Məhkəmə qərarları › İş №1(011)-102/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-102/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-102/2025 27.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 31 may 2024-cü il tarixdə saat 07:40-da Bakı şəhəri, Xətai rayonu Nəsrəddin Tusi küçəsində 62 nömrəli marşrut avtobusunun son dayanacağına avtomobilini park etməsi ilə bağlı həmin marşrut avtobusunun sürücüsü Zərərçəkmiş şəxs ona iradını bildirməsi nəticəsində aralarında bu cüzi səbəbdən yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çox insanın mənafeyinə toxunan qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxsla əlbəyaxa olub bir dəfə yumruqla sonuncunun göz nahiyəsinə vuraraq Zərərçəkmiş şəxs sol gözətrafı nahiyənin dərialtı hematoması, sol göz almasının kontuziyası və qansızmasından ibarət dərəcəsinə sağlamlığan qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvuran xəsarətlər yetirməklə xuliqanlıq elmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 may 2024-cü il tarixdə saat 07:40 radələrində idarə etdiyi “Kia Ceratto” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə azyaşlı övladı X1 məktəbə aparırmış. Həmin vaxt arvadı X2 da maşında olmuşdur. O, şirniyyat almaq məqsədi ilə Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 62 saylı marşurut avtobusunun sonuncu dayanacağının sağ tərəfində yerləşən şirniyyat mağazasının qarşısında idarə etdiyi avtomobili saxlayıb şirniyyat mağazasına daxil olmaq istəyəndə 62 saylı marşurut avtobusunun sürücüsü adını sonradan bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi marşurut avtobusunu onun avtomobilinin arxasında saxlayaraq ona avtomobilini irəlidə saxlamağını bildirmiş, o isə Samirə demişdir ki, idarə etdiyi avtomobili dayanacağın qarşısında saxlamamış, avtomobili dayanacaqdan aralıda saxlamışdır. Bu zaman Zərərçəkmiş şəxs aqresiv şəkildə onun ünvanına nalayiq ifadə işlədərək təhqir etmişdir. O isə marşurut avtobusunun qabaq qapısına yaxınlaşıb Samirə öz iradını bildirərək nə üçün avtobusda olan sərnişinlərin yanında onun ünvanına nalayiq ifadə işlətdiyini soruşmuş, bu zaman Samir oturacaqdan qalxıb təhlükəsizlik kəmərini çıxaran zaman o, eynəyini özünə məxsus avtomobilin qabaq sağ oluracağına qoyub yenidən marşrut avtobusunun qabaq qapısından avtobusun içərisinə qalxmış, həmin vaxt avtobusda olan sərnişinlərdən biri onun qarşısına keçərək bildirmişdir ki, ‘'aşağı düşmə", o da iradını bildirmişdir ki, “sən ictimai nəqliyyat vasitəsini idarə edirsən, özünü düzgün apar və avtobusda ana bacı var, nə üçün onların yanında nalayiq ifadələr işlədirsən”, Samir isə ona demişdir ki, avtobusdan düş çöldə səni başa salacam. O avtobusdan düşən kimi dayanacağın qarşısında Samirlə əlbəyaxa olmuş, həmin vaxt Samir yumruqla onun üz nahiyəsindən və bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamış, o da özünü müdafiə edərək Samirin üz nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Bu zaman avtobusun içərisində olan və avtobus dayanacağında olan sərnişinlər araya keçərək onları ayırmışlar. O da şirniyyat mağazasından şirniyyat alıb uşağını məktəbə düşürdüb yaşadığı evə getmişdir. Eyni zamanda, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını və bir daha belə hallara yol verməyəcəyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 31 may 2024-cü il tarixdə saat 07:40 radələrində idarə eldiyi “Daewo" markalı **-TH-*** dövlət qeydiyyat nişanlı 62 saylı marşurut avtobusu ilə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 62 savlı marşurut avtobusunun sonuncu dayanacağına gələrək avtobusu dayanacaqda saxlayan zaman görmüşdür ki, ağ rəngli “Kia Ceratlo" markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobili danacağın qarşısında saxlamış və avtomobildən düşən zaman həmin sürücü Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi avtomobili irəlidə saxlasın ki, danacaqdan çıxa bilsin. Bundan sonra Tural aqresiv şəkildə avtobusun qabaq qapısına yaxınlaşıb ona demişdir ki, “avtomobilimi çəkmirəm, sən avtobusu arxaya ver çıx". Bundan sonra Tural şirniyyat mağazasına daxil olmuş və bir dəqiqə keçəndən sonra mağazadan çıxıb uşağını avtomobilinə otuzdurub yenidən avtobusun qabaq qapısına yaxınlaşıb ona demişdir ki, avtomobilini qabağa vermiyəcək, “sən avtobusu arxaya ver”. Bundan sonra Tural avtobusun içərisinə minərək onunla sözlə mübahisə edən zaman o, avtobusdan yerə düşmüş və Tural ilə yerdə sözlə mübahisə edəndə ətrafda olan şəxslər yaxınlaşıb onları ayırmışlar. Bu zaman Tural qəflətən yumruqla onun gözündən bir dəfə vurmuş, zərbədən huşunu itirmiş, sonra Tural onun boynundan tutub əymişdir. Daha sonra isə hadisə yerində olan sərnişinlər və digər şəxslər onları ayırmışlar. Bundan sonra xəstəxanaya getmiş və xəstəxanada həkimlər ona tibbi yardım göstərib buraxmışlar. Baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs vurmamış, heç bir xəsarət yetirməmişdir. Toplanmış material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cli il tarixli, 602 saylı rəyində göstərilən Təqsirləndirilən şəxs olan sağ əlin İİİ daraq sümüyünün yerdəyişmiş sınığı, sol almacıq, hər iki bazu, sağ said, qarın nahiyələrinin qançırları, boyun və qarın nahiyələrinin sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətlərini yetirməmişdir. Təqsirləndirilən şəxslə barışmışdır və heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla bir xətdə sürücü işləyir və onların normal münasibəti var. 31 may 2024-cü il tarixdə saat 08 radələrində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 62 saylı marşurut avtobusunun sonuncu dayanacağında idarə etdiyi “Daewo” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı 62 saylı marşurut avtobusu ilə dayanacağa daxil olmaq istəyirmiş, ondan irəlidə isə Zərərçəkmiş şəxs idarə eldiyi marşrut avtobusu ilə dayanacağa daxil olurmuş. Həmin vaxt gözləmişdir ki, Samir sərnişinləri yığıb davanacaqdan çıxandan sonra dayanacağa daxil olsun. Həmin vaxt Samirə zəng vurub nə qədər vaxtı qaldığını soruşmuş, lakin Samirdən qabaq ağ rəngli Kia markalı avtomobilin sürücüsü dayanacağın qarşısında saxlayıb mağazaya daxil olmaq istəyəndə Samir həmin sürücüyə demişdir ki, avtomobilini irəlidə saxlasın ki, dayanacaqdan çıxa bilsin. Bu zaman həmin şəxslə Samirin arasında söz mübahisəsi yaranmış və Təqsirləndirilən şəxs eynəyini idarə etdiyi maşına qoyub yenidən avtobusa tərəf qayıdan zaman o, idarə etddiyi avtobusdan düşüb onlara yaxınlaşmış, həmin vaxt Tural Samirin idarə etdiyi marşrut avtobusuna minib Samirlə mübahisə edən zaman Turalın arxası ilə avtobusa minib Turalı avtobusdan yerə düşürmüşdür. Bu zaman onun arxası ilə Samir avtobusdan düşmüş və onların arasında münaqişə baş vermişdir. Dava zamanı ilk öncə Samir bir neçə yumruq zərbələri ilə Turalı vurmuş, sonra isə Tural Samirin başından tutub əymiş və yumruqla Samirin göz nahiyəsindən vurmuşdur. Bundan sonra dayanacaqda olan şəxslərlə birlikdə onları ayırmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində CM-nin 127.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində CMnin 221.1-ci maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (i.v.1); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 30 iyun 2024-cü il tarixli, 601 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözətrafı nahiyənin dərialtı hematoması, sol göz almasının kontuziyası və qansızması müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir (i.v.23-24); şübhəli şəxsin tutulması haqqında 21 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2024-cü il tarixdə saat 16:00-da CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.173); 22 oktyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək qərar ona elan edilmişdir (i.v.190-191); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 200-201); 23 oktyabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.226-227); "xxxx" MMMC tərəfindən verilən Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2018-сі il tarixdən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 45, mənzil 22-də həyat yoldaşı ilə birlikdə yaşayır, o, yaşadığı dövr ərzində insanlarla xoş münasibətdə olmuş, sakinlər arasında yüksək hörmətə malikdir, özünü səmimi, mehriban bir insan kimi aparmış, qonşuların hörmətini qazanmışdır. Onun barəsində yaşadığı ünvanda məhəllə sakinləri arasından və ya hər hansı bir yerdən şıkayət və müraciət daxil olmamışdır (i.v.235); Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi, iddiası yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir (i.v.165); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində sorğu-əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 113); nikah haqqında və doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Novruzova (Musayeva) Farida ilə nikaha daxil olmuş və həmin nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 adlı övladları olmuşdur (i.v.240-242); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 3239 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (i.v.249-250); sübutların qiymətləndirilməsi haqqında 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, "Spar" marketə məxsus olan müşahidə kamerasından götürülmüş 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun təqsirləndirilən şəxs qismində dindirilmə protokolu, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, maddi sübut, Azərbaycan Respublikası SN-nin «MTE və PA» ETT birliyinin Xətai rayon şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli 601 və 602 nömrəli rəyləri, hadisə yerinə baxış protokolu, fotoşəkillər, üzləşmə protokolları sübut növü kimi qiymətləndirilmişlər (i.v. 260-270); Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, hadisə yerinin yaxınlığında yerləşən “Spar" marketə məxsus olan müşahidə kamerasının qeyd aldığı görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, 31 may 2024-cü il tarixdə saat 07:45:30-da ağ rəngli “Kia Cerato” markalı avtomobil yolun hərəkət hissəsinin G.Şıxlinski küçəsi istiqamətində, sağ tərəfində, səkiyə yaxın məsafədə, şirniyyat mağazasının qarşısında park etmiş, avtomobilin arxa sağ qapısı açılsa da həmin yerdən heçkim düşməmiş, sonra avtomobildən əynində yaşıl rəngli şalvar, qara rəngli qısaqol köynək, gözündə qara rəngli eynək olan sürücü düşmüş, 07:45:43-də ağ rəngli, 62 saylı marşrut avtobusu sonuncu dayanacaqdan dönmə əməliyyatı edərək “Kia Cerato” markalı avtomobilin arxa tərəfində onunla eyni istiqamətdə dayanmış, yaxınlıqda gözləyən sərnişinlər avtobusa minmiş, bir qədər sonra Kia markalı avtomobilin sürücüsü avtobusun giriş qapısına yaxınlaşmış, minmədən sürücü ilə mübahisə etməyə başlamış, bir neçə dəqiqədən sonra həmin şəxs eynəyini çıxarıb avtobusa geri dönərək avtobusa qalxmış, sonra sərnişin tərəfindən yerə endirilmiş, daha sonra avtobusdan bir nəfər şəxs enərək yerdə hər ikisi bir birinə qarşılıqlı zərbələr vurmağa başlamış, iki nəfər şəxs qara köynəkli şəxsi uzaqlaşdırmağa çalışsa da həmin şəxs yenidən avtobusa yaxınlaşmağa çalışmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə qiymət verərək hesab edir ki, onun özünü qismən təqsirli bilməsi özünü müdafiə xarakterlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərara əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2024-cü il tarixdən 23 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı iki gün müddət nəzərə alınmaqla, təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanımış bir ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirəyə məruz olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmək üçün cinayət işi materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 1.000 (bir min) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 21 oktyabr 2024-cü il tarixdən 23 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı iki gün müddət nəzərə alınmaqla, təyin edilmiş 1.000 (bir min) manat miqdarda cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 800 (səkkiz yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin. İş üzrə maddi sübut kimi tanımış 01 (bir) ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar