Məhkəmə qərarları › İş №1(011)-10/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-10/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-10/2021 18.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi –13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 29.05.1985-ci ildə Xocavənd rayonu Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu Muğanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində ünvan 2el 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 sentyabr 2018-ci il tarixdə saat 14 radələrində ünvan 3 ünvanda yerləşən «Dost qapısı» kafesinin daxilində ictimai qaydanı kobud surətdə pozub, cəmiyyət arasında mövcud olan etik davranış qaydalarına riayət etməməklə öz nüfuzunu digər şəxslərin nüfuzundan üstün tutaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək tanışı Zərərçəkmiş şəxs onu tərk etdiyinə görə iradını bildirərək əsəbləşmiş və nalayiq sözlər deyərək təhqir etmiş, daha sonra əl zərbələri ilə sifət və qollarına qəsdən vuraraq “sol yanaq, sağ bazu nahiyələrində qançırlar, sol çiyin qurşağı və sağ bazu nahiyələrində sıyrıqlar” kimi sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, həmin tarixdə saat 22 radələrində yenidən ünvan 3 ünvanda yerləşən «Dost qapısı» kafesinin qarşısına gəlib hərəkətlərini davam etdirmiş, sonuncunun ünvanına nalayiq ifadələr işlədərək səs-küy yaratmaqla Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Səkinəni hadisədən bir ay əvvəl Babək prospektində yerləşən “Cənub” kafesində görüb tanımış və həmin vaxtdan münasibətləri olmuşdur. Bir ay Səkinə ilə Babək prospektində yerləşən həyət evində kirayədə yaşamışdır. Səkinənin sənəddə adı Səkinə olmasına baxmayaraq hamı onu Rəna kimi tanımış, Səkinə ilə bir ay ərzində birgə yaşadığı müddətdə onu sevdiyi üçün onu hamıya qısqanmışdır. Səkinə “Dost qapısı” kafesində ofisiant işlədiyi zamanlarda Səkinəni kafenin müdirinə qısqanmışdır. Onların rəftarından elə hiss etmişdir ki, Səkinə ilə müdiri sevgilidir və buna görə də Səkinənin həmin kafedən işdən çıxmasını istəmişdir. 12.09.2018-ci ildə saat 14 radələrində, “Dost qapısı” kafesinə gəlmiş və Səkinə ilə söhbət zamanı hiss etmişdir ki, Səkinə artıq onunla yaşamaq istəmir. Bu ona pis təsir etdiyindən kafedə spirtli içki qəbul etdikdən sonra yenə də Səkinəyə ondan ayrılmamağı deyəndə sonuncu artıq onu istəmədiyini bildirmişdir. Kafenin qarşısında yenidən aralarında mübahisə yaranmış, həmin vaxt əsəblərini cilovlaya bilməyib əl zərbələri ilə Səkinənin qollarından vurmuşdur. Səs-küyə kafedən çıxmış bir neçə nəfər onları ayırmış, həmin gün axşam saatlarında yenə də Səkinə ilə mübahisə edəndə kafenin işçisi polis çağırmış və onları Polis Bölməsinə aparmışlar. Törətdiyi bu əməldən səmimi peşman olmuşdur, ailəsinə yeganə qazanc gətirən şəxsdir, hazırda zərərçəkmiş şəxslə barışmış, ziyanı ödəmişdir, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Bakı şəhəri Əhmədli qəsəbəsində Əhmədli kəndində və NZS qəsəbəsində kirayələrdə yaşamış və Əhmədli qəsəbəsində yerləşən “Dost qapısı” və “Görüş”, NZS qəsəbəsində yerləşən “Cənub” kafelərində ofisiant işləmişdir. 2018-ci ilin yay aylarında Təqsirləndirilən şəxs ilə tanış olmuş və onunla qeyri-rəsmi olaraq ər-arvad münasibətlərində yaşamış, Elşadla tanış olaraq birgə yaşadığı müddətdə "Əhmədli" metrostansiyasının yaxınlığında yerləşən “Dost qapısı” restoranında ofisiant işləmişdir. Həmin vaxtlarda onun Elşadla münasibətləri soyumuş və ayrılmaq istəmiş, ona görə də dəfələrlə Elşada onunla bir daha görüşməməyi demiş, buna baxmayaraq Elşad onu sevdiyini və onunla birgə yaşamaq istədiyini demiş, o isə buna razı olmamşdır. Elşad teztez işlədiyi kafeyə gəlib-getmiş, sonuncu dəfə yəni 12.09.2018-ci ildə saat 14 radələrində Elşad onun işlədiyi kafeyə gəlmiş və həmişə olduğu kimi ona ayrılmamağı demiş, o isə artıq Elşadla yaşamaq istəmədiyini demişdir. Aralarında yaranmış sözlü mübahisə zamanı Elşad onu söyüb təhqir etmiş, daha sonra isə əl zərbəsi ilə sifətinə sillə vuraraq qollarından tutaraq sıxmış və ona fiziki ağrılar yetirmişdir. Həmin vaxt kafedə xeyli müştəri olmuş, kafenin fəaliyyəti pozulmuş, Elşad onun ünvanına və onu sakitləşdirməyə çalışan şəxslərin ünvanına söyüşlər söymüş, müştərilərin bəziləri kafeni tərk etmiş, kafenin işçiləri Elşadı bir təhər çölə çıxartmış və sonuncu çıxıb getmişdir. Həmin gün axşam saat 22:30 radələrində, Elşad yenə də kafeyə gələrək spirtli içkilər, yəni araq və pivə içdikdən sonra yenə də ondan ayrılmamağı və onu sevdiyini demiş, o isə Elşada çıxıb getməyini, bir daha kafeyə gəlməməsini demişdir. Elşad yenə səs-küy salmış, kafenin fəaliyyəti pozulmuş, qolunu kəsərək özünə xəsarət yetirmiş işçilər Elşadı çölə çıxartmış, polis əməkdaşları gələrək onları bölməyə aparmışlar. Bölmədə ərizə və izahat yazmış, daha sonra isə Elşadı görməmişdir. Həmin hadisədən sonra “Dost qapısı” kafesindən çıxmış və maşın bazarının yaxınlığında yerləşən “Qarabağlılar” kafesinə getmiş, bir müddət orada işlədikdən sonra yenidən “Dost qapısı” kafesinə işə düzəlmiş, həmin vaxtdan Elşadı görməmiş və onunla heç bir münasibəti yoxdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən “Dost qapısı” adlı kafedə kassir işləmiş, təxminən 02 sentyabr 2018-ci il tarixdən Səkinə adlı qadın kafedə ofisiant kimi işləməyə başlamış, Səkinəni Rəna adıyla tanımışdır. Səkinənin sevgilisi kimi tanıdığı Elşad adlı şəxs hərdənbir kafeyə Səkinənin yanına gəlmiş, onlar bir yerdə yemək yemiş, çox vaxt Səkinə işdən çıxanda Elşad gəlib onu aparmışdır. 12 sentyabr 2018-ci il tarixdə saat 14 radələrində kafedəki otaqda olanda kafenin həyətində səs-küy olmasını eşidib həyətə gəldikdə Elşad kafenin həyətində ofisiant işləyən Səkinənin qolundan və çiynindən tutub onu təhqir edərək kafedən bayıra çıxartmaq istədiyini görmüşdür. Həmin vaxt kafedə müştərilər olmuş, Elşadın səs-küyü müştəriləri narahat etmiş, kafenin fəaliyyəti pozulmuşdur. İşçilərlə birlikdə Elşadı Səkinədən ayırmış və kafedən bayıra çıxarıb yola salmışdır. Həmin gün, yəni 12.09.2018-ci il tarixdə saat 22 radələrində kafedə olarkən Elşadın kafeyə gəlib müştəri üçün olan bağlı otaqlardan birində əyləşdiyini görmüş, Elşad bir qədər pivə içdikdən sonra eşitdiyinə görə ona xidmət edən ofisiant vasitəsilə Səkinənin yanına gəlməsini tələb etmişdir. Səkinə isə küsdüyündən Elşadı görmək istəməmiş, bir neçə dəqiqə Elşadın oturduğu otaqda özünə xəsarət yetirdiyini eşitmişdir. Həmin otağa gəlmiş və Elşadın sərxoş vəziyyətdə olduğunu, özünün qol nahiyəsinə yüngülvari cızıq xəsarəti yetirməsini görmüş, buna görə də işçilərlə birgə Elşadı birtəhər kafedən bayıra çıxartmışdır. Lakin Elşad 5-10 dəqiqə sonra yenidən kafeyə qayıtmış və Elşadın qolunda olan yarasına bint bağlanmışdır. Elşad sərxoş vəziyyətdə olduğundan kafedə nalayiq sözlər deyərək səs-küy salmış, müştəriləri narahat etmiş, kafenin fəaliyyətini pozmuş, məcbur olaraq polisə zəng etmiş, polis əməkdaşları gəlib onu, Səkinəni və Elşadı 34-cü PŞ-nə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X5 Alayında polis nəfəri vəzifəsində xidmət etmiş, 12.09.2018-ci ildə saat 22-də postaçı yoldaşı Şahid3 ilə Xətai rayonu «Əhmədli» metrostansiyanın yaxınlığından 2435 saylı çağırış avtopatrulla xidmətdə olduğu zaman M.Hadi küçəsində yerləşən «Dost qapısı» restoranının inzibatçısı (adını xatırlamır) onun mobil nömrəsinə zəng edərək restoranın daxilində bir nəfər cavan oğlanın sərxoş vəziyyətdə səs-küy yaratdığını və kafeyə gəlməyi xahiş etmişdir. Həmin vaxt kafenin yaxınlığında olduğu üçün məlumatı qəbul edən kimi dərhal həmin ünvana getmişlər və bir nəfər tanımadığı təxminən 30-35 yaşlarında oğlanın sərxoş vəziyyətdə həmin kafedə ofisiant işləyən qadınla mübahisə etdiyini görmüşdür. Həmin oğlana xəbərdarlıq edərək sakitləşməsə əks təqdirdə onu bölməyə aparıb qanuni tədbir görəcəklərini demişdir. Həmin şəxs kafedən gedəcəyini, bir daha heç kəsi narahat etməyəcəyini deyərək uzaqlaşmışdır. O da postaçı yoldaşı ilə birgə ərazidən uzaqlaşmışdır. Təxminən 1 saat sonra yenidən kafenin inzibatçısı onun mobil nömrəsinə zəng edərək oğlanın kafeyə qayıdaraq yenidən səs-küy saldığını demiş, dərhal kafeyə gəlmiş və həmin qızı və oğlanı 34-cü Polis Bölməsinə aparmışlar. Bölmədə məlum olmuşdur ki, həmin şəxslər 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxsdır. Şahid3lə restorana gələn zaman konkret olaraq kiminsə qarşılıqlı dalaşmasını görməsə də sonradan adını Elşad kimi bildiyi şəxsin ünvansız olaraq kimisə təhqir etdiyini görüb onu sakitləşdirmiş və onları Polis Bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 iş üzrə digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanması haqqında 25 sentyabr 2018-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 1); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyinin 878 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol yanaq, sağ bazu nahiyələrində qançırlar, sol çiyin qurşağı və sağ bazu nahiyələrində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 12.09.2018-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir (i.v. 15-16); cinayət işinin icraata qəbul edilməsi haqqında 27 sentyabr 2018-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə olan ********* №li cinayət işi icraata qəbul edilmişdir (i.v. 17); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 05.02.2019-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 19); zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 yanvar 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır (i.v. 43); ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi haqqında 23 yanvar 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan olunması üçün barəsində axtarış elan edilmişdir (i.v. 51-52); tutma haqqında 31 yanvar 2018-ci il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 31.01.2018-ci il tarixdə, saat 12:00 radələrində tutulmuşdur (i.v. 58); cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 01 fevral 2019-cu il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmuş və ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs ikinci dəfə, yəni 12.09.2018-ci ildə kafenin qarşısına gələrək törətdiyi xuliqanlıq əməli həmin günü saat 14:00-da kafenin daxilində törətdiyi xuliqanlıq cinayətinin davamı kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs, şakit Şahid1, Şahid2 və Şahid3 ifadələri, üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolu məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin Xətai rayon şöbəsinin verdiyi 14 sentyabr 2018-ci il tarixli 878 saylı rəyi sübut kimi qiymətləndirilmişdir (i.v. 76-81); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 fevral 2019-cu il tarixli qərardan görünür ki, ********* №li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 83); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında 02 fevral 2019-cu il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad olunduqdan sonra barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 93-94); ünvan 2el 2019-cu il tarixli qərardan görünür ki, X2 barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin 22.04.2021-ci il tarixli, ***- **** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. iş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsində görünür ki, onun Təqsirləndirilən şəxs barəsində şikayəti yoxdur, ziyan ödənilmişdir, onunla barışmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertizanın rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, məcburi köçkün olmasını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.12-59.1.13), nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, məhkəmədən gizlənməsi mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfü axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 yanvar 2019-cu il tarixdən 02 fevral 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün, 22 aprel 2021-ci il tarixdən 18 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 26 (iyirmi altı) gün, ümumilikdə 28 (iyirmi səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 07 (yeddi) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar