Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-91/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2şamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açııq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq başqa şəxsdən 5 manat müqabilində, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,957 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, 19 avqust 2021-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mirqəzəb küçəsində saxlanılaraq, Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmiş və üzərinə baxış zamanı əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,957 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ilk ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 19 avqust 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mirqəzəb küçəsində olan zaman üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını, onun narkotik vasitənin əldə edilib saxlanmasında və daşınmasında şübhəli olduğu bildirib, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə getmiş, PB-də xidməti otaqların birində ona şübhəli şəxsin hüquq və vəzifələri izah edildikdən sonra video görüntü ilə üzərində axtarış aparılacağı barədə qərar elan olunmuş, üzərində hər hansı qeyri-qanuni əşya və ya predmetin olub-olmadığı soruşularaq, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Fikrət adlı şəxsdən beş manata alaraq özü istifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyi bir bükümdə olan narkotik vasitə heroini əynində olan boz rəngli şalvarının sağ yan cibindən çıxararaq polis əməkdaşlarını təqdim etmişdir. Onun təqdim etdiyi bir bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülərək, bir ədəd zərfə qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ifadəsini dəyişərək, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 19 avqust 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mirqəzəb küçəsində olan zaman üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını, onun narkotik vasitənin əldə edilib saxlanmasında və daşınmasında şübhəli olduğu bildirib, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə getmiş, PB-də xidməti otaqların birində ona şübhəli şəxsin hüquq və vəzifələri izah edildikdən sonra video görüntü ilə üzərində axtarış aparılacağı barədə qərar elan olunmuş, üzərində hər hansı qeyri-qanuni əşya və ya predmetin olub-olmadığı soruşularaq, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O, üzərində hər hansı bir qeyri-qanuni əşyanın olmadığını bildirmiş, bundan sonra polis əməkdaşları ona psixoloci təsir göstərərək, narkotik vasitənin üzərində saxlanması barədə etirafedici izahat verməsini təklif etmiş, əks təqdirdə ona daha ağır cinayət əməli ilə ittiham veriləcəyini bildirmişlər. O, da məcburiyyət qarşısında qalaraq, polis əməkdaşlarının əvvəlcədən onun cibinə qoyduğu narkotik vasitə olan heroini cibindən çıxardaraq, polis əməkdaşlarına təqdim etmişdir. O, Fikrət adlı şəxsdən hər hansı bir narkotik vasitə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantı xüsusi rütbəsini daşıyır. 19.08.2021-ci il tarixdə icraatına bölmənin təhqiqatçısı, polis baş leytenantı Azər Süleymanovun əməliyyat tapşırığı daxil olmuş, əməliyyat tapşırığında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi, ev 18-də yaşayan X5 DİN-nin 102 xidmətinə zəng vurub, onunla qonşuqda yaşayan qohumu X6 yaşadığı evə mütamadi olaraq kənar şəxslərin yığışaraq, narkotik vasitələr qəbul edib səs-küy salaraq, onu narahat etmələri göstərilmişdir. Əməliyyat tapşırığında göstərilən məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, onun rəhbərliyi ilə bölmənin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, onlar əməliyyat tədbirlərinin icrasına başlamışlar. Saat 14 radələrində Fikrət Məmmədovun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi 18 nömrəli evin qarşısında X7, X10, Təqsirləndirilən şəxs, X14, X11 və X1, özlərini təqdim edib, polis əməkdaşlı olduqlarını bildirib, onları Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs narkotik vasitə əldə edərək saxlayıb daşımaqda şübhəli olduğu bildirilmiş, şübhəli şəxsin hüquq və vəzifələri izah olunaraq, hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət olunmuş, üzərində şəxsi axtarış aparılacağı barədə xəbərdarlıq edilərək, üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir büklü çıxarıb təqdim etmiş, təqdim etdiyi kütlənin kakos kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Fikrət adlı şəxsdən beş manata alaraq, özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bükülü açılarkən, arasında narkotik vasitə olan heroinə oxşar kütlənin olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin onun üzərindən təqdim etdiyi bir bükümdən başqa heç nə aşkar edilib götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə olan narkotik vasitə heroinə oxşar kütlə bir ədəd zərfə qablaşdırılaraq götürülmüş və bu bu barədə protokol tərtib olunmuşdur. Saxlanılarkən və üzərində baxış keçirilərkən, təqsirləndirilən şəxsə münasibətdə heç bir psixi və ya fiziki təsir göstərilməmişdir. Hesab edir ki, X12 barəsində narkotik vasitələrin satışı ilə bağlı cinayət təqibi üzrə məhkəmə araşdırması aparıldığından, Təqsirləndirilən şəxs özünü və sonuncunu müdafiə etmək məqsədilə məhkəmə iclasında ifadəsini dəyişmiş, F.Məmmədovdan hər hansı bir narkotik vasitənin almadığını və üzərində hər hansı bir narkotik vasitənin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarından görünür ki, 19 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 21 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarından görünür ki, 21 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir İş materiallarından müəyyən olunur ki, Suraxanı rayon Məhkəməsinin 14.01.2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə elan olunmuşdur. İş materiallarından müəyyən olunur ki, Suraxanı rayon Məhkəməsinin 28.01.2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 3 saylı İstintaq Təcridxanasının 18.02.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10.02.2022-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, 16.02.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 avqust 2021-ci il tarixli 6/3616 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Fərzaliyev C” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,957 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji X20 X15- X9 19.11.2021-ci il tarixli 4567 nömrəli rəyindən görünür ki. X3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticəsində narkomaniya xəstələyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmədə və ibtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə istintaqı zamanı dindirilərkən, ona verilən ittiham üzrə cinayət əməlini törətmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, bunu özünün müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxs ilk ifadəsində özünü elan olunmuş ittihamda təqsirli bilmiş, ifadəsində ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişdir. Həmin ifadələr həqiqətə uyğun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onu ittihamı təsdiq edən sübut kimi qəbul edir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hal kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,907 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 19.08.2021-ci il tarixdən 21.08.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,907 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-91/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-91/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver