Məhkəmə qərarları › İş №1(010)-97/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-97/2020

02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-97/2020 02.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, tərcüməçi x11, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər «Alyans» x14 İctimai Birliyinin sədri x3, x4, x7, x5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 27 dekabr 1967-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 4 ünvanı üzrə qeydiyyatda olan x2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «Alyans» x14 İctimai Birliyinin sədri x8, x9, x12, x10 və x18 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək x2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişlər. Məhkəmə proses tərəflərini dinləyib, iş materiallarını nəzərdən keçirib, işin faktik hallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi)» göstərilməlidir. Qeyd olunur ki, hazırkı iş üzrə şikayətdə x4, x7, x5 və x13 soyadı, adı, atasının adı və yaşayış yeri göstərildiyinə baxmayaraq, onların doğulduğu il, məşğuliyyət növü və vəzifəsi göstərilməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-nin 293.3.6-cı maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə «şikayətin verildiyi tarix (il, ay və gün) və yer» göstərilməlidir. Hazırkı iş üzrə şikayət tərtib olunarkən cinayət prosessual qanunvericiliyin bu tələbi də pozulmuş, o cümlədən şikayətdə onun verildiyi tarix (il, ay və gün) və yer göstərilməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-nin 302.1.2 və 302.1.6-cı maddələrinə əsasən «şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə», «cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə prosessual qanunvericiliyin həmin müddəaları ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin 7.0.26-cı maddəsinə əsasən «xüsusi ittihamçı – bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmədə ittiham irəli sürən və onu müdafiə edən zərər çəkmiş şəxsdir». Həmin Məcəllənin 7.0.36-cı maddəsinə əsasən «zərər – cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır». Eyni Məcəllənin 87.1-ci maddəsinə əsasən «Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır». Azərbaycan Respublikası CPM-nin 88.1.3-cü maddəsinə əsasən «cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs – xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan» xüsusi ittihamçı qismində tanınır. Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını təhlil etdikdə görünür ki, cinayət prosesinə xüsusi ittihamçı qismində yalnız cinayət nəticəsində zərər çəkmiş şəxs buraxıla (tanına) bilər. O cümlədən xüsusi ittihamçıya təqsirkarın təqsirli əməli nəticəsində mənəvi, fiziki və ya maddi ziyan vurulmuş olmalıdır. CPM-nin yuxarıda istinad olunan 87.1-ci maddəsinin məzmunundan həmçinin görünür ki, şəxsin zərərçəkmiş şəxs (konkret halda xüsusi ittihamçı) kimi tanınması üçün ona təqsirkarın qanunazidd əməli nəticəsində vurulmuş mənəvi, fiziki və ya maddi ziyan birbaşa (bilavasitə) olmalıdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər öz şikayətlərini x2 sosial şəbəkələrdə paylaşdığı yazıların məzmunu ilə əsaslandırırlar. Məsələn, şikayətçilər tələblərinin əsası kimi Yelena Simkinanın sosial şəbəkələrin birində aşağıdakı məzmunda yazı paylaşdığını bildirirlər: «Kim deyə bilər Azərbaycan vətəndaşlığından harada və necə imtina etmək olar. Mən öz xalqına nifrət edən, məhkəmə və polis özbaşınalığı çiçəklənən dövlətin vətəndaşı olmaq istəmirəm. O dövlətdə ki, günahsızlar günahkardır, dələduzlar və fırıldaqçılar isə cəzasız qalırlar. Harada ki, məhkəmələrdə saxta sənədlər və saxtalaşdırmalar əsasında insanı məhkum edirlər, əclaflar isə bu zaman gülür və azadlıqda gəzirlər. Kömək edin, deyin mən necə bu dövlətin vətəndaşlığından imtina edə bilərəm». Başqa bir misal: «Mən istər 300, istər 500 ödəməyə hazıram əsas budur məndən bu iylənmiş vətəndaşlığı götürsünlər. Mən Azərbaycanın vətəndaşı olmaq istəmirəm. İstəmirəm» Digər misal: «… Azərbaycanda heç vaxt qayda olmayıb, hətta İttifaqın vaxtında. Asta-asta rüşvət alırdılar, Moskvadan qorxurdular. İndi isə heç kəsdən qorxmurlar. Azərbaycanı əcnəbi idarə etməlidir, onda irəliləyiş olar». Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər Azərbaycanda doğulduqlarını və yaşadıqlarını, Azərbaycan Respublikasının vətəndaşı adını daşıdıqlarını və bununla da hər zaman iftixar hissi keçirməklə fəxr etdiklərini qeyd etməklə, yuxarıdakı və Yelena Simakinanın digər bu kimi yazılarının Azərbaycanın hər bir vətəndaşının (həmçinin şikayətçilərin) şərəfinə toxunduğunu, milli qürur və ləyaqətini təhqir etdiyini bildirirlər. Qeyd olunur ki, şikayətə sübut növü kimi əlavə edilmiş çıxarışlarda və DVD diskdə birbaşa (bilavasitə) şikayətçilərə və ya hər-hansı digər konkret şəxsə aid edilmiş böhtan və ya təhqir xarakterli heç bir yazı yoxdur. Beləliklə, şikayətçilərin sübut kimi təqdim etdiyi yazılar ümumi xarakterli olmaqla müəllifin özünün ümumilikdə dövlətdən, Azərbaycan vətəndaşlığından və s. narazılığını özündə əks etdirirlər. Belə olan halda, şikayətçilər x2 əməli nəticəsində birbaşa (bilavasitə) zərər çəkmiş şəxs sayıla bilməzlər. Bu səbəbdən «Alyans» x14 İctimai Birliyinin sədri x3, x4, x7, x5 və x13 hazırkı iş üzrə xüsusi ittiham qaydasında cinayət təqibinə hüquqları yoxdur. Sübut kimi təqdim olunmuş çıxarışlarda və DVD diskdə ümumiyyətlə cinayət əlamətləri müəyyən edilmir. Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinə əsasən «şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə» məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Təqdim olunmuş sübutlarla əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri sayır. Yuxarıda qeyd olunduğu kimi şikayətçilər məhkəməyə müvafiq yazıları kağız daşıyıcıda və DVD diskdə təqdim ediblər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin İİİ hissəsinə əsasən «Notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər elektron informasiya sistemləri və ya ehtiyatları, o cümlədən internet informasiya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətlərinin düzgünlüyünü təsdiq edirlər». Məhkəmə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəasını, Azərbaycan Respublikası CPM-nin 293.3.4-cü və 302.1.7-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər sübut kimi təqdim etdiyi çıxarışları notariat qaydasında təsdiq etdirməli idilər. Belə olan halda həmin çıxarışlar məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilərdilər. Hazırkı vəziyyətdə isə müvafiq çıxarışların və DVD diskin sübut növü kimi mötəbərliyi müəyyən edilmir. Göstərilənlərə əsasən «Alyans» x14 İctimai Birliyinin sədri x3, x4, x7, x5 və x13 x1rşı xüsusi ittiham qaydasında şikayətləri üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Alyans» x14 İctimai Birliyinin sədri x3, x4, x7, x5 və x13 x1rşı xüsusi ittiham qaydasında şikayətləri üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar