçün vermişdir. Aprel ayının sonlarında Məhəmməd onun yaşadığı evə gələrək, xalası qızına məxsus bir ədəd gümüş üzüyü satdığını və ondan alıb-almaması barədə soruşmuşdur. O, Məhəmməddən üzüyün qiymətini soruşmuş, Məhəmməd üzüyün qiymətini bilmədiyini demişdir. Məhəmmədin əlindəki üzüyü alıb baxdıqdan sonra baxması üçün xalasına aparıb göstərəcəyini, xalasının barmağına olduğu halda 20 manat pul verəcəyini, lakin halhazırda üstündə olan 5 manat pulu verəcəyini, 15 gündən sonra isə qalan 15 manat pulu verəcəyini demişdir. Məhəmməd onun sözünə etiraz etməmiş və üzüyü ona vermişdir. Həmin gün “e” manat pul köçürmə vasitəsi ilə Məhəmmədin kart hesabına 5 manat pul ödəmişdir. Bir həftə vaxt keçdikdən rəfiqəsi Rəqsanə ilə birlikdə şəhərdə olduqları zaman “28 mail” ticarət mərkəzinin yaxınlığında yerləşən gümüş alış-satışı mağazalarından birinə girib əlində olan üzüyü göstərib gümüş olduğunu deyərək satıcıdan üzüyün qiymətləndirməsini xahiş etmişdir. Mağazada olan satıcı oğlan üzüyə baxdıqdan sonra qədimi gümüş olduğunu demiş və üzüyü 40 manata qiymətlndirmişdir. Lakin uşağının baxçasına pul verməli olduğunu demiş və bu səbəbdən üzüyə görə ona 50 manat verməsini xahiş etmişdir. Satıcı oğlan onun şəxsiyyət vəsiqənin surətini çəxarmaq üçün şəxsiyyət vəsiqəsinin surətini çıxardıb özündə saxladıqdan sonra gümüş üzüyə görə 50 manat pul vermişdir. May ayının 5-də evdə olduğu zaman təxminən saat 22 radələrində Məhəmməd onunla telefon əlaqəsi saxlayıb verdiyi üzüyü hara satdığını soruşmuşdur. Məhəmmədin bu sözündən şübhələndiyi üçün üzüyün oğurluq olub-olmadığını bir neçə dəfə Məhəmməddən soruşmuş, lakin Məhəmməd ona bu barədə heç bir söz deməmişdir. Səhəri günü Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları yaşadığı evə gələrək baş vermiş hadisə ilə əlaqədar polis şöbəsinə dəvət etmişlər. Bundan sonra ona məlum olmuşdur ki, Məhəmmədin ona verdiyi üzük oğurluqdur. Bundan sonra 30-cu PŞ-nin əməkdaşları ilə birlikdə üzüyü satdığı 28 may metrostansiyasının yaxınlığında yerləşən gümüşün alışı və satışı mağazasına getmişlər və orada gümüşlərin arasında satdığı üzüyü əli ilə göstərmişdir. Polis əməkdaşları tərəfindən həmin üzük protokol tərtib edilərək götürülmüşdür. Cinayət işinin 139-141-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin 166-cı vərəqində olan 14 avqust 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 17-19-cü vərəqlərində olan “baxış keçirmə haqqında” 05 may 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə qonaq getməsindən istifadə edərək evin yataq otağına gizli olaraq qanunsuz daxil olub oradakı şkafın siyirtməsindən nağd pulu və bir ədəd brilliant qaşlı qızıl üzüyü gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin 27-28-ci vərəqlərində olan “baxış keçirmə haqqında” 06 may 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 aprel 2024-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə qanunsuz daxil olaraq qonaq otağında stolun üzərində olan “Tooşbe” markalı qızıl kişi saatını, bir ədəd bijuteria üzüyü və bir ədəd olan “Samsung Galaxy” markalı A32 modelli mobil telefon cihazını, digər otaqdakı paltar şkafının siyirtməsində olan nağd pulu və evin həyətyanı sahəsində olan 5 litrlik od samovarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin 36-40-ci vərəqlərində olan “baxış keçirmə haqqında” 17 aprel 2024cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 aprel 2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin hasarından keçməklə həyətinə qanunsuz daxil olub oradan həyətyanı sahədə yerləşən yardımçı tikilidən iki ədəd 20 litrlik od samovarı, “Bosh” markalı 36-38 sm diametrli 4 predmetdən ibarət qazan dəsti və “Zenn” markalı 4 predmetdən ibarət qazan dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin 105-112-ci vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 92 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş, oğurlanmış əşyaların 2024-cü ilin aprel-may ayına olan orta bazar qiyməti 01 ədəd 5 lt-lik od samovarı 40,00 manat, 01 ədəd “Samsun Galaxy A32” markalı mobil telefon 150,00 manat, 01 ədəd bijuteriya üzük 10,00 manat, 01 ədəd 750 əyyarlı qızıl üzük 500,00 manat, 02 ədəd 20 lt-lik nerjaveka materiallı od samovarının qiyməti isə 500,00 manat olmaqla, həmin əşyaların ümumi qiyməti 1200,00 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 125-130-cu vərəqlərində olan iş üzrə təyin edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1666 nömrəli ekspert rəyində göstərilmişdir ki, məhkəmə-psixiatrik ekspertizası üzr yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası aşağıdakı qərara gəlir: X8 hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. X9 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cib olunduğu təqdirdə törətdiyi əməml barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Cinayət işinin 136-cı vərəqində olan “yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində tanımaq haqqında” 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs anası X10 istintaq tərəfindən dəvət edilərək yetkinlik yaşına çatmamış təqsirləndirilməli olan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınması qərara alınmışdır. Cinayət işinin 173-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən əldə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 124-cü vərəqində olan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı müstəntiq Nizami Məhərrəmova vermiş olduğu 28 iyun 2024-cü il tarixli ərizəsində ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Cinayət işinin 171-ci vərəqində olan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı müstəntiq Nizami Məhərrəmova vermiş olduğu 15 avqust 2024-cü il tarixli ərizəsində ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Cinayət işinin 172-ci vərəqində olan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı müstəntiq Nizami Məhərrəmova vermiş olduğu 15 avqust 2024-cü il tarixli ərizəsində ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, yuxarıda qeyd edilənlərdən başqa sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi baş vermiş, törədilmiş cinayət əməliilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab edlirlər. Azərbaycan Respublikası CPM-nin 428.2-ci maddəsinə görə cinayət prosessində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2008-ci il tarixdə anadan olmuşdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, cinayət törədərkən yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası cinayət və cinayətprosessual qanunvericiliyinin yetkinlik yaşına çatmayan şəxslər barəsində müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən törətdiyi əməldən səmimi peşman olmasını, cinayət əməlini yetkinlik yaşına çatmadan törətməsini və cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödədiyini, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 435.4.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələblərinə uyğun olmalıdır. Həmin Məcəllənin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrar törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndindən və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrubəsi haqqında” 30 iyun 2008-ci il tarixli, 6 nömrəli Qərarının 11-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməyi məhkəmələrə tövsiyə etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrıayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Bundan başqa cinayət işi üzrə maddi sübut kimi tanınmış yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış bir ədəd 750 əyarlı briliant qaşlı üzük, bir ədəd 150 manat dəyərində “Samsung Galaxy” markalı, A32 modelli mobil telefon cihazının, 10 manat dəyərində bijuteriya üzüyün, 40 manat dəyərində 5 litrlik od samovarın və 500 manat dəyərində iki ədəd 20 litrlik od samovarın zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış bir ədəd 750 əyarlı briliant qaşlı üzük, bir ədəd 150 manat dəyərində “Samsung Galaxy” markalı, A32 modelli mobil telefon cihazının, 10 manat dəyərində bijuteriya üzüyün, 40 manat dəyərində 5 litrlik od samovarın və 500 manat dəyərində iki ədəd 20 litrlik od samovarın zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar