Məhkəmə qərarları › İş №1(010)-90/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-90/2021

26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-90/2021 26.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı X8, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxx 1984-cü ildə Astara rayonu, Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olan, 03 – 05 noyabr 2020ci il tarixləri üzrə tutulmuş, barəsində Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2020-ci il tarixli qərarı ilə əvvəli 13 noyabr 2020-ci il tarixdən hesablanmaqla 03 ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həmin tarixdən etibarən həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə, xx xxxxxx 1986-cı ildə Astara rayonu, Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olan, 03 – 05 noyabr 2020ci il tarixləri üzrə tutulmuş, barəsində Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli qərarı ilə əvvəli 24 dekabr 2020-ci il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmiş və həmin tarixdən etibarən həbsdə olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1, 2.5.11 və 2.5.21-ci hissələrinin tələblərini pozmuş, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 02 noyabr 2020-ci ildə saat 23 radələrində özü üzən nəqliyyat vasitəsi sayılan 01 ədəd “Yamaha-30” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinə girərək hərəkət edib “Bakı Buxtası”na gələrək 1 (bir) ədəd uzunluğu 200 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş tordan istifadə etməklə 2 (iki) ədəd hər biri 33 (otuz üç) manat olmaqla 66 (altmış altı) manat dəyərində kütüm, 1 (bir) ədəd 11 (on bir) manat dəyərində çapaq və 90 (doxsan) ədəd hər biri 11 (on bir) manat olmaqla 990 (doqquz yüz doxsan) manat dəyərində kefal balıqlarını qanunsuz tutub balıq ehtiyatlarına ümumilikdə xeyli miqdarda, yəni 1.067 (min altmış yeddi) manat miqdarında ziyan vurmuş, 03 noyabr 2020-ci il tarixdə saat 06 radələrində X12 İdarəsinin Abşeron Xətt Polis Məntəqəsinin və həmin idarənin X6 və X1 Bölməsinin, həmçinin Dövlət Sərhəd Xidmətinin X10 SNB-nin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı onlardan 01 (bir) ədəd “Yamaha-30” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıq, 1 (bir) ədəd uzunluğu 200 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor, 2 (iki) ədəd kütüm, 1 (bir) ədəd çapaq və 90 (doğsan) ədəd kefal balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1, 2.5.11 və 2.5.21-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 13 noyabr 2020-ci il tarixdə saat 02 radələrində özü üzən nəqliyyat vasitəsi sayılan 01 ədəd “Yamaha-25” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinə gələrək 01 (bir) ədəd uzunluğu 150 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş tordan istifadə edərək hər biri 11 (on bir) manat olmaqla 98 (doxsan səkkiz) ədəd kefal balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına ümumilikdə xeyli miqdarda, yəni 1.078 (min yetmiş səkkiz) manat ziyan vurmuş və həmin tarixdə saat 07 radələrində X12 İdarəsinin Abşeron Xətt Polis Məntəqəsinin və həmin idarənin X6 və X1 Bölməsinin, həmçinin Dövlət Sərhəd Xidmətinin X10 SNB-nin əməkdaşları tərəfindən saxlanılarkən Təqsirləndirilən şəxs2 qaçmağa müvəffəq olsa da, Təqsirləndirilən şəxs1 01 (bir) ədəd “Yamaha-25” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıq, 01 (bir) ədəd uzunluğu 150 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor və 98 (doxsan səkkiz) ədəd kefal balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1, 2.5.11 və 2.5.21-ci hissəsinin tələblərini pozmuş, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 02 noyabr 2020-ci il tarixdə saat 23 radələrində özü üzən nəqliyyat vasitəsi sayılan 01 ədəd “Yamaha-30” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinə girərək hərəkət edib “Bakı Buxtası”na gələrək 1 (bir) ədəd uzunluğu 200 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş tordan istifadə etməklə 2 (iki) ədəd hər biri 33 (otuz üç) manat olmaqla 66 (altmış altı) manat dəyərində kütüm, 1 (bir) ədəd 11 (on bir) manat dəyərində çapaq və 90 (doxsan) ədəd hər biri 11 (on bir) manat olmaqla 990 (doqquz yüz doxsan) manat dəyərində kefal balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına ümumilikdə xeyli miqdarda, yəni 1.067 (min altmış yeddi) manat ziyan vurmuş və 03 noyabr 2020-ci il tarixdə saat 06 radələrində X12 İdarəsinin Abşeron Xətt Polis Məntəqəsinin və həmin idarənin X6 və X1 Bölməsinin, həmçinin Dövlət Sərhəd Xidmətinin X10 SNB-nin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı onlardan 01 (bir) ədəd “Yamaha-30” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıq, 1 (bir) ədəd uzunluğu 200 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor, 2 (iki) ədəd kütüm, 1 (bir) ədəd çapaq və 90 (doxsan) ədəd kefal balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1, 2.5.11 və 2.5.21-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 13 noyabr 2020-ci il tarixdə saat 02 radələrində özü üzən nəqliyyat vasitəsi sayılan 01 ədəd “Yamaha-25” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinə gələrək 01 (bir) ədəd uzunluğu 150 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş tordan istifadə edərək hər biri 11 (on bir) manat olmaqla 98 (doxsan səkkiz) ədəd kefal balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına ümumilikdə xeyli miqdarda, yəni 1.078 (min yetmiş səkkiz) manat ziyan vurmuş və həmin tarixdə saat 07 radələrində X12 İdarəsinin Abşeron Xətt Polis Məntəqəsinin və həmin idarənin X6 və X1 Bölməsinin, həmçinin Dövlət Sərhəd Xidmətinin X10 SNB-nin əməkdaşları tərəfindən saxlanılarkən Təqsirləndirilən şəxs2 qaçmağa müvəffəq olsa da, Təqsirləndirilən şəxs1 01 (bir) ədəd “Yamaha-25” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıq, 01 (bir) ədəd uzunluğu 150 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor və 98 (doxsan səkkiz) ədəd kefal balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 02 noyabr 2020-ci il tarixdə, saat 23 radələrində dayısı oğlu Təqsirləndirilən şəxs2lə birlikdə Şahin adlı şəxsə məxsus 1 ədəd “Yamaha-30” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıqla Bakı şəhəri, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinə girərək hərəkət edib “Bakı Buxtası”-na getmişlər. Orada 1 ədəd uzunluğu 200 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş toru qurub 1 ədəd “Yamaha-30” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıqla həmin torun ətrafında 6-7 dəqiqə hərəkət edib balıqları tor istiqamətində qovub tora salır, sonra toru sudan çıxarıb qayıqda balıqlardan təmizləyərək balıqları qayığa yığıb yenidən toru suda qururdular. Bu qayda ilə 03 noyabr 2020-ci il tarixə, saat 05 radələrinə kimi “Bakı Buxtası”nda balıq tutub saat 06 radələrində Bakı şəhəri, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə çıxarkən X12 İdarəsinin və Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin əməkdaşları onları saxladılar. Sorğu zamanı polis əməkdaşlarına bildirdilər ki, Bakı şəhəri, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmaq üçün rəsmi icazələri, yəni balıqovlama biletləri yoxdur. Sonra onları X12 İdarəsinə apardılar. İdarənin həyətində dəvət olunmuş hal-şahidlərinin iştirakları ilə onlara məxsus balıqovlama vasitələrinə və Xəzər dənizindən tutduqları balıqlara baxış keçirildi. Baxış zamanı 1 ədəd “Yamaha-30” asma mühərriklə təchiz edilmiş taxta qayıq, 1 ədəd uzunluğu 200 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor və həmin balıqovlama vasitələri ilə Bakı şəhəri, “Bakı Buxtası” adlandırılan yerə aid Xəzər dənizindən tutduqları 2 ədəd kütüm, 1 ədəd çapaq və 90 ədəd kefal balıqları götürüldü. Polis əməkdaşları bu barədə müvafiq protokol tərtib etdilər. Bundan sonra onların barəsində Nəqliyyatda Baş Polis İdarəsində cinayət işi başlandı və polis əməkdaşları onları tutdular. 05 noyabr 2020-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə onlar həbsdən azad edilmişlər. Lakin maddi imkanları olmadığına görə məcburiyyət qarşısında qalıb pul əldə etmək üçün yenidən balıq tutmaq qərarına gəlmişlər. Belə ki, 13 noyabr 2020-ci il tarixdə, saat 02 radələrində dayısı oğlu Təqsirləndirilən şəxs2lə birlikdə Xəlil adlı şəxsə məxsus 1 ədəd «Yamaha-25» markalı asma mühərrikdən təchiz edilmiş taxta qayıqdan istifadə etməklə Bakı şəhəri, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinə girdikdən sonra sahildən aralanıb qayıqdakı 1 ədəd uzunluğu 150 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş toru suda qurduqdan sonra qayığı torun ətrafında hərəkət etdirib balıqları tor istiqamətində qovmağa başladılar. Balıqları tora saldıqdan sonra toru sudan çıxarıb balıqlardan təmizləyib yenidən toru suda qurub eyni üsulla saat 05 radələrinə kimi balıq tutmağa davam etdilər. Saat 07 radələrində torları sudan çıxarıb Bakı şəhəri, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə çıxdılar. Qayıqda olan torları və balıqları səliqəyə salarkən X12 İdarəsinin və Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin əməkdaşlarının onlara yaxınlaşdıqlarını gördülər. Həmin vaxt dayısı oğlu Təqsirləndirilən şəxs2 qaçmağa nail olsa da, polis əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşlarına bildirdi ki, Bakı şəhəri, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmaq üçün rəsmi icazəsi, yəni balıqovlama biletləri yoxdur. Sonra polis əməkdaşları onu X12 İdarəsinə apardılar. İdarənin həyətində dəvət olunmuş hal-şahidlərinin iştirakı ilə onlara məxsus balıqovlama vasitələrinə və Xəzər dənizindən tutduqları balıqlara baxış keçirdilər. Baxış zamanı 1 ədəd «Yamaha-25» asma mühərriklə təchiz edilmiş taxta qayıq, 1 ədəd uzunluğu 150 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor və həmin balıqovlama vasitələri ilə Bakı şəhəri, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən tutduqları 98 ədəd kefal balıqları götürdülər və baş vermiş hadisə ilə əlaqədar müvafiq protokol tərtib etdilər. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək Təqsirləndirilən şəxs1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Əməlindən peşmandır. İş üzrə ibtidai araşdırma dövründə mülki iddiaçının nümayəndəsi qismində cəlb edilmiş Nümayəndə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, gəlməmiş və bunu səbəbləri barədə məlumat verməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 03 noyabr 2020-ci il tarixdə X12 İdarəsinin Abşeron Xətt Polis Məntəqəsinin və həmin idarənin X6 və X1 Bölməsinin, həmçinin Dövlət Sərhəd Xidmətinin X10 sahil nəzarət bölməsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 06 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmaqla məşğul olan Astara rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəflərindən saxlanılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirdilər ki, balıq tutmaq üçün onların rəsmi icazəsi yoxdur. Bundan sonra onlar X12 İdarəsinə aparılmış və orada dəvət olunmuş hal-şahidlərinin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 01 ədəd “Yamaha-30” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıq, 1 ədəd uzunluğu 200 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor, 2 ədəd kütüm, 1 ədəd çapaq və 90 ədəd kefal balıqları aşkar edilərək götürüldü. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirdilər ki, 2 ədəd kütüm, 1 ədəd çapaq və 90 ədəd kefal balıqlarını Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən tutublar. Həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmağa onların rəsmi icazələri yoxdur və heç vaxt olmayıb. Baxışın keçirilməsi ilə əlaqədar müvafıq protokol tərtib edildi və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalandı. Bundan başqa 13 noyabr 2020-ci il tarixdə saat 03 radələrində Dənizkənarı Milli Parkında olan “saat qülləsi” istiqamətində Xəzər dənizində 01 ədəd içində iki nəfər naməlum şəxslərin olduğu qayığın komendant saatının tələblərini pozması və həmin qayığın Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində getməsi barədə X12 İdarəsinin növbətçi hissəsinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında X12 İdarəsinin Abşeron Xətt Polis Məntəqəsinin və həmin idarənin X6 və X1 Bölməsinin, həmçinin Dövlət Sərhəd Xidmətinin X10 SNB-nin əməkdaşları ilə birlikdə həmin qayığın ola biləcəyi yerlər, o cümlədən Hövsan qəsəbəsi istiqamətində 41, 42, 43 saylı yanalma körpüsü tərəflərindən nəzarətə götürüldü. Həmin gün saat 07:10 radələrində 42 saylı yanalma körpüsünə göyərtəsində iki nəfər şəxslər olan 01 ədəd qayığın sahilə yaxınlaşdığını müşahidə etdilər. Dərhal əməkdaşlarla birlikdə onlara yaxınlaşdılar, onlardan biri Təqsirləndirilən şəxs2 onları görən kimi qaçaraq uzaqlaşdı, lakin, qayıqda olan digər şəxs Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanıldı. Ətrafda axtarış aparılsa da Təqsirləndirilən şəxs2 tapmaq mümkün olmadı. Baxış keçirilməsi üçün hal-şahidləri dəvət olundu və hal-şahidlərinin iştirakı ilə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs1 01 ədəd “Yamaha-25” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıq, 01 ədəd uzunluğu 150 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor və 98 ədəd kefal balıqları aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə 98 ədəd kefal balıqlarını tor vasitəsi ilə rəsmi icazəsi olmadan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən tutub. Bundan sonra keçirilmiş tədbirin nəticəsi sənədləşdirildi və iştirakçılar tərəfindən təsdiq üçün imzalandı. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 Yadigar oğlu bildirmişdir ki, 03 noyabr 2020-ci il tarixdə X12 İdarəsinin Abşeron Xətt Polis Məntəqəsinin və həmin idarənin X6 və X1 Bölməsinin, həmçinin Dövlət Sərhəd Xidmətinin X10 sahil nəzarət bölməsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 06 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmaqla məşğul olan Astara rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəflərindən saxlanıldılar. Balıq tutmaq üçün onların rəsmi icazəsi yox idi. Bundan sonra onları X12 İdarəsinə apardılar və orada dəvət olunmuş hal-şahidlərinin iştirakları ilə baxış keçirdilər və baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 01 ədəd “Yamaha-30” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıq, 1 ədəd uzunluğu 200 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor, 2 ədəd kütüm, 1 ədəd çapaq və 90 ədəd kefal balıqları aşkar edilərək götürüldü. Baxışın keçirilməsi ilə əlaqədar müvafıq protokol tərtib edildi və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalandı. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, 03 noyabr 2020-ci il tarixdə X12 İdarəsinin Abşeron Xətt Polis Məntəqəsinin və həmin idarənin X6 və X1 Bölməsinin, həmçinin Dövlət Sərhəd Xidmətinin X10 sahil nəzarət bölməsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 06 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmaqla məşğul olan Astara rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəflərindən saxlanıldılar. Balıq tutmaq üçün onların rəsmi icazəsi yox idi. Bundan sonra onları X12 İdarəsinə apardılar və orada dəvət olunmuş hal-şahidlərinin iştirakları ilə baxış keçirdilər və baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 01 ədəd “Yamaha-30” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıq, 1 ədəd uzunluğu 200 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor, 2 ədəd kütüm, 1 ədəd çapaq və 90 ədəd kefal balıqları aşkar edilərək götürüldü. Baxışın keçirilməsi ilə əlaqədar müvafıq protokol tərtib edildi və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalandı. Bundan başqa 13 noyabr 2020-ci il tarixdə saat 03 radələrində Dənizkənarı Milli Parkında olan “saat qülləsi” istiqamətində Xəzər dənizində 01 ədəd içində iki nəfər naməlum şəxslərin olduğu qayığın komendant saatının tələblərini pozması və həmin qayığın Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində getməsi barədə X12 İdarəsinin növbətçi hissəsinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında X12 İdarəsinin Abşeron Xətt Polis Məntəqəsinin və həmin idarənin X6 və X1 Bölməsinin, həmçinin Dövlət Sərhəd Xidmətinin X10 SNB-nin əməkdaşları ilə birlikdə həmin qayığın ola biləcəyi yerlər, o cümlədən Hövsan qəsəbəsi istiqamətində 41, 42, 43 saylı yanalma körpüsü tərəflərindən nəzarətə götürüldü. Həmin günü saat 07:10 radələrində 42 saylı yanalma körpüsünə göyərtəsində iki nəfər şəxslər olan 01 ədəd qayığın sahilə yaxınlaşdığını müşahidə etdilər. Dərhal əməkdaşlarla birlikdə onlara yaxınlaşdılar, onlardan biri Təqsirləndirilən şəxs2 onları görən kimi qaçaraq uzaqlaşdı, lakin, qayıqda olan digər şəxs Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanıldı. Ətrafda axtarış aparılsa da Təqsirləndirilən şəxs2 tapmaq mümkün olmadı. Baxış keçirilməsi üçün hal-şahidləri dəvət olundu və hal-şahidlərinin iştirakı ilə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs1 01 ədəd “Yamaha-25” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıq, 01 ədəd uzunluğu 150 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor və 98 ədəd kefal balıqları aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə 98 ədəd kefal balıqlarını tor vasitəsi ilə rəsmi icazəsi olmadan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən tutub. Bundan sonra keçirilmiş tədbirin nəticəsi sənədləşdirildi və iştirakçılar tərəfindən təsdiq üçün imzalandı. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid15 bildirmişdir ki, balıqçılıqla məşğul olur, rəsmi icazə ilə, yəni balıqovlama bileti əsasında Bakı şəhəri, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmuşdur. 2020-ci ilin mart və aprel aylarında, yəni mövsümü vaxtda pandemiya olduğuna görə balıqovlama bileti ala bilmədi və o vaxtdan işini dayandırmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. 2017 və 2018-ci illərdə onun yanında işçi kimi işləyiblər. Həmin ərəfələrdə aldığı balıqovlama biletində onlarında adları qeyd olunmuşdur. Sonra onlar bir il ondan uzaqlaşalar da, 2020-ci ilin oktyabr ayında yenə onun yanına işləməyə gəldilər. Vüsalla Natiq ona təklif etdilər ki, ona məxsus qayıq və tordan istifadə edərək balıq tutsunlar və tutduqları balıqlar iki yerə bölsünlər. Yəni əldə olunan balıqların bir hissəsi ona, digər hissəsi isə onların ikisinə düşməli idi. Balıqovlama biletinin olmadığını bilə-bilə onlara işləməyə razılıq verdi. Ancaq balıqovlama bileti olmasa da, sərhədçidən dənizə çıxmaq üçün icazəsi olub. X11 qayığı ilə dənizə çıxmağa icazələri olub. Məqsədi ondan ibarət olub ki, əldə olunan balıqları satıb pul əldə etsinlər. 2020-ci ilin oktyabr ayının axırlarında səhər radələrində Natiqlə Vüsal ona məxsus olan 01 ədəd “Yamaha-30” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıq və qayıqda olan qırmağı onun razılığı əsasında götürüb Bakı şəhəri, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinə balıq tutmağa çıxıblar. Lakin, həmin vaxt Natiqlə Vüsal balıq tuta bilməyiblər. Natiqlə Vüsal ona bildirdilər ki, növbəti dəfə balıq tutmaq üçün gecələr dənizə çıxacaqlar. Lakin, onlara dedi ki, gecələr dənizə çıxmaları məsləhət deyil, əgər çıxsalar onlara problem ola bilər. Ancaq ümumilikdə qayığı ilə dənizə çıxmağa onlara icazə vermişdir. Sonradan xəbər tutdu ki, Natiqlə Vüsal 03 noyabr 2020-ci il tarixdə gecə radələrində qayığı ilə balıq tutmaq üçün Xəzər dənizinə çıxıblar və həmin günün səhəri saxlanılıblar. Natiqlə Vüsala qayığını istifadə etmələri üçün vermişdir. Bunun qarşılığında ona verəcək pulları olmadığına görə əvəzini balıqla ödəməliydilər. 1 ədəd «Yamaha-25»” markalı asma mühərrik ona məxsus deyil. Ümumiyyətlə həmin mühərrikin kimə məxsus olmasını bilmir. Qayığının uzunluğu 5.4 metr, eni 1.7 metrdir, yaşıl rənglə boyanmış və üzərində 01 ədəd “Yamaha-30” markalı asma mühərrik vardır. Qayığın bort nömrəsi AMA 5248-dir. Qeyd etdiyi bort nömrə AA № 01348 saylı Gəmi Biletində qeyd olunub. Qayığın üzərində olan ”Yamaha-30”mühərrikinin nömrəsi AA № 09626 saylı “Texniki Talon”-da qeyd edilib. Belə ki, həmin talonda ”Yamaha-30” mühərriki kvt, ******* nömrədə qeyd edilmişdir. Həmin nömrə mühərrikin üzərində vardır. Qayığın üzərində olan nömrələr, əlavə boya çəkilərək oxunmaz vəziyyətə salınmışdı. Sonradan bildi ki, Natiqlə Vüsal 03 noyabr 2020-ci il tarixdə gecə qayıqla dənizə çıxdıqlarına görə onlar qayığın üzərində olan bort nömrəsini əlavə boya çəkməklə oxunmaz hala salıblar ki, nömrə bilinməsin, yəni tutulmamaları üçün bunu ediblər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid14 bildirmişdir ki, təxminən bir il qabaq 01 ədəd “Yamaha-25” qayıq mühərriki almışdır ki, nə vaxtsa istifadə edər. Həmin mühərriki aldıqdan sonra istifadə etmirdi. Mühərrik uzun müddət istifadə olunmadığına görə yararsız vəziyyətə düşür. Buna görə də, mühərrikinin yararsız vəziyyətə düşməməsi üçün tanışları olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 demişdir ki, lazım olanda istifadə etsinlər. Sonradan eşitdi ki, Natiqlə Vüsal ona məxsus 01 ədəd “Yamaha-25” qayıq mühərrikindən istifadə ediblər. Belə ki, 13 noyabr 2020-ci il tarixdə səhər saatlarında Natiqlə Vüsal ona məxsus olan 01 ədəd “Yamaha-25” qayıq mühərriki istifadə etmək üçün başqa bir qayığa qoyub Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinə balıq tutmağa gedərkən polis əməkdaşları tərəfindən saxlanılıblar. Əvvəllər həvəskar kimi balıq tutmuşdur. Hazırda balıq tutmaqla məşğul olmur və heç bir balıqovlama vasitəsi yoxdur. Natiqlə Vüsal kasıb olduqlarına görə özünə məxsus «Yamaha-25» markalı mühərrikini vermişdir ki, istifadə edib dolansınlar. Natiqlə Vüsala heç bir şərt qoymamış, nə də pul istəmirdi. Mühərrikim qaldıqca xarab olmasın deyə mühərrikini onlara icazə vermişdir ki, istifadə etsinlər. 01 ədəd «Yamaha-25» markalı mühərrik ona məxsusdur. Ancaq qayıq onun deyil və kimə məxsus olduğunu bilmir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 03 noyabr 2020-ci il tarixdə X12 İdarəsinin Abşeron Xətt Polis Məntəqəsinin və həmin idarənin X6 və X1 Bölməsinin, həmçinin Dövlət Sərhəd Xidmətinin X10 sahil nəzarət bölməsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 06 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmaqla məşğul olan Astara rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəflərindən saxlanıldı. Sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirdilər ki, balıq tutmaq üçün onların rəsmi icazəsi yoxdur. Bundan sonra onlar X12 İdarəsinə aparıldı və orada dəvət olunmuş hal-şahidlərinin iştirakları ilə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 01 ədəd “Yamaha-30” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıq, 1 ədəd uzunluğu 200 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor, 2 ədəd kütüm, 1 ədəd çapaq və 90 ədəd kefal balıqları aşkar edilərək götürüldü. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirdilər ki, 2 ədəd kütüm, 1 ədəd çapaq və 90 ədəd kefal balıqlarını Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən tutdular. Həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmağa onların rəsmi icazələri yoxdur və heç vaxt olmayıb. Baxışın keçirilməsi ilə əlaqədar müvafiq protokol tərtib edildi və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalandı. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, 03 noyabr 2020-ci il tarixdə ona Astara rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz balıq ovu ilə bağlı məlumat daxil olduğundan həmin tarixdə saat 06 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilində postlar qurdular. Həmin ərazidə balıq tutmaqla məşğul olan Astara rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sahilə yaxınlaşdılar və tərəflərindən saxlanıldılar. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, balıq tutmaq üçün onun rəsmi icazəsi yoxdur. Bundan sonra o, X12 İdarəsinə aparıldı və orada dəvət olunmuş hal-şahidlərinin iştirakları ilə baxış keçirildi və baxış zamanı Təqsirləndirilən şəxs1 01 ədəd “Yamaha-30” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıq, 1 ədəd uzunluğu 200 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor, 2 ədəd kütüm, 1 ədəd çapaq və 90 ədəd kefal balıqları aşkar edilərək götürüldü. Təqsirləndirilən şəxs1 bildirdi ki, 2 ədəd kütüm, 1 ədəd çapaq və 90 ədəd kefal balıqlarını Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən tutub. Həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmağa onun rəsmi icazəsi yoxdur və heç vaxt olmayıb. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid10 bildirmişdir ki, 13 noyabr 2020-ci il tarixdə Hövsan qəsəbəsində idi. X12 İdarəsinin əməkdaşları onu halşahidi qismində iştirak etməyə dəvət etdilər. Həmin gün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs1 01 ədəd “Yamaha-25” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıq, 01 ədəd uzunluğu 150 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor və 98 ədəd kefal balıqları aşkar edilərək götürüldü. Onun iştirakı ilə Təqsirləndirilən şəxs1 götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilərək müvafiq protokol tərtib edildi. Onun yanında aparılmış sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə 98 ədəd kefal balıqlarını tor vasitəsi ilə rəsmi icazəsi olmadan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən tutmuşdur. Polis əməkdaşları tərəfindən bu barədə protokol tərtib edildi və Təqsirləndirilən şəxs1 istifadə etdiyi balıqovlama vasitələri və qanunsuz tutduğu balıqlar polis idarəsinin əməkdaşları tərəfindən götürüldü. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid13 bildirmişdir ki, 03 noyabr 2020-ci il tarixdə Hövsan tərəfdə tərəf gəzintiyə çıxmışdır. Polis əməkdaşları onu hal-şahidi qismində iştirak etməyə dəvət etdilər. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Xəzər dənizindən balıq tutmaqla məşğul olan Astara rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılmışdılar. Yoxlama zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 01 ədəd taxta qayıq, 1 ədəd tor, 2 ədəd kütüm, 1 ədəd çapaq və 90 ədəd kefal balıqları götürüldü. Onun iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilib protokol tərtib edildi. Təqsirləndirilən şəxslərin müvafiq cinayət əməllərini törətməsi faktı onların özlərinin səmimi etirafı, şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam olaraq təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək, onlara həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində yetkinlik yaşına çatmamış uşağının olmasını, ailəsinin maddi cəhətdən ağır vəziyyətdə yaşadığını və cinayəti ailəsinin maddi cəhətdən dolanacağını təmin etmək məqsədilə törətdiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayəti təkrar törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran başqa hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X3 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində 3 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını, ailəsinin maddi cəhətdən ağır vəziyyətdə yaşadığını və cinayəti ailəsinin maddi cəhətdən dolanacağını təmin etmək məqsədilə törətdiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayəti təkrar törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran başqa hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X3 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Bununla yanaşı, iş üzrə maddi sübut kimi tanınmış balıqların müvafiq olaraq fiziki şəxs X4 və “xxxx" MMC-nin direktoru X9 təhvil verildiyi nəzərə alınmalı; iş üzrə maddi sübut kimi tanınmış, X12 İdarəsinin Abşeron Xətt Polis Məntəqəsində saxlanılan 01 ədəd uzunluğu 5,4 metr, eni 1,7 metr olan və üzərində boya ilə rəqəmlərin silinməsi əks olunan “Yamaha-30” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıq, 01 ədəd uzunluğu 3,62 metr, eni 1,24 metr olan və üzərində hər hansı qeydlər olmayan “Yamaha-25” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıq, 01 ədəd uzunluğu 200 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan və 01 ədəd uzunluğu 150 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar dövlət nəfinə keçirilməlidir. Mülki iddiaya münasibət bildirərək, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur”, “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir” və “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir”. Azərbaycan Respublikası MPM-nin 77.1, 14.2 və 217.4-cü maddələrinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. İşin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, törədilmiş cinayət nəticəsində balıq ehtiyatlarına 1.067 manat və 1.078 manat miqdarında ziyan vurulub. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin ibtidai istintaq dövründə təqdim etdiyi 03 noyabr 2020-ci il tarixli mütəxəssis arayışından görünür ki, 1 ədəd kütüm balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 manat 10 qəpik x 30 (əmsal) = 33 manat, 2 ədəd kütüm balığına görə: 33 manat x 2 ədəd = 66,0 manat; 1 ədəd çapaq balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 manat 10 qəpik x 10 (əmsal) = 11 manat, 1 ədəd çapaq balığına görə: 11 manat x 1 ədəd = 11,0 manat; 1 ədəd kefal balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 manat 10 qəpik x 10 (əmsal) = 11 manat, 90 ədəd kefal balığına görə: 11 manat x 90 ədəd = 990,0 manat təşkil edir. Bundan başqa Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin ibtidai istintaq dövründə təqdim etdiyi 13 noyabr 2020-ci il tarixli mütəxəssis arayışından görünür ki, 1 ədəd kefal balığının qanunsuz tutulması ilə vurulan ziyan: 1 manat 10 qəpik x 10 (əmsal) = 11 manat, 98 ədəd kefal balığına görə: 11 manat x 98 ədəd = 1.078 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddələrinə əsasən "Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın", "Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür". Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddiaları təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurduqları zərərin əvəzi kimi müştərək qaydada 1.067 (min altmış yeddi) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinə, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurduqları zərərin əvəzi kimi müştərək qaydada 1.078 (min yetmiş səkkiz) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356 – 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 03 – 05 noyabr 2020-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün və 13 noyabr 2020-ci il tarixindən bu günədək həbsdə saxlanıldığı 05 (beş) ay 13 (on üç) gün (cəmi 05 (beş) ay 15 (on beş) gün) Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Astara rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X3 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 03 – 05 noyabr 2020-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün və 24 dekabr 2020-ci il tarixindən bu günədək həbsdə saxlanıldığı 04 (dörd) ay 02 (iki) gün (cəmi 04 (dörd) ay 04 (dörd) gün) Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Astara rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X3 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış balıqların müvafiq olaraq fiziki şəxs X4 və “xxxx" MMC-nin direktoru X9 təhvil verildiyi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, X12 İdarəsinin Abşeron Xətt Polis Məntəqəsində saxlanılan 01 ədəd uzunluğu 5,4 metr, eni 1,7 metr olan və üzərində boya ilə rəqəmlərin silinməsi əks olunan “Yamaha-30” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıq, 01 ədəd uzunluğu 3,62 metr, eni 1,24 metr olan və üzərində hər hansı qeydlər olmayan “Yamaha-25” markalı asma mühərriklə təchiz edilmiş taxta qayıq, 01 ədəd uzunluğu 200 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan və 01 ədəd uzunluğu 150 metr, eni 3 metr, gözlərinin ölçüləri 52x52 mm olan jilka adlandırılan sintetik sapdan toxunmuş torlar dövlət nəfinə keçirilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddiaları təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurduqları zərərin əvəzi kimi müştərək qaydada 1.067 (min altmış yeddi) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinə ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurduqları zərərin əvəzi kimi müştərək qaydada 1.078 (min yetmiş səkkiz) manat tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinə ödənilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar