Məhkəmə qərarları › İş №1(011)-101/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-101/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-101/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xocalı rayonu, Xocalı şəhəri ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 13 may 2024-cü il tarixdə saat 11:00 radələrində ünvan 3 ünvanında “Bolmart” marketin qarşısında Zərərçəkmiş şəxs, onunla qeyri rəsmi ər-arvad kimi yaşayan Şahid təqib etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət və baş nahiyələrindən bir neçə dəfə yumruqla vuraraq ona burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, qançırı, tənəffüs pozulması, sağ gözaltı nahiyənin dərialtı hematoması, alın nahiyəsinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayında sevgilisi X1 ilə ünvanını dəqiq bilmədiyi Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən “Bolmarket” marketin yaxınlığındakı binada yaşamışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında evdə olarkən Aysel ona məhəllədəki gözəllik salonuna gedəcəyini deyib evdən çıxmışdır. Bir neçə dəqiqədən sonra Aysel ona zəng edib bir nəfər şəxsin yəni, adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs onu təqib eldiyini mobil telefon nömrəsini ona vermək istədiyini deyib, onu yanına çağırmışdır. O da Aysel ilə telefonda danışa-danışa Ayselin olduğu yerə yaxınlaşdıqda Elnurun həqiqətən də Ayselin arxasınca düşdüyünü görmüşdür. Bunu dəqiqləşdirmək üçün Ayselə gözəllik salonuna girməsini demiş, Aysel də salona girmişdir. Elnur telefonla danışa-danışa salonun ətrafında gəzirmiş. Salonda saç ustası olmadığından Aysel salondan çıxmış və üzbəüzdə yerləşən "Bolmarket”-ə girmiş, Zərərçəkmiş şəxs da Ayselin arxasında həmin marketə daxil olmuş, marketin salfetka bölməsində Elnurun Ayselə yaxınlaşmaq istədiyini görmüşdür. Bu zaman Elnura yaxınlaşıb onunla marketdən çıxıb, çöldə danışmaq istədiyini bildirmişdir. Elnur da onunla razılaşmış və birlikdə marketdən çölə çıxmışlar. Həmin tarixdə saat 11 radələrində ünvan 5 ünvanında yerləşən "Bolmart” adlı marketin qarşısında Zərərçəkmiş şəxs hansı səbəblə marketdəki qadını, yəni Aysel Əliyevanı təqib etməsini, ona yaxınlaşmasını, mobil telefon nömrəsini vernək istəməsini, bir sözlə tanış olmaq istəməsini soruşmuşdur. Zərərçəkmiş şəxs heç kimi təqib elmədiyini və tanış olmaq üçün yaxınlaşmadığını demişdir. O da Elnura bir neçə dəqiqədir kənardan onu müşahidə etdiyini və təqib etdiyi qadının onun sevgilisi olduğunu bildirdikdə Elnur kobud şəkildə ona “xanım sənin nəyindir, sən həmin xanıma cavabdehsənmi, gətir xanımı üzləşdir mənimlə sübut elə”- deyə cavab vermişdir. Bu səbəbdən Elnurla onun arasında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı o, Zərərçəkmiş şəxs bir dəfə burun və bir dəfə göz nahiyəsindən yumruqla vuraraq ondan uzaqlaşmışdır. Hadisədən bir neçə gün sonra Aysel Əliyeva ilə aralarındakı anlaşımazlıqlara görə ayrılmışlar. Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla aralarında hər hansı bır münasibət, ədavət olmamışdır. Zərərçəkmiş şəxs qarşı etdiyi hərəkətlərindən peşimandır. Əməlindən peşmançılıq çəkdiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan cinayət işinin icraatınaxitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 13 may 2024-cü il tarixdə səhər saat 10 radələrində yaşadığı ünvandan çıxıb, su almaq üçün piyada hərəkət edərək Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən “Araz” supermarketə getmişdir. Lakin axtardığı su orada olmadığından həmin marketdən çıxıb Nəsrəddin Tusi küçəsi 140 ünvanında yerləşən “Bolmart” adlı marketə getmişdir. Marketdə olan zaman iş yoldaşı ilə telefon vasitəsilə danışarkən bir nəfər adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs qoluna girərək, onunla söhbət etmək istədiyini bildirib, onu marketdən çölə çıxartmışdır. Saat 11 radələrində ünvan 5 ünvanında yerləşən “Bolmart” adlı marketin qarşısında Xəyal ona nişanlısını təqib və narahat etdiyini demişdir. O da Xəyala heç kimin arxasınca düşmədiyini bildirərək həmin xanımla üzləşmək istədiyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs təxminən 10 dəfə yumruq zərbələri ilə onun burun, göz, alın və baş nahiyələrindən vuraraq onu döymüşdür, həmin vaxt Təqsirləndirilən şəxs yanına tanımadığı bir nəfər qadın gəlmiş və həmin qadın Xəyala arxasınca düşüb narahat edən şəxsin onun olmadığını bildirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs bundan sonra da onu döyməyə davam edərək, onun burun, göz, alın və baş nahiyələrindən təxminən 5 dəfə yumruqla vurmuşdur. Ara sakitləşən kimi hadisə ilə əlaqədar polisə məlumat vermiş, daha sonra Xətai RPİ-nin 35-ci PB-də gedib, ərizə və izahat yazıb, məhkəmə-tibbi müayinədən keçmişdir. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, hal-hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 05 iyun 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında “Bolmart” marketin qarşısında baş vermiş hadisə ilə əlaqədar olaraq həmin ünvanına baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 13-15); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X2 xx.xx.2024-cü il tarixli, 522 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, qançırı, tənəffüs pozulması, sağ gözaltı nahiyənin dərialtı hematoması, alın nahiyəsinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter lokalizasiyalarına görə özüözünə yetirməsı, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 10-11); zərərçəkmiş qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 33-34); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 09 noyabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 105-106); sübutların qiymətləndirilməsi haqqında 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri yaranmadığından, həmin xüsusat üzrə barəsində cinayət təqibi rədd edilmişdir, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş hesab edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələri, şahid ifadəsi, üzləşdirmə protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” X2 xx.xx.2024-cü il tarixli, 522 saylı ekspert rəyi sübut növü kimi qiymətləndirilmişdir (i.v. 125-130); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında mövcud olan məlumata əsasən 22 fevral 2020-ci ildə Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən açılmış ********* saylı material Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən rədd edilmişdir (i.v. 58-59); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, zərərçəkmiş şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razı olduqlarını qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan işə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 40.3, 43.1, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 15 (on beş) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar