Məhkəmə qərarları › İş №1(010)-92/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-92/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-92/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X11 qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, 21 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 may 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,931 qram olan psixotrop maddə metemfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin 31-ci PŞ-nin əməkdaşları tərəfindən 21 may 2024-cü il tarixdə saat 12:50 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PŞ-nə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,931 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitənin heroin növündən iynə vurmaq yolu ilə istifadə edir. Metamfetamin isə heç vaxt istifadə etməmişdir. Narkotik vasitəni almaq üçün əvvəlcədən pulu ödəyir, sonra konumda göstərilən yerdə qoyulan narkotik vasitəni götürür. Axırıncı dəfə tutulmamışdan əvvəl narkotik vasitə istifadə etmişdir. Bir dəfə Maştağada müalicədə olmuşdur, hazırda müalicə olunmaq üçün imkanı yoxdur. Səhər tezdən polis əməkdaşları onun evinə gələrək onu polis bölməsinə aparmışlar. Amma o tutulan vaxt üstündə narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qismən təqsirli bilsə də, heç bir təsir və təzyiq göstərilmədən ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, metamfetamin kimi tanıdığı psixotrop maddədən istifadə edir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, Bül-bülə qəsəbəsində üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxdən on manat müqabilində bir ədəd bükümdə psixotrop maddə metamfetmin almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün təxminən saat 12:50 radələrində Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və onun şəxsiyyəti barədə maraqlanmışlar. O da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün Suraxanı RPİ-nin 31-ci PŞ-nə dəvət etmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 31-ci PŞ-nə getmişdir. Suraxanı RPİ-nin 31-ci PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra hüquqlarını müdafiə etməsi üçün vəkil təyin edilmiş, sonra hüquq və vəzifələri izah edilmiş və bundan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O buna etiraz etməmişdir. Sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində psixotrop maddə metamfetamini cibindən çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açmış və həmin bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsi barədə soruşmuşlar. O da həmin bir ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni öz istifadəsi üçün 21 may 2024-cü il tarixdə Suraxanı rayonu, Bül-bülə qəsəbəsində üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxdən on manata əldə etdiyini və sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş həmin bir ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. İstər saxlanılan zaman, istərsə də polis bölməsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs son sözündə bildirdi ki, onun günahı yoxdur, belə ki, tutulan vaxt üzərində narkotik vasitə olmamışdır. Anası ağır xəstədir. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsi daşıyır. ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 21 may 2024-cü il tarixdə Elnur adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Elnur adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar RPİ-nin 31-ci Polis Şöbəsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra 31-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində Təqsirləndirilən şəxs görüb saat 12:50-də əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamış və üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Suraxanı RPİ-nin 31-ci PŞ-nə gətirmişlər. 31-ci Polis Şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şeffaf selofan bükülmüş büküm çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Davam edən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən Samsung markalı mobil telefon aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etməsini soruşduqda sonuncu həmin kütləni 21 may 2024-cü il tarixdə səhər saatlarında Bülbülə qəsəbəsindən tanımadığı şəxsdən on manata əldə etdiyini və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansısa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci Polis şöbəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iş üzrə digər Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə, saat 14:30-da şübhəli şəxs qismində tutulmuş, onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 12:50-də tutulmuş hesab edilir (i.v. 23); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində psixotrop maddə metamfetamini cibindən çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açmış və həmin bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsi barədə soruşmuşlar. O da həmin bir ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni öz istifadəsi üçün 21 may 2024-cü il tarixdə Suraxanı rayonu, Bül-bülə qəsəbəsində üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxdən 10 manata əldə etdiyini və sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Davam edən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən Samsung markalı mobil telefon aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddə aşkar edilməmişdir (i.v. 33- 34); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 35; 119-126); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2884 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Arayışlar üçün № 195” möhür əksi, “Baş ə/m /imza/ Orxan Sadıqov, Baş ə/m /imza Əli Sülmaliyev; Şübhəli şəxs: /imza/ Təqsirləndirilən şəxs; Təhqiqatçı: /imza/ Akşin Vəliyev” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,931 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildir qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 0,931 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,881 qram (i.v. 43-47); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 57-58); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i.v. 74-76); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 78-79); mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən zəng və görüntülər aşkar edilməmiş və həmin mobil telefon Təqsirləndirilən şəxs tərəfindən təhvil alınmışdır (i.v. 83-84); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Abbasov X7 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 04 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır (i.v. 96-98); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-869/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 ay 23 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v. 107-110); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməyib (i.v. 111); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 3713 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 116-117); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,931 qram psixotrop maddə metamfetaminin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış 0,881 qram psixotrop maddə metamfetaminin saxlanılmasından ötrü Suraxanı RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilməsi, şəxsi axtarış və götürmə haqqında 21 may 2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi, Məhkəmə-kimyəvi ekspertizasının 22 may 2024-cü il tarixli, 3-16-16/2-6/2884 nömrəli rəyi, ambulator məhkəmə-narkoloji ekspertizasının 25 may 2024-cü il tarixli 3713 nömrəli rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 119-126); Azemis Elektron Məhkəmə İnformasiya Sistemində olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, onun bir uşağı - xx.xx.2010-cu il təvəllüdlü X6 – vardır. Məhkəmə, Təqsirləndirilən şəxs tutulan vaxt üzərində narkotik vasitə olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, hüquq və vəzifələri izah edildiyi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsinin təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində psixotrop maddə metamfetamini cibindən çıxarıb təqdim etməsi, polis əməkdaşlarının təqdim etdiyi bükümü açması və həmin bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsi barədə soruşması, o da həmin bir ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni öz istifadəsi üçün 21 may 2024-cü il tarixdə Suraxanı rayonu, Bül-bülə qəsəbəsində üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxdən on manata əldə etdiyini və sonra istifadə etmək üçün üzərində saxladığını bildirməsi, davam edən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən Samsung markalı mobil telefon aşkar olunması, bundan sonra aşkar edilmiş həmin bir ədəd bükümün götürülərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunması, bundan başqa onun üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmadığı müəyyən edilmişdir. Görüntüdə Təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzası ilə təsdiq etmişdir. Bundan əlavə, məhkəmə nəzərə alır ki, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahidlər psixotrop maddənin Təqsirləndirilən şəxs üzərindən çıxmasını, sonuncunun psixotrop maddənin özünə məxsus olmasını bildirməsini göstərmişlər. Digər tərəfdən, Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahıya əsasən təmiz çəkisi 0,931 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir. (CM-61.1.1). Məhkəmə, Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, tutulduğu müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı (CM 69.3), cəzaçəkmə müddətinin başlanğıcı 08 yanvar 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 60 (altmış) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlıqdan məhrumetmə cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli 08 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 90 (doxsan) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan 0,881 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar