Məhkəmə qərarları › İş №1(011)-103/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-103/2025

30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-103/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 6,73 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlamaqla daşımış, 25 sentyabr 2024-cü il tarixdə saat 08:10-da Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 24.A ünvanında Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə 69 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək inzibati binada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 6,73 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 sentyabr 2024-cü il tarixdə saat 19:00 radələrində Şıxovda mağazadan siqaret almış, mağazadan çıxarkən yerdə bir büküm görmüş, nə olduğunu bilmədən götürmüş və dostları ilə birlikdə maşına əyləşərək Xətai rayonu ərazisinə gəlmişdir. Xətai rayonu ərazisində 3 nəfər maşında əyləşən zaman AP-193 markalı PPX maşını onlara yaxınlaşmış, polis əməkdaşları onlardan özlərini təqdim etmələrini istəmiş və harda yaşadıqlarını soruşmuşlar. Bu zaman o, üzərindəki narkotik vasitəni təqdim etmişdir. Polis əməkdaşları onu 37-ci PŞ-yə aparmış, ondan rüşvət istəmiş, o isə pulu olmadığını bildirmişdir. Bundan sonra onları Ağ şəhər ərazisinə aparmışlar. Orada PPX əməkdaşları tərəzi gətirərək onun üzərindən götürülən bükümün içərisindəki narkotik vasitənin çəkisini ölçmüşlər. Polisə rüşvət vermədiyi üçün onu tutmuş, 2 nəfər dostunu isə cərimələmişlər. O, məcbur olub bölmədə təzyiq altında deyilənləri etmiş və sənədlərə qol çəkmişdir. Təzyiqə məruz qalması və ona xəsarət yetirilməsi ilə bağlı heç bir orqana şikayət etməmişdir. İlkin olaraq onun üzərinə baxış keçirilərkən aşkar edilmiş narkotik vasitə polis tərəfindən tərəziyə qoyulub ölçülən zaman orada 4,80 qram olduğu müəyyən edilmişdir. Lakin sonradan ekspert rəyi ilə həmin bükümün çəkisinin 6.73 qram olduğu müəyyən olunmuşdur. Eyni zamanda, əməlindən səmimi peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 sentyabr 2024-cü il tarixdə saat 08 radələrində Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru polis leytenantı Şahid2 ilə birlikdə Xətai rayonu Xocalı prospekti 6 saylı notariusun yaxınlığında xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra oğurluq etməyindən şübhələndiklərini bildirib şəxsiyyət vəsiqəsini təqdim etməsini istəmişlər, həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədi üstündə olmadığı üçün Xətai RPİ-nin 37-ci PŞ-ə gətirmişlər. Polis şöbəsində olduqları zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkolik vasitə istifadəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu onlara bildirmişdir. Hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçi seçmək üçün vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs sərbəst olaraq hüquqlarının vəkil tərəfindən müdafiə olunmasını istəmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin 1 ədəd bükümdə nə olması soruşulduqda, o, həmin bükümdəki küllənin nəşə adı ilə tanıdığı narkotik vasitə marixuana olmasını bildirmişdir. Həmin büküm açıldıqda, içərisindən tünd yaşıl rəngli maddə aşkar edilmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 7,06 qramdır. Eyni zamanda Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan və kimdən almağını soruşanda, o, həmin maddəni 24 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Səbail rayonu Şıxov adlanan ərazinin yaxınlığında tapdığını, özü qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Sonra isə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş narkotik vasitə marixuana cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhür ilə möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək onunla oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi halların araşdırılması üçün X6, X2, X3 və X7 şahid qismində dindirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə birlikdə Şıxov ərazisində maşına minərək Xətai rayonu ərazisinə gəlmişdir. Onlar 3 nəfər olmuşlar. Polis əməkdaşı onlara yaxınlaşaraq harda yaşadıqlarını soruşmuşdur. Aqildə bir büküm narkotik vasitə olmuş, bu zaman Aqil həmin bükümü polisə təqdim etmişdir. Polis onları sərbəst buraxmış, daha sonra Ağ şəhər ərazisində onlardan pul istənilmişdir. 1500 manata razılaşmışlar. Lakin bükümü tərəziyə qoymuşlar. Onun özünü narkotik vasitədən istifadə edən şəxs kimi rəsmiləşdirərək inzibati protokol tərtib etmişlər, Aqili isə tutmuşlar. O, özü cəriməni ödəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xətai RPİ-nin PPX bölüyü polis nəfəri, polis serjantı X4 ifadəsində göstərmişdir ki, saxlanılan şəxslər 3 nəfər olmuş, onları Xocalı prospekti ərazisində olarkən saxlamışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar edilmiş, o, həmin bükümü tapdığını demişdir. Saxlanılan digər 2 şəxs isə istifadəçi olaraq barələrində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Həmin vaxt saxlanılan şəxslərdən rüşvət istənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xətai RPİ-nin PPX bölüyü polis nəfəri, polis serjantı X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün saxlanılmış, şəxsiyyətini təsdiq edən sənəd tələb edilmişdir. Saxlanılan şəxslər 37-ci PŞ-yə aparılmış və müvafiq istintaq hərəkətləri aparılmışdır. Polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsdən rüşvət tələb edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xətai RPİ-nin PPX bölüyü polis nəfəri, polis serjantı X11 ifadəsində göstərmişdir ki, hadisə zamanı orada olmamış, təqsirləndirilən şəxsdən rüşvət tələb etməmişdir. İş materiallarında olan heç bir sənəddə və ya raportda onun adı və imzası yoxdur. Təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi patrul maşınını o idarə etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 26 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 25 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:00-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 16); şəxsi axtarış və götürmə aparılması haqqında 25 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü çıxararaq təqdim etdi. Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik maddə olan nəşə adı ilə bildiyi "marixuana" olmasını bildirdi. Həmin şəffaf selofana bükülmüş bükülü açıldıqda içərisində tünd yaşıl rəngli spesifik iyiyə malik otşəkilli kütlə aşkar olundu. Həmin tünd yaşıl rəngli kütlənin tərəfimdən elektron tərəzidə çəkisi çəkildi və məlum oldu ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 7,06 qramdır. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Şıxov adınan ərazinin yaxınlığında yerdən tapdığını və şəxsi isifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi (i.v. 27-28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/1606 nömrəli 25 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "1. Təqsirləndirilən şəxs......" yazılar və imzalar olan kağız paketdə 1 (bir) ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi - 6,73 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitəqurudulmuş marixuanadır (i.v. 36-38); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 47-48); Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadədə ittihamda qeyd edilənlərdən fərqli məzmunda izahat verdiyindən məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir (CPM 327.1.3). Təqsirləndirilən şəxsin dindirilməsi barədə 26 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir il olar narkotik vasitə marixuanadan mütəmadi olaraq istifadə edir. Əvvəllər məhkum olunmamışdır. 24 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Səbail rayonu Şıxov adlanan ərazinin yaxınlığında bir ədəd şəffaf sellofan büküm taparaq həmin bükümün içərisinə baxdığı zaman bükümdə marixuananın olmasım görüb həmin bükümü cibinə qoymuş və istifadə etmək üçün cibində saxlamışdır. 25 sentyabr 2024-cü il tarixdə saat 08 radələrində yaşadığı evin yaxınlığında yəni. Xətai rayonu Xocalı prospekti 6 saylı notariusun yaxınlığında olan zaman 2 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun oğurluq etməyindən şübhələndiklərini bildirib ondan şəxsiyyət vəsiqəsini təqdim etməsini istəmişlər, şəxsiyyətini təsdiq edən sənəd üstündə olmadığı üçün onu Xətai RPİ-nin 37-ci PŞ-ə gətirmişlər. Polis şöbəsində olduğu zaman narkotik vasitə istifadəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu polis əməkdaşlarına bildirmişdir. Hüquq və vəzifələri ona izah olunmuş, ona müdafiəçi seçmək üçün vəkillərin siyahısı təqdim edilmişdir. O, sərbəst olaraq hüquqlarının vəkil tərəfindən müdafiə olunmasını istəmişdir. Daha sonra üzərində müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki göy rəngli rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Ondan həmin 1 ədəd bükümdə nə olması soruşulduqda, o, həmin bükümdəki kütlənin nəşə adı ilə tanıdığı narkotik vasitə marixuana olmasını bildirmişdir. Həmin büküm açıldıqda, içərisindən tünd yaşıl rəngli maddə aşkar edilmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 7,06 qramdır. Eyni zamanda ondan həmin narkotik vasitəni haradan və kimdən almağını soruşanda, o, həmin maddəni 24 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Səbail rayonu Şıxov adlanan ərazinin yaxınlığında tapdığını özü qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Sonra isə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş narkotik vasitə marixuana cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhür ilə möhürlənərək götürülmüşdür (i.v. 55-57); Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəyə münasibətdə məhkəmə qeyd edir ki, istintaqda verdiyi ifadə ilə məhkəmə istintaqında verilmiş ifadələr arasında ziddiyyətlər olsa da, təqsirləndirilən şəxs nəticə etibarilə narkotik vasitənin onun üzərində aşkar edilməsini etiraf etmiş, digər ifadələri isə özünümüdafiə məsədilə cinayət məsuliyyətindən azad olunmaq üçün vermişdir. “CD” diskə baxış keçirilməsi haqqında 26 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasında təhqiqatçı polis kapitanı X1 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X15, Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru polis leytenantı Şahid2 Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim edir. Ondan həmin 1 ədəd bükümdə nə olması soruşulduqda, o həmin bükümdəki kütlənin «nəşə adı ilə tanıdığı narkotik vasitə marixuana olmasını bildirir. Həmin büküm açıldıqda, içərisindən tünd yaşıl rəngli maddə aşkar edilir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilir və məlum olur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 7,06 qramdır. Eyni zamanda ondan həmin narkotik vasitəni haradan və kimdən almağını soruşanda, o həmin maddəni 24 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Səbail rayonu Şıxov adlanan ərazinin yaxınlığında tapdığını, özü qəbul etmək üçün üzərində saxladığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılır, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanır (i.v. 61); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 26 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir (i.v. 64-65); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 26 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 66-67); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 71); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin xx.xx.2024-cü il tarixli 6611 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v. 81-82); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 08 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə, diskə baxış haqqında protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 6.73 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6.71 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i.v. 84-89). Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, SMS mətnlərinin açıqlamaları, həmin nömrədən daxil olan və çıxan zənglərin abunəçilərinin tam anket məlumatlar haqqında məlumatlar "xxxx" MMC-dən tələb edilmişdir. "xxxx" MMC-nin məkhəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsindən 25 sentyabr 2024-cü il tarixdən saat 06:00-dan 25 sentyabr 2024-cü il tarix saat 18:00-dək olan müddət ərzində "xxxx" şəbəkəsində istifadə edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2023-cü il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanəın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahid X5 verdiyi ifadədə qeyd etdiyi halların araşdırılması üçün məhkəmə iclasının videogörüntüsünü və ittiham aktının surətini prokurorluğa göndərmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109-cu qrafasının 1-ci hissəsinə əsasən təmiz çəkisi 6,73 qram olan qurudulmuş marixuana istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, müharibə veteranı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananın miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 25 sentyabr 2024-cü il tarixdən 26 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 6.73 qram (tədqiqata 0.02 qram sərf edildikdən, sonra qalıq çəkisi 6.71 qram) narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 (bir) ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 72 (yetmiş iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 24A, mənzil 74 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmək üçün cinayət işi materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 60 (altmış) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixdən 26 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 24A, mənzil 74 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 6.73 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6.71 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış baxış və götürməni əks etdirən 01 (bir) ədəd “CD” disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs 60 (altmış) saat ərzində hüquqi yardım göstərdiyinə görə Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi 445 (dörd yüz qırx beş) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar