Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-98/2022 24.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Astara rayonunun Şiyəkəran kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində nömrəsiz ünvanda fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açııq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,423 qram, 0,667 qram, 0,515 qram, 0,222 qram və 0,277 qram olmaqla, ümumi təmiz çəkisi 2,104 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, 21 sentyabr 2021 -ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən “85” adlı ərzaq mağazasının qarşısında narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli bilindiyi üçün saxlanılıb, ünvan 2 ünvanda yerləşən Suraxanı RPİ-nin 30-cu PŞnə gətirilərək xidməti otaqların birində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ cibindən 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,423 qram, 0,667 qram, 0,515 qram, 0,222 qram və 0,277 qram olmaqla, ümumi təmiz çəkisi 2,104 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, kokos kimi tanıdığı heroin olan narkotik vasitədən çəkmək yolu ilə istifadə etmiş, həmin narkotik vasitəni Bakı şəhərində müxtəlif ərazilərdən və tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün almışdır. Sonuncu dəfə Suraxanı rayonunun Zığ qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 15 (on beş) manata öz şəxsi istifadəsi üçün 05 ədəd bükümdə kokos almış və sonra istifadə etməyi üçün üzərində saxlamışdır. 21 sentyabr 2021-ci il tarixdə, saat 16:00 radələrində Suraxanı rayonunun Binə qəsəbəsində yerləşən “85” adlı ərzaq mağazasının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini plis əməkdaşı kimi təqdim etmiş və onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirərək, təhvil vermişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları ona hüquq və vəzifələrini izah etmiş, həmçinin ona hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişlər. Sonra video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirildikdə, o, etiraz etməmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmiş, baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildikdə, o, üzərində olan qara rəngli idman şalvarının sağ cibindən 05 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açdıqlarında, bükümlərin içərisində nə olması, nə vaxt, kimdən, hansı üsulla əldə etməyi barədə soruşduqlarında, o, həmin 05 ədəd bükümün içərisində kokos kimi tanıdığı narkotik maddə olduğunu, Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 15 manata öz şəxsi istifadəsi üçün alıb sonra istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Ondan aşkar edilmiş həmin bükümlər polis əməkdaşları tərəfindən götürülərək, iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində nömrəsiz ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və 30-cu PŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra həmin tarixdə, günorta saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi “85” adlı ərzaq mağazasının qarşısında əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanılmış, məlumatla uyğun gələn şəxsdən özünü təqdim etməsini xahiş etdiklərində, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsə üzərində narkotik vasitə olması barədə şübhə olduğunu bildirib, üzərinə baxış keçirilməsi üçün Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət edib, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ cibindən 05 ədəd sellofana bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqda, bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli, tozşəkilli maddələr aşkar olunmuşdur, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri Suraxanı rayonunun Zıığ qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata əldə etdiyini bildirmişdir. Aşkar edilmiş maddələr zərfə qoyularaq möhürlənmiş, keçirilmiş baxışla bağlı video çəkiliş aparılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq edərək, analoji ifadə vermişdir. İş materiallarından görünür ki, 21 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, törətdiyi cinayət əməlinə görə 23 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində Suraxanı rayon məhkəməsi tərəfindən 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.. İş materiallarından görünür ki, iş üzrə 05 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsində tövsif edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 sentyabr 2021 -ci il tarixli 6/4206 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” yazı və imzalar olan zərfdə 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,423 qram, 0,667 qram, 0,515 qr, 0,222 qram və 0,277 qram olmaqla, ümumi çəkisi 2,104 qram olan tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 dekabr 2021 -ci il tarixli 5048 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 dekabr 2021 -ci il tarixli 2959 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtiradında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü vı 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin etirafediji izahatı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq jinayət əməli törətməsini, təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını cəzanını yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra təmiz 1,954 qqram narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1,954 qqram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-98/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-98/2022
24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver