Məhkəmə qərarları › İş №1(010)-92/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-92/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-92/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 16 mart 2023-cü il tarixdə, saat 10:15-də, Bakı şəhərində 22 avqust 1993-cü ildə Lənkəran rayonu. Separadi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum olunmuş, həmin məcəllənin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-87/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum olunmuş, həmin məcəllənin 67.1-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 177.2.3-cü maddəsi ilə təyin edilmiş şərti 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası CM-nin 71.5-ci maddəsi ilə ləğv edilərək 03 il müddətə azadlıqdan məhrum cəzası ilə qismən birləşdirilərək qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Salyan Rayon Məhkəməsinin 7(057)-173/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-87/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 04 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 06 ay 05 gün hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, heç bir yerdə işləməyən, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, nömrəsiz ünvanda yaşamış, ibtidai istintaq orqanı tərəfindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam vermə qətimkan tədbiri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(010)-440/2022 nömrəli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarında, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,104 qram və 0,849 qram olmaqla, ümumi təmiz çəkisi 1,953 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 27 may 2022-ci il tarixdə saat 14:00-da Bakı şəhəri Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, nömrəsiz ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 1 ünvanında yerləşən Bakı şəhər Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasına aparılaraq üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən həmin 02 ədəd bükümdə ayrı-yrılıqda təmiz çəkiləri 1,104 qram və 0,849 qram olmaqla, ümumi təmiz çəkisi 1,953 qram, eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, 27 may 2022-ci il tarixdə saat 14:00-da Bakı şəhəri Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi, nömrəsiz ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparılmışdır. Polis şöbəsində olarkən polis əməkdaşları külli miqdarda narkotik vasitəni ona təqdim etmiş, təqdim etdikləri 02 ədəd bükümdə olan narkotik vasitə heroinin ona məxsus olmasına dair etirafedici ifadə verməsə, onun barəsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilməsinə dair cinayət işinə başlayacaqları ilə hədələmişlər. Polis əməkdaşlarının bu hədəsindən sonra özünə xəsarət yetirmiş, lakin psixoloji təzyiqlərə davam gətirməyərək, sonuncuların təqdim etdikləri 02 ədəd bükümdəki narkotik vasitənin özünə məxsus olmasına dair etirafedici ifadə vermişdir. Lakin polis əməkdaşlarının hərəkətlərindən heç bir səlahiyyətli şəxsə və ya orqana şikayət etməmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə «Telman» adlı şəxsin narkotik vasitə əldə etməsi, saxlayıb daşıması və Suraxanı rayonu, Hövsan qəsəbsi ərazisində narkotik vasitənin qanunsuz dövriyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən 30-cu PŞ-nə əməliyyat məlumatı daxil olmuş, bu barədə dərhal polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Şöbə rəisinin əmri ilə onun rəhbərliyi ilə bölmənin sahə inspektoru, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edib əməliyyat məlumatında göstərilən «Telman» adlı şəxsin xx.xx.1993-cü ildə Lənkəran rayonu, Separadi kəndində anadan olmuş, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra ifşa olunması üçün əməliyyt-axtarış tədbirlərinin icrasına başlamışlar. Həmin gün Təqsirləndirilən şəxs Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində olduğunu müəyyən etdikdən sonra orada onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğunu bildirib Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifələri izah edilmiş və hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim etmiş, təqdim etdiyi iki ədəd sellofan kəsiyi bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində, metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 40 manata alaraq öz şəxsi istifadəsi üçün üzərndə saxlayıb gəzdirdiyini bildirmişdir. Təqdim olunan iki ədəd bükümlər açıldıqda bükümün arasında narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də onun üzərindən özünün təqdim etdiyi iki bükümdən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki büküm götürülərək bir ədəd zərfə qablaşdırılmış, zərf möhürlənmiş, bu barədə tərtib edilən protokolun məzmunu ilə tanış olaraq möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında 27 may 2022ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş o, əynindəki tünd rəngli cins şalvarının sağ yan cibindən 02 (iki) ədəd sellofan kəsiyinə bükülmüş bükümü çıxardıb təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində, metronun «Əhmədli» stansiyasının yaxınlığında, tanımadığı şəxsdən 40 (qırx) manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmiş, aşkar olunmuş iki ədəd sellofan kəsiyinə bükülmüş bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qoyularaq möhürlənib götürülmüş, bu barədə protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan materialların məhkəmə ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6/3006 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs Təqsirləndirilən şəxsdan götürülmüş...» sözləri yazılmış zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,104 qra, 0,849 qram, ümumi təmiz çəkisi 1,953 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə herolindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Təmiz çəkisi 1,953 qram olan heroinin 0.100 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1,853 qram təşkil etmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 28 may 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim etmiş, təqdim etdiyi iki ədəd sellofan kəsiyi bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində, metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 40 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli 4631 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, polis şöbəsində olarkən polis əməkdaşları külli miqdarda narkotik vasitənin ona təqdim olunması, ona təqdim olunan digər 02 ədəd bükümdə olan narkotik vasitə heroinin ona məxsus olmasına dair etirafedici ifadə verməzsə barəsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilməsinə dair cinayət işinə başlanacağı ilə hədələnməsi, polis əməkdaşlarının bu hədəsindən sonra psixoloji təzyiqlərə davam gətirməyərək, sonuncuların təqdim etdikləri 02 ədəd bükümdəki narkotik vasitənin özünə məxsus olmasına dair etirafedici ifadə verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhərində müxtəlif ərazilərdə tanımadığı şəxslərdən heroin kimi tanıdığı narkotik vasitə alıb istifadə edir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində metronun «Əhmədli» stansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 40 manata öz istifadəsi üçün iki büküm narkotik vasitə heroin alaraq sonra istifadə etməsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində yaşadığı binanın qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş, şəxsiyyəti barədə maraqlandıqda Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. 30-cu PŞ-nə gəldikdən sonra orada bir daha şəxsiyyəti müəyyənləşdirilmiş, ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Videoçəkiliş aparmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunmuş, üzərində hər hansı bir qanunsuz maddə və ya əşya varsa təqdim etməsini təklif etdikdə əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibində saxlayıb gəzdirdiyi 02 ədəd bükümü çıxarıb təqdim etmiş, bükümlərin içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu, heroini Bakı şəhəri, Xətai rayonu ərazisində metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 40 manata öz şəxsi istifadəsi üçün aldığın bildirmişdir. Üzərində axtarış keçirilmiş, lakin özünün təqdim etdiyi iki bükümdən əlavə heç bir əşya və ya predmet aşkar edilməişdir. Təqdim etdiyi iki bükümdə olan heroin bir ədəd zərfə qoyuluaraq zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Protokolun məzmunu ilə tanış olduqdan sonra möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Narkotik vasitədən özü istifadə edir, narkotik vasitənin satışı ilə məşğul olmur. Saxlanılarkən, polis şöbəsinə gətirilərkən və polis şöbəsində olduğu zaman polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmamışdır. Bundan başqa yuxarıda qeyd olunanlar məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman video çəkiliş aparılaraq 01 ədəd “DVD” diskdə köçürülmüş video görüntüdən də öz təsdiqini tapır. Məhkəmə habelə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hədəyə və psixoloji təsirə məruz qalması və məhz bunun nəticəsində polis işçilərinin ona verdiyi narkotik vasitələrin özününki kimi təqdim edərək, etirafedici izahat verməsi barədə müdafiəçisinə xəbər vermək, polis əməkdaşlarının hərəkətlərindən şikayət vermək imkanı olduğu halda bunları etməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs ifadəsini inandırıcı hesab etmir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinə əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum olunmuş, həmin məcəllənin 70-ci maddəsinə əsasən azadqlıdan məhrum etmə cəzası 02 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-87/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum olunmuş, həmin məcəllənin 67.1-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 177.2.3-cü maddəsi ilə təyin edilmiş şərti 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası CM-nin 71.5-ci maddəsi ilə ləğv edilərək 03 il müddətə azadlıqdan məhrum cəzası ilə qismən birləşdirilərək qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs, həmin məhkumluqları ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin təhlükəli residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2 və 18.2.1-ci maddələrinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum olunmuş, həmin məcəllənin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-87/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum olunmuş, həmin məcəllənin 67.1-ci maddəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 177.2.3-cü maddəsi ilə təyin edilmiş şərti 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası CM-nin 71.5-ci maddəsi ilə ləğv edilərək 03 il müddətə azadlıqdan məhrum cəzası ilə qismən birləşdirilərək qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 7(057)-173/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-87/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 04 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 06 ay 05 gün hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Salyan RM-nin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay 05 (beş) gün hissəsini çəkmək üçün xx.xx.2021-ci il tarixdə 5 saylı cəza çəkmə müəssisəsindən 11 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə Suraxanı RPŞ-nin əməkdaşıları tərəfindən saxlanılmış, xx.xx.2021-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablandığından, xx.xx.2021-ci il tarixə cəzasının çəkilməmiş qalan hissəsi 01 il 01 ay 26 gün təşkil edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 may 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkdiyi müddətdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin üçdə ikisindən az olmamaqla cəza təyin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 87/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətində hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 27 may 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında və qətimkan tədbirinin seçilməsi haqqında 29 may 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon prokurorunun 29 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin təmin edilməsindən imtina olunaraq Təqsirləndirilən şəxs dərhal Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad olunmuş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 27 may 2022-ci il tarixdən 29 may 2022-ci il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan başqa iş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(010)-440/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 06 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 14 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,853 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-87/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətində hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs çəkilməsi üçün 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 27 may 2022-ci il tarixdən 29 may 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş 02 (iki) 06 (altı) ay müddətinə azadlıqdan məһrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs cidd rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 13 dekabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,853 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar