Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-99/2022 01.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:20-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1992-ci ildə Astara rayonu, Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 yanvar 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olmayan, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozunda nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.585 qram, 0.418 qram, 0.685 qram, 0.520 qram və 0.282 qram olmaqla ümumi təmiz çəkisi 2.490 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, üzərində saxlamaqla daşımış, 21 sentyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozundakı nömrəsiz evin qarşısında saxlanaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparılmış, orada xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilən zaman həmin 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.585 qram, 0.418 qram, 0.685 qram, 0.520 qram və 0.282 qram olmaqla ümumi təmiz çəkisi 2.490 qram olan olan narkotik vasitə - heroin Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 11 aydır narkotik vasitə olan heroindən isifadə edir. 20 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin adını və soyadını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 80 manata 05 ədəd sellofan bükümlərdə narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitələri daha sonra istifadə etmək üçün əynindəki şalvarın sağ cibinə qoymuşdur. 21 sentyabr 2021-cı il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozunda piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişdirlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələri saxlamaqda və üzərində daşımaqda şübhəli olduğunu bildirib onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının qanuni tələblərinə tabe olaraq, onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis Şöbəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynində olan şalvarın sağ cibində saxladığı 05 bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə, narkotik vasitə heroindir, onları 20 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin adını və soyadını bilmədiyi şəxsdən 80 manata şəxsi istifadəsi üçün almışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. X3 gətirilərkən, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 21 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu nömrəsiz ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında əməliyyat qrupu yaradılmışdır. Daha sonra həmin tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozunda küçədə əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs onlar tərəfindən saxlanılmış, həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə üzərində narkotk vasitə olması barədə şübhə olduğunu bildirib, üzərinə baxış keçirilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs, əynində olan şalvarın sağ cibində saxladığı 05 bükümü təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir, onları 20 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin adını və soyadını bilmədiyi şəxsdən 80 manata şəxsi istifadəsi üçün almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə heroin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. X3 gətirilərkən, habelə üzərində axtarış həyata keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 21 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ cibindən qara rəngli sellofanda olan 05 bükümdə boz rəngli toz şəklində olan narkotik maddəyə bənzər vasitə aşkar edilmişdir. Həmin bükümlərdəki narkotik vasitəyə oxşar vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 22 sentyabr 2021-ci il tarixli, 6/4207 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” yazı və imzalar olan zərfdə 05 ədəd bükümdə təmiz çəkisi 0.585 qram, 0.418 qram, 0.685 qram, 0.520 qram və 0.282 qram olmaqla, ümumi çəkisi 2.490 qram olan tünd qəhvəyi rəngli toz şəkilli maddə öz aralarında xarici görünüşünə və tərkib komponentinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısına daxildirlər. Təmiz çəkisi 2.490 qram olan heroinin (hər bir obyektdən 0.03 qram olmaqla) 0.15 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 2.340 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 23 sentyabr 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əynində olan şalvarın sağ cibində saxladığı 05 bükümü polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir. Həmin bükümlərdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülür və baxışın nəticələrinə dair protokol tərtib edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin sonuncunun üzərindən dövriyyəsi qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan axtarış və ya götürmə haqqında 12 oktyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı evdən hər hansı bir narkotik vasitə, dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 dekabr 2021ci il tarixli, 5047 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 23 oktyabr 2021-ci il tarixli, 2486 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk emək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini şəxsiyyətini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunmasını, məhkumluğunun olmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 dekabr 2021-ci il tarixli məlumatından və Şirvan şəhər Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 yanvar 2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cü maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 21 sentyabr 2021-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 2.340 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 21 sentyabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 2.340 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-99/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-99/2022
01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver