Məhkəmə qərarları › İş №1(011)-102/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-102/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-102/2023 26.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, AR Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 10 sentyabr 2022-ci il tarixdə Şahid1, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,246 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai rayon Polis İdarəsininin 35-ci PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı o, 10 sentyabr 2022-ci il tarixdə saat 17:30-da ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 3rləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,246 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, heroindən istifadə etmişdir. Narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün əldə etmişdir. Belə ki, instaqramda tanımadığı şəxs tərəfindən ona təqdim edilmiş hesab nömrəsinə pul köçürmüş və həmin şəxs bir az müddət keçdikdən sonra ona işarələnmiş yerin şəklini ataraq narkotik vasitələri həmin ünvanda olan şəxsdən götürə biləcəyini bildirmiş və o da oradan həmin şəxsdən özü üçün narkotiki götürmüşdür. Tutulmamışdan bir müddət əvvəl, Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində Vüsalə adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmişdir. Onun mobil nömrəsini öyrənib ondan bir neçə dəfə 20 manat pul müqabilində özü üçün 01 büküm narkotik vasitə olan “kakos” yəni heroin almışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində Vüsalənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış və ondan özü üçün heroin istəmişdir. Vüsalə ona narkotiki bir saata verə biləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 17:00 radələrində Vüsalədən narkotik vasitəni almaq üçün ünvan 5 ünvanın yaxınlığına getmiş və Vüsalədən 20 manat qarşılığında 01 büküm heroin alıb oradan uzaqlaşmağa başlamış lakin həmin tarixdə 17:30 radələrində İ.İsmayılov küçəsi 6 saylı ünvanın qarşısında 2 şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmiş və onu Xətai RPİnin 35-ci Polis Bölməsinə dəvət etmişlər. O etiraz etməmiş və Polis bölməsinə getmişdir. Polis Bölməsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın cibindən 01 büküm heroini çıxarıb könüllü şəkildə təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitə zərfləşdirilmiş, qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün bölmə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, digər üzvləri isə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və polis leytenantı Şahid4 olmuşdur. 10 sentyabr 2022ci il tarixdə saat 17:30 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 5 ünvanın yaxınlığında görüb onu saxlamışlar, xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və onu 35-ci Polis Bölməsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs razılaşmışı vəı onlarla birlikdə Polis Bölməsinə getmişdir. Bölmədə müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və polis leytenantı Şahid4 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olubolmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmiş və 01 ədəd şəffaf rəngli sellofanda heroin olmasını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və bükümün çəkisinin 1,46 qram olması müəyyən edilmişdir. Daha sonra həmin narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Bundan sonra narkotik vasitələri haradan və hansı məqsədlə əldə edildiyi soruşduqda, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Vüsalə adlı şəxsdən istifadə etmək üçün 20 (iyirmi) manata aldığını bildirmişdir. Əldə edilmiş məlumatdan sonra Vüsalə adlı şəxs də müəyyənləşdirilərək həbs edilmiş, onun da üzərindən 2 büküm heroin aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid3 ifadəsində şahid qismində dindirilmiş Şahid2 ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, o, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsi daşıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə PB-nin əməliyyat müvəkkili Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün bölmə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri Şahid2, digər üzvləri isə o və Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 olmuşdur. 10 sentyabr 2022-ci il tarixdə saat 17:30 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 5 ünvanın yaxınlığında görüb onu saxlamışlar, xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və onu 35-ci Polis Bölməsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə Bakı şəhəri Vəkillər kollegiyasının 13 saylı Vəkil Bürosundan müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və polis mayoru Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı Zakir Bəhrəmov özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirəcəyini elan etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etməsini və anket məlumatları barədə məlumat verməsini təklif etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının bu tələbindən sonra özünü təqdim edərək anket məlumatları barədə məlumat verməyə başlamışdır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah oldunduğunu bildirmişdir. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək masaya qoymuş, 01 ədəd şəffaf rəngli sellofanda olan bükümün narkotik vasitə heroin olmasını söyləmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmiş sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim olunan narkotik vasitələrə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan heroinə bənzər kütlənin isə çəkisinin 1,46 qram olması müəyyən edilmişdir. Daha sonra həmin narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanmış təhqiqatçı tərəfindən möhürlənmişdir. Bundan sonra təhqiqatçı narkotik vasitələri haradan və hansı məqsədlə əldə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni anket məlumatlarını dəqiq bilmədiyi Vüsalə adlı şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata aldığını bildirmişdir. Həmin Vüsalə adlı şəxsin müəyyən edilməsi üçün Şahid2 icraatına daxil olmuş əməliyyat tapşırığına əsasən əməliyyat-axtarış tədbiri keçirilməsi üçün bölmə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 4 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri Şahid2, digər üzvləri isə o, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və Xətai RPİ-nin TİQ inspektoru, polis mayoru Günel Həsənova olmuşdur. 10 sentyabr 2022ci il tarixdə saat 20:15 dəqiqədə Şahid1 Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3 və polis mayoru Şahid2 ilə birlikdə ünvan 5 ünvanın yaxınlığında görüb saxlamışdırlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və onu 35-ci Polis Bölməsinə dəvət etmişdirlər. Şahid1 üzərində şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə Bakı şəhəri Vəkillər kollegiyasının 13 saylı Vəkil Bürosundan müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3, polis mayoru Şahid2 və Xətai RPİ-nin TİQ inspektoru, polis mayoru Günel Həsənovanın iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Şahid1 üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı Zakir Bəhrəmov özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Şahid1 üzərində şəxsi axtarış keçirəcəyini elan etmiş, Şahid1 özünü təqdim etməsini və anket məlumatları barədə məlumat verməsini təklif etmişdir. Şübhəli şəxs Şahid1 təhqiqatçının bu tələbindən sonra özünü təqdim edərək anket məlumatları barədə məlumat verməyə başlamışdır. Bundan sonra təhqiqatçı Şahid1 şübhəli şəxs qismində saxlanılaraq ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah olunduğunu bildirmişdir. Daha sonra təhqiqatçı şübhəli şəxs Şahid1 üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Şahid1 əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən qara rəngli kiçik pul qabını çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təhqiqatçı həmin pul qabını açan zaman içərisindən 02 ədəd ağ şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroinə bənzər kütlələri çıxarıb masaya qoymuşdur. Həmin bükümlərin nə olmasını şübhəli şəxs Şahid1 soruşan zaman o, bükümlərin içərisindəki maddələrə “torpaq” və “kakos” deyildiyini, həmin maddələrin narkotik vasitə heroin olmasını bildirmişdir. Təhqiqatçı narkotik vasitəyə bənzər maddəni kimdən və hansı üsulla əldə etdiyini soruşduqda Şahid1 bir az müddətdir ki, onlayn şəkildə tanış olduğu İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, belə ki onun nümayəndəsinin tərəfindən ünvan 5 ünvanda yerləşən parkın yanına narkotik vasitənin qoyulduğunu onun tərəfindən oradan götürülüb ödənişi olan 100 manatı narkotiki götürdüyü yerə qoymasını, narkotikin ora qoyulması zamanı ona həmin iranlı tərəfindən mobil telefon vasitəsi ilə məlumat verilməsini bildirmişdir. Təhqiqatçı narkotik vasitələri hansı məqsədlə əldə etdiyini soruşan zaman həmin narkotik vasitəyə bənzər maddələrinin bir qismini özünün istifadəsi, bir qismini isə həm tanıdığı narkotik aslılığı olan şəxslərə verməyə həm də istifadə etdiyinin pulunu qazanmaq məqsəd ilə satmağa görə əldə etməsini bildirmişdir. Təhqiqatçı həmin narkotik vasitəyə bənzər kütlələrdən həmin gün satıb satmadığını soruşan zaman Şahid1 onlardan bir bükümünü Əli adlı şəxsə ağrılarının olduğu üçün 20 manata satdığını bildirmişdir. Daha sonra təhqiqatçının xahişi ilə Günel Həsənova şübhəli şəxs Şahid1 üzərinə şəxsi axtarış keçirmiş sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şahid1 əlində saxlamış olduğu əl çantasında axtarış aparılan zaman əl çantasının içərisindən üzərində “MRS Vüsala Balayeva” “Umico Visa” yazıları olan **********173232 yazıları olan və “Leobanka” məxsus **********510285 yazıları olan plastik bank kartları və 01 ədəd “Redmi” markalı mobil telefon aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq Şahid1 həmin kartların və mobil telefonun özünə məxus olmasını mobil telefonun ***-***-**-** saylı mobil nömrə kartı ilə işləməsini bildirmişdir. Daha sonra təqdim olunan narkotik vasitəyə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, 02 ədəd şəffaf rəngli sellofana bükülmüş kütlələrdən birinci bükümün çəkisinin 6,08 qram, ikinci bükümün 12,18 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlələr zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb təhqiqatçı tərəfindən möhürlənmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Qaradağ rayon Hərbi Komissarlığına oğlunun sənədlərini vermək üçün getmişdir, lakin həmin gün onlar qısa iş saatı ilə işlədikləri üçün onu qəbul etməmişlər. Ordan çıxdıqdan sonra o, ünvan 2 ünvana paltarını dərziyə vermək üçün getmişdir. Lakin həmin ünvanda o, əməliyyat müvəkkilləri ilə rastlaşmış və saxlanılaraq Polis Bölməsinə aparılmışdır. Həmin gün onun üzərində və çantasında heç bir narkotik vasitə aşkar edilməmişdir və tərəfindən heç kimə narkotik vasitə satılmamışdır. Polis Bölməsində olan zaman polis əməkdaşları onu və Təqsirləndirilən şəxs təhqir etmişlər və qorxuzmuşlar. O, döyülməmək üçün narkotik vasitə satdığını bildirmişdir və qorxduğundan heç yerə şikayət edə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin ayrılması haqqında 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraatına qəbul edilmişdir (cild 1, i.v. 1-2); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v. 4); şübhəli şəxsin tutulması haqqında 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 27); şəxsi axtarış və götürmə aparılması haqqında 10 sentyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik, narkotik vasitə olan heroinə bənzər maddə olan bükümü təqdim edərək bükümün içərisindəki maddənin heroin olmasını, həmin narkotik vasitəni əvvəllər tanıdığı Vüsalə adlı şəxsdən Xətai rayonu, İ.İsmayılov küçəsində 20 manat pul müqabilində almasını, şəxsi istifadəsi üçün üzərində gəzdirərkən xx.xx.2022ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov 6 saylı binanın yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümdəki maddə “Pocket Scale” markalı elektron tərəzidə çəkildikdən sonra ümumi çəkisinin 1.46 qram çəkidə olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənərək götürülmüş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, i.v. 38-39); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2022-ci il tarixli, 6/5081 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №154” dairəvi möhür əksi və “... Təqsirləndirilən şəxs - imza, iştirakçılar - üç imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi 1,246 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (cild 1, i.v. 81-84); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2022-ci il tarixli, 6/5083 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №154” dairəvi möhür əksi və “...Balayeva - imza, iştirakçılar - üç imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 ədəd bükümlərdəki təmiz çəkisi 5,823 qram, 11,209 qram, ümumi təmiz çəkisi - 17,032 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan heroin ilə Şahid1 üzərindən aşkar olunan heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər (6/5081 nömrəli, 11 sentyabr 2022-ci il tarixli ekspert rəyi). Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (cild 1, i.v. 87-91); 11 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində Vüsalədən narkotik vasitəni almaq məqsədi ilə onun dediyi ünvan 5 ünvanın yaxınlığına getdiyini, Vüsalə ilə görüşdükdən sonra ondan 20 manat müqabilində 01 ədəd bükümdə narkotik vasitə olan heroin aldığını etiraf etmiş, sonuncu isə həmin maddəni satdığını təsdiqləmişdir (cild 1, i.v. 105-107); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (cild 1, i.v. 108-109); diskə baxış keçirilməsi haqqında 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 10 sentyabr 2022-ci il tarixli protokola uyğun olmuşdur (cild 1, i.v. 120); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-475/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (cild 1, i.v. 176-181); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, AR Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, i.v. 218-219); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin xx.xx.2022-ci il tarixli 5390 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, i.v. 15-16); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham və barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5081 və 6/5083 saylı, məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5390 və 5389 saylı rəyləri, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokollar, üzləşdirmə haqqında protokol, telefon danışıq məlumatlarına və elektron məlumat daşıyıcılarına baxış keçirilməsi haqqında protokollar sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2 və 234.4.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1.246 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.196 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 02 ədəd DVD-R disk, 03 ədəd "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş disklər maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişlər (cild 2, i.v. 49-65); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-629/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün olmaqla, 03 üç 15 gün müddətinə, yəni 25 dekabr 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə istintaqı zamanı 01 ədəd “DVD-R” formatlı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik, narkotik vasitə olan heroinə bənzər maddə olan bükümü təqdim edərək bükümün içərisindəki maddənin heroin olmasını, həmin narkotik vasitəni əvvəllər tanıdığı Vüsalə adlı şəxsdən Xətai rayonu, İ.İsmayılov küçəsində 20 manat pul müqabilində almasını, şəxsi istifadəsi üçün üzərində gəzdirərkən xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov 6 saylı binanın yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirir. Məhkəmə əlavə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitə satmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında 1(101)-586/2023 saylı cinayət işi var, bununla əlaqədar onun hazırki məhkəmə iclasında verdiyi ifadəsi inandırıcı hesab edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində Şahid1 narkotik vasitəni almaq məqsədi ilə onun dediyi ünvan 5 ünvanın yaxınlığına getdiyini, Vüsalə ilə görüşdükdən sonra ondan 20 manat müqabilində 01 ədəd bükümdə narkotik vasitə olan heroin aldığını etiraf etmiş, Şahid1 isə həmin narkotik vasitəni satdığını təsdiqləmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1.246 qram olan narkotik vasitə - heroin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs AR Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, lakin azad edildiyi vaxtdan 06 il keçmədən, yəni 10 sentyabr 2022-ci il tarixdə yenidən cinayət törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzasının əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1.246 qram olan, tədqiqatdan sonra qalıq qalmış 1.196 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “DVD-R” formatlı disk və 01 ədəd "xxxx" MMC-dən alınmış disk iş materiallarında saxlanılmalı (CPM-132), 92 (doxsan iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ilkin təmiz çəkisi 1.246 qram olan, tədqiqatdan sonra qalıq qalmış 1.196 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD-R” formatlı disk, 01 ədəd "xxxx" MMC-dən alınmış disk iş materiallarında saxlanılsınlar. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar