Məhkəmə qərarları › İş №1(010)-93/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-93/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-93/2022 12.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi X2, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxx 2004-cü ildə Ağdaş rayonunun Güvənkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Güvənkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində nömrəsiz evdə yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 avqust 2021-ci il tarixdə, saat 23 radələrində işlədiyi ünvan ünvanda yerləşən avtoyuma məntəqəsinin istirahət üçün nəzərdə tutulmuş otağının açıq qapısından içəri daxil olmuş, otaqdakı saxlanc yeri hesab olunan kiçik ölçülü dolabın siyərməsini sındıraraq, siyirmədən Zərərçəkmiş şəxs məxsus 01 ədəd 05 manat dəyərində olmaqla içərisində 800 manat pul, 01 manat 70 qəpik ekvivalentində olan 01 ABŞ dolları, 02 manat ekvivalentində 500 Qazaxstan təngəsi, 46 qəpik ekvivalentində 20 Rus rublu əskinazları olan pul kisəsini gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 809 manat 16 qəpik (səkkiz yüz doqquz manat on altı qəpik) məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 17 avqust 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən poçtun yanına gəlmiş, poçtun yaxınlığındakı avtomobillərin yuyulması məntəqəsində bir nəfər tanımadığı şəxsin tək işlədiyini görüb həmin şəxsə yaxınlaşaraq onlara işçi lazım olub-olmadığını soruşmuşdur. Adını sonradan bildiyi Pünhan adlı şəxs ondan əvvəllər avtomobillərin yuyulma məntəqəsində işləyib-işləmədiyini soruşmuş, əvvəllər belə işdə işlədiyini bildirdikdə Pünhan ona müdiri gözləməyi tövsiyyə etmiş, bir qədər keçdikdən sonra isə axşam saat 19-da gəlməyi məsləhət görmüşdür. Buna görə də o, xalasının yaşadığı evə getmiş və axşam saat 19 radələrində yenidən avtomobil yuma məntəqəsinə gəlmişdir. Pünhan ona növbəti gündən etibarən, səhər saat 07-də işə çıxmağı demişdir. Lakin o, 19 avqust 2021ci il tarixdə, saat 13 radələrində həmin məntəqəyə gəlib orada işləməyə başlamışdır. Müdir gəldikdə isə Pünhan onu müdirə təqdim edərək bacarıqlı işçi olduğunu demişdir. Həmin vaxt avtoyuma məntəqəsində ondan və Pünhandan başqa bir nəfər də işləmişdir. Həmin günü axşama qədər avtomobilləri yumaqla məşğul olmuş, təxminən saat 22 radələrində o, işlərini yekunlaşdırıb avtoyuma məntəqəsinin jalüzünü bağlayaraq yuyunmağa başlamışdır. Pünhanla digər işçi isə çöldə oturmuşlar. O, yuyunduqdan sonra çölə çıxmış, adını xatırlamadığı digər işçidən Pünhanın harada olduğunu soruşmuşdur. Həmin şəxs Pünhanın bərbərə getdiyini bildirmiş, bir qədər oturduqdan sonra həmin şəxs də getmişdir. İstirahət üçün nəzərdə tutulmuş otaqdakı divanda istirahət edərkən, Pünhanın bir qədər əvvəl həmin otaqdakı 03 siyirməli balaca dolabın birinci siyirməsinə qoyduğu pul kisəsini oğurlamaq qərarına gəlmişdir. Sözügedən dolabın həmin siyirməsini Pünhan kilidləyib açarını da özü ilə götürdüyündən o, əli ilə siyirmənin aşağı hissəsini dartıb aralayaraq, oradan pul kisəsini götürmüşdür. Həmin vaxt pul kisəsinin içərisinə baxmadan oradan çıxıb Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 33-cü Polis Bölməsinin yaxınlığında fəaliyyət göstərən dönərxananın qarşısına gəlmişdir. Dönərxanın qarşısı işıqlı olduğu üçün orada parça materialından olan pul kisəsini açıb içərisinə baxdıqda, pul kisəsində Azərbaycan bayrağının şəklinin olduğunu, o cümlədən 01 ədəd bərbər vizitkasının, 01 ədəd 200 manatlıq, 01 ədəd 20 manatlıq, 04 ədəd 05 manatlıq, təxminən 35-40 ədəd 01 manatlıq əskinazların, 02 ədəd 10 ABŞ dollarının və 01 ədəd də 01 ABŞ dollarının olduğunu görmüşdür. Oradan yaşadığı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində nömrəsiz evə getmiş, oğurluq etməsi barədə heç kimə heçnə deməmişdir. Səhəri gün, saat 11-12 radələrində 03 ədəd yaşıl əskinzaları cıraraq yaşadığı evin qarşısına küçəyə atmış, sonra isə Bakı şəhəri, Nizami rayonu ərazisinə gedib metronun “Neftçilər” stansiyasının yaxınlığındakı telefon alqı-satqısı mağazalarının birindən 200 manata istifadə olunmuş “Honor 9x” markalı mobil telefon almışdır. Lakin telefon xoşuna gəlmədiyinə görə onu elə həmin günün tanımadığı bir nəfər şəxsə 200 manata da satmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun qanuni nümayəndəsini, müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 24 fevral 2022-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 33-cü Polis Bölməsinin yaxınlığındakı avtoyuma məntəqəsini icarə əsasında işlədir. Avtoyuma məntəqəsi iki hissədən ibarətdir. Əsas hissədə avtomobillər yuyulur, digər balaca hissədən isə işçisi Şahidla bir yerdə qalmaq üçün istifadə edirlər. 16 avqust 2021-ci il tarixdə, təxminən saat 15 radələrində adını sonradan bildiyi Cavid avtoyuma mətəqəsinə gəlmiş, həmin vaxtı Şahid Ucar rayonuna getdiyi üçün avtoyuma mənətqsində tək işləmişdir. Cavid ondan işçi lazım olub-olmadığını soruşmuşduqda ona əlavə işçiyə ehtiyac olduğunu bildirmişdir. Habelə Caviddən haralı olduğunu soruşmuş, sonuncu əslən Ağdaş rayonundan olduğunu demişdir. Bundan sonra o, Cavidi avtoyuma məntəqəsinin sahibinə təqdim edib onu işə götürmək istədiyini bildirmişdir. Bu barədə avtoyuma məntəqəsinin sahibi ilə razılaşdıqdan sonra Cavidə onu işə qəbul etdiyini demiş, eyni zamanda ondan şəxsiyyət vəsiqəsini təqdim etməsini istəmişdir. Lakin Cavid şəxsiyyət vəsiqəsini sonra təqdim edəcəyini bildirmişdir. 17 avqust 2021-ci il tarixdə işçisi Şahid rayondan qayıtmış, 19 avqust 2021-ci il tarixdə isə Cavid işə başlamışdır. 19 avqust 2021-ci il tarixdə Cavid istirahət otağında çay içərkən o, müştərinin təqdim etdiyi 200 manatlıq pul əskinazını xırdalamaq üçün istirahət otağında olan, balaca qıfılla bağlayıb açarını özündə saxladığı dolabı açıb oradan pul kisəsini götürüb həmin 200 manatlıq əskinazı pul kisəsinə qoymuş, eyni zamanda oradan müştəriyə vermək üçün xırda pulları götürmüşdür. Cavid, onun pul kisəsinə pul qoyduğunu, pul kisəsini dolaba qoyduğunu, dolabı qıfılla bağlayıb açarını özündə saxladığını görmüşdür. Həmin günü saat 23 radələrində Cavidlə məntəqnin qarşısında əyləşmiş, Şahid isə avtoyuma mənətəqsinin içərisində yuyunmuşdur. Rza yuyunub çıxdıqdan sonra Cavidə yuyuna biləciyini demiş, sonuncu da içəri daxil olmuş və içərinin görünməməsi üçün avtoyuma mənətəqsinin dəmir jalüzünü bağlamışdır. Həmin vaxt o, Rza ilə birlikdə avtoyuma məntəqsinin qarşısında çöldə oturmuşdur. Sonradan o, yaxınlıqda yerləşən bərbərə getmiş, bir qədər keçdikdən sonra Şahid onun yanına gələrək Cavidin avtoyuma məntəqsində olmadığını, özü ilə gətirdiyi çantasını da götürüb getdiyini bildirmişdir. Bərbərdən çıxıb qaçaraq avtoyuma məntəqəsinə getmiş, istirahət otağındakı dolabı açarla açarkən dolabın qapısı ayağının üstünə düşmüşdür. Dolabın birinci rəfindəki pul kisəsinin oğurlandığını aşkar etmişdir. Pul kisəsinin içərisində 03 ədəd 200 manatlıq, 01 ədəd 100 manatlıq, 01 ədəd 50 manatlı, 50 ədəd 01 manatlıq əskinazlar olmaqla ümumilikdə 800 (səkkiz yüz) manat, habelə 01 ədəd 01 ABŞ dolları, 01 ədəd 500 Qazaxstan təngəsi, 02 ədəd 10 Rus rublu olmuşdur. Dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə zəng edib hadisə barədə məlumat vermiş, sonra isə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33cü Polis Bölməsinə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş maddi ziyanı ödədiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid Sədrəddin oğlunun ibtidai sitintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 20 avqust 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerinə baxış zamanı ünvan ünvanda yerləşən avtoyuma məntəqəsinin istirahət üçün nəzərdə tutulmuş otağındakı saxlanc yeri hesab olunan kiçik ölçülü dolabın siyərməsindən Zərərçəkmiş şəxs məxsus, içərisində 800 manat olan pul kisəsinin oğurlandığı müəyyən edilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 27 avqust 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ünvan ünvanda yerləşən avtoyuma məntəqəsinin istirahət üçün nəzərdə tutulmuş otağını göstərərək, 19 avqust 2021-ci il tarixdə, saat 23 radələrində həmin otaqdakı kiçik dolabın siyərməsini əli ilə dartıb araladığını, oradan Zərərçəkmiş şəxs məxsus pul kisəsini götürüb oradan uzaqlaşdığını bildirmişdir. İş materiallarında olan 27 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə-dindirmə istintaq hərəkətləri aparılmış, üzləşdirmə-dindirmə zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək, ifadəsini bir daha təsdiq etmiş, sonuncu isə Zərərçəkmiş şəxs dedikərini qismən təsdiq edərək, pul kisəsində 03 ədəd deyil, 01 ədəd 200 manatlıq, 01 ədəd 20 manatlıq, 04 ədəd 05 manatlıq, təxminən 35-40 ədəd 01 manatlıq əskinazların, o cümlədən 02 ədəd 10 ABŞ dollarının və 01 ədəd 01 ABŞ dollarının olduğunu bildirmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab edlirlər. Azərbaycan Respublikası CPM-nin 428.2-ci maddəsinə görə cinayət prosessində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. İşdə olan müvəqqəti şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2004-cü il tarixdə anadan olmuşdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, cinayət törədərkən yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası cinayət və cinayətprosessual qanunvericiliyinin yetkinlik yaşına çatmayan şəxslər barəsində müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət əməlini yetkinlik yaşına çatmadan törətməsini və cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 435.4.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələblərinə uyğun olmalıdır. Həmin Məcəllənin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrar törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndindən və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrubəsi haqqında” 30 iyun 2008-ci il tarixli, 6 nömrəli Qərarının 11-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməyi məhkəmələrə tövsiyə etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan 26 avqust 2021-ci il tarixli raportdan, şübhəli şəxsin tutulması haqqında 27 avqust 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 28 avqust 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdə, saat 14:00-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis şöbəsinə gətirilmiş, 27 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilərək, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 26 avqust 2021-ci il tarixdən 28 avqust 2021-ci il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 26 avqust 2021-ci il tarixdən 28 avqust 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar