Məhkəmə qərarları › İş №1(011)-102/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-102/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-102/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 2006-cı ildə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş, AR vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan və hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədilə ünvan 2 ünvanında yerləşən “Cəngi” sağlamlıq kompleksinə qanunsuz daxil olmaqla həmin kompleksdə yerləşən saxlanc yeri hesab edilən seyfin qapısını açarla açaraq 02 iyun 2023-cü il tarixdə 250 manat, 09 iyun 2023-cü il tarixdə 150 manat, 16 iyun 2023-cü il tarixdə 300 manat, 23 iyun 2023-cü il tarixdə 300 manat, 07 iyul 2023-cü il tarixdə 250 manat, 14 iyul 2023-cü il tarixdə 300 manat, 21 iyul 2023-cü il tarixdə 250 manat, 28 iyul 2023-cü il tarixdə 200 manat, 04 avqust 2023-cü il tarixdə 150 manat, 11 avqust 2023-cü il tarixdə 250 manat, 18 avqust 2023-cü il tarixdə 350 manat, 25 avqust 2023-cü il tarixdə 250 manat, sonuncu dəfə 06 sentyabr 2023-cü il tarixdə 400 manat olmaqla vahid niyyət ilə əhatə olunan qəsdlə pul vəsaitlərini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə cəmi 4400 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, keçən ilin iyun ayının ortalarından etibarən ünvan 2 ünvanında yerləşən “Cəngi” sağlamlıq kompleksində daxili nəzarətçi kimi işləmişdir. Bu ilin iyun ayının ortalarında anası xəstə olduğu üçün ona pul lazım olduğundan ilk dəfə özü nəzarətçi olduğu zaman gecə saatlarında adətən pulların saxlanıldığı seyfin açarının olduğu qadın heykəlinin altından həmin açarı götürüb reception masasının arxasında yerdə qoyulmuş seyfi açarla açıb ordan ilk dəfə 150 manat pul oğurlamışdır. Təxminən 1-2 həftə sonra yenidən eyni üsulla ikinci dəfə seyfin qapısını açarla açıb oradan 150 manat pul götürmüşdür. Bu ilin iyul ayının ortalarında yenidən pula ehtiyacı olduğu üçün eyni qaydada həmin seyfdən 100 manat pul oğurlamışdır. Lakin sonra ona məlum olmuşdur ki, oğurlanan pullar rəhbərlik tərəfindən axtarılır. Bu səbəbdən oğurluq etməmişdir. 19 avqust 2023-cü il tarixdə könüllü olaraq işdən çıxmışdır. Belə ki, işinin ağır olmasına baxmayaraq gündəlik olaraq ona cəmi 15-20 manat pul ödənilmişdir. Bundan sonra təxminən 1 həftə keçdikdən sonra qərara gəlmişdir ki, hamama ngedərək yenidən oğurluq etsin. xx.xx.2023cü il tarixdə o, tək hamamın arxa tərəfində olan hasardan tullanaraq hamamın ərazisinə daxil olmuş və həyətdə yerləşən qazanxananın açıq qoyulmuş qapısından içəri daxil olaraq eyni qaydada açarı götürməklə seyfi açıb oradan 100 manat pul oğurlamışdır. Bundan sonra axırıncı dəfə xx.xx.2023-cü il tarixdə eyni qaydada hamama daxil olub seyfdən 400 manat oğurlamış və hamamdan çıxaraq getmək istədiyi zaman kiminsə gəldiyini eşitmiş bu səbəbdən qazanxanada qurumaq üçün asılmış fitələrin arxasında gizlənmişdir. Həmin vaxt nəzarətçi onu görüb yaxınlaşaraq nə etdiyini soruşmuşdur. O isə nəzarətçini aldadaraq dostu Həsəni axtardığını və hamamda işləyən Nailə adlı qadının oğlu olduğunu demişdir. Nəzarətçi ilə hamamın içinə doğru hərəkət etməyə başladıqları zaman o əks istiqamətə qaçaraq hasara çıxıb oradan çıxıb getmişdir. 16 sentyabr 2023-cü il tarixdə 35-ci PB əməkdaşları tərəfindən saxlanılmış və izahatı alınarkən törətdiyi əməli etiraf etmişdir. Əlavə olaraq bildirmişdir ki, bu cinayətdən başqa heç bir cinayət əməli törətməmiş, cinayət hadisəsi törətdiyi barədə heç kimin məlumatı olmamış, oğurluğu tək törətmiş və heç kimə bu barədə məlumat verməmişdir.O, hissə-hissə olmaqla cəmi seyfdən 900 manat pul oğurlamış, anası xəstə olduğu üçün onun dərmanlarının alınması məqsədilə oğurluq etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, vurulmuş zərəri tam ödədiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs göstərmişdir ki, 6 ildir Cəngi hamamında inzibatçı kimi fəaliyyət göstərir. Həftənin cümə günü istisna olmaqla hər gün 10:00-dan 23:00-dək işdə olur. Bu ilin iyun ayından etibarən hər həftənin şənbə günləri işə gələrək seyfə baxdığı zaman seyfə qoyulmuş 150-350 manat miqdarında pul vəsaitlərinin yerində olmadığını aşkar etsə də, həmin pul vəsaitlərinin hara xərclənməsini tapa bilməyərək böyük ehtimalla digər xərclərə ödənilməsini fikirləşmişdir. Kameralara baxdığı zaman da gündüz saatlarında hər hansı oğurluğun edilməsinin şahidi olmamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə kamera görüntülərinə baxdığı zaman 03:30 radələrində bir nəfər şəxsin başında dəsmal hərəkət etməsini görərək əynində olan şalvardan həmin şəxsin hamamda əvvəl işləmiş Hüseynov Eyvaz olmasını bilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə kompleksdə gözətçi işləyən Şahid ona bildirmişdir ki, axşam saatlarında bir nəfər azyaşlı oğlanı hamamın ərazisində saxlamış və söhbət edərkən həmin şəxs qaçaraq hasardan aşmaqla çıxıb getmişdir. Həmin şəxsin əlamətlərini ona dedikdə o, Məzahirə Hüseynin şəklini göstərmiş və Məzahir həmin uşağı tanıyaraq axşam hamamda qarşılaşdığı şəxs olduğunu demişdir. Ümumi hesabat apararkən hesabdan cəmi 4400 manat pul vəsaitinin oğurlanmasını müəyyən etmiş və bu barədə 35ci PB-nə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, oğurluq hadisələri iyun ayının cümə günləri 2,9,16,23,30-u, iyul ayının cümə günləri 3,7,14,21,28-i və avqust ayının cümə günləri yəni 4,11,18,25-i tarixlərində olmuşdur. Belə ki, o, hər dəfə şənbə günü işə gələndə kassada pulun az olmasını görmüş və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə baş verən oğurluq zamanı kassadan dəqiq olaraq 400 manat oğurlanmışdır. İyun ayının 2-si 250, 9-u 150, 16-sı 300, 23-ü 300 manat, iyul ayının 7-si 250, 14-ü 300, 21-i 250, 28-i 200 manat, avqust ayının 4-ü 150, 11-i 250, 18-i 350, 25-i isə kassadan 250 manat pulun əksik olduğunu aşkar etmişdir. Sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə cəmi 400 manat pul vəsaiti kassadan oğurlanmışdır. Eyni zamanda, iş materiallarına əlavə olunmuş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəyən ziyan tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi, mülki iddiası yoxdur. Yekun məhkəmə qərarı çıxarılarkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid Allahbağış oğlu ifadəsində bildirmişdir ki, 1 həftədir ki, Cəngi hamamında gözətçi kimi işləyir, Bakı şəhərində daimi yaşamağa yeri olmadığı üçün həmin hamam kompleksində gecələyir. xx.xx.2023-cü il tarixində gecə saat 2 radələrində obeyktdə olduğu zaman kompleksin 2-ci mərtəbəsində səs-küy eşitmişdir. Bu səbəbdən ətrafı axtarmağa başlamışdır. Həmin vaxt qazanxananın yanında bir nəfər şəxsin orada qurumaq üçün asılmış fitələrin altında gizləndiyini görüb ona yaxınlaşıb burada nə etdiyini spruşmuşdur. Həmin şəxs isə bildirmişdir ki, dostu Həsəni axtarır və onlarda işləyən Nailə adlı qadının oğludur. O da həmin şəxsin dediklərini dəqiqləşdirmək üçün onunla birlikdə hamamın içinə doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt bu şəxs əks istiqamətə qaçaraq hasara çıxıb oradan qaçıb getmişdir. Səhər saatlarında bu barədə Rəşad müəllimə məlumat verdikdə Rəşad kameraya baxmış və Hüseynin şəklini ona göstərdikdə o həmin şəxsi tanımış və gecə saxlamaq istədiyi şəxs olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 sentyabr 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. hadisə yerinə baxış keçirilməsi barədə 17 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsi ünvan 3 ünvanında yerləşən “Cəngi” hamam kompleksində baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. diskə baxış keçirilməsi haqqında 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, “Cəngi” hamam kompleksinə aid müşahidə kameralarından götürülmüş bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdi ki, diskdə 01 ədəd fayl yerləşir, 1 dəqiqə 11-ci saniyəsində və 1 dəqiqə 35-ci saniyəsində bir nəfər şəxsin başında ağ dəsmalla hərəkət etməsi görünür. Təqsirləndirilən şəxs həmin görüntüdə olan şəxsin özü olduğunu, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində kameraya düşməmək üçün başını hamamdan götürdüyü dəsmal ilə örtərək hamamın foyesindən pulların saxlanıldığı seyfin açarının olduğu qadın heykəlinin altından açarı götürüb reception masasının arxasında yerdə qoyulmuş seyfi açarla açıb 100 manat pulu götürüb hamamdan çıxdığını təsdiqləmişdir. Şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr l 2023-cü il tarixdə, saat 19:00-da tutulmuşdur. şübhəli şəxsin qanuni nümayəndəsi təyin etmək haqqında 19 sentyabr 2023-cü il tarixli qərara əsasən X2 Hüseyn Elmir oğlunun qanuni nümayəndəsi qismində tanınaraq cinayət prosesində iştirakı təmin edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanımaq haqqında 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, şi üzrə "xxxx" MMC zərərçəkmiş hüquqi şəxs qismində və Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 4(011)- 606/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş,qətimkan tədbirinin müddəti 03 (üç) ay həddində müəyyən edilmiş və müddətin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmişdir. cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə cinayət təqibi dayandırılmışdır. cinayət işi üzrə icraatın təzələnməsi haqqında 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təzələnmiş və istintaqı davam etdirilmişdir. təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəyən ziyan tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi, mülki iddiası yoxdur. Yekun məhkəmə qərarı çıxarılarkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsinin 01 mart 2024-cü il tarixli məktubundan görünür ki, Şəmkir rayon Qaracəmirli kəndində qeydiyyatda olan xx.xx.2006-cı il təvəllüdlü Eyvazov X3 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 01 mart 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs çağırış yaşına çatması ilə əlaqədar Xidmətin qeydiyyatda olduğu Şəmkir rayon şöbəsi tərəfindən 2024-cü ilin yanvar çağırışına cəlb olunmuş və xx.xx.2024cü il tarixdə xidmət keçmək üçün təyin olunduğu N saylı hərbi hissəyə göndərilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf etməsini, əməlindən səmimi peşmançılıq keçirməsini, ilk dəfə cinayət törətməsini, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş zərərin tam ödənilməsini cəzanı yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Yuxarıda sadalanan yüngülləşdirici halların məcmusunun mövcudluğu şəraitində, yəni təqsirləndirilən şəxsin cinayəti etiraf etməsini, əməlindən səmimi peşmançılıq keçirməsini, ilk dəfə cinayət törətməsini, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş zərərin tam ödənilməsini, hazırda hərbi xidmətdə olmasını nəzərə alaraq, məhkəmə şəxsin təqsirli bilindiyi CM-nin 177.2.3-cü maddəsi ilə ona cəza təyin edərkən, CM-nin qanun qarşısında bərabərlik, ədalət və humanizm prinsiplərini təmin etmək üçün onun barəsində CM-nin 62-ci maddəsinin tətbiqinin mümkünlüyünü nəzərdən keçirir. Məhkəmə törədilmiş cinayətin məqsədi və motivini, yuxarıda göstərilən müstəsna halların mövcudluğunu, sadalanan yungulləşdirici halların məcmusunu nəzərə alaraq hesab edir ki, qeyd olunanlar cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Göstərilən halların mövcudluğu şəraitində təqsirləndirilən şəxsin CM-nin 62-ci maddəsinin imkanlarından istifadə etmək hüququ təmin edilməlidir. Belə bir vəziyyətdə CM-nin 62-ci maddəsinin tətbiqi cəzanın təyin edilməsi prinsiplərinə və məqsədlərinə hər hansı bir ziddiyyət yaratmır. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, № 4 saylı Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 8-ci bəndində CM-nin 62-ci maddəsinin tətbiqi məsələləri barədə qeyd edilmişdir ki, cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alıb, təqsirləndirilən şəxsə cəza təyin etmə məsələsini müzakirə edib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər və ona təqsirli bilindiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməklə də islah edilməsi mümkündür. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin təqsirli bilindiyi CM-nin 177.2.3-cü maddəsi üzrə CM-nin 62-ci maddəsinin tətbiq edilməklə cərimə cəzası təyin etmək qərarına gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikası CM-nin 69.4 maddəsinə uyğun olaraq həbsdə saxlanılan şəxsə cərimə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəza yüngülləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “komandanlığın nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut kimi tanımış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirəyə məruz olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 600 (altı yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4 maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 150 (yüz əlli) cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “komandanlığın nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar