Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-97/2025 23.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X14 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 25 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 may 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,413 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, 25 may 2024-cü il tarixdə saat 18:30-da Suraxanı rayon polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxan rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz evin yaxınlığında saxlanılaraq Suraxanı rayon polis İdarəsinin 30-cu polis şöbəsinə gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,413 qram olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində və ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları həmin gün 4 nəfəri, yəni Emil, Anar, Kamran və onu mağazadan tutub aparmışlar. Onlar mağazaya siqaret və digər lazımlı şeylər almaq üçün girmişdilər. Həmin şəxslərin bəziləri onun qonşularıdırlar, onlar narkotik vasitə istifadə etmir. O, sonuncu dəfə 2023-cü ildə dekabr ayında narkotik vasitə istifadə etmişdir. Polis əməkdaşları onu döyməmişlər, ona tutulmayacağı deyilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməsə də, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, psixotrop maddə olan metafetamini hər dəfə müxtəlif şəxslərdən alıb istifadə edir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Əhmədli metrosunun yaxınlığında tanımadığı şəxsdən 15 manat ödəniş edərək öz şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin almış və istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanda iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra onu yaxınlıqda olan 30-cu PŞ-nə dəvət etmişlər. 30-cu PŞ-də olan zaman ona hüquq və vəzifələri izah edilmişdir. Vəkillərin siyahısı təqdim edilmişdir. Həmin vaxtı o, vəkillərdən Müdafiəçi hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra xidməti otaqların birinə keçmişlər. Həmin vaxt ona üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif edilmişdir. Bu zaman o, üzərində olan qara rəngli şalvarın sağ yan cibində 01 ədəd şəffaf bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Üzərindən aşkar edilən metamfetamini xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Əhmədli metrosu yaxınlığında üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 15 manat pul verərək alıb öz üzərində şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Sonradan üzərində aşkar edilən psixotrop maddə qablaşdırılmış və götürülmüşdür. O, psixotrop maddələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş psixotrop maddəni öz şəxsi istifadəsi üçün alıb əldə etmişdir. O, heç vaxt psixotrop maddəni kiməsə satmamış, pay verməmiş və ya kiməsə verəcəyi barədə vəd etməmişdir. O, saxlanılan zaman və Suraxanı RPİ-nin 30-cu PŞ-də olduğu zaman ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bilmədiyini, qardaşının həbsdə olduğunu, digər qardaşının xəstə olduğunu, anasının yaşlı olduğunu, əmisinin şəhid olduğunun nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 25 may 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, ev 7, mənzil 54-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid2la birlikdə əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsinə getmişlər. Saat 18:30-da O.Şabanov küçəsində nömrəsiz evin yaxınlığında Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər, sonuncu da etiraz etməyib onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması baş təhqiqatçı Zaur Eyvazova həvalə olunmuşdur. Baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd büküm çıxarıb təqdim etmiş və bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki psixotrop maddəni öz şəxsi istifadəsi üçün 24 may 2024-cü il tarixdə Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə istintaqı zamanı Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iş üzrə digər Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, o, qazi dostu Anar, sonradan təsadüfi rastlaşdıqları Emin və Aslan çayxanada birlikdə çay və pivə içmişlər, sonra özlərinə lazım olan bəzi şeyləri almaq üçün mağazaya girmişlər. Polis əməkdaşları onları mağazada tutub polis bölməsinə aparmışlar. Polis bölməsində Emin yox idi. Onun yanında Aslanı döyməmişlər. Polislər onlara narkotik vasitə istifadə etdiklərini demişlər. Onun da, Aslanın da üzərinə baxış keçirilmişdir, onların üstlərində narkotik vasitə yox idi. O, Aslanla bölməyə birlikdə girmişdir, orada koridorda və otaqda birlikdə oturub gözləmişlər, amma o, sonrakı prosesdə iştirak etməmişdir. Anarın ağrısı tutduğuna görə onu buraxmışlar. O, verilən suallara cavab olaraq göstərmişdir ki, saxlanıldığı tarix yadında deyil, günorta saat 2-3 olardı ki, saxlanılmışlar. Onları köhnə adı “Həyat”, indiki adı “AL Market” olan marketdə polis geyimində və mülki geyimdə olan “iki maşın” polis əməkdaşları saxlamışlar. Marketdən bayıra çıxarılanda və ya yol boyu üzərlərinə axtarış aparılmamışdır. Axtarış yalnız bölmədə keçirilmişdir. O, Aslanla bölmədə təxminən bir saat koridorda birlikdə gözləmişdir. O, əvvəldən Aslanı tanımışdır, onun Eminlə münasibəti olmuş, Emin vasitəsilə Aslanla yaxın münasibəti olmuşdur. Emin narkotik vasitə istifadəçisi deyil və satışı ilə də məşğul deyil. Anar onu evdən çağırmış, sonra onlar çayxanaya gedərkən Emin və Aslanla təsadüfi rastlaşmışlar. Onlar görüşəndə gündüz vaxtı saat 12-1 olardı, onlar 1-2 saat çayxanada oturub oradan çıxmışlar. Onu səhəri gün buraxmışlar. O, Aslanın orada tutulduğunu bilməmişdir, məhkəmədə olarkən onu görmüş, əvvəlcə onu tanımamış, Aslan ona yaxınlaşmış, onlar danışmış, onun barəsində cinayət işi olduğunu bilmişdir. Onun yadındadır ki, birinci dəfə idi Aslanla çayxanada görüşmüşdür. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, Aslanı məhəllə adamı kimi tanımışdır. 25 may 2024-cü il tarixdə o, marketda olan zaman təxmini saat 15 radələrində Aslan 3 nəfərlə birlikdə marketə gəlmişlər. Marketda olan zaman oraya bir neçə polis əməkdaşları gəlib Aslan və onunla olan 3 nəfəri marketdən çıxarıb maşına mindirib aparmışlar. O, Aslanla olan 3 nəfərdən ikisini, Emin və Anarı tanıyırdı. Digər şəxsi isə tanımamışdır. Sonradan Emini görmüş və Aslan barədə soruşmuşdur. Emin Aslanın hələ buraxılmadığını demişdir. 4-5 gün sonra isə Aslanı görüb nə baş verdiyini soruşanda o bildirmişdir ki, polis əməkdaşları onun üzərinə narkotik vasitə qoyub boynuna almasını təkid etmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində və ona verilən suallara cavab olaraq göstərmişdir ki, o, Aslanı Kamran vasitəsilə sonradan tanımışdır. Onları, yəni onu, Aslanı və Kamranı Hövsanda yerləşən “AL Market”də olarkən may ayının 25-i saat 2-3 olardı ki, “iki-üç maşın” polis əməkdaşları saxlamışlar. Polislər onları “AL Market”dən çölə çıxarmış, çöldə hamısının üzərini yoxlamışlar. Onların üzərində heç bir qadağan olunmuş əşya yox idi. Sonradan polis bölməsində də onların üzərini yoxlamışlar. Bölmədə Aslanın üzərini yoxlayanda o orada idi, Aslanın üzərində qadağan olunmuş əşya yox idi. Sonradan onun dərmanlarının vaxtı idi deyə onu buraxmışlar. O, bir həftədən sonra Aslanın tutulmağını Kamrandan eşitmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə, saat 19:40-da şübhəli şəxs qismində tutulmuş, onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 18:30-da tutulmuş hesab edilir (i.v. 19); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümü təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş 1 ədəd şəffaf selofana bükülmüş bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2024-cü il tarixdə Əhmədli qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata alaraq üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddə aşkar edilməmişdir (i.v. 30-31); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 32, 110-115); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-6/2974 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş AR DİN «Zərflər üçün № 194» möhür əksi, «Ş/ş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə; 1. ş/ş /imza/ Təqsirləndirilən şəxs; 2. ə/m /imza/ Şahid1; 3. ə/m /imza/ Şahid2; Tərtib etdi: /imza/ Eyvazov Zaur» yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,413 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildir. qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 0,413 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,363 qram (i.v. 41-45); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 55-56); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 72-73); təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işinin icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və ********* nömrəli cinayət işi üzrə icraat AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v. 91); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, İslamov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş 04 ay 13 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün idarənin qeydiyyatından çıxarılmışdır (i.v. 94-95); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi tərəfindən verilən ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2024-cü il tarixli, 3798 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 96-97); cinayət işinin icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 99); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-280/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 10 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmişdir (i.v. 101-109); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xalis çəkisi 0,413 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,363 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (i.v. 110-115); AZ-İİİ seriyalı 480377 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2009-cu il tarixdə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X6r; xx.xx.2001-ci il tarixli 060668 nömrəli vəsiqənin surətindən görünür ki, X5 müharibə iştirakçısıdır, veterandır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs diaqnozu sağ ağciyərin ocaqlı vərəmidir (TDM (-) mənfi); Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1993-cü il tarixdə Fərrux uğrunda döyüşdə şəhid olub. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(010)-97/2025 nömrəli qərarı ilə 25 may 2024-cü il tarixdə, saat 13:00-dan 20:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin kimə məxsusluğu və anten əhatə dairəsinin məlumatları məhkəməyə təqdim edilməsi qərara alınmış və qərarın icrası "xxxx" MMC-yə həvalə edilmişdir. Məhkəmə iclası zaman qərarın icrası ilə əlaqədar mobil operatordan məhkəməyə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi məlumatları ilə bağlı məktuba əlavə edilmiş qoşmaya baxış keçirilmişdir. Baxış keçirilməsi zamanı ***-***-**-** saylı mobil telefon nömrəsinin X2 məxsus olması müəyyən edilir. ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman xx.xx.2024 tarixdə, saat 13:10-da/Suraxanı rayonu, Hövsan mərkəzi, saat 13:11-də, 13:40-da, 13:45-də/Suraxanı rayonu, Hövsan qəsəbəsi, 4-cü mikrorayon, 3A saylı evin yanı, 14:01-də/ünvan 3, saat 14:03-də, 14:27-də, 15:00-da/Suraxanı rayonu, Hövsan qəsəbəsi, 4-cü mikrorayon, 3A saylı evin yanı, 15:10da, 15:22-də/Suraxanı rayonu, Hövsan Şossesi, saat 15:23-də/ Suraxanı rayonu, Hövsan, Ərikli restoranın yanı, saat 15:26-da Suraxanı rayonu, Hövsan qəsəbəsi, Üzümçülük küçəsi 17, saat 15:27-də, 15:28-də, 15:29-da/Suraxanı rayonu, Hövsan, Ərikli restoranın yanı, saat 16:12-də Suraxanı rayonu, Hövsan qəsəbəsi, 4-cü mikrorayon, 3A saylı evin yanı, saat 16:20-də Suraxanı rayonu, Bahar qəsəbəsi, Suraxanı Hövsan yolu 202, saat 16:23-də ünvan 3, saat 16:55-də, saat 17:31-də/Suraxanı rayonu, Zığ şossesi, Qum adası çimərliyinin yaxınlığı, saat 17:40/Suraxanı rayonu, Zığ qəsəbəsi, Q.Rəşad küçəsi, 845 məhəllə, saat 17:45, 17:46-da/ünvan 3 ünvanında olduğu müəyyən olunur. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X13 görə təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. X11 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, hüquq və vəzifələri izah edildiyi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsinin təklif edilməsi, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etməsi, sorğu zamanı üzərindən aşkar olunmuş bir ədəd şəffaf selofana bükülmüş bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2024-ci il tarixdə Əhmədli qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata alaraq üzərində saxladığını bildirməsi, şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddə aşkar edilmədiyi müəyyən edilmişdir. Görüntüdə Təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olmaması, marketdə olarkən tutulması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzası ilə təsdiq etmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsindəki hallara istinad edilməklə qurulmuş müdafiəsi cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Buna görə də, onun məhkəmə iclasında bildirdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla heç bir mötəbər dəlillə əsaslandırılmadığı üçün, məhkəmə onun ifadəsini sübut növü kimi qiymətləndirmir. Həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş əlavə şahidlərin ifadələri də sübut qismində qiymətləndirilmir. Belə ki, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şəxslər təqsirləndilən şəxs Təqsirləndirilən şəxs tanışı olduqlarından, məhkəmədə verdiyi ifadələri təqsirləndirilən şəxsi məsuliyyətdən yaxa qurtarmaq, bu mümkün olmadığı təqdirdə isə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş ifadə kimi hesab edir, habelə bu ifadələr iş materialları ilə təkzib edildiyindən sübut kimi qəbul etmir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə günorta saatlarında mağazada olarkən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının onu mağazadan tutub apardığını bildirdiyindən, məhkəmə tərəfindən həmin xüsusat araşdırılmış, şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz evin yaxınlığında saxladıqlarını bildirmişlər. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılmasında polis əməkdaşları olan Şahid1 və Şahid2 iştirak etmişdir. Bunun əksini təsdiq edən hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclaslarında qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Halbuki təqsirləndirilən şəxs iki gün şübhəli şəxs qismində saxlanılmış, sonradan barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, yəni azadlıqda olmaqla sərbəst hərəkət etmək, əgər ona qarşı psixi zorakılıq, hədə-qorxu tətbiq edilmişdisə, vaxtında müvafiq orqanlara şikayət etmək imkanı olmuş, lakin o, bu imkanlardan istifadə etməmişdir. Təqsirləndirilən şəxs tutulan zaman üzərində psixotrop maddə olmaması, marketdə olarkən tutulması xüsusatları ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatları təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Digər tərəfdən, Respublika Narkoloji X12 Şəxsi tərəfindən verilən ambulator məcburinarkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin, "xxxx" MMC tərəfindən Suraxanı Rayon Məhkəməsinin qərarının icrası ilə bağlı təqdim edilmiş cavab məktubuna və onun qoşmasına məhkəmə iclası zamanı baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumata rast gəlinməmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahıya əsasən təmiz çəkisi 0,413 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olması, xəstəliyi olması, atasının müharibə iştirakçısı və əmisinin şəhid olması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirlir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Məhkəmə, Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, tutulduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), cəzaçəkmə müddətinin başlanğıcı 23 iyun 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 60 (altmış) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 28 aprel 2025-ci il tarixədək məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 108 (yüz səkkiz) manat; 28 aprel 2025-ci il tarixindən sonra məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 110 (yüz on) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdən 27 may 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli 23 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 28 aprel 2025-ci il tarixədək 18 (on səkkiz) saata görə 108 (yüz səkkiz) manat, 28 aprel 2025-ci il tarixindən sonra 10 (on) saata görə 110 (yüz on) manat olmaqla, cəmi 218 (iki yüz on səkkiz) manat Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan 0,363 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-97/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-97/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver