Məhkəmə qərarları › İş №1(010)-92/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-92/2021

08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-92/2021 08.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Əmək küçəsi, 7 nömrəli evin 7 nömrəli mənzilində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 iyul 2020-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, 54 nömrəli evin qarşısında Zərərçəkmiş şəxs ona “nəyə görə salam vermirsən, böyümüsən” deməsinə, “mən kişiyə salam verirəm, sənin salamını almıram” cavabını verməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı bir-biri ilə əlbəyaxa olub dalaşsalar da, münaqişənin bitməsinə baxmayaraq, gedib evindən mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs təqib edərək, üstünə hücum etmiş, sonuncu özünü müdafiə etmək üçün onu yerə yıxarkən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs kürək nahiyəsindən xuliqanlıq niyyəti ilə qəsdən 04 dəfə vuraraq, ona V bel fəqərəsinin yan çıxıntısının kəsilməsi ilə müşayiət olunan bel nahiyəsinin 02 ədəd, onurğanın döş nahiyəsinin 01 ədəd, sol saidin 01 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sol saidin sıyrığı xəsarətləri ilə nəticələnən dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, lakin Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 21 iyul 2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda işıqlarının kəsilməsi səbəbindən, mobil telefonunu cəryan yığmaq üçün qonşusu Fəxrinin evinə qoymuşdur. Saat 23 radələrində telefonunu qonşudan götürmək üçün onlara getmişdir. Fəxrigilin evlərinə çatmağa az qaldıqda, arxadan bir nəfərin fit çaldığını eşidib geriyə çevrilmişdir ki, fit çalanın kim olduğunu görsün. Bu zaman bacısının qaynı Vüqar ona “nəyə görə salamımı almırsan, böyümüsənmi” demişdir. Vüqara bildirmişdir ki, normal bir insandan salam alır, onun salamını qəbul etmir. Bu sözdən sonra Vüqarla aralarında mübahisə yaranmış, sonuncu onu yerə yıxmışdır. Səsə qonşuları Fəxri çölə çıxıb onları sakitləşdirmiş, eyni zamanda anası Esmira da səsə çölə çıxmışdır. Həmin vaxt Vüqar onun ünvanına nəlayiq ifadələr işlədərək onu söymüşdür. Vüqar artıq çıxıb getsə də, lakin onun söyüşləri yadına düşdüyündən əsəbləşmiş, Vüqarı cəzalandırmaq məqsədilə gedib evdən mətbəx bıçağını götürərək geri qayıtmış və Vüqarın üstünə getmişdir. Vüqarın atası və qardaşı onu saxlamaq üçün daş atsalar da, daşlar ona dəyməmişdir. Buna baxmayaraq yenə də Vüqarın üstünə gedib, onunla əlbəyaxa olmuş, həmin vaxt Vüqar onu yerə yıxmışdır. Bu zaman o, evdən götürdüyü mətbəx bıçağı ilə Vüqarın bel nahiyəsinə bir neçə zərbə vuraraq onu özündən kənara itələmişdir. Ayağa qalxdıqda kiminsə, Vüqarın belindən qan gəldiyini dediyini eşidib qorxusundan qaçıb bacısının yaşadığı evə getmişdir. Hadisə yerindən qaçarkən Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı belinə qoyduğundan yolda bıçaq bilmədiyi yerdə belindən düşüb itmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəyərək onunla barışıq əldə etdiyini, buna görə də sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 04 may 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, 21 iyul 2020-ci il tarixdə atası Elman, anası Sevda ilə birlikdə onun evinə gəlmişlər. Axşam saat 22 radələrində valideynləri yaşadıqları Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozuna gedərkən qardaşı Mahsunla birlikdə valideyinləri ilə getmişdir. Atasının evinə çatmamış, araq alıb onlarda yeyib-içmək üçün qardışı Mahsunla “Qaranın mağazası” deyilən mağazaya gedərkən, təxminən 23 radələrində yanlarından keçən, qaranlıq olduğundan üzünü görmədiyi cavan oğlana salam vermişdir. Həmin şəxs isə başını qaldırdıqda onun, qardaşı İlqarın qaynı Təqsirləndirilən şəxs olduğunu görmüşdür. İsmayılla əvvəllər bir yerdə işləmiş, lakin təxminən iki il əvvəl onun ailəsi ilə aralarında şəxsi zəmində münaqişə olmuş və həmin münaqişə unudulmuşdur. İsmayıl isə ona qarşı hələ də ədavətli olduğundan salamına cavab olaraq “mən kişiyə salam verirəm, sənə salam düşmür” deyərək onu təhqir etmişdir. Onunla münaqişəyə girmək istəməsə də, İsmayılın üstünə gəldiyini görüb əli ilə onu itələmişdir. Mahsun, İsmayılın onlara zərər yetirəcəyini demiş, buna görə də qeyd etdiyi mağazaya daxil olmadan geri qayıdıb başqa mağazaya getmişlər. Atası xəstə olduğu üçün asta getdiyindən onu ötüb keçmişlər. Həmin vaxt İsmayılın atası Elmana çatıb onu döymək istədiyini görmüşdür. Buna görə də özünü İsmayıla yetirib, onu tutub kənara itələyəndə, əlbəyaxa olmuşlar. Əvvəlcə İsmayılın əlində bıçaq görməmiş, lakin əlbəyaxa olduqları zaman İsmayıl bıçaqla kürəyinin arxasından bir neçə dəfə vurmuşdur. Özünü müdafiə etmək məqsədilə İsmayılı itələyib yerə yıxmış, sonuncu bundan sonra qaçıb getmişdir. İsmayıl getdikdən sonra atası və qardaşı onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Hadisə ilə bağlı xəstəxanaya gəlmiş polis əmkdaşlarına verdiyi yazılı izahatında İsmayıl tərəfindən bıçaqlandığını qeyd etmişdir. Sonda Zərərçəkmiş şəxs vurulmuş ziyanı ödədiyinə görə təqsirləndirilən şəxsi etdiyi əməlinə görə bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahidlər Şahid2 və Şahid3 ibtidai sitintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, onlar Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Şahid1 ibtidai sitintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 21 iyul 2020-ci il tarixdə axşam saatlarında atası Elman və anası Sevda, qardaşı Vüqarla birlikdə yaşadığı evə qonaq gəlmişlər. Onlar bir qədər oturduqdan sonra atasının təklifi ilə sonuncunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində olan evinə getmişlər. Atasının evinə çatmağa az qalmış, araq almaq üçün Vüqarla mağazaya tərəf getmişlər, valideyinləri isə yollarına davam etmişlər. Qardaşı İlqarın qaynı Təqsirləndirilən şəxs yaşadığı küçədən keçərkən əvvəlcə İsmayılın olduğunu bilmədikləri cavan oğlanı görüb salam vermişlər. Həmin oğlan isə cavabında “mən kişiyə salam verirəm” dedikdə onlar həmin şəxsin İsmayıl olduğunu görmüşlər. Vüqar, İsmayıla “bir yerdə işləmişik, mənim nə pisliyimi görmüsən” deyə cavab vermişdir. Bu zəmində Vüqarla İsmayılın arasında sözlə mübahisə olmuş və sonuncular əlbəyaxa olmuşlar. Vüqarı kənara çəkib özü ilə evlərinə tərəf aparmış, atası ilə anasını keçib bir qədər qabağa getmişlər. Həmin vaxt arxadan səs gəldiyini eşidib geri çevrildikdə İsmayılın atası Elmanla əlbəyaxa olduğunu görmüşlər. Buna görə Vüqar özünü İsmayıla çatdırıb onu kənara itələmiş və onlar bu dəfə də əlbəyaxa olmuşlar. Vüqar İsmayılı yerə yıxmış, həmin vaxt İsmayıl bıçaq çıxartmışdır. Vüqarı yenə də kənara çəkib İsmayıldan ayırdıqda, Vüqarın kürəyində 03 yerdə bıçaq yarasının olduğunu görmüş, İsmayıl isə qaçıb getmişdir. Vüqarı əvvəlcə atasının yaşadığı evə sonra isə öz evinə, oradan isə aldığı xəsarətlər ciddi olduğundan onu 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışdır. Hadisə vaxtı İsmayıl ona qarşı heç bir fiziki zor tətbiq etməmişdir. Eyni zamanda özü də İsmayıla hər hansı xəsarət yetirməmiş, ona daş atmamışdır. İş materiallarında olan canlı şəxsin ekspertizasının 24 iyul 2020-ci il tarixli, 657 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində V bel fəqərəsinin yan çıxıntısının kəsilməsi ilə müşayiət olunan bel nahiyəsnin 02 ədəd, onurğanın döş nahiyəsinin 01 ədəd, sol saidin 01 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sol saidin sıyrığı xəsarətləri aşkar edilmişdir. Qeyd edilən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) sıyrıq bərk küt əşyanın təsirindən törənmişlər, 21 iyul 2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 16 sentyabr 2020-ci il tarixli, 1825 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman anlaqlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psix-emosional sferasında hirslilik, emosionallıq yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. İntellektual-mnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Tənqidə və təhqirə qarşı həssaslıq, inadkarlıq, özünə qarşı hörmət tələb etmək, çılğınlıq, tez özündən çıxmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan 01 fevral 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılmış üzləşdirmə-dindirmə zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək, ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan 02 fevral 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılmış üzləşdirmə-dindirmə zamanı Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək, ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi və ifadənin yerində yoxlanması barədə 03 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, 54 nömrəli evin qarşısında baş vermişdir. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs hadisənin baş verdiyi qeyd edilən yeri göstərərək bildirmişdir ki, 21 iyul 2020-ci il tarixdə, təxminən saat 23 radələrində, həmin yerdə Zərərçəkmiş şəxs kürək nahiyəsindən, evdən götürdüyü mətbəx bıçağı ilə vurub ona xəsarət yetirmişdir. Hadisə yerinə baxış və ifadənin yerində yoxlanılması zamanı hadisənin baş verdiyi yerin yaxınlığında yaşayış olmadığı, yaşayış evlərinin hadisə yerindən kənarda, yəni çox da enli olmayan torpaq yollu küçədən kənarda yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab edlirlər. Azərbaycan Respublikası CPM-nin 428.2-ci maddəsinə görə cinayət prosessində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. İşdə olan AZ-İ seriyalı, 317528 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2003-cü il tarixdə anadan olmuşdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, cinayət törədərkən yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası cinayət və cinayətprosessual qanunvericiliyinin yetkinlik yaşına çatmayan şəxslər barəsində müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, Təqsirləndirilən şəxs həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət əməlini yetkinlik yaşına çatmadan törətməsini və cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəyərək onunla barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 435.4.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələblərinə uyğun olmalıdır. Həmin Məcəllənin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrar törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndindən və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrubəsi haqqında” 30 iyun 2008-ci il tarixli, 6 nömrəli Qərarının 11-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməyi məhkəmələrə tövsiyə etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 23 iyul 2020-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbiri seçilməsinə dair vəsatətin rədd edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 25 iyul 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 iyul 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon prokurorunun 25 iyul 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin rədd edilməsi, barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanıldığı X3 azad edilməsi qərara alınmış və bundan sonra barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək o, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 23 iyul 2020-ci il tarixdən 25 iyul 2020-ci il tarixədək, yəni tutulduğu 02 gün müddət 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 23 iyul 2020-ci il tarixdən 25 iyul 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 00:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h **********9212327214, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar