Məhkəmə qərarları › İş №1(010)-96/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-96/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-96/2020 29.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1996-cı ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məcburi köçkün, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Bəyimsarov kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 267 nömrəli baxçada məskunlaşmış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, şəxsiyyəti istintaqa məlum olmayan “Xəqani” adlı şəxsdən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0.196 qram çəkidə narkotik vasitə hesab olunan heroini əldə edərək, daşımaqla üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə, saat 00:20-də tanışı Şahid6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində Şahid5 məxsus“Opel Astra” markalı,** UT *** dövlət qeydiyyat nişanlı avtomobildə olduğu zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahhidə X3 7-ci patrul bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirilmiş, orada xidməti otaqların birində müdafiəçisinin və hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilən zaman ağ kağıza bükülmüş həmin narkotik vasitə Təqsirləndirilən şəxs əynində olan salvarın sağ yan cibində aşkar edilərək, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, narkotik vasitə alıb istifadə etmək məqsədilə xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 16 radələrində tanışı İlhamla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində görüşmüş, həmin gün axşam təxminən saat 23 radələrində avtobusla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinə getmişlər. Avtobusdan düşdükdən sonra İlhama, özü üçün 10 manata narkotik vasitə olan heroin alacağını demiş, bu zaman İlham 05 manat verib ona da şüşə adlandırılan psixotrop maddəmetamfetamin almasını xahiş etmişdir. Oradan “Opel” markalı taksi ilə Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsinə gəlmişlər, orada yaşayan Xəqani adlı şəxsin evinə az qalmış taksini saxladaraq sonuncunun yaşadığı evə getmiş, İlham isə taksidə onu gözləmişdir. Xəqani adlı şəxsdən 10 manatlıq kakos adlandırılan narkotik vasitə olan heroin, 05 manatlıq isə şüşə adlandırılan psixotrop maddə-metamfetamin alıb geri qayıtmışdır. Heroini salvarının sağ yan cibinə qoymuş, metamfetamini isə İlhama vermişdir. “Opel” markalı taksidə olduqları zaman X3 əməkdaşları xidməti avatomobillə yaxınlaşıb onlarıBakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparmışlar. Polis bölməsində hal şahidlərinin və müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynindəki şalvarın sağ yan cibində saxladığı bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, bükümdə olan maddə narkotik vasitə olan heroindir və onu şəxsi istifadəsi məqsədilə,saxlanılmamışdan bir qədər əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsində yaşayan Xəqani adlı şəxsdən 10 manata almışdır. Həmin bükümdəki narkotik vasitə heroin polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzrinə baxış keçirilən zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X3 7-ci patrul bölüyünün polis nəfəri Şahid1 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 00:20-də həmkarı Şahid2 ilə birlikdə 2476 çağrışlı avtopatrulla Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisində xidmət apararkən Mədən küçəsində dayanmış “Opel” markalı, ** UT *** dövlət nömrə nişanlı avtomobilin içərisində əyləşmiş sərnişinlərin özlərini şübhəli apardıqlarını görüb onlara yaxınlaşmışlar, avtomobildə əyləşmiş 3 nəfər şəxsə özlərini təqdim edib onlardan avtomaşından düşmələrini tələb etmişlər. Həmin şəxslər avtomaşından düşdükdən sonra onlardan üzərlərində şəxsiyyətlərini təsdiq edən hər hansı bir sənədin olub olmamasını soruşmuşlar. Özlərini Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi sakinləri kimi təqdim edən həmin şəxslər üzərlərində heç bir sənədin olmadığını bildirdiklərinə, eyni zamanda onların hərəkətlərindən şübhələndiklərinə görə həmin şəxsləri Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirmişlər. Orada həmin şəxslərin Təqsirləndirilən şəxs, Şahid6 və Şahid5 olduğu müəyyən edilmişdir. Bundan sonra xidməti otaqların birində, müdafiəçinin və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən öncə Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları könüllü təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən ağ kağıza bülülmüş bir büküm kütləni çıxardıb baxışda iştirak edən şəxslərə təqdim edərək bildirmişdir ki, bükümdə olan maddə narkotik vasitə heroindir, onu şəxsi istehlakı məqsədilə, saxlanılmamışdan bir qədər əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsində yaşayan Xəqani adlı şəxsdən 10 manata almışdır. Həmin narkotik vasitə heroin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis idarəsinə gətirilərkən, habelə üzrinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X3 7-ci patrul bölüyünün polis nəfəri Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 00:40-dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçilər parkı yaxınlığında gəzərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq, onu qanunsuz olaraq narkotik vasitəəldə edib daşımaqla üzərində saxlamaqda şübhəli bilinən şəxsin üzərinə baxış keçirilməsində hal şahidi kimi iştirak etməyə dəvət etmişlər. O, razılaşıb polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə getmişdir. Orada o, başqa bir hal şahidinin və müdafiəçinin iştirakı ilə, polis əməkdaşları tərəfindən əvvəllər tanımadığı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı polis əməkdaşları təqsirləndirilən şəxsə üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları könüllü olaraq təqdim etməyi təklif etmişlər. Bundan sonra təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı ağ kağıza bülülmüş bir bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, bükümdə olan maddə narkotik vasitə heroindir, onu şəxsi istehlakı məqsədilə, saxlanılmamışdan bir qədər əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsində yaşayan Xəqani adlı şəxsdən 10 manata almışdır. Həmin narkotik vasitə heroin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, 2018-ci ilin aprel ayından Heydər Əliyev adına Beynəlxalq hava limanının təhlükəsizlik xidmətində mühafizəçi işləyir, işdən sonra asudə vaxtlarında isə özünə məxsus “Opel Astra” markalı, ** UT *** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti göstərməklə fərdi əməklə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə, saat 00:05-də Bakı şəhəri, Suraxanı rayonu, “Suraxanı dairəsi” adlanan yerdə iki nəfər tanımadığı şəxs ona yaxınlaşaraq onları “Əfsun” şadlıq evinin yaxınlığına aparmağını xahiş etmişlər. Həmin şəxslərdən biri avtomobilin qabaq oturacağında əyləşmiş, digəri isə arxa oturacaqa əyləşmmiş, təxminən 05 dəqiqədən sonra “Əfsun” şadlıq evinin qarşısına çatmışlar. Orada qabaq oturacaqda əyləşmiş şəxs avtomobildən düşüb 05 dəqiqəyə qayıdacağını demiş, arxa oturacaqda əyləşmiş şəxs isə maşında gözləmişdir. Təxminən 05 dəqiqədən sonra həmin şəxs qaçaraq gəlib avtomobilə əyləşmiş və ona “tez sür gedək buradan” demişdir. Həmin vaxt onun avtomobilinin yanına post patrul avtomobili yaxınlaşaraq dayanmış, polis əməkdaşları onun avtomobilində sərnişin kimi əyləşmiş şəxsləri düşürdüb post patrul avtomobilinə əyləşdirmiş, ona isə öz avtomobili ilə ardlarınca gəlməsini demişlər. Oradan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə getmişlər. Polis bölməsində onun və həmin iki nəfər şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, daha sonra onun avtomobilinə də baxış keçirilmiş, lakin üzərindən və avtomobilindən hər hansı bir qanunsuz predmet aşkar olunmadığı üçün o, sərbəst buraxılmışdır. Sonradan isə eşitmişdir ki, həmin şəxslərin üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Təqsirləndirilən şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsin üzərinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin inzibati binasında, müdafiəçinin və hal şahidlərinin iştirakı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynində olan salvarın sağ yan cibində olan bir bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, bükümdə olan maddə, narkotik vasitə heroindir, onu saxlanılmamışdan bir qədər əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsində yaşayan Xəqani adlı şəxsdən 10 manata almışdır. Həmin bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüşdür. Baxışın nəticələrinə dair tərtib edilmiş protokol baxışda iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1274 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdə, 01 ədəd bükümdə, təmiz çəkisi 0.196 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.146 qram təşkil etmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxx 2020-ci il tarixli, 838 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və məcburi köçkün olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında və qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon prokurorunun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon X1 Şöbəsinin müstəntiqinin vəsatəti rədd edilməklə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən dərhal azad edilmiş və bundan sonra onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 02 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, xalis çəkisi 0.146 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, xalis çəkisi 0.146 qram olan narkotik vasitə - heroin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar