Məhkəmə qərarları › İş №1(010)-93/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-93/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-93/2021 16.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1992-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 7, ev 18-də yaşayan, barəsində Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə əvvəli xx xxxxxx 2020-ci ildən hesablanmaqla 2 ay 23 gün müddətinə «həbs» növündə qətimkan tədbiri seçilmiş, sonradan müstəntiqin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci ildə saat 18:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Bayramov küçəsi ilə piyada hərəkət edərkən Zərərçəkmiş şəxs aid “VAZ-2107” minik markalı 99MB265 dövlət qeydiyyat nişanlı avtomobilin yol kənarında dayanmış, pəncərəsinin isə açıq vəziyyətdə olduğunu görüb, açarının avtomobildə olmasından istifadə edərək, həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmiş (qaçırmış), bir müddət idarə etdikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən “Səhram” marketin qarşısında saxlayıb getmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx xxxxxxx 2020-ci ildə saat 18:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Bayramov küçəsi ilə piyada hərəkət edərkən yol kənarında göy rəngli “VAZ-2107” minik markalı, dövlət qeydiyyat nişanının sonu 265 rəqəmi ilə bitən avtomobil olduğunu görmüşdür. Həmin avtomobilin qabaq sol pəncərəsi açıq, açarı isə üstündə idi. Avtomobili sürmək qərarına gəlmiş, bu məqsədlə sükanı arxasına əyləşib mühərrikini işə salmış və onu idarə edərək Sabunçu rayonu ərazisinə sürmüşdür. Avtomobili “Səhram” adlanan mağazanın qarşısında saxlayıb nə edəcəyini düşünmüş, ağlına heç nə gəlmədiyinə görə onu orada qoyub getmişdir. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, çıxıb getməzdən əvvəl avtomobilin pəncərəsini bağlamış, həmçinin açarını yerindən çıxararaq sürət ötürücüsünün qarşısına qoymuşdur. Avtomobildən heç bir oğurluq etməmiş, ona zərər vurmamışdır. Əməlindən peşmandır. İş üzrə zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasına dair qərar çıxarılmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, “VAZ-2107” minik markalı 99NB265 dövlət qeydiyyat nişanlı avtomobil arvadının adına olduğuna baxmayaraq, faktik olaraq ona məxsusdur. xx xxxxxxx 2020-ci ildə yaşadığı evin qarşısına çıxdıqda görmüşdür ki, avtomobili yerində deyil. Ətrafa baxıb onun qaçırıldığını başa düşərək DİN-nin “102” xidmətinə zəng edib məlumat vermişdir. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, yaşadığı evin ətrafı müşahidə kameraları ilə müşahidə olunur. Ertəsi gün həmin kameralar vasitəsilə çəkilmiş görüntülərə baxıb əvvəllər tanımadığı bir şəxsin onun avtomobilinə yaxınlaşdığını, qapısını açıb sükan arxasına əyləşdiyini, sonra isə avtomobili idarə edərək oradan uzaqlaşdığını görmüşdür. Sonradan avtomobilini qaçıran şəxsin kim olduğunu öyrənib, onun yaşadığı yerə getmişdir. Beləliklə, Təqsirləndirilən şəxs tapıb ondan avtomobilini tələb etmiş, sonuncu cavabında bildirmişdir ki, onu Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Səhram” adlanan mağazanın qarşısında saxlayıb. Bundan sonra həmin yerə gedib avtomobilini oradan götürmüşdür. Qeyd edir ki, təqsirləndirilən şəxs avtomobilə heç bir ziyan vurmamış, avtomobildən heç nə oğurlamamışdır. Bundan sonra 31-ci polis bölməsinə zəng edərək avtomobilini artıq tapdığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışıb və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasına dair qərar qəbul olunmasını xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». İşin faktik hallarından görünür ki, Təqsirləndirilən şəxs əməli nəticəsində zərərçəkmiş şəxsə ziyan vurulmamış, həmçinin onunla zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuşdur. Bununla, habelə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs məhkəməyə ərizələrlə müraciət ediblər. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən azad edilməli və onun CM-nin bu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri ilə bağlı aşağıdakıları qeyd edir. İşin faktik hallarından görünür ki, iş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs əvvəl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-2 və 185.1-ci maddələri ilə ittiham elan edilmiş, müstəntiqin xx xxxxxx 2021-ci il tarixli qərarına əsasən onun əməli həmin maddələrdən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinə tövsif edilərək, ona bu maddə ilə yeni məzmunda ittiham elan olunmuşdur. İşin faktik hallarından həmçinin görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatları Təqsirləndirilən şəxs vaxtilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan edilmiş ittihamla bağlı olub. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinin Təqsirləndirilən şəxs tutulması mümkün deyil. Ona görə də ekspertiza tədqiqatlarının dəyəri olan 184 (yüz səksən dörd) manat 50 (əlli) qəpik dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən azad edilsin və onun CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 184 (yüz səksən dörd) manat 50 (əlli) qəpik dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar