Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-101/2023 04.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1980-ci ildə Biləsuvar rayonu Ağalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 1(006)-315/2022 nömrəli hökmü ilə 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: 220200057 saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 28 avqust 2022-ci il tarixdə saat 22 radələrində ünvan 3 ünvanının yaxınlığında Sevgi parkının qarşısında park edilmiş "xxxx" MMC-yə məxsus Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Volkswagen Passat” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda işığın yanmasını görüb həmin avtomobilə yaxınlaşaraq qapılarının kilidlənmədiyinə və ətrafda kənar şəxslərin olmadığına tam əmin olduqdan sonra ön sağ qapını əli ilə açıb avtomobilin arxa sərnişin oturacağının üzərinə qoyulmuş Zərərçəkmiş şəxs məxsus “Mont Blanc” markalı 250 manat dəyərindəki pul kisəsini və həmin pul kisəsində olan bir ədəd dəyəri 1 manat olan üzərində “Le Meridien” sözləri yazılmış qələmi, həmçinin 9000 (doqquz min) manat, Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 11900 (on bir min doqquz yüz) manat təşkil edən 7000 (yeddi min) ABŞ dolları, 119 manat 38 qəpik (bir yüz on doqquz manat otuz səkkiz qəpik) təşkil edən 200 (iki yüz) Gürcüstan larisi, 28 manat 08 qəpik (iyirmi səkkiz manat səkkiz qəpik) təşkil edən 300 (üç yüz) Türkiyə lirəsi, 168 manat 56 qəpik (bir yüz altmış səkkiz manat əlli altı qəpik) təşkil edən 100 (bir yüz) Avro məbləğində pulları gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 21467.02 (iyirmi bir min dörd yüz altmış yeddi manat iki qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi, əl-barmaq izləri və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, oğlu İbrahim anadangəlmə serebral iflic xəstəsi olduğu üçün hərəkət edə bilmir. Buna görə də mütəmadi olaraq hər gün oğlu İbrahimi açıq havada gəzdirirlər. 28 avqust 2022-ci il tarixdə parkdan övladlarını özü ilə birlikdə evə gətirib övladının əl arabasını evə qaldırıb biraz evdə oturduqdan sonra aşağı enmişdir. Gəzmək üçün Sevgi parkı kimi bildiyi əraziyə getmişdir. Həmin əraziyə saat 22 radələrində çatıb biraz dolandıqdan sonra yolun kənarında park edilmiş halda olan ağ rəngli “Volkswagen passat” markalı avtomobilin olmasını, salon hissəsində işığln yanılı vəziyyətdə qaldığını görmüşdür. O, kənardan bir az müşahidə etdikdən sonra Avtomobilə yaxınlaşmış və qapısının açıq olduğunu anlamışdır. Ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra avtomobilin sağ sərnişin qapısını açaraq avtomobilin içərisinə daxil olmuşdur. Arxa oturacağın üzərində qara rəngli pul kisəsini görüb pul kisəsini cəld şəkildə götürüb avtomobilin qapısını örtərək oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. Evdə pul kisəsinə baxdıqda içərisində müxtəlif bank kartları, 7000 ABŞ dolları, 4 ədəd 500 manatlıq pul əskinası, 4 ədəd 200 manatlıq pul əskinası, 1100 manat 100 manatlıq 140 türk lirəsi, 20 evro, 200 gürcü larisi pul əskinasları olmuşdur. Oğurladığı pul kisəsində olan şəxsiyyət və sürücülük vəsiqələrindən həmin pul kisəsinin Zərərçəkmiş şəxs məxsus olmasını müəyyən etmişdir. Ailə üzvlərinin xəbəri olmasın deyə pul kisəsini içərisində olan pullar və digər əşyalarla birlikdə götürüb evdə olan qızı Rüqəyyanın yataq otağında çarpayısı ilə kiçik ölçülü dolabın arasında gizlətmişdir. 29 avqust 2022-ci il tarixdə saat 19 radələrinə kimi evdə olmuşdur. Axşam saat 18 radələrində o, yuxudan oyanmış, evdə çörək yedikdən sonra həmin pul kisəsindən 2 ədəd 500 manatlıq pul əskinasını götürüb cibinə qoymuşdur. Daha sonra evin yaxınlığında olan “Bravo” marketə getmişdir. Həmin marketdən evə müəyyən ərzaq məhsulları almışdır. Marketdə 100 manata yaxın pul xərcləmişdir. Daha sonra oğlu İbrahimin xəstəliyinin müalicəsi üçün istifadə edilən dərmanı alıb yenidən evə qayıtmışdır. Ailə üzvləri onun oğurluq etdiyini bilməsin deyə gecə radələrində gizli yolla taladığı pul kisəsini gizlətdiyi yerdən götürmüşdür. Evdə əlavə də bir ədəd pul kisəsi olmuşdur. O, oğurladığı qara rəngli pul kisəsində olan 7000 ABŞ dolları məbləğində pulu və 1 ədəd 500 manatlıq pul əskinasını özünə məxsus olan pul kisəsinin içərisinə qoymuşdur. Həmin pul kisəsini qızı Rüqəyyanın yataq otağında əvvəlki gizlətdiyi yerə qoymuşdur. Cinayət yolu ilə əldə etdiyi pul kisəsini isə içərisində 100-200 manatlıq pul əskinasları ilə birlikdə gündəlik xərclik üçün evin giriş hissəsində sol tərəfdə yerləşən dolabın üzərində olan kağız qutunun aşağısında gizlətmişdir. 08 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində o, evdə olarkən polis əməkdaşları ona zəng edib yaşadığı evin yaxınlığında olduğunu, onunla işlərinin olduğunu deyərək onu aşağı dəvət etmişlər. O, aşağı endikdən sonra polis əməkdaşları ilə birgə Bakı şəhər Xətai RPİ-nin 37-ci Polis Bölməsinə getmişdir. Polis əməkdaşları Xətai rayonu Serqey Senyuşkin küçəsi 27 ünvanında park edilmiş Volkswagen passat markalı **-AZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə baş vermiş oğurluq hadisəsi zamanı avtomobildən onun əl-barmaq izinin götürüldüyünü və baş vermiş oğurluq hadisəsinin kamera görüntüləri ilə qeydiyyata alındığını demişlər. O, polis əməkdaşlarının həmin oğurluq hadisəsinin onun tərəfindən oğurlanmasını təsdiq edən kifayət qədər sübutların olduğunu yəqin edib baş vermiş həmin cinayət hadisəsini törətdiyini etiraf etmişdir. Polis əməkdaşları həmin pul kisəsini onlara təqdim etməyini tələb etdiklərindən o, taladığı pul kisəsi və içərisində olan pul əskinaslarının olduğu yer barədə polis əməkdaşlarına məlumat vermişdir. O, polis bölməsində olduğundan polis əməkdaşlarına gizli yolla taladığı pul kisəsini gizlətdiyi yer barədə məlumat vermişdir. Həmin pul kisəsində olan ayırıb özünə məxsus pul kisəsində gizlətdiyi pulları isə başqa yerdə gizlətdiyindən onların həmin puldan məlumatı olmamışdır. Polis əməkdaşları sadəcə taladığı pul kisəsində həmin məbləğin olduğuna inandırmağa çalışmışdır. Daha sonra polis əməkdaşları onun evinə gedərək həyat yoldaşı Şahid1 da bu barədə məlumat vermiş, pul kisəsinin gizlədildiyi yeri həyat yoldaşına dedikdən sonra həyat yoldaşı talanan pul kisəsini könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir.Bir müddət sonra gizlətdiyi digər pullarında yerini demişdir.Yoldaşı Əminəyə yerini izah etdikdən sonra polislər digər pullarıda sənədləşdirərək evdən təhfil almışlar.. Son sözündə təqsirləndirilən şəxs əməlindən peşman olmasını, oğurladığı pulları qaytardığını, zərərçəkmişlə barışıq əldə etməsini, xəstə uşağının olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20:30 dəqiqədə idarə etdiyi “Volkswagen Passat” markalı **-AZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili “Sevgi” parkının yaxınlığında park edib avtomobili kilidləyib yaxınlıqdakı Noğul restoranına getmişdir. Restorana çatdıqda orada bibisioğlu Şahid2 onu gözləməsini görmüşdür. Onlar restoranda oturub çörək yeyərkən başqa qohumu Səbuhi də saat 21 radələrində həmin restorana gəlmişdir. Onlar xx.xx.2022-ci il tarixdə saat 00:45 dəqiqədə restorandan çıxmışlar. O, idarə etdiyi avtomobilə yaxınlaşdıqda avtomobilin ön sağ pəncərəsinin biraz açıq olduğunu görmüşdür. Bu hal onda şübhə yaratdığından arxa qapını açaraq oturacağın üzərinə qoyduğu qara rəngli pul kisəsinin orada olmamasını müəyyən etmişdir. Avtomobilin arxa sərnişin əyləşən hissəsini və avtomobilin saxlanc yerlərini axtarsa da buna baxmayaraq pul kisəsini tapa bilməmişdir. O, avtomobilində olan pul kisəsinin oğurlandığını ehtimal edib həmin ərazidə olan Mühafizə Polisinin əməkdaşlarına yaxınlaşaraq pul kisəsini avtomobilində tapa bilmədiyini, oğurlandığını ehtimal etdiyini, buna görə də ona köməklik göstərmələrini xahiş etmişdir. Mühafizə polisinin əməkdaşları bu barədə ərazi polis orqanlarına məlumat vermiş və həmin ünvana ərazi polis orqanlarından əməkdaşlar gəlməsini xahiş etmişlər. Polis əməkdaşları təxminən saat 01:20 radələrində gəldikdən sonra hadisə yerinə və avtomobilə baxış keçirib, avtomobildən əl-barmaq izləri götürmüşlər. Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə pulunun oğurlanması barədə ərizə yazmışdır. Daha sonra onun qohumları olan Səbuhi və Anar da həmin bölməyə dəvət edilmişdir. Onun və qohumlarının əl-barmaq izləri götürülmüşdür. Gecə gec saatlar olduğu üçün polis əməkdaşları onlara evə getməyi, sabahısı gün polis şöbəsinə yaxınlaşmalı olduqlarını bildirmişlər. Baş vermiş cinayət hadisəsi nəticəsində onun pul kisəsindən 7000 ABŞ dolları, 9000 manat, 200 gürcü larisi, 300 türk lirası, 100 Evro pul oğurlanmışdır. Bundan başqa o, pul kisəsini Türkiyə Respublikasından 2019-cu ildə 600 ABŞ dollarına almışdır. Hazırda pul kisəsinin dəyərinin 500 manat olduğunu, pul kisəsində əlavə olaraq 04 ədəd Kapital Banka məxsus olan bank kartı, 01 ədəd X1a məxsus olan bank kartı, bir ədəd dəyəri 1 manat olan üzərində Meridien sözləri yazılmış qələm, bir ədəd yaşadığı binanın ümumi girişinin qapısını açmaq üçün istifadə etdiyi maqnit açar, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və müxtəlif mağazalara məxsus bonus kartları olduğunu bildirmişdir.Bir müddət sonra oğurluq edən Təqsirləndirilən şəxs tutulduğunu və onun yaşadığı evdən ona məxsus pulların,çantanın və digər əşyaların götürüldüyünü polisdən öyrənmişdir. Ona məxsus pul və əşyalar qaytarılmışdır, bu səbəbdən Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Oğlu İbrahim anadangəlmə serebral iflic xəstəsidir, buna görə də hərəkət edə bilmir, sağlamlıq imkanları məhdud uşaqlar siyahısında olduğundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyat alınmış və ona övladına baxım üçün aylıq müavinət ayrılmışdır. Oğlu İbrahim mütəmadi olaraq təmiz hava qəbul etməli olduğundan hava şəraiti imkan verdikcə mütəmadi oğlunu gəzintiyə çıxarırlar. Belə ki, 28 avqust 2022-ci il tarixdə əri Təqsirləndirilən şəxslə axşam saatlarında oğulları İbrahimi təmiz hava alması üçün çölə çıxarmışlar. Əlil arabası ağır olduğu üçün bu işdə ona əri Xəyal kömək edirmiş. Xəyal əlil arabasını aşağı endirdikdən sonra yenidən evə qalxmış, bir az vaxt keçdikdən sonra onlarına yanına gəlmişdir. Bir az çöldə dolandıqdan sonra yenə də oğulları İbrahimi və əlil arabasını evə qaldırmışlar. Xəyal evə keçməmiş çıxıb getmişdir. Üzərindən 30-40 dəqiqə sonra Xəyal evə gəlmişdir. Uşaqlar axşam saat 21 radələrində yatdıqlarından o da onların yanında uzandığından Xəyalın gəlməsinə görə yerində qalxmamışdır. 08 sentyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları Xəyalın oğurluq etdiyinə görə tutulduğunu, oğurladığı əşyaları da evin girişində yerləşən dolabın üzərində gizlətdiyini etiraf etdiyini ona demişlər. O, bu məsələdən məlumatsız olduğunu, istənilən yerə baxa biləcəklərini polis əməkdaşlarına bildirmişdir. Dolabın üzərində baxdıqda kağız qutunun yaxınlığında qara rəngli pul kisəsinin olmasını görmüşdür. Həmin pul kisəsində pul və müxtəlif kartlar olmuşdur. Polis əməkdaşları tərəfindən protokol yazılmış və həmin əşyalar götürülmüşdür. Təxminən 20 dəqiqə sonra Xəyal xatırlamadığı mobil nömrə ilə ona zəng etmişdir. O, bacısı Nərminin ad günü olduğu üçün Sabunçu rayonu Maştağa qəsəbəsinə gedəcəyini Xəyala dediyindən Xəyal Mağtağa qəsəbəsinə gedib-getmədiyini ondan soruşmuşdur. O, hələ ki getmədiyini dedikdə Xəyal ona 2-3 saat gözləməsini, polislərlə birlikdə evə gələ biləcəyini ona demişdir. O isə atası İslamın evə çatmasına az qaldığını, qonaqların artıq onları gözlədiyini, evdə heç kəsin olmayacağını ona demişdir. Xəyal qızları Rüqəyyanın yatağının altında qara sellefon paketdə üzəri lentlə bağlı olan kiçik bir bağlamanın olduğunu, həmin bağlamanı götürməyini, polis əməkdaşları ilə birlikdə və ya tək gəlib həmin bağlamanı götürə biləcəyəni demişdir. O, Xəyaldan həmin bağlamada nə olmasını soruşduqda Xəyal ona heç bir söz demədən telefonu söndürmüşdür. Daha sonra hamılıqla atasının Maştağa qəsəbəsindəki evinə getmişlər, o, həmin bağlamanı açmasa da içərisində pul olmasını bilmişdir. Onların evində həmin məbləğdə pul olmamışdır. O, həmin pulları əri Xəyalın qanunsuz yolla əldə etdiyini bilmiş, lakin ad gününə getdiyindən pulları polis bölməsinə aparıb təhvil verə bilməmişdir. Ad günündə 2-3 saat oturduqdan sonra onun mobil telefonuna polis əməkdaşları zəng etmişdir. O zəng edən əməkdaşın adını xatırlamır. Polis əməkdaşları ondan harada olmasını soruşduqda o, atasının Maştağa qəsəbəsində yerləşən evində ad günündə olduğunu demişdir. Polis əməkdaşları yenədə evdə axtarış keçirəcəklərini dedikdə o, Xəyalın evdə gizlətdiyi bağlamanı özü ilə birlikdə götürdüyünü, həmin bağlamada dəqiq olaraq nə olmasından məlumatsız olduğunu, könüllü olaraq həmin bağlamanı polis əməkdaşlarına təhvil verəcəyini bildirmişdir. Polis əməkdaşaları buna görə də Maştağa qəsəbəsində atasının evinə gəlmiş, o, həmin qara rəngli üzəri lentlə bağlanmış sellefon paketi polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellefon açıldıqda içərisində 7000 ABŞ dolları və 100 manat pulun olması müəyyən edilmişdir. Daha sonra protokol yazılmış və həmin pullar götürülmüşdür. Bundan başqa o, 10 sentyabr 2022-ci il tarixdə yaşadıqları evin mətbəxini təmizləyərkən iki ədəd 500 manatlıq pul əskinaslarını mətbəxdə istifadə etmədiyi qabların içərisindən tapmış və buna görə də müstəntiqə zəng edib 1000 manat pul tapması barədə məlumat vermişdir. Həmin pulun da Xəyalın cinayət yolu ilə əldə etməsini bilmişdir. Çünki onların evində həmin məbləğdə pul olmamışdır. Həmin pulu müstəntiqə təhvil vermişdir. Onun Xəyalın törətdiyi cinayətdən heç bir məlumatı olmamışdır. Belə ki, Xəyal əvvəllər oğurluq cinayəti törətmişdir. Buna görə onu tutmasalar da o, Xəyalla razılaşmışdır ki, bu kimi əməllər törətsə nəticəsi pis olacaq, hətta boşana bilərlər. Xəyal da buna görə həmin cinayət əməli barədə ona və ailənin digər üzvlərinə məlumat verməmişdir. Şahidlər Şahid3 və Şahid2 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiklərini, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə iclasında onların ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onların ifadəsi Zərərçəkmiş şəxs ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. Cinayət işinə əlavə olunmuş könüllü təqdim etmə və götürmə aparılması haqqında 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra bildirdiyinə görə cinayət yolu ilə əldə etdiyi və yaşadığı 6-cı Zavod küçəsi ev 4 mənzil 12 ünvanında gizlətdiyi Zərərçəkmiş şəxs məxsus içərisində 2101 manat pul, 04 ədəd Kapital banka aid bank kartı, 01 ədəd X1 Azərbaycana aid bank kartı, 01 ədəd Exspress kreditə, 01 ədəd Araz supermarketə, 01 ədəd Neptun supermarketə, 01 ədəd Bazar-store supermarketə aid bonus kartları, 01 ədəd üzərində Meridien sözləri yazılmış qələm, 01 ədəd göy rəngli maqnit açar, Zərərçəkmiş şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və AC041494 nömrəli sürücülük vəsiqəsi olan “Mont Blanc” markalı pul kisəsini Şahid1 könüllü olaraq istintaq orqanına təqdim etmişdir (İ cild, iş vərəqə 46). İş materiallarında olan könüllü təqdim etmə və götürmə aparılması haqqında 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs idarə etdiyi “Volkswagen passat” markalı **-AZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən sonuncuya məxsus oğurladığı “Mont Blanc” markalı pul kisəsinin içərisində olan pul vəsaitlərindən bir qismini, yəni 7000 ABŞ dolları və 100 AZN pulu istintaq orqanına könüllü təqdim etmişdir (İ cild, iş vərəqə 66). İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs “Mont Blanc” markalı pul kisəsini tanıyaraq özünə məxsus olmasını bildirmişdir (İ cild, iş vərəqə 70). İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 okytabr 2022-ci il tarixli 9/6702 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd “Mont blanc” markalı, 21x12 sm ölçülü, qara rəngli, dəri və parça materialdan olan, zəncirbəndlə açılıb-bağlanan, tək tutacaqlı çantanın istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 250,00 manat müəyyən edilmişdir (İİ cild, iş vərəqə 11-12). İş materiallarında olan könüllü təqdim etmə və götürmə aparılması haqqında 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs idarə etdiyi “Volkswagen passat” markalı **-AZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən oğurladığı “Mont Blanc” markalı pul kisəsinin içərisində olan pul vəsaitlərindən yaşadığı evdə gizlətdiyi 02 ədəd 500 manatlıq olmaqla 1000 manat pulu təqsirləndirilən şəxsin həyat yoldaşı Şahid1 istintaq orqanına könüllü təqdim etmişdir (İ cild, iş vərəqə 112). Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sergey Senyuşkin küçəsində Zərərçəkmiş şəxs məxsus “Volkswagen” markalı **-AZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİNin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əz izlərindən 03 ədədi (ADİS-in məlumat bankına Xətai RPİ, Nərimanov RPİ və Nəsimi RPİ-dən daxil olmuş) xx.xx.1980-ci ildə Biləsuvar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc, şəhadət, sağ əlinin adsız barmağının, 02 ədəd xx.xx.1987-ci ildə İmişli rayonunda anadan olmuş Zərərçəkmiş şəxs sol əlinin orta və adsız barmaqlarının əksi ilə eynilik təşkil etmişdir. Möhürlənmiş zərfdə olan əl izləri və eyniləşdirməyə dair çıxarış cinayət işi materiallarına əlavə edilmişdir (İ cild, iş vərəqə 139-141). İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar idarəsindən daxil olmuş içərisində əl izləri olan möhürlənmiş 01 ədəd zərf maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, “Mont Blanc” markalı pul kisəsi və həmin pul kisəsində olan Zərərçəkmiş şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və AC 041494 nömrəli sürücülük vəsiqəsi, Kapital Banka məxsus olan **********966739 nömrəli, **********811963 nömrəli, **********962804 nömrəli, **********502605 nömrəli və YapıKredi Bank Azərbaycana məxsus olan **********348229 nömrəli bank kartları, Neptun supermarketə məxsus olan **********, Araz supermarketə məxsus olan **********556944 nömrəli, Express kreditə məxsus olan 00000770 nömrəli və Bazarstore supermarketə məxsus olan **********142293 nömrəli bonus kartları, 01 ədəd üzərində Le Meridien sözləri yazılmış qələm, göy rəngli maqnit açar, Təqsirləndirilən şəxs və arvadı Əminə Mustafayevə tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş və götürülmüş ümumilikdə 3201 manat, 7000 ABŞ dolları və 20 Avro maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs qaytarılmışdır (İİ cild, iş vərəqə 34-58). İş materiallarında olan xx.xx.2022-ci il tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, iş vərəqə 53). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (İ cild, iş vərəqə 107-111). İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 21 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-87/2018 saylı 06 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, daha sonra Xətai Rayon Məhkəməsinin 7(011)-488/2020 saylı 02 oktyabr 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-87/2018 saylı 06 aprel 2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş 3000 (üç min) manat cərimə cəzası 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzası bitmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 1(006)-315/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5ci maddəsinə əsasən qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 1(006)-315/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmış, qərar elan olunduğu andan qanuni qüvvəyə minmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, uşaqlardan birinin serebral iflic xəstəsi olmasını cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 1(006)-315/2022 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu 08 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış içərisində əl izləri olan möhürlənmiş 01 ədəd zərf cinayət işinin materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs məxsus “Mont Blanc” markalı pul kisəsi və həmin pul kisəsində olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və AC 041494 nömrəli sürücülük vəsiqəsi, Kapital Banka məxsus olan **********966739 nömrəli, **********811963 nömrəli, **********962804 nömrəli, **********502605 nömrəli və YapıKredi Bank Azərbaycana məxsus olan **********348229 nömrəli bank kartları, Neptun supermarketə məxsus olan **********, Araz supermarketə məxsus olan **********556944 nömrəli, Express kreditə məxsus olan 00000770 nömrəli və Bazarstore supermarketə məxsus olan **********142293 nömrəli bonus kartları, 01 ədəd üzərində Le Meridien sözləri yazılmış qələm, göy rəngli maqnit açar, 3201 manat, 7000 ABŞ dolları və 20 Avro ona qaytarılmış hesab edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 1(006)-315/2022 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış içərisində əl izləri olan möhürlənmiş 01 ədəd zərf cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs mməxsus “Mont Blanc” markalı pul kisəsi və həmin pul kisəsində olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və AC 041494 nömrəli sürücülük vəsiqəsi, Kapital Banka məxsus olan **********966739 nömrəli, **********811963 nömrəli, **********962804 nömrəli, **********502605 nömrəli və YapKredi Bank Azərbaycana məxsus olan **********348229 nömrəli bank kartları, Neptun supermarketə məxsus olan **********, Araz supermarketə məxsus olan **********556944 nömrəli, Express kreditə məxsus olan 00000770 nömrəli və Bazarstore supermarketə məxsus olan **********142293 nömrəli bonus kartları, 01 ədəd üzərində Le Méridien sözləri yazılmış qələm, göy rəngli maqnit açar, 3201 manat, 7000 ABŞ dolları və 20 Avro ona qaytarılmış hesab edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-101/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-101/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver