Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-104/2022 30.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,465 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib, üzərində saxlayıb, daşımış və 01 dekabr 2021-ci il tarixdə narkotik vasitənin təsiri altında idarə etdiyi “VAZ-2107” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman, saat 20:30 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə M.Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətdikdən sonra, hadisə yerindən qaçarkən, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,465 qram qəhvəyi rəngli tozşəkilli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Xətai rayonu, 8-ci Əhmədli küçəsində yerləşən yaşayış sahəsində yaşayır. O, etibarnamə əsasında “VAZ 21074” markalı avtomobili idarə edir və həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. O, narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olduğuna görə, narkotik vasitədən istifadə edərək, ağrıların qarşısını almağa çalışır. Narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən alırmış. 01 dekabr 2021-ci il tarixdə avtomobili idarə edərək, müştərini “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında düşürtmüşdür. Həmin gün o, avtomobili idarə etməmişdən əvvəl narkotik vasitə olan heroindən bir qədər istifadə etmişdir. Avtomobildə olan müştərini düşürtdükdən sonra o, Babək prospekti ilə M.Hadi küçəsinin kəsişməsində qarşısında hərəkətdə olan avtomobilin arxasından vurmuşdur. Bundan sonra o, hadisə yerindən uzaqlaşmaq istəmiş və buna görə də, avtomobili arxa-arxaya idarə edən zaman, arxada olan avtomobili də vurmuşdur. Bundan sonra avtomobili saxlamış və üzərinə tanımadığı şəxslərin və polis əməkdaşlarının yaxınlaşdığı gördükdə, qapını açıb düşərək qaçmaq istəmişdir. Həmin vaxt polis əməkdaşları onu saxlamış və onu döyməyə başlamışlar. Zərbələrin təsirindən o, huşunu itirmiş və ayıldıqda, polis şöbəsində olduğu başa düşmüşdür. Polis şöbəsində olarkən, ona qarşı yenidən polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmuş və bundan sonra o, məcbur olub videoçəkiliş zamanı üzərindən aşkar olunaraq götürülmüş bükümdə olan narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamağını etiraf etmişdir. Əslində isə ibtidai araşdırmada verdiyi ifadələri həqiqəti əks etdirmir, məhkəmə iclasında verdiyi ifadəsi isə doğrudur. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 dekabr 2021-ci il tarixdə, axşam saatlarında 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə xidməti ərazidə xidmət aparmışlar. Saat təxminən 20 radələrində Babək prospekti ilə M.Hadi küçəsinin kəsişməsində olmuşlar. Həmin ərazidə yolda hərəkət nisbətən dayanmış, belə ki, yolda tıxac yaranmışdır. Həmin vaxt qara rəngli “VAZ 21074” markalı avtomobilin sürücüsü ilk olaraq qarşısında dayanmış “Mercedes” markalı avtomobilin arxasından vurmuş, sonra isə avtomobili arxa-arxaya idarə edib arxasında dayanmış başqa bir “Mercedes” markalı avtomobili vurmuş və dayanmışdır. Həmin avtomobilin içərisindən bir nəfər cavan oğlan düşüb qaçaraq, hadisə yerindən uzaqlaşmaq istəmişdir. Orxan ilə avtomobildən düşüb həmin şəxsi saxlamaq üçün, arxasınca qaçmışlar. Həmin şəxs qaçarkən, müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Həmin şəxs yan üstə yerə yıxılmış və bədəninin müxtəlif yerlərindən qançır xəsarətləri almışdır. Onlar həmin şəxsə kömək edərək, yerdən qaldırmışlar. Onlar həmin şəxsə özlərini təqdim edib, nə üçün yol-nəqliyyat hadisəsi törətdikdən sonra, qaçmasını soruşmuşlar. Həmin şəxs özünü şübhəli aparmış və onlar sonuncunun narkotik vasitənin təsiri altında olmasından şübhələnmişlər. Həmin şəxsi sorğu-sual edən zaman özü də bildirmişdir ki, narkotik vasitə istifadə etmişdir. Bundan sonra, onlar həmin şəxsi Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs də, etiraz etməmişdir. Polis şöbəsində həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş və Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Daha sonra polis şöbəsinə vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə həmin şəxsin üzərində şəxsi axtarış aparılmışdır. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olubolmaması barədə sual verilmiş və olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağızda olan bükülünü çıxardıb təqdim etmişdir. Həmin bükümün içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olmasını və narkotik vasitəni “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata almasını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin heçnə aşkar olunmamışdır. Aşkar edilmiş maddə bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərində qeydlər aparılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, məzmununa dair ərizə və şikayət daxil olmamış və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs adlı şəxsi saxlayarkən və sonradan polis şöbəsində olarkən, həmin şəxsə qarşı hər hansı bir zorakı hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 01 dekabr 2021-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə saxlanılan şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində bir ədəd qızılı kağıza bükülmüş qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitəyə bənzər maddəni təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdəki maddə narkotik vasitə olan heroindir, həmin maddəni “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata almışdır. Bundan sonra, aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2021-ci il tarixli, 6/5323 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “(imza) Xanmirzəyev” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,465 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq - 0,415 qramdır. İş materiallarından görünür ki, 0,415 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd DVD formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 22 dekabr 2021-ci il tarixli, 5232 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 14 dekabr 2021-ci il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmçinin, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarından görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 (on) ay 14 (on dörd) gün hissəsindən azad edilmiş və məhkumluğu götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs saxlanılarkən və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmasını bildirsə də, bununla bağlı hər hansı bir hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 01 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,415 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,415 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-104/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-104/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver