Məhkəmə qərarları › İş №1(010)-91/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-91/2020

07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-91/2020 07.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1990-cı ildə X9 vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, barəsində Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə əvvəli xx xxxxxx 2019cu ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd nömrəsi silinmiş, İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli “ИЖ 58М" modelli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lülələri kustar üsulla kəsilmiş, qundağı kəsilərək dəstək formasına uyğunlaşdırılaraq ilkin təyinatı dəyişdirilmiş, sağ lüləsi atəş üçün yararlı hesab edilən hamar (yivsiz) qoşa-lüləli odlu silah hesab edilən ov tüfənginin kəsiyini və 04 ədəd zavod üsulu ilə hazırlanmış 12 kalibrli olmaqla həmin kalibrli hamar lüləli ov tüfəngindən istifadə etmək üçün yararlı döyüş sursatı hesab edilən ov patronlarını əldə edib gəzdirərək tanışı Şahid1 Heydar oğlunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 12 nömrəli evə qanunsuz daşımaqla həmin evin həyətyanı sahəsində yerləşən qarajda qanunsuz saxlamış, həmçinin bir ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını qanunsuz əldə edib üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs qanunsuz, olaraq odlu silah və döyüş sursatını əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci ildə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o həmin gün saat 11:45də Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsində yerləşən “xxxxxxxxxx" MMC-nin qarşısında saxlanılaraq adı çəkilən Baş İdarəyə dəvət edilmiş və həmin gün saat 13:20-də İdarənin inzibati binasının xidməti otağında üzərinə keçirilən baxış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən qanunsuz əldə edərək üzərində gəzdirdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilən ümumi təyinatlı həmin ov bıçağı aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 15:37-də Şahid1 Heydar oğlunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən 12 nömrəli evin həyətyanı sahəsində yerləşən qaraja keçirilən baxış zamanı qarajda olan ağ rəngli şkafın içindən Elmir Məmmədovun qanunsuz əldə edib gizlətməklə saxladığı bir ədəd 16 kalibrli, “M7K 58M” modelli, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lülələri kustar üsulla kəsilmiş, qundağı kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş, hamar (yivsiz) qoşa-lüləli odlu silah hesab edilən ov tüfənginin kəsiyi və 04 ədəd zavod üsulu ilə hazırlanmış 12 kalibrli olmaqla həmin kalibrli hamar lüləli ov tüfəngindən istifadə edilmək üçün yararlı döyüş sursatı hesab edilən ov patronları aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, tutulmazdan təxminən bir ay əvvəl istirahət məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dəniz kənarına getmiş və orada dəniz kənarında gəzdiyi vaxt bir ədəd sellofan paketin olduğunu görmüşdür. Həmin paketə yaxınlaşmış və içərisinə baxdıqda sökülmüş vəziyyətdə olan ov tüfəngini götürüb, taksi ilə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən, icarəyə götürdüyü “Baku" «rent a car»ın qarşısına gəlmiş və icarə müddəti bitdiyinə görə oradan əşyalarını götürüb, taksiyə qoyaraq uşağının kirvəsi olan Şahid1 Heydar oğlunun yaşadığı ünvan 2 saylı ünvanda yerləşən həyət evinə aparmışdır. Kənanın evinə çatanda Kənan onu qarşılamışdır. Kənana bildirmişdir ki, «rent a car»dan çıxıb və əşyalarını 3 günlük onun qarajına qoymaq istəyir. Kənan buna etiraz etməmişdir. Beləliklə o, əşyalarını və ov tüfəngini qaraja qoymuşdur. Kənan onun tüfəngi qaraja qoyduğunu görməyib. Belə ki, o, ov tüfəngini «rent a car»dan gətirdiyi şkafın içinə qoymuşdur. Bundan sonra o, Bakı şəhərində ofis açmaq istədiyindən icarəyə verilən yerlərlə maraqlanmış, lakin tapa bilməmişdir. Ona görə də əşyaları və ov tüfəngi Kənanın qarajında olan şkafda qalmışlar. xx xxxxxx 2020-ci ildə o, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsində fəaliyyət göstərən “xxxxxxxxxx" MMC-nin idman zalında idman edib çıxıb gedən zaman həyətdə saat ll:45-də mülki geyimdə olan dörd nəfər ona yaxınlaşıb, özlərini polis əməkdaşları kimi təqdim etmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilməsi üçün Baş X1 İdarəsinə aparmışlar. Polis İdarəsinə çatdıqdan sonra ona hüquqlarının müdafiəsi məqsədi ilə vəkil təqdim olunmuşdur. O, vəkilə və üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilməsinə etiraz etməmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş və baxış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bıçaq aşkar olunmuşdur. Bundan sonra onun üzərindən aşkar edilən bıçaq qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Bundan sonra polis əməkdaşları ondan əlavə silahının olub-olmaması barədə soruşduqda o, onsuz da polis əməkdaşlarının bu barədə məlumatlarının olduğunu düşündüyü üçün səmimi olaraq polis əməkdaşlarına kirvəsi Şahid1 məxsus ünvan 2 saylı ünvanda yerləşən qarajda gizlətdiyi sökülmüş silah barədə məlumat vermişdir. Şəxsi axtarış və götürmə zamanı protokol tərtib edilmiş və o, həmin protokola imza etmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə həmin gün saat 15 radələrində dediyi ünvana getmiş və orada qaraja keçirilən baxış zamanı qarajdakı şkafdan həmin silah aşkar edilərək götürülmüşdür. Götürülmüş silah qablaşdırılmış və üzərinə imzalar çəkilmişdir. Daha sonra keçirilən baxış ilə əlaqədar protokol tərtib edilmiş və iştirakçılar kimi o da protokola imza etmişdir. Əməlindən peşmandır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun yaxın dostudur, onunla kirvəlik münasibətləri və ailəvi gediş- gəlişi var. Təxminən 2 ay idi ki, Elvirlə şərikli avtomobil icarəsi ilə məşğul olurdular. Ofisləri Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşirdi. Lakin işləri yaxşı getmədiyinə görə ofisi bağlamaq qərarına gəlmişlər və xx xxxxxx 2020-ci ildə onlar ofisdəki əşyalarını, o cümlədən mebelləri çıxarıb onun yaşadığı evin həyətyanı sahəsində yerləşən qaraja yığmışlar. Həmin əşyaların bəziləri ona, bəziləri isə Elvirə məxsusdur. Elvirin öz əşyalarını yığmağa yeri olmadığına görə müvəqqəti olaraq onun qarajına qoymuş və Elvir istədiyi vaxt onun həyətinə daxil olaraq oradakı əşyalarından götürə və ya ora hansısa başqa bir əşya qoya bilərdi. xx xxxxxx 2020-ci ildə saat 15:30 radələrində evdə olarkən həyət darvazasının döyülməsini eşitmiş və darvazanı açdıqda polis əməkdaşları özlərini ona təqdim edib bildirmişlər ki, Elvir qanunsuz olaraq silah əldə edib saxlamaqda şübhəli bilinərək tutulmuşdur və bildirmişlər ki, onun qarajında saxladığı əşyaların içərisində bir ədəd tüfəng və patronlarını saxlayır. Polis əməkdaşları bununla bağlı zərurət yarandığından həyətyanı sahəsində yerləşən qaraja videoçəkiliş aparılmaqla baxış keçirilməli olduğunu bildirmişlər və o, baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə də təqdim etmişdir. Sonra onun iştirakı ilə həmin qaraja baxış keçirilmiş və baxış zamanı Elvir qarajdakı özünə məxsus şkafın içində saxladığı sellofan torbada olan bir ədəd kəsilmiş lüləni, bir ədəd kəsilmiş qundağı, çaxmaq altlığını və 4 ədəd istifadə edilməmiş 12 kalibrli patronu təqdim edərək həmin əşyaları təxminən 1 ay əvvəl Mərdəkan qəsəbəsində dəniz qırağından tapdığını, maraq üçün özündə saxladığını, təxminən 2-3 gün əvvəl gətirib həyətindəki qarajda özünə məxsus şkafın içərisinə qoyduğunu, həmin silahdan heç vaxt istifadə etmədiyini bildirmişdir. Bundan sonra həmin əşyalar polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 X4 Qarşı Mübarizə Şöbəsinin əməliyyat müvəkkilli işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməsi və saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün rəhbərliyə raportla məruzə edilib əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik ona tapşırılmış və əməliyyat qrupunun üzvləri DİN-in Baş X1 X4 Qarşı Mübarizə Şöbəsinin əməliyyat müvəkkilli, polis leytenantı Şahid5, X1 X4 Qarşı Mübarizə Şöbəsinin əməliyyat müvəkkilli, polis mayoru Şahid3, X1 X4 Qarşı Mübarizə Şöbəsinin əməliyyat müvəkkilli, polis baş leytenantı Şahid4 təyin edilmişdir. xx xxxxxx 2020-ci ildə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 11:45-də Bakı şəhəri, Suraxanı rayonu, İlqar Məmmədov küçəsində yerləşən «xxxxxxxxxx» MMC-nin qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi görüb, həmin şəxsə yaxınlaşaraq, xidməti vəsiqələrini göstərərək özlərini təqdim edərək həmin şəxsin şəxsiyyəti barədə sorğu etmiş və Elvir, özünü təqdim edərək adının Elvir, soyadının Məmmədov, atasının adının isə Həsrət olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməsi və saxlamasında şübhəli olduğu üçün DİN-nin Baş X1 İdarəsinə gətirilmiş, DİN-in Baş X1 İdarəsinin İstintaq və X3 Bölməsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X8 təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində odlu silahın, döyüş sursatının, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx xxxxxx 2020-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparmaqdan qabaq Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silahın, döyüş sursatının, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bıçağı, şalvarın sol yan cibindən üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri olan bir ədəd “Samsung A40‘‘ markalı mobil telefonu, şalvarının sağ arxa cibindən 2 ədəd 1 manatlıq pul əsginaslarından ibarət cəmi 2 manat pulu və əynindəki qış gödəkcəsinin içəri döş cibindən özünə məxsus ******** nömrəli şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Təqdim edilmiş bıçağa baxış zamanı ümumi uzunluğu 30 santimetr, tiyəsinin uzunluğu isə 15 santimetr olan, bir tərəfi kəsici, ucu iti formalı, tiyəsinin üzərində “Tİ-LİTE Vİ/COLD STELL”, “AUS BATAWAN" sözləri həkk olunmuş qatlanıb-açılan, düyməli bıçaq olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bıçağı 2015-ci ildə X11 şəhərindən Azərbaycan Respublikasına gələrkən özü ilə gətirdiyini və saxladığını, lakin heç bir formada istifadə etmədiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tanışı Şahid1 evinin həyətyanı sahəsində yerləşən qarajda tüfəng və patronlarını saxladığını, həmin silahı təxminən bir il əvvəl Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dəniz kənarında sellofan torbada sökülü vəziyyətdə tapdığını, maraq üçün götürüb özünə saxladığını, xx xxxxxx 2020-ci il tarixdə Şahid1 həyətindəki qarajda özünə məxsus şkafda qoyub saxladığını və təqdim edə biləcəyini, həmçinin Kənanın və ailə üzvlərinin bu barədə məlumatları olmadıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bıçaq bir ədəd kağız zərfə qablaşdırılıb “Daxili İşlər Nazirliyinin zərflər üçün №6" möhürü ilə möhürlənmiş, şəxsiyyət vəsiqəsi və mobil telefonu ilə birlikdə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, 2 manat pulu isə özünə qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı “İphone X” markalı mobil telefonun videokamera funksiyasından istifadə edilməklə çəkiliş aparılmış və şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiqlənmişdir. xx xxxxxx 2020-ci il tarixdə DİN-in Baş X1 X4 Qarşı Mübarizə Şöbəsinin əməliyyat müvəkkilli, polis leytenantı Şahid5, X1 X4 Qarşı Mübarizə Şöbəsinin əməliyyat müvəkkilli, polis mayoru Şahid3, X1 X4 Qarşı Mübarizə Şöbəsinin əməliyyat müvəkkilli, polis baş leytenantı Şahid4 iştirakı ilə Şahid1 məxsus, ünvan 3 saylı ünvanda yerləşən fərdi yaşayış sahəsinə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs şkafda saxladığı bir ədəd qundağı və lüləsi kəsilmiş formada olan qoşalülə tüfəng tipli silah və 4 ədəd 12 kalibrli patron aşkar olunaraq götürülmüş və bir ədəd sellofan torbaya qoyularaq qablaşdırılmışdır. Bundan sonra baxış keçirilməsi və götürmə haqqında protokol tərtib olunaraq imzalarla təsdiqlənmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5, Şahid3 və Şahid4 Şahid2 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. xx xxxxxx 2020-ci il tarixli 2596/2597 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 16 kalibrli olmaqla, “ИЖ 58М" modelli, patronluğun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, İjevsk silah zavodunda zavod üsulu ilə istehsal edilmiş nömrəsi silinmiş hamar (yivsiz) qoşa-lüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lülələri kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, sol lüləsi atəş açmaq üçün yararsızdır, sağ lüləsi isə atəş açmaq üçün yararlıdır, odlu silah hesab edilir. Tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd zavod üsulu ilə hazırlanmış patron 12 kalibrli olub həmin kalibrə malik hamarlüləli ov tüfəngində istifadə edilmək üçün döyüş sursatı hesab edilən patronlardır, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində dəyişiklik edilməmişdir”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini etiraf etdiyini və peşiman olduğunu, ailəli olmaqla himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd silah (16 kalibrli olmaqla, “ИЖ 58М" modelli, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lülələri kustar üsulla kəsilmiş, qundağı kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş, hamar (yivsiz) qoşa-lüləli ov tüfənginin kəsiyi) məhv edilməli, 04 (dörd) ədəd zavod üsulu ilə hazırlanmış 12 kalibrli olmaqla həmin kalibrli hamarlüləli ov tüfəngində istifadə edilmək üçün yararlı döyüş sursatı hesab edilən ov patronları və bir ədəd zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunan cəzaları Azərbaycan Respublikası CM-nin 66.2cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2019-cu ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd silah (16 kalibrli olmaqla, “ИЖ 58М" modelli, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lülələri kustar üsulla kəsilmiş, qundağı kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş, hamar (yivsiz) qoşa-lüləli ov tüfənginin kəsiyi) məhv edilsin, 04 (dörd) ədəd zavod üsulu ilə hazırlanmış 12 kalibrli olmaqla həmin kalibrli hamarlüləli ov tüfəngində istifadə edilmək üçün yararlı döyüş sursatı hesab edilən ov patronları və bir ədəd zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsinlər. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar