Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-96/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 1(010)-116/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu və əməlində sadə residivi olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, 20 avqust 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında barəsində ********* saylı cinayət işi istintaq edilən, həmin işlə bağlı barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda yaşayış sahəsinə, qanunsuz olaraq daxil olmaqla, yəni özgənin əmlakını açıq olaraq talayıb soyğunçuluq etmə ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 aprel 2024-cü il tarixdə, saat 01:30 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla, qanunsuz olaraq daxil olduqdan sonra, həmin həyətdə yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açıb içəri daxil olaraq, yataq otağında olan qadın əl çantasını açıb oradan içərisində 230 (iki yüz otuz) manat dəyərində, istifadədə olmuş “Redmi” markalı, “220233L2G” model mobil telefon aparatını, balansında pul vəsaiti və internet paketi olmayan 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrəsi ilə birlikdə və 57 (əlli yeddi) manat nağd pul olan 7 (yeddi) manat dəyərində pul kisəsini gizli olaraq taladığı zaman Zərərçəkmiş şəxs onun qanunsuz əməlini görüb qışqırması səbəbindən qanunsuz olaraq ələ keçirdiyi əşyalarla birlikdə qaçaraq, evdən çıxıb uzaqlaşmış və nəticədə, Zərərçəkmiş şəxs, ümumilikdə 299 (iki yüz doxsan doqquz) manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 180.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 180.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, doğulduğu vaxtdan Hövsan qəsəbəsində yaşamışdır. İndiyə kimi bir neçə dəfə oğurluq cinayət əməli törətdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmiş və həbs olunmuşdur. Sonuncu dəfə, Suraxanı Rayon Məhkəməsi tərəfindən 2020-ci ilin oktyabr ayında Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2022-ci ilin oktyabr ayında cəzasının sonu ilə azadlığa buraxılmışdır. 28 aprel 2024-cü il tarixdə, axşam saatlarında maddi ehtiyacları olduğu üçün və pulu olmadığına görə oğurluq etmək qərarına gəlmiş və bu niyyətlə də, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu ərazisində piyada gəzib ətrafa nəzər yetirərək oğurluq etmək üçün ev axtarmağa başlamışdır. Bir qədər sonra, Hövsan qəsəbəsi, Zeytun sovxozu adlanan yerdə yaşayan uzaq qohumu Tubi adlı qadının evinin yanından keçərkən həmin evdə işıqların sönülü olduğunu görmüşdür. Həmin vaxt evdə heç kəsin olmadığını düşünmüş və həmin evə qanunsuz olaraq girib oğurluq etmək qərarına gəlmişdir. Bu niyyətlə də, ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra hasara qalxıb evin həyətinə düşmüşdür. Sonra isə həyətdə yerləşən evin plastik pəncərələrindən birinin kilit hissəsini əli ilə sıxıb pəncərəni açaraq oradan evə daxil olmuşdur. Bu zaman evi axtarmağa başlamış və yataq otağına daxil olduqda şkafın üzərində qadın əl çantasının olmasını görmüşdür. Yaxınlaşıb həmin çantanı açıb içərisinə baxmış və içində 01 (bir) ədəd mobil telefon və pul kisəsini görüb onları götürmüşdür. Pəncərədən çıxıb getmək istəyən zaman qadın qışqırmağa başlamışdır. O, da qorxub götürdüyü əşyalarla birlikdə qaçıb evdən çıxaraq oradan uzaqlaşmışdır. Təqribən 15 dəqiqə uzaqlaşdıqdan sonra pul kisəsini açıb içinə baxış keçirmiş, orada metro kartı, bonus kartları, bank kartları və 57 (əlli yeddi) manat pul olmasını görmüşdür. Pulu götürdükdən sonra, pul kisəsini içərisində kartlarla birlikdə yaxınlıqda olan zibil qutusuna atmışdır. Daha sonra 132 saylı sərnişin avtobusuna minmiş, avtobus Əhmədli istiqamətində hərəkətdə olan zaman həmin telefona baxmış, lakin kilitli olduğunu görüb aça bilməmişdir. Buna görə də, telefondan istifadə edə bilmədiyi üçün onu mindiyi 132 saylı sərnişin avtobusunda qoyaraq oradan düşüb uzaqlaşmışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirmişdir ki, törətdiyi soyğunçuluq əməlində özünü tam təqsirli bilir və törətdiyi əməldən peşmandır. Əvvəllər bir dəfə Zərərçəkmiş şəxs evinə getmiş, sonuncunun evində olarkən onu görməmiş, pəncərədən çıxmaq istəyən zaman qışqırıq səsini eşitmişdir. Zərərçəkmiş şəxs evinə daxil olmaqda məqsədi maddi vəziyyəti pis olduğu üçün oğurluq etmək olmuşdur. Evdən pul kisəsi, mobil telefon və təxminən 57 manat pul götürmüşdür. İş üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır. Sonda isə taladığı mobil telefonun sahibinə qaytarılmasının nəzərə alınmasını, törətdiyi əməldən peşman olmasını, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 il əvvəl Suraxanı rayonu, Zeytun Sovxozu yaşayış sahəsində ev tikmişdir. Həmin tarixdən bugünədək həmin evdə yaşayır. 2019-cu ildən etibarən həyat yoldaşının vəfat etməsi ilə əlaqədar həmin ünvanda tək yaşayır. 28 aprel 2024-cü il tarixdə yaşadığı evdə yerinə uzanaraq yatmışdır. 29 aprel 2024-cü il tarixdə, saat 01:30 radələrində evdə yatan zaman səslərin gəldiyini eşidib yuxudan durmuşdur. Bu zaman yatdığı otaqda bir nəfərin gəzdiyini görüb qorxmuş, ancaq qorxudan səsini çıxara bilməmişdir. Həmin şəxs otaqda məşğul olduğundan onu görməmiş və dəhlizə çıxmışdır. Bu zaman həmin şəxs onun yerindən qalxmağını görüb ona tərəf dönərək baxmışdır. Bu zaman o, özündən asılı olmayaraq bərkdən qışqırmışdır. Qışqıran kimi həmin şəxs dəhlizin pəncərəsindən çıxaraq, oradan qaçıb getmişdir. Bundan sonra onun səsinə qonşular gəlmiş, bir qədər özünə gəldikdən sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə gün sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Həmin vaxt müəyyən etmişdir ki, təqsirləndirilən şəxs, ona məxsus 01 (bir) ədəd 400 (dörd yüz) manat dəyərində “Redmi” markalı mobil telefonu, mobil telefonun içərisində olan 5 (beş) manat dəyərində ***-***-**-** saylı GSM mobil nömrəni, içərisində 57 (əlli yeddi) manat nağd pul və şəxsiyyətini təsdiq edən sənədin olduğu 7 (yeddi) manat dəyərində göy rəng pul kisəsini talamış və nəticədə ona, ümumilikdə 469 (dörd yüz altmış doqquz) manat maddi ziyan dəymişdir. Hadisəni Fərahim adlı uzaq qohumu törətmişdir. Belə ki, hadisədən bir qədər sonra Fərahimin bacısı onun işlədiyi məktəbə gələrək üzr istəmiş və şikayətini geri götürməyi xahiş etmiş, lakin o, Fərahimdən şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ilkin olaraq evində, Fərahimi gördükdə, qorxusundan səsini çıxara bilməmiş, lakin sonradan Fərahim ona tərəf döndükdə qışqırmışdır. Fərahim isə evə daxil olduğu pəncərədən qaçaraq, çıxıb getmişdir. Hadisə zamanı Fərahim başına maska kimi nəsə keçirtdiyindən onun gözlərindən başqa heç nə görsənməmişdir. Ancaq hadisə zamanı Fərahimlə bir-birlərini görmüşlər. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirdi ki, o, qışqırdıqdan biraz sonra Təqsirləndirilən şəxs oradan qaçmış, daha sonra tez bir vaxtda qonşular hadisə yerinə gəlmişdir. “Redmi” markalı mobil telefonu ona qaytarılsa da, təqsirləndirilən şəxslə barışmamışdır, hal-hazırda şikayətçidir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid məhkəmə iclasında iştirak etməmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, hər gün yaşadığı Hövsan qəsəbəsindən Əhmədli qəsəbəsinə getmək üçün 132 saylı sərnişin avtobusundan istifadə edir. 29 aprel 2024-cü il tarixdə, səhər saatlarında Hövsan qəsəbəsində dövlət qeydiyyat nişanına fikir vermədiyi 132 saylı sərnişin avtobusuna minmişdir. Avtobus bir qədər getdikdən sonra oturduğu oturacağın altında mobil telefon səsi eşitmiş və əyilib baxdıqda 01 (bir) ədəd mobil telefonun olduğunu, ona zəng gəldiyini görmüşdür. Həmin vaxt kiminsə cibindən səhvliklə telefonun yerə düşdüyünü düşünmüş və mobil telefonu götürüb gələn zəngə cavab vermişdir. Danışan şəxs özünü polis əməkdaşı kimi təqdim etmiş və bu mobil telefonun oğurlandığını bildirmişdir. Şahid də, indi 132 saylı sərnişin avtobusunda olduğunu və həmin mobil telefonu avtobusda oturacağın altından tapdığını bildirmişdir. Polis əməkdaşı mobil telefonu Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirib təhvil verməyini bildirmiş, o da avtobusdan düşüb geri qayıtmış və mobil telefonu 30-cu polis şöbəsinə apararaq polis əməkdaşına təhvil vermişdir. Təqsirləndirilən şəxs tanımamış, 132 saylı sərnişin avtobusunda tapdığı mobil telefonun cinayət yolu ilə əldə edilməsi barədə məlumatı olmamışdır. Əvvəlcə elə düşünmüşdür ki, kiminsə cibindən düşmüşdür. Buna görə də, həmin mobil telefonu götürüb gələn zəngə cavab vermişdir ki, telefonun avtobusda yerə düşdüyü barədə məlumat versin və mobil telefonu sahibinə çatdırsın. Lakin zəng edən şəxsin özünü polis əməkdaşı kimi təqdim edib mobil telefonun cinayət yolu ilə əldə edilməsi barədə məlumat vermiş, sonra isə həmin mobil telefonu 30-cu polis şöbəsinə gətirib təhvil verməyini demişdir. O, da polis əməkdaşının dediyi kimi etmiş və mobil telefonu aparıb 30-cu polis şöbəsinin əməkdaşlarına təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* saylı cinayət işi 20 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X5 tərəfindən X4 müraciəti əsasında toplanmış HK-1/1254 saylı material əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmışdır. (iş.v. 1) Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış 29 aprel 2024-cü il tarixli HK/1-1254 saylı raportdan görünür ki, 29 aprel 2024-cü il tarixdə, saat 02:10 radələrində DİN-in 102 zəng mərkəzinə ********** saylı daxil olmuş məlumatda göstərilmişdir ki, ünvan 4 ünvanında vətəndaş Zərərçəkmiş şəxs evdə yatılı vəziyyətdə olduğu zaman bir nəfər maskalı şəxsin evə daxil olmasını, ona məxsus mobil telefon və 5 manat pulunu oğurlanmasını bildirmişdir. (iş.v. 3) Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış 30 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, 29 aprel 2024-cü il tarixdə yaşadığı mənzildən naməlum şəxsin 01 (bir) ədəd mobil telefonunu, 05 (beş) manat nağd pulunu və əl çantasının içərisində olan pul kisəsini oğurladığını aşkar etmiş, həmin şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (iş.v. 4) 29 aprel 2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri 01 (bir) mərtəbəli fərdi yaşayış evidir. Ev 02 (iki) otaqdan ibarətdir. Birinci otaqda əşyalar dağınıqdır. Evin ağ rəngli plastik pəncərəsi açıq vəziyyətdədir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (iş.v. 5-10) 01 may 2024-cü il tarixli “əşyanın könüllü təqdim edilməsi, baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Şahid 30-cu Polis şöbəsinə gələrək, 29 aprel 2024-cü il tarixdə gecə saatlarında X6 məxsus və sonuncunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində baş vermiş oğurluq hadisəsi zamanı oğurlanmış 01 (bir) ədəd “Redmi” markalı mobil telefonu təqdim edərək, həmin mobil telefonu 132 saylı sərnişin avtobusunda sərnişin stulunun altında aşkar etdiyini və polis əməkdaşları həmin mobil telefona zəng edən zaman görüb, telefonu götürərək cavab verib, cinayət yolu ilə əldə edilməsini bildikdən sonra dərhal Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinə gətirərək təqdim etdiyini bildirmişdir. Həmin mobil telefona baxış keçirilməsi zamanı gümüşü rəngli “Redmi” markalı mobil telefon olması və telefonun üzərində ***-***-**-** saylı GSM mobil nömrəsinin olması müəyyən edilmişdir. Həmin “Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etmə ehtimalı nəzərə alınaraq baxış keçirildikdən sonra götürülmüşdür. (iş.v.12) İş materiallarına əlavə edilmiş 29 may 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 24) 29 may 2024-cü il tarixli “analoqunu tapmaq qeyri-mümkün və ya çətin olan əşya(lar)nın vahid nüsxə üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, 01 (bir) ədəd gümüşü rəngli, “Redmi” markalı mobil telefon Zərərçəkmiş şəxs təqdim edilmişdir. Zərərçəkmiş şəxs təqdim edilən əşyanı nəzərdən keçirib bildirmişdir ki, ona təqdim edilən 01 (bir) ədəd gümüşü rəngli, “Redmi” markalı mobil telefon ona məxsusdur və hadisə zamanı yaşadığı evdən açıq yolla talanmış mobil telefondur. Həmin mobil telefonu üzərindəki xarici əlamətlərindən tanımışdır. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (iş.v. 31-33) 09 iyul 2024-cü il tarixli, “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları göstərməsi təklif edilmiş, bundan sonra sonuncu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu yaşayış sahəsinə getmək lazım olduğunu bildirmişdir. Həmin ünvana çatdıqda Təqsirləndirilən şəxs bildirmişdir ki, 28 aprel 2024-cü il tarixdə, axşam saatlarında maddi ehtiyacları olduğu üçün və pulu olmadığına görə oğurluq etmək qərarına gəlmiş və bu niyyətlə də, Hövsan qəsəbəsi, Zeytun sovxozu ərazisində piyada gəzib ətrafa nəzər yetirərək oğurluq etmək üçün ev axtarmağa başlamışdır. Bir qədər sonra, Hövsan qəsəbəsi, Zeytun sovxozu adlanan yerdə yaşayan uzaq qohumu Tubi adlı qadının evinin yanından keçərkən həmin evdə işıqların sönülü olduğunu görmüşdür. Həmin vaxt evdə heç kəsin olmadığını düşünmüş və həmin evə qanunsuz olaraq girib oğurluq etmək qərarına gəlmişdir. Bu niyyətlə də, ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra, hasara qalxıb evin həyətinə düşmüşdür. Sonra isə həyətdə yerləşən evin plastik pəncərələrindən birinin kilit hissəsini əli ilə sıxıb pəncərəni açaraq oradan evə daxil olmuşdur. Bu zaman evi axtarmağa başlamış və yataq otağına daxil olduqda, şkafın üzərində qadın əl çantasının olmasını görmüşdür. Yaxınlaşıb həmin çantanı açıb içərisinə baxmış və içində 01 (bir) ədəd mobil telefon və pul kisəsini görüb onları götürmüşdür. Bu zaman həmin yataq otağında olan yatağa baxdıqda bir nəfər qadının ona tərəf baxdığını görmüşdür. Həmin qadın ona baxmış və qışqırmağa başlamışdır. O, da qorxub götürdüyü əşyalarla birlikdə evdən qaçıb çıxaraq oradan uzaqlaşmışdır. Təqribən 15 dəqiqə uzaqlaşdıqdan sonra, pul kisəsini açıb, içinə baxış keçirən zaman orada metro kartı, bonus kartları, bank kartları və 57 (əlli yeddi) manat pul olmasını görmüşdür. Pulu götürdükdən sonra, pul kisəsini içərisində kartlarla birlikdə yaxınlıqda olan zibil qutusuna atmışdır. Daha sonra 132 saylı sərnişin avtobusuna minmiş, avtobus Əhmədli istiqamətində hərəkətdə olan zaman həmin telefona baxmış, lakin kilidli olduğunu görüb kilidini aça bilməmişdir. Buna görə də, telefondan istifadə edə bilmədiyi üçün onu mindiyi 132 saylı sərnişin avtobusunda qoyaraq avtobusdan düşüb uzaqlaşmışdır. İfadənin yerində yoxlanması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (iş.v. 54-55) 27 iyun 2024-cü il tarixli, 9/4106 saylı məhkəmə-əmtəəşünaslıq ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 (bir) ədəd gümüşü rəngli, “Redmi” markalı, “220233L2G” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil olan aksesuarlarının olmaması və istifadədə olması (üzərində istismar xarakterli cızıqlar, boya qopuqları və sair) nəzərə alınmaqla 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 230,00 (iki yüz otuz) manat müəyyən edilmişdir. (iş.v. 59-61) İş materiallarına əlavə edilmiş 15 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus olan və hadisə zamanı qanunsuz olaraq ələ keçirilmiş 01 (bir) ədəd “Redmi” markalı mobil telefonu üzərində olan ***-***-**-** saylı GSM mobil nömrəsi ilə birlikdə işlək vəziyyətdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Cavid İskəndərovdan qəbul etmişdir. (iş.v. 67) 17 avqust 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən, həmin Məcəllənin 180.2.3-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasının ağırlaşdıran halın olması və onun əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş şəxs hesab olunması nəzərə alınmışdır. Hadisədən sonra aşkar edilərək ekspertiza tədqiqatına təqdim edilmiş əmlakın dəyərinin ekspert rəyində göstərilən qiymətlə, digər əşyaların dəyərinin isə zərərçəkmiş şəxsin ifadəsində göstərilən qiymətlərlə əsas götürülməsi və nəticədə hadisə zamanı zərərçəkmiş şəxs X6 dəymiş maddi ziyanın ümumilikdə 299 (iki yüz doxsan doqquz) manat olması nəzərə alınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin surətinə əsasən Zərərçəkmiş şəxs adının “Tubi” olaraq oxunması qərara alınmışdır. Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd “Redmi” markalı mobil telefon iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonra saxlanılması üçün zərərçəkmiş şəxsə geri qaytarılması nəzərə alınmışdır. (iş.v. 68-73) 17 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən, həmin Məcəllənin 180.2.3-cü maddəsinə tövsif edilmiş, 20 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin 28 sentyabr 2024-cü il tarixli, 4(010)-325/2024 saylı qərarı ilə 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 24 dekabr 2024-cü il tarixli, 4(010)-429/2024 saylı qərarı ilə, həbsdə saxlanma müddəti 16 yanvar 2025-ci il tarixədək uzadılmış və 21 yanvar 2025-ci il tarixli, 1(010)-222/2025 saylı qərarla barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Hazırda isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. (iş.v. 68-73, 83-84, 99-101) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəyini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 180.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla soyğunçuluq, yəni özgənin əmlakını açıq olaraq talama-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət – vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətdir. Cinayət qanunvericiliyində mülkiyyətin bütün formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması CM-in əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. X8 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Soyğunçuluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Soyğunçuluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. CM-in 180.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi Məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər CM-in müxtəlif maddələri ilə dəfələrlə məhkum edilmişdir. Sonuncu dəfə, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 oktyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (iş.v. 41-43) CM-nin 15-ci maddəsinə əsasən CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına aid edilir. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəza üzrə 12 oktyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunduğundan və hazırki iş üzrə cinayət əməlini 2024-cü ilin aprel ayında törətdiyindən məhkumluğu götürülməmiş və ödənilməmiş hesab olunur. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətin residivinə görə daha sərt cəza tətbiq edilir. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma deyil, əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymətdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən peşman olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 180.2.3cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 22 yanvar 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* saylı cinayət işi ilə əlaqədar həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs hadisə zamanı açıq yolla taladığı və sonradan tapılaraq istintaqa təqdim edilmiş 01 ədəd “Redmi” markalı mobil telefonun ekspertiza tədqiqatından sonra saxlanılması üçün zərərçəkmiş şəxsə geri qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində ona dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili müdafiəçiyə ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 22 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* saylı cinayət işi ilə əlaqədar həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs hadisə zamanı açıq yolla taladığı və sonradan tapılaraq istintaqa təqdim edilmiş 01 ədəd “Redmi” markalı mobil telefonun ekspertiza tədqiqatından sonra saxlanılması üçün zərərçəkmiş şəxsə geri qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində onlara dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ**********9212327214, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-96/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-96/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver