Məhkəmə qərarları › İş №1(011)-100/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-100/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-100/2023 20.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, zərər çəkmiş şəxs X10 hüquqi varisi X2, zərər çəkmiş şəxsin nümayəndəsi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili İsayev X20 müdafiəçilər Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və X15 və Müdafiəçi1 Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1994-cü il tarixində Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Dəstə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Xızı Rayonu Polis Şöbəsinin Cinayət axtarış işi üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2dan yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 07 iyul 2022-ci il tarixdə saat 17 radələrində “B1,B” kateqoriyalı, BB seriyalı 103410 nömrəli sürücülük vəsiqəsi və AD seriyalı 481946 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında idarə etdiyi özünə məxsus olan texniki cəhətdən saz “Ford Mustang” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanının qarşısı ilə üzü Ukrayna dairəsi istiqamətində saatda təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısın almağa texniki imkanı olduğu halda bunu etməmiş, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda Qanunun tələbinə riayət etməyərək, idarə etdiyi avtomobillə ünvan 4 ünvanının qarşısında yolu soldan sağa doğru iti yerişlə keçən piyadalar X5 və Zərərçəkmiş şəxs idarə etdiyi həmin avtomobilin sol yan hissəsi ilə vurub, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ənsə-təpə nahiyəsinin hematoması və əzilmiş-cırılmış yarası, sağ bayır topuğun sindesmozdan keçən çəp, yerdəyişməli sınığı ilə müşayiət olunan, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, X6 isə baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma və üzün sıyrığı ilə nəticələnən, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan ölümü ilə bir-başa səbəbli əlaqəli sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə, sonuncunun 13 iyul 2022-ci il tarixdə saat 13.45-də müalicə olunduğu Neyrocərrahlıq Xəstəxanasında ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi və ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti, zərərçəkmiş şəxsin ifadəsi və ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti, hadisə yerinə, DVD disklərə və avtomobilə baxış protokolları, məhkəmə tibb, məhkəmə yol nəqliyyat hadisəsi ekspertiza rəyləri və iş üzrə toplanmış digər istintaq sənədləri ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ittiham olunan əməldə özünü təqsirli bilməyərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, bu hadisənin baş verməsini heç zaman istəməzdi. X3 həyatda qalması üçün hər cür addım atmışdır. Özü və yaxın qohumları tərəfindən bir neçə barışığa cəhd edilmişdir. Maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı hər cür addım atmağa hazır olmuşdur. Səbəb özü olmuşdur, heç vaxtı bu hadisənin baş verməsini istəməzdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yolu keçərkən, yolun ortasında yerləşən səkidə oğlu Muradla dayanaraq maşınların keçməsini gözləmişlər. Həmin vaxtı ağ maşın onlara yol verdiyindən o da, oğlunun əlindən tutaraq yolu keçməyi qərara almışdır. O yolu keçmək istəyərkən möhkəm uğultulu maşın səsi eşitmiş və nə edəcəyini tam qərarlaşdıra bilmədiyindən və qarşı tərəfdə otluq qazon olduğundan həmin istiqamətə tərəf oğlu Muradla birlikdə qaçmaq qərarına gəlmişdir. Lakin, onlar qaça bilməmiş, X28 maşın onları vurmuşdur. O hadisənin necə baş verdiyini tam anlamamış, yerdə uzanıqlı vəziyyətdə oğlu Muradın adını sayıqlamışdır. Bu zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onları maşınla vurduğunu bildirmiş və təcili tibbi yardım çağırmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi bina 298 mənzil 90-da yaşayır. O, Bakı şəhərində anadan olmuş, 2005-ci ildə Bakı şəhəri, Xətai rayonunda yerləşən 56 nömrəli məktəbi bitirmiş, həmin ildə Azərbaycan Texniki Universtetinə daxil olmuş, 2009-cu ildə universiteti bitirdikdən sonra hərbi xidmətə getmiş və 2010-ci ildə hərbi xidmətdən qayıtmışdır. O, Zərərçəkmiş şəxs ilə 2015-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2016-ci il tarixdə oğlu Murad Əhmədov anadan olmuşdur. Arvadı Zərərçəkmiş şəxs heç bir yerdə işləmir, mərhum oğlu Murad Əhmədov 2021-ci ilin sentyabr ayından Bakı şəhəri, Xətai rayonunda yerləşən 245 saylı məktəbdə məktəbəqədər təhsilə başlamış, Murad həmçinin 2022-ci ilin yanvar ayından etibarən “Cüdo” idman növü ilə məşğul olmuş, həmin idman növü ilə məşğul olduğu vaxtda bir neçə idman yarışlarında iştirak etmiş, 1-ci və 2-ci yerlərə layiq görülmüş və bununla bağlı diplomlar almışdır. xx.xx.2022-ci il tarixdə o, “Port Baku”-da növbədə olmuş, həmin tarixdə saat 17:46-da qardaşı Babək Əhmədov ona zəng edərək təcili “Neyrocərrahiyyə” xəstəxanasına gəlməsini bildirmiş, lakin nə baş verdiyini deməmişdir. O, dərhal işdən icazə alıb taksi ilə həmin xəstaxanaya getmiş, yolda olarkən arvadı Zərərçəkmiş şəxs zəng etmiş və bu zaman Qənirə ona ağlayaraq baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat verib onları maşın vurduğunu, onu Sabunçuya apardıqlarını, lakin Muradın hara aparılması barədə məlumatı olmadığını bildirmişdir. O, “Neyrocərrahiyyə” xəstəxanasına çatan zaman həkimlərdən oğlu Muradın səhhəti barədə məlumat aldıqda ona Muradın vəziyyətinin çox ağır olduğu və ölüm təhlükəsi olduğu bildirilmiş, daha sonra o Qənirəyə zəng vuraraq onun da “Neyrocərrahiyyə” xəstəxanasına gətirilməsini bildirmişdir. Bu zaman Qənirə yanında olan şəxslərdən “Neyrocərrahiyyə” xəstəxanasına aparılmasını xahiş etmiş, həmin vaxt avtomobillə arvadını və oğlunu vuran şəxsin yaxın qohumları Qənirəni “X35” xəstəxanasına gətirmiş, orada Qənirənin ayağına gips qoyulmuş, daha sonra isə həmin şəxslər arvadı Qənirəni “Neyrocərrahiyyə” xəstəxanasına gətirmişlər. Ora gəldikdə arvadı Qənirəni müayinə etdirmiş, Qənirənin başında da xəsarət olduğu üçün həkimlər tərəfindən başına tikiş qoyulmuş, bundan sonra isə Qənirəni xəstəxanadan çıxartmışlar. Oğlu Murad 6 gün ərzində yəni xx.xx.2022-ci il tarixinədək ağır koma vəziyyətində olmuş, xx.xx.2022-ci il tarixdə isə günorta vaxtı təxminən saat 14 radələrində həmin xəstəxanada vəfat etmiş, vəfat etdikdən sonra Murad Əhmədovun meyiti müayinə olunmaq üçün SN MTE və PA birliyinin Bakı şəhəri, Xətai rayonu şöbəsinə aparılmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında 13 iyul 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işinin başlanılması və ibtidai araşdırmanın Xətai Rayon prokurorluğunun müstəntiqi X7 tapşırılması qərara alınmışdır. (i.v. 1); Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X16 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Yol-nəqliyayt hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və iş materillarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs və hal şahidləri X25 və X12 iştirakları ilə hadisənin baş verdiyi ünvan 5 ünvanına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş verən zaman hava günəşli və aydın olmuş, temperatur 32 C olmuş, örtük üfüqi, quru olmuş, hərəkət zolaqlarının sayı üç(hadisənin baş verdiyi yer üzrə), yolun hərəkət hissəsi soldan və sağdan səki ilə sədlənmiş yolun hərəkət hissəsi düz, örtüyün növü asfaltbeton, yol örtüyünün eni 18 metr, hərəkət zolaqlarının sayı 6(ümumi), qarşı-qarşıya gələn nəqliyyat axınını ayırmaq üçün orta hissədə səki vardır. Vurulan piyadaların sayı 2, piyadaların vurulma yerindən sol ehtiyat hissəyə qədər 5,5 metr məsafə olmuş, «Ford Mustang» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadaları orta zolağda vurmuşdur (i.v 8-13) xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, «Ford Mustang» markalı ** KD *** dövlət qeydiyyat nişanlı avtomobilin buferinin sol hissəsi əzilərək zədələnmiş, bufer sol faradan və sol ön qanaddan aralanmış, sol ön qanad əzilərək deformasiyaya uğramış, batıqlar yaranmış, sol güzgüsü sınmış, avtomobilin ön “lipi” zədələnmişdir.(i.v 93-94) Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş BB103410 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx.xx.1994-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə B1 B kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, vəsiqə xx.xx.20231-ci il tarixədək etibarlıdır (i.v. 14); xx.xx.2022-ci il tarixdə verilmiş və xx.xx.2027-ci il tarixədək qüvvədə olan AZ58459 nömrəli vəsiqədən görünür ki, polis kapitanı Təqsirləndirilən şəxs Xızı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsi axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir(i.v 15) xx.xx.2022-ci il tarixli, 2/22644 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə müayinədən keçərkən onda alkoqol sərxoşluğu vəziyyəti olmamışdır.(i.v 16) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X30 Xətai rayon şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 55 №-li ekspert rəyində göstərilmişdir ki : «1. Mərhum X3 meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma. Üzün sıyrığı. Qeyd olunun xəsarətlər həyati olub bərk-küt əşya təsirindən törənmişdir, eləcə də yol-nəqliyyatı hadisəsi şəraitində mərhumun xəstəxanaya (xx.xx.2022-ci il saat 17.25) müraciət etməsindən bir qədər əvvəl törənə bilərdi. Dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə bir-başa səbəbli əlaqəlidirlər.

2. Mərhum X3 ölümünə səbəb olan baş beyin toxumasına, mədəciklərə massiv qansızma və baş beyinin əzilməsi olmuşdur. Ölüm xəstəxanada xx.xx.2022-ci il tarixdə saat 13.45-də baş vermişdir»(i.v. 50-54) 21 iyul 2022-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınma haqqında qərardan görünür ki, X9 zərər çəkmiş şəxs X3 hüquqi varisi kimi tanınmışdır. (i.v. 37); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X22 13 iyul 2022-ci il tarixli 55 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizasına və tibbi sənəddə qeyd olunanlara əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb va ekspertiza qarşısına qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1.X1 meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma. Üzün sıyrığı. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşya təsirindən törənmişdir, eləcədə yol-nəqliyyatı hadisəsi şəraitində mərhumun xəstəxanaya (xx.xx.2022-ci il saat 17.25) müraciət etməsindən bir qədər əvvəl törənə bilərdi. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə bir- başa səbəbli əlaqəlidirlər. 2.X1 ölümünə səbəb baş beyin toxumasına, mədəciklərə massiv qansızma və baş beyinin əzilməsi olmuşdur. Ölüm xəstəxanada xx.xx.2022-ci il tarixdə saat 13.45-də baş vermişdir. (i.v 50-54) 05 sentyabr 2022-ci il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır(i.v 55) 05 sentyabr 2022-ci il tarixli zərər çəkmiş şəxsin dindirilməsi protokolundan görünür ki. 2015-ci ildə X39 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2016-ci il tarixdə oğulları Murad Əhmədov anadan olmuş, Murad Əhmədov 2021-ci ilin sentyabr ayından Bakı şəhəri, Xətai rayonunda yerləşən 245 saylı məktəbdə məktəbəqədər təhsilə başlamış, həmçinin 2022-ci ilin yanvar ayından etibarən “Cüdo” idman növü ilə məşğul olmuş, həmin idman növü ilə məşğul olduğu vaxtda bir neçə idman yarışlarında iştirak etmiş, 1-ci və 2-ci yerlərə layiq görülmüş və bununla bağlı diplomlar almışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o, oğlu Murad ilə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi bina 298 mənzil 90-dan 8-ci km qəsəbəsinə anası Ruxsarənin yaşadığı mənzilə getmək üçün çıxmış, M.Hadi küçəsi ilə avtomobil yolunu yaşadıqları bina olan tərəfdən Xətai rayon icra şöbəsi tərəfə keçərək oradan avtobus ilə anasıgilə getməyə çalışmışlar. O, yolun birinci hissəsini keçmiş, yolun ortasında olan səkidə durmuş, sağ tərəfdən gələn maşınları buraxmaq üçün yolun sağına baxmışdır. Sağ tərəfdən aralı məsafədən açıq rəngli minik avtomobilin, onun arxasınca isə tünd rəngli idman minik avtomobilin hərəkətdə olmasını görmüşdür. Onun sağ əlində kulyok olmuş, sol əli ilə isə azyaşlı övladı Muradın əlindən tutmuş və iti yerişlə yolu keçməyə başlamışdır. Hərəkətdə olan açıq rəngli avtomobilin qarşısından keçib hərəkətini davam etdirərkən sağ tərəfdən hərəkətdə olan tünd rəngli idman minik avtomobil onu və Muradı vurmuşdur. Avtomobil ona dəyən kimi o, huşunu itirmiş, sonra baş verənlərdən xəbəri olmamış və avtomobilin Murada dəyməsini görməmişdir. Bir müddət sonra o, özünə gəlib gözünü açdıqda arxası üstə asfalt üzərində uzanmış vəziyyətdə olmuş, deməsinə görə «Murad Murad» deyərək qışqırmış, onun başının üstündə duran kişi onu avtomobillə vurduğunu demiş, o, Muradı soruşduqda cavab verən olmamışdır. 3-5 dəqiqəyə təcili tibbi yardım gəlmiş, o, həmin avtomobilə qoyulmuş, həmin vaxt kimsə telefonunu ona vermiş, o, ərinə zəng edə bilmədiyi üçün qaynı Babəkə zəng vuraraq baş verənlər barədə bildirmiş və Muradı tapmasını xahiş etmişdir. Təcili tibbi yardı onu 3 saylı şəhər kliniki xəstəxanasına gətirmiş, orada onu müayinə etdikdən sonra ayağına gips qoyulmuş, oradan Neyrocərrahlıq Xəstəxanasına gəlmiş, orada başına tikiş qoyulmuş və elə həmin vaxt Muradın da Neyrocərrahlıq Xəstəxanasında olduğunu bilmişdir. Daha sonra Bakı Medikal Plazaya gəlmiş, orada onun ayağı yenidən gipsə salınmış və oradan çıxıb Neyrocərrahlıq Xəstəxanasına qayıtmışdır. Murad 6 gün ərzində yəni xx.xx.2022-ci il tarixinədək ağır koma vəziyyətində olmuş, xx.xx.2022-ci il tarixdə isə günorta vaxtı təxminən saat 14 radələrində həmin xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona ən ağır cəza verilməsini xahiş etmişdir.(i.v 59-62) 05 sentyabr 2022-ci il tarixli zərər çəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs M.Hadi küçəsində yolun birinci hissəsində yolu keçdikləri yolu göstərmiş, yolun ortasında olan səkidə oğlu Murad ilə durduqları yeri göstərmiş, həmin yerdən sağ tərəfdən gələn maşınları buraxmaq üçün yolun sağına baxdığını bildirmiş, onun vurulma yerini göstərdikdə, yolun kənarından vurulma yerinə qədər 6 metr məsafə qət etməsi müəyyən olunmuşdur.(i.v 63) xx.xx.2022-ci il tarixli, 016-110507-1222 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BB 103410 nömrəli “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. “Ford Mustang” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən Təqsirləndirilən şəxs adında qeydiyyatdadır.(i.v. 66-67) Azərbaycan Respublikası DİN BDYPİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 016- 112113-1222 nömrəli məktuba əlavə edilmiş son bir il ərzində olan cərimələr barədə məlumatlara əsasən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə, yəni yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə, yəni yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə cərimə edilmişdir.(i.v. 68-69) 20 sentyabr 2022-ci il tarixli şahidin ifadəsinin yerində yoxlanılması barədə protokoldan görünür ki, şahid Təqsirləndirilən şəxs hadisə yerində yolun solunda piyadaların qarşısından çıxdığı naməlum cip markalı avtomobilin dayandığı yeri göstərməsi təklif edildik, o həmin yeri göstərmiş, daha sonra şahid Təqsirləndirilən şəxs piyadaların həmin naməlum cip markalı avtomaşının tinindən çıxdığı nöqtəni və piyadaları öz avtomobili ilə vurduğu nöqtəni göstərmsəi təklif olunduqda, şahid Təqsirləndirilən şəxs həmin nöqtələri göstərmiş və ölçmə ilə müəyyən edilmişdir ki, həmin nöqtələr arasında məsafə 1,35 metrdir. Yəni müəyyən edilmişdir ki, piyadalar naməlum cip markalı avtomobilin qarşı tinindən şahid Təqsirləndirilən şəxs hərəkət yoluna doğru çıxdıqları andan sonuncunun avtomobili ilə vurulduqları ana qədər 1.35 metr məsafə qət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs o, piyadalar qarşıdakı naməlum cip markalı avtomobilin tinindən onun hərəkət yolu istiqamətinə çıxdıqları və görünüş dairəsinə düşdükləri anda piyadaların vurulduqları nöqtədən hansı məsafədə olmasını göstərməsi təklif edildikdə, şahid Təqsirləndirilən şəxs həmin nöqtəni göstərmiş və ölçmə ilə müəyyən edilmişdir ki, piyadalar qarşıdakı naməlum cip markalı avtomobilin tinindən çıxdıqları anda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil piyadaların vurulduqları nöqtədən 17.6 metr məsafədə olmuşdur. Həmçinin şahid Təqsirləndirilən şəxs hadisə yerində naməlum cip markalı avtomobilin yanından keçərkən iki avtomobilin arasında olmuş yan məsafəsini göstərməsi təklif edildikdə, şahid Təqsirləndirilən şəxs həmin məsafəni göstərmiş və ölçmə ilə müəyyən edilmişdir ki, hadisə zamanı iki avtomobilin arasındakı yan məsafəsi 1.35 metr olmuşdur. İfadənin yerində yoxlanılması zamanı həmçinin ölçmə ilə müəyyən edilmişdir ki, yolun hərəkət hissəsinin eni ümumilikdə 10 metrdir.(i.v 80-85) Xətai rayon icra şöbəsindən təqdim edilmiş 17/74-01/16 nömrəli, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, görüntülərlə M.Hadi küçəsi ilə H.Aslanov metrostansyasından Ukrayna dairəsi və Xətai icra şöbəsi istiqamətində hərəkətdə olan avtomobillər qeydə alınıb. Müəyyən edilir ki, piyada Xətai rayon icra şöbəsin qarşısında ayrıcı zolaqdan yolun hərəkət hissəsinə daxil olaraq yolu sağa doğru keçməyə başlayır, piyada yolu keçməkdə olarkən görüntüyə sol zolağ ilə hərəkət edən KİA markalı **-PU-*** dövlət qeydiyyat nişanı avtomobil düşür, piyada həmin avtomobilin qarşısından keçdikdən sonra sağa istiqamətlənmiş vəziyyətdə «Ford Mustang» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlir. Bu zaman «Ford Mustanq» avtomobili həmin iki nəfər piyadanı vurur, sonra avtomobil səkiyə dəyir və yola perpendikulyar vəziyyətdə dayanır, KİA markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil isə surətini dəyişdirmədən hərəkətini davam edərək hadisə yerindən uzaqlaşır. Xətai rayon icra şöbəsindən təqdim edilmiş 17/74-01/16 nömrəli, xx.xx.2022-ci il tarixli məktubun rekvezitlərindən və mətndən müəyyən edilir ki, hadisə ünvan 3 ünvanının qarşısında baş vermişdir.(i.v 86-89) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X30 Xətai rayon şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 1065 №-li ekspert rəyində göstərilmişdir ki: «Vət.Zərərçəkmiş şəxs ənsə-təpə nahiyəsinin hematoması və əzilmiş-cırılmış yarası, sağ bayır topuğun sindesmozdan keçən çəp, yerdəyişməli sınığı müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə YNH zamanı törənə bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilirlər».(i.v. 112-114) Azərbaycan Respublikası DİN-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 117) Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X17 adlı iki azyaşlı övladları vardır(i.v 120) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 8/2624 №-li ekspert rəyində göstərilmişdir ki : “İstintaq tərəfindən verilən məlumatlara əsasən piyadalar vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsinin piyadaları vurduğu yerdən olduğu məsafə (Sa) onun mövcud şəraitə uyğun tam dayanma yolundan (Sd) böyükdür (Sa˃ Sd). Ona görə də, nəqliyyat vasitəsinin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Odur ki, «Ford Mustang» markalı 10KD085 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.” (i.v122-125) 14 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs avtomobilini təxminən 50-60 km/saat surəti ilə idarə etdiyi zaman onun qarşısında hərəkətdə olan avtomobilin sürətini tam dayanma həddinə qədər azaltdığını, o, həmin avtomobilə çatarkən qəflətən həmin avtomobilin qarşısından bir qadın ilə azyaşlı uşağın iti surətlə qaçaraq yolun solundan sağına doğru onun hərəkət zolağına çıxdıqlarını, sərt tormozlama aparmaq istədiyi zaman həmin piyadaların idarə etdiyi avtomobilə çırpıldıqlarını barədə verdiyi ifadəsi onun öz məsuliyyətini yüngülləşdirmək və daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədilə özünü müdafiə xarakteri kimi qiymətləndirilmsəi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair qərar qəbul edilməsi, Təqsirləndirilən şəxs əməlində cinayət hadisəsi olmadığından barəsində Azərbaycan Respublikası CM-in 264cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi və Azərbaycan Respublikası CPM-nin 155.5-ci maddəsində göstərildiyi qaydada ondan iltizam alınması, iş üzrə təyin edilərək keçirilməsi təmin edilmiş ekspertizaların nəticələrinə dair verilmiş rəylər, zərər çəkmiş şəxsin və zərər çəkmiş şəxsin hüquqi varisinin ifadələri, baxış protokolları və onlara olan əlavələr, habelə digər sənədlər işi üzrə sübut növü kimi tanınması, Azərbaycan Respublikası DİN-dən və Xətai rayon icra şöbəsindən daxil olmuş DVD disklər maddi sübut kimi tanınması, istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə əlaqədar istintaqla müəyyən edilməli hallar üzrə toplanmış mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən həmin sübutlar kifayət etmiş hesab edilməsi qərara alınmışdır.(i.v 130-139) 14 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilməsi və qərar ona elan olunmaqla, surətinin təqdim edilməsi qərara alınmışdır.(i.v 141-142) 14 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protoklundan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, 2011-ci ildə orta məktəbi bitirdikdən sonra Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub 2015-ci ildə həmin fakültəni bitirmiş, 2015-2016-cı illərdə hərbi xidmətdə olmuş, 2017-ci ildə əmək fəaliyyətinə başlayaraq X14 işə qəbul olunmuş və həmin vaxtdan bu günə qədər Xızı Rayon Polis Şöbəsində müxtəlif vəzifələrdə işləyir. 2020-ci ildən hal hazıra qədər cinayət axtarış bölməsinin axtarış işi üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsindədir. 2012-ci ildə sürücülük vəsiqəsi almış, sonuncu dəfə müddəti bitmiş sürücülük vəsiqəsini 2021-ci ildə təzələmiş və B1 və B kateqoriyaları sürücülük vəsiqəsi almış, sürücülük vəsiqəsi olan vaxtdan avtomobil sürməyə başlamış və 2019-cu ildən isə öz adına olan «Ford Mustang» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2022-ci il tarixdə axtarış işi ilə əlaqədar Bakı şəhərində xidməti ezamiyyətdə olan zaman saat 17 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsi ilə H.Aslanov metrosundan Ukrayna dairəsi istiqamətində «Ford Mustang» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək hərəkət etmiş, avtomobilində tək olmuş, həmin yolun sağ kənarı ilə səki boyunca birinci zolaqda avtomobillər saxlayıb park etmiş, o, həmin zolaqdan sonrakı, yəni orta zolaq ilə hərəkət etmiş, ondan soldakı zolaqla da avtomobillər hərəkət halında olmuş və həmin zolaq ilə avtomobillər geriyə dönmə yerinə doğru hərəkət etmişlər. Onun hərəkəti üçün yolda heç bir maneə olmadığına və qarşıdakı yol hissəsini çox aydın gördüyünə görə avtomobili təxminən 50-60 km/saat surəti ilə idarə etmiş və qarşıda, bir xeyli irəlidə yolun sol kənarında tanımadığı ağ rəngli cip markalı avtomobilin sürətini demək olar ki,tam dayanma həddinə qədər azaltmasını kifayət qədər aralıdan görmüşdür. Həmin cip markalı avtomobilin surətini azaltdığı yerdə geriyə dönmək üçün yol olmuş, deməsinə görə belə düşünmüşdür ki, həmin avtomobil əks istiqamətdə getmək üçün dönmə əməliyyatı etməyə hazırlaşmış və bununla bağlı sürətini tam azaltmışdır. Həmin avtomobilin öz soluna manevr etməsi onun hərəkəti üçün heç bir təhlükə yaratmadığından o, surətini azaltmadan yoluna davam etmiş, həmin avtomobilə çatarkən qəflətən həmin ağ cip avtomobilinin qarşısından bir qadın ilə azyaşlı uşağın iti surətlə qaçaraq yolun solundan sağına doğru onun hərəkət zolağına çıxdıqlarını görmüş, həmin anda da həmin piyadaları vuracağını dərk edərək sərt tormozlama aparmaq məqsədi ilə ayağını tormozun əyləcinə ataraq eyni hərəkətlə sükanı sağa burub həmin piyadaların vurulmasından yayınmağa calışmış, lakin, ayağı tormoza çatar-çatmaz həmin piyadalar idarə etdiyi avtomobilə çırpılmış və bundan sonra avtomobil sağ tərəfə gedərək yolun kənarındakı səkiyə çırpılaraq dayanmışdır. O, dərhal maşından düşüb piyadalara yaxınlaşaraq öz mobil telefonu ilə təcili tibbi yardıma zəng etmiş, hadisə yeri təcili tibbi yardım stansiyasına yaxın olduğundan 2-3 dəqiqə keçmiş təcili tibbi yardım gəlmiş və qadını 3 saylı şəhər kliniki xəstəxanasına, uşağı isə Neyrocərrahlıq Xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, o, nə xx.xx.2022-ci il tarixdə, nə də ki, bundan əvvəlki günlər sprirtli içki və dərman qəbul etməmiş, hadisə zamanı avtomobili texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. (i.v 149-150) 14 noyabr 2022-ci il tarixli iltizamdan görünür ki, təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155.5-ci maddəsinə əsasən ondan yazılı iltizam alınmışdır(i.v 151) Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti, zərərçəkmiş şəxsin ifadəsi və ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti, hadisə yerinə, DVD disklərə və avtomobilə baxış protokolları, məhkəmə tibb, məhkəmə yol nəqliyyat hadisəsi ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə və məhkəmədə özünü təqsirli bilməyərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, DVD disklərdə olan görüntülər və iş materiallarında olan digər sübutlarla təkzib olunur. Belə ki, məhkəmə iclasında Xətai rayon icra şöbəsindən təqdim edilmiş 17/74-01/16 nömrəli, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, piyada Xətai rayon icra şöbəsin qarşısında ayrıcı zolaqdan yolun hərəkət hissəsinə daxil olaraq yolu sağa doğru keçməyə başlayır, piyada yolu keçməkdə olarkən görüntüyə sol zolağ ilə hərəkət edən KİA markalı **-PU-*** dövlət qeydiyyat nişanı avtomobil düşür, piyada həmin avtomobilin qarşısından keçdikdən sonra sağa istiqamətlənmiş vəziyyətdə «Ford Mustang» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlir. Bu zaman «Ford Mustanq» avtomobili həmin iki nəfər piyadanı vurur, sonra avtomobil səkiyə dəyir və yola perpendikulyar vəziyyətdə dayanır, KİA markalı **- PU-*** dövlət qeydiyyat nişanlı avtomobil isə surətini dəyişdirmədən hərəkətini davam edərək hadisə yerindən uzaqlaşması əks olunması müəyyən edilmişdir. Zərər çəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması protokolundan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/2624 №-li ekspert rəyindən görünür ki, yolun kənarından vurulma yerinə qədər 6 metr məsafə qət etməsi müəyyən olunmuşdur. Şahidin ifadəsinin yerində yoxlanması haqqında protokolunda, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil piyadaların vurulduqları nöqtədən 17.6 metr məsafə, şahid Təqsirləndirilən şəxs ifadəsində nöqtələrin ölçülməsi ilə müəyyən edilmiş və göstərilən həmin xüsusat zərər çəkmiş şəxsin ifadəsinin yerində yoxlanması protokolu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 8/2624 №-li ekspert rəyi ilə təkzib olunur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını (CM-59.1.4), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi(59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində həbs qismində qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), cəza çəkməsinin əvvəli hökmün tarixindən hesablanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona 02(iki) il, 06(altı) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05(beş) il, 02(iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 20 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 85 (səksən) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Maddi sübut kimi iş materiallarına əlavə edilmiş disklər cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar