Məhkəmə qərarları › İş №1(011)-104/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-104/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-104/2024 14.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxxx 1991-ci ildə Şəki rayonu, Vərəzət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Vərəzət kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən "Ford" avtoservisində olarkən atası Məzahir Lətifovovun idarə etdiyi "Ford Mondeo" markalı **- HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə bağlı ofisdə direktor Zərərçəkmiş şəxs və ustalara iradını bildirərkən heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətləri ilə səs küy edərək avtoservisin işçilərinin gözü qarşısında yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona sol alt Vİ, Vİİ dişlərin pataloji hərəkətliliyi, diş yuvasının şişkinliyi və diş ətinə qansızma ilə müşaiyət olunmuş alt çəninin sol yarısının, boyun və sol yanaq nahiyələrinin şişkinlik halında əziyi olan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuraraq qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, onun əməlləri yanlış olaraq xuliqanlıq kimi qiymətləndirilmişdir. Əgər digər şəxsin sağlamlığına yüngül xəsarət yetirmə kimi olsa o özünü təqsirli bilərdi. Belə ki, 2023-cü ilin altıncı ayında atası Məzahir Şəki rayonundan Bakı şəhərinə gələrkən yolda ona məxsus Ford Mondeo markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili xarab olmuşdur. Həmin günü qardaşı Şahid3 avtomobili evakuator vasitəsi ilə Xətai rayonu ərazisində yerləşən "Ford Club Azərbaycan" avto təmir servisinə aparmışdır. Təxminən iki ay ərzində avtomobil orada təmir olunmuşdur. xx.xx.2023-cü il tarixdə avtomobili götürmək üçün həmin servisə getdikdə servisdə ona ödəniş etdikdən sonra avtomobili apara biləcəyini bildirmişlər. Lakin onun ödəniş etməyə pulu olmadığı üçün avtomobili götürə bilməmiş və bu barədə qardaşı Tərlana məlumat verərək oraya çağırmışdır. Ödəniş etdikədən sonra avtomobili işə saldıqda mühərrikində və sükanı idarə edən "hidravlika" adlanan cihazda nasazlıq olduğunu bilmişdir. Servisdə ona bildirmişlər ki, bir qədər avtomobil sürüldükdən sonra həmin nasazlıq aradan qalxacaqdır. Deyilən məsafədə avtomobili idarə etdiyini lakin nasazlığın aradan qalxmadığını bildirmişdir. Avtomobili Təhsil Nazirliyinin yaxınlığında olan Ford servisə apardığını orada avtomobildə nasazlıq olduğunu bildirib qüsur aktı verilmişdir. Təkrar avtomobili "Ford Club Azərbaycan" avto təmir servisinə gətirib orada qüsur aktını göstərib mühərriki düzgün yığmadıqlarını və buna görə mühərrikin düzgün işləmədiyini bundan başqa sükanı idarə edən mexanizimdə nasazlıq yarandığını bildirib təkrar təmir etmələrini tələb etmişdir. Adını bilmədiyi usta avtomobili onların düzəltməyəcəyini bildirib onun avto servisin müdürünün yanına getməyini bildirmişdir. Birlikdə sonradan adının Vüsal olduğunu bildiyi müdür otağına getmişlər. Orada Vüsala avtomobilin mühərrikinin düzgün yığılmadığını və sükan mexanizminində nasaz olduğunu qardaşı tərəfindən ödəniş edildiyini və avtomobilin yenidən təmir olunmasını bildirmişdir. Vüsalın onun ünvanına təhqir edici ifadə işlətdiyi üçün aralarında mübahisə baş vermişdir. Vüsalın onun ünvanına söyüş söyməsini dayandırması üçün sağ əli ilə onun sifət nahiyəsindən geri itələmişdir. Vüsalda ona eyni halda müqavimət göstərmişdir. Həmin vaxtı orada olan servisin adlarını bilmədiyi İşçiləri onları aralamışdır. Əlavə olaraq bildirmişdir ki, ilk dəfə avtomobilin olduğu "Ford Club Azərbaycan" avto təmir servisə gedib avtomobilə baxmaq istədikdə həmin Vüsalın ona "biz avtomobili yoxlamışıq heç bir nasazlıq yoxdur, əgər avtomobilə baxmaq və ya aparmaq fikirin varsa həmin servisdən aldığımız ehtiyat hissələrinin və avtomobilin təmir haqqını ödəməlisən" demişdir. Vüsalın bədəni üzərində yüngül dərəcəli xəsarətin aşkar edilməsindən narazı olmasını və onu vurmadığını bildirmişdir. Hazırda zərərçəkən şəxslə barışmış, qarşı tərəfin ondan heç bir şikayəti yoxdur. Əməlinin xuliqanlıq olmadığını nəzərə alıb işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi və şikayətindən sonra şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamışdır. ünvan 3 ünvanında yerləşən "Ford” avto servisin drektorudur. Cari ilin avqust ayının əvvələrində Ford Mandeo markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil mühərrikində yaranmış nasazlıqla bağlı servisə gətirilmişdir. Bir neçə gün ərzində avtomobilin düzəldildiyini və sahibinə təhvil verildiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə adını bilmədiyi bir nəfər şəxsin avtoservisdə usta ilə mübahisə etdiyini görüb otağa çağırmışdır. Həmin şəxslə otaqda söhbət etdiyi zaman Ford Mondeo markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin qardaşı olduğunu bilmişdir. Həmin şəxs avtomobilinin sükan sisteminin servisin ustaları tərəfindən nasaz edildiyini bildirdikdə aralarında sözlə mübahisə yaranmış və həmin vaxtı onun ünvanına təhqir etməsinə etiraz etdiyinə görə üzərinə hücum edərək sifətinə yumruq zərbələri vurmuşdur. Hadisə zamanı otaqda olan servisin işçiləri onu aralamışlar. Bundan sonra baş vermiş hadisə barədə DİN- nin 102 xidməti zəng mərkəzi sisteminə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi, mülki iddiası yoxdur. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi, mülki iddiası yoxdur. Hadisə zamanı ona heç bir maddi zərər dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, təxminən 3 ildir Ford Club Azərbaycan avto təmir servisində usta işləyir. Cari ilin yay aylarının birində Ford Mandeo markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avto servisə evokuatorla gətirilmişdir. Avtomobili müayinə etdikdən sonra avtomobilin işə düşmədiyi və mühərrikində nasazlıq olması müəyyən edilmişdir. Təxminən 20 gün ərzində avtomobili təmir edilmişdir. Bir nəfər şəxs servisə gələrək avtomobili aparmaq istədikdə avtomobili işə salaraq ona təhvil verdikdən bir qədər sonra təkrar servisə gələrək avtomobildə nasazlıq olduğunu bildirmişdir. Avtomobili komputerlə yoxlayıb yaranmış elektrik nasazlığını aradan qaldırmışdır. Bir neçə gündən sonra həmin şəxs avtomobili servisə gətirərək və yenidən nasazlıq yarandığını bildirmiş başqa servisdən avtomobilə verilmiş qüsur aktını təqdim etmişdir. Həmin şəxsə nasazlığın servisdə olmadığını bildirdikdə aralarında mübahisə baş vermişdir. Həmin şəxs söyüşlə danışdığı üçün birlikdə müdürün otağına gedib orada kamera görüntülərinə baxmağı təklif etmişdir. Onlar birlikdə müdürün otağına qalxdıqlarını orada həmin şəxsin özünün servisin müdürü Vüsala avtomobildə olan nasazlığı bildirdikdə Vüsal avtomobildə yaranmış nasazlığın aradan qaldırıldığını sonradan yaranmış nasazlığın isə servisdə olmadığını bildirmişdir. Həmin vaxtı sonradan adının Rövşən olduğunu bildiyi şəxsin Vüsalla söyüşlə danışıb mübahisə etməyə başladığını və anidən Vüsalın üzərinə hücum edib yumruq zərbələri endirmişdir. Hadisə anidən baş verdiyindən sırf zərbə anını görməmişdir. Hadisə baş verən zaman özü və orada olan işçilər onu aralaşdırıb sakitləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir Ford Club Azərbaycan avto təmir servisində menecer olaraq işləyir. xx.xx.2023-cü il tarixdə işdə olduğu zaman sonradan adının Rövşən olduğunu bildiyi şəxs servisdə Anar adlı usta ilə mübahisə etdiyini və qolundan tutaraq söyüşlə danışdığını görmüşdür. Anar adlı usta həmin şəxsə servisin müdürünün otağında olan kameraya baxmağı təklif etdiyi üçün servisin müdürü Vüsalın otağına getmişlər. Özüdə onların arxası ilə oraya getmişdir. Servisin müdürü Vüsalın otağında olan zaman Rövşənin müdür ilə söyüşlə danışmağa başladığı üçün Vüsalda ona avtomobilinə aid olan ehtiyat hissəsini götürən şəxs varsa onun haqqında söyüş söydükdə Vüsalın üzərinə hücum edib ona bir neçə dəfə yumruq zərbələri vurmağa başlamışdır. Həmin vaxtı orada olan şəxslər və özü onu aralaşdırıb sakitləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ona məxsus lakin etibarnamə ilə atası Məzahir Lətifovun idarə etdiyi Ford Mandeo markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıllı rayonunda mühərrikində nasazlıq yarandığı üçün evakuatorla Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən "Ford Club Azərbaycan" avto təmir servisinə Anar adlı ustanın yanına gətirmişdir. Təxminən bir ay yarım avtomobil orada təmir olunduqdan sonra cari ilin avqust ayının 18-də avtomobili götürmək üçün qardaşı Təqsirləndirilən şəxs getsədə ödəniş olunmadığı üçün avtomobili verməmişlər. Qardaşı Rövşənin ona xəbər etdikdən sonra oraya getdiyini və 1510 manat ödəniş edib sonra avtomobili təhvil götürüb işə saldıqlarını və qardaşı Rövşən avtomobilin mühərrikində nasazlıq olduğunu bildirdikdə Anar ustaya bu barədə məlumat verdikdə avtomobilə baxdığını və bir qədər sürdükdən sonra düzələcəyini demiş, lakin avtomobil sürsədə düzəlməmişdir. Başqa servisdə avtomobilin yoxlanıldığını və alınmış qüsur aktı ilə birlikdə avtomobilin Ford fervisə aparıldığını lakin avtomobilin düzəldilmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə qardaşı Rövşəninin ona zəng edərək avtoservisdə işçilər ilə aralarında mübahisə baş verdiyini və servisin ditrektoru ilə dalaşmasını, polis şöbəsində olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir Ford Club Azərbaycan avto təmir servisində usta olaraq işləyir. xx.xx.2023-cü il tarixdə işdə olduğu zaman sonradan adının Rövşən olduğunu bildiyi şəxs servisdə Anar adlı usta ilə mübahisə etdiyini və qolundan tutaraq söyüşlə danışdığını görmüşdür. Anar adlı usta həmin şəxsə servisin müdürünün otağında olan kameraya baxmağı təklif etdiyi üçün servisin müdürü Vüsalın otağına getmişlər. Özüdə onların arxası ilə oraya getmişdir. Servisin müdürü Vüsalın otağında olan zaman Rövşənin müdür ilə söyüşlə danışmağa başladığı üçün Vüsal da ona avtomobilinə aid olan ehtiyat hissəsini kim götürübsə həmin şəxsin ünvanına nalayiq söz dedikdə sonuncu Vüsalın üzərinə hücum edib ona bir neçə dəfə yumruq zərbələri vurmağa başlamışdır. Həmin vaxtı orada olan şəxslər və özü Rövşəni aralaşdırıb sakitləşdirmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir Ford Club Azərbaycan avto təmir servisində usta olaraq İşləyir. Cari ilin yay aylarında Ford Mondeo markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil işlədiyi servisə evakuatorla gətirilmişdir. Yoxlanış zamanı avtomobiln mühərrikinin sıradan çıxması müəyyən olunmuş və təxminən 20 gun erinomühərriki təmir olunmuşdur. xx.xx.2023-cü il tarixdə işdə olduğu zaman sonradan adının Rövşən olduğunu bildiyi şəxs servisdə Anar adlı usta ilə mübahisə etdiyini adagolundan tutaraq söyüşlə danışdığını görmüşdür. Anar adlı usta həmin şəxsə servisin müdürünün otağında olan kameraya baxmağı təklif etdiyi üçün servisin müdürü Vüsalın otağına getmişlər. Özüdə onların arxası ilə oraya getmişdir. Servisin müdürü Vüsalın otağında olan zaman Rövşənin müdür ilə söyüşlə danışmağa başladığı üçün Vüsal da ona avtomobilinə aid olan ehtiyat hissəsini kim götürübsə həmin şəxsin ünvanına nalayiq söz dedikdə sonuncu Vüsalın üzərinə hücum edib ona bir neçə dəfə yumruq zərbələri vurmağa başlamışdır. Həmin vaxtı orada olan şəxslər və özü Rövşəni aralaşdırıb sakitləşdirmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir Ford Club Azərbaycan avto təmir servisində usta olaraq işləyirəm. xx.xx.2023-cü il tarixdə işdə olduğu zaman sonradan ifadə verərkən adının Rövşən olduğunu bildiyi şəxs servisdə Anar usta ilə mübahisə etdiyini görmüşdür. Anar adlı usta ona servisin müdürünün otağında olan kameraya baxmağı təklif etdiyi üçün servisin müdürü Vüsalın otağına getmişlər. Özüdə onların arxası ilə oraya getmişdir. Servisin müdürü Vüsalın otağında olan zaman Rövşənin müdür ilə söyüşlə danışmağa başladığı üçün Vüsalda ona avtomobilinə aid olan ehtiyat hissəsini götürən şəxs varsa onun haqqında söyüş söydükdə Rövşənin Vüsalın üzərinə hücum edib ona bir neçə dəfə yumruq zərbələri vurmasını bildirmişdir. Həmin vaxtı orada olan şəxslər və özü Rövşəni aralaşdırıb sakitləşdirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması və istintaq üzrə göndərilməsi haqqında qərardan görünür ki, fakta görə 29 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 31 avqust 2023-cü il tarixli, 983 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol alt Vİ, Vİİ dişlərin patoloji hərəkətliliyi, diş yuvasının şişkinliyi və diş ətinə qansızma ilə müşaiyət olunmuş alt çənənin sol yarısının boyun və sol yanaq nahiyələri əhatə etmiş şişkinlik halında əziyi aşkar edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Cinayət işinin icraata qəbul edilməsi haqqında 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı aparılmışdır. 10 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək qərar ona elan edilmişdir. DVD diskə baxış keçirilməsi haqqında 02 noyabr 2023-cü il, 01 dekabr 2023-cü il tarixli protokollardan və həmin diskə məhkəmə iclası zamanı baxışdan məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 15:52:44-də Xətai rayonu S.Əhmədov küçəsi 1 ünvanında yerləşən Ford avto təmir servisinin müdür otağında əynində qara rəngli qısa qol köynək və tünd göy rəngli cins şalvar olan Təqsirləndirilən şəxs, əynində boz rəngli şortik və qara ağ yaraq şəkilləri olan qısa qol köynəkdə Zərərçəkmiş şəxs ilə danışır, bu vaxt kənarda əynində qara rəngli qısa qol köynəyi və göy rəngli şortik olan Şahid2, seyrək saçlı, əynində tünd göy rəngli mayka və qara rəngli idman şalvarı olan Şahid1, üzü saqqallı, əynində qara qısa qol köynək, qara şalvar olan Şahid6, əynində tünd göy rəngli mayka və əlində əlcək olan Şahid5, əynində ağ rəngli göy zolaqlı köynək və tünd göyrənli şalvar olan Şahid4 Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yanındadırlar. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla qarşılıqlı əl hərəkətləri ilə bir birləri ilə danışırlar. Danışıqları zamanı aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hücum edərək sonuncuya yumruq zərbələri endirmişdir. Bu zaman orada olan şəxslər Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aralayıb otağın bir tərəfinə aparmışdırlar. 03 noyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyi üçün dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 21 noyabr 2023-cü il tarixli, 809 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol alt Vİ, Vİİ dişlərin patoloji hərəkətliliyi, diş yuvasının şişkinliyi və diş ətinə qansızma ilə müşaiyət olunmuş alt çənənin sol yarısının boyun və sol yanaq nahiyələri əhatə etmiş şişkinlik halında əziyi aşkar edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. 30 noyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnərək icraata qəbul edilmişdir. 01 dekabr 2023-cü il tarixli cinayət işinin tövsif edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 07 noyabr 2023-cü il tarixli DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. 01 dekabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Şəki şəhər İHB-nin Baş Zəyzid kənd İƏD tərəfindən verilən Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1991-ci ildə Şəki rayon Vərəzət kəndində anadan olmuşdur.İlk orta təhsilini Vərəzət kənd tam orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra Türkiyə Respublikasında ali təhsil almışdır. Təhsil aldığı müddətdə ictimai fəal olduğu məlumdur, 2-ci Qarabağ müharibəsində arxa cəbhədən maddi və mənəvi dəstək olmuşdur. Həmçinin, 17 tır təkər cəbhəyə göndərdiyi məlumdur.Hal hazırda fərdi əməklə məşğuldur. Onu tanıyanlar, qohumlar, qonşular Rövşəni sadə, mehriban və qayğıkeş biri olduğunu demişdirlər. Onun barəsində bu vaxta qədər nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan DVD diskə baxışdan məlum olur ki, Lətifov Türkiyə Respublikasında tələbə olarkən vətənpərvərlik nümayiş etdirərək kütləvi tədbirlərdə ölkəmizin mənafeyi naminə tədbirlərdə iştirak etmişdir. 01 noyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx xxxxxxxx 1991-ci ildə Şəki rayon Vərəzət kəndində anadan olmuş, subay, ali təhsilli, Şəki rayonu Vərəzət kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti 17 “RİFAH” plaza mənzil 42 yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və qərar ona elan edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi, mülki iddiası yoxdur. Hadisə zamanı ona heç bir maddi zərər dəyməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Belə ki, xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərara əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, 2-ci Qarabağ müharibəsində arxa cəbhədən aktiv şəkildə maddi və mənəvi dəstək olması, xaricdə tələbə olarkən ölkəmizin mənafeyi naminə təbliğat işlərində iştirakı cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır, cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 65 (altmış beş) iş saatına görə 390 (üç yüz doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut kimi tanımış iki ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirəyə məruz olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1000 (bir min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 65 (altmış beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 (üç yüz doxsan) manat ödənilsin. İş üzrə maddi sübut kimi tanımış iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar