Məhkəmə qərarları › İş №1(011)-104/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-104/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-104/2025 22.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1985-ci il ildə Litva Respublikasında doğulması, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 185 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X8, fərdi tikilmiş evdə yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş ittihama əsasən o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə qohumu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun mülkiyyətində olan "Mercedes-Benz C200" markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin 10.000 manat dəyərində satılmasında köməklik göstərəcəyi barədə yalan vəd verib, 25 noyabr 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24A ünvanda 6 saylı notariat ofisində Zərərçəkmiş şəxs tərəfindən baş etibarnamə verilməklə onun müəyyən etdiyi müştəri Şahid2 faktiki satıldıqdan sonra 10.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs vermək adı ilə Şahid2 alıb ələ keçirməklə dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, əvvəllər kompüter mütəxəssisi işləmiş, hal-hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs uzaq qohumudur, aralarında heç bir ədavət və düşmənçiliyinin olmamışdır. Altayın özünə məxsus "Mercedes-Benz C200" markalı, **-DD- *** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. 2023-cü ilin oktyabr ayının sonlarında Altay ona zəng edərək aldığı avtomobildə nasazlıq olduğu üçün, avtomobili ya geri qaytarmaq yada satmaq istədiyini bildirib ona köməklik göstərməsini xahiş etmişdir. Altay avtomobili onun iş yerinin yaxınlığına gətirmək istədiyini, avtomobilə baxmasını demiş, o da razılığını bildirmişdir. Bir müddət sonra Altay avtomobili sürüb onun əvvəlki işlədiyi ofisinin, yəni Biləcəri qəsəbəsi, Məhəllə 50-57/68, ev 10-nun qarşısına gətirmişdir. Onlar çayxanada oturub çay içib söhbət etmişlər. Söhbət zamanı Altay ona özünə məxsus "Mercedes-Benz C200" markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili aldığı şəxsə geri qaytara bilmədiyini, bu səbəbdən avtomobilin satılmasında köməklik etməsini xahiş etmişdir. Altay qohumu olduğundan etiraz etməyib "Mercedes-Benz C200" markalı avtomobilini satmaqda köməklik edəcəyəni bildirmişdir. Altay avtomobili orada saxlayıb getmişdir. Bundan sonra, o, Altaya məxsus qeyd etdiyi avtomobili dostu Samirə göstəmişdir. Lakin, Samir avtomobilə baxsa da bəyənməmiş və almaq istəmədiyini bildirmişdir. O, bu barədə Altaya deməyib başqa müştəri axtarmağa başlamışdır. Bir müddət sonra o, avtomobilə bir tanışı tərəfindən əlaqə yaratdığı Ruslan adlı müştəri tapmış və Altaya bu barədə məlumat vermişdir. Ruslandan şəxsiyyət vəsiqəsini almış və adına baş etibarnamə verəcəyini demişdir. O, Altaya söhbət zamanı avtomobili satacağını, lakin pula ehtiyacı olduğundan onun pulunu 2023-cü ilin dekabr ayının 10-na qədər verəcəyini demiş, yəni Altaydan avtomobilin alqı-satqısından əldə edəcəyi 10000 manat pulu borc olaraq ona verməsini xahiş etmişdir. Altay isə etiraz etməyib razılaşmışdır. 25 noyabr 2023-cü il tarixdə təxminən saat 10:30 radələrində Samirə zəng etmiş və onu Altayın yanına aparmasını xahiş etmişdir. Samir də ona razılığını bildirmişdir. Onlar görüşmüşlər və birlikdə Samirin idarə etdiyi avtomobillə Bakı şəhəri, H.Əliyev prospektində yerləşən 5 saylı Asan xidmətin qabağına getmişlər. Orada Altay onları gözləmişdir. O, Altaya avtomobil üçün etibarnamə verməsini demişdir. Onlar Asan xidmətə getmişlər, orada növbə olduğu üçün işçilərə yaxınlaşıb tez növbə almaq istəmiş, lakin orada növbənin tez olmasının mümkünsüz olmasını demişlər. Buna görə də, onlar danışıb həmin gün, yəni 25 noyabr 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 6 saylı notariat kontoruna gəlmişlər, orada Samir çöldə qalmış, o, Altayla birlikdə içəri girmiş, şəxsiyyət vəsiqələrini təqdim etmişlər. Orada Ruslan adlı şəxsin adına Altay etibarnamə vermişdir. O, avtomobili aparıb Ruslana vermiş və 10.000 manat pulu almışdır. Bundan sonra, pulu şəxsi işlərinə xərcləmiş, lakin işlərində problem yarandığından Altayın pulunu qaytara bilməmişdir. Hazırda vurulan zərəri tam olaraq ödəmişdir. İş üzrə icraata xitam verilməsi üçün dövlət nəfinə müvafiq məbləği ödəmək imkanı yoxdur. Törətdiyi əmələ görə səmimi olaraq peşmanlıq hissi keçirdiyini bildirmiş və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumudur, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 20 noyabr 2023-cü il tarixdə Əli Axundov adlı şəxsdən "Mercedes-Benz C 200" markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili 10.140 manata almışdır. Həmin avtomobili öz adına keçirməsə də avtomobil üçün bütün hüquqları təsdiq edən etibarnamə almışdır. Avtomobili aldıqda sonra avtomobildə müəyyən problemlər olduğunu aşkar etmişdir. Avtomobili geri qaytarmaq istəsə də aldığı şəxs geri qaytarmamışdır. Buna görə də avtomobili satmaq qərarına gəlmişdir. Xəyyam əvvəllər avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. 2023-cü ilin noyabr ayının 24-də Xəyyamla telefonla danışan zaman "Mercedes-Benz C 200" markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istədiyini və köməklik göstərməsini xahiş etmişdir. Xəyyam ona avtomobilin şəkillərini atmasını bildirmiş, o da avtomobilin şəkillərini "vhatsapp" proqramı vasitəsi ilə Xəyyama göndərmişdir. Xəyyam da təxminən 1 saatdan sonra geri dönüş edərək avtomobilə müştəri tapdığını, müştərinin isə uşaqlıq dostu hazırda Dövlət Təhlükəsizlik Xidmətində işləyən Samir adlı şəxs olduğunu, Samirin avtomobili rəisinin bağ evində istifadə edilməsi üçün almaq istədiyini demişdir. Xəyyam Samirin avtomobilin şəkillərinə baxıb bəyəndiyini demişdir. Samirin avtomobilə yerində baxmaq istədiyini, video çəkərək rəisi İsrail Respublikasında olduğu üçün göndərmək istədiyini bildirib, avtomobili dediyi yerə gətirməsini bildirmişdir. Xəyyam "vhatsapp" vasitəsi ilə ona məkan göndərmiş və avtomobili Xəyyamın məkan atdığı Binəqədi rayonunda olan yerə aparmışdır. Onlar bir müddət gözləmiş lakin Samir adlı şəxs gəlməmişdir. Xəyyam Samir adlı şəxsə bir neçə dəfə zəng edərək avtomobil gəldiyini, həmin yerə gəlməsini demiş, ancaq Samir adlı şəxs işi çox olduğu üçün gələ bilməyəcəyini demişdir. Sonra Xəyyam demişdir ki, "avtomobil qalsın, Samir gələcək, səhər tezdən avtomobilə baxarıq video çəksin, ustaya göstərsin, rəisinə bildirsin". Bundan sonra, onlar Xəyyamın təkidi ilə avtomobili həmin yerdə saxlamışlar, sonra isə çıxıb evə getmişlər. 25 noyabr 2024-cü il tarixdə saat 10:30-da Xəyyam ona zəng etmiş, Samirin avtomobili video çəkiliş etdiyini, məbləğ olaraq isə 9500 manat təklif etdiyini demiş, o isə bununla razılaşmayaraq Xəyyama demişdir ki, avtomobili 10000 manatdan aşağı satmayacaq. Xəyyam bir neçə dəqiqədən sonra yenidən zəng edərək razılaşdığını, ancaq Samirin rəisinin İsraildən dekabr ayının 4-5 arası gələcəyini, gəldikdən sonra pulu verəcəyini demiş, lakin yenə razılaşmamışdır. Xəyyam təkidlə, israrla qohum olduqlarını bildirərək, "mənə inanmırsanmı?" demiş, "sənin 10000 manat pulunu mən ayın 4-5 arası verəcəm" deyə bildirmişdir. Bundan sonra, Xəyyamın əmisi oğlu olmasını, onu aldatmayacağını fikirləşib razılaşmışdır. Xəyyam ona hər hansı bir notariusun qarşısına gedib onları gözləməsini demişdir. O da avtomobillə Bakı şəhəri, H.Əliyev prospektində yerləşən 5 saylı Asan xidmətin qabağına getmiş və Xəyyama zəng etmişdir. Xəyyam ondan harada olmasını soruşmuş, ona öz yerini bildirmişdir. Bir müddət sonra Xəyyam dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli "Mercedes- Benz" markalı avtomobil ilə gəlmiş, qabaq oturacaqdan düşmüş və onun yanına gəlmişdir. Xəyyam sürücünün Samir olmasını bildirərək tanış etmiş, o da görmüşdür ki, Samir adlı şəxs həqiqətəndə məmura oxşayır, yaraşıqlı, geyimli oğlandır. Xəyyam Samirə demişdir ki, "görürsən mənim əmimoğlu Altay necə atama oxşayır", oda demişdir ki, "düz deyirsən, bir almanı elə bil iki yerə bölüblər". Samir avtomobilə baxış keçirdiyini, yalnız soyuducunun işləmədiyini bildirmiş, o da Samirə problem olmadığını soyuducunun qazı vurulduqdan sonra işləyəcəyini demişdir. Xəyyam demişdir ki, "sən avtomobilə dair etibarnamə ver, avtomobil təcili rayona rəisin bağ evinə getməlidir, avtomobili orada gözləyirlər". Lakin, Xəyyam avtomobilin hansı rayona gedəcəyini deməmişdir. Onun ürəyində şübhələr yaranmış, lakin yenə də Xəyyam atasının goruna and içərək onu inandırmışdır. Onlar "Asan" xidmətə getmişlər, orada növbə olduğu üçün Xəyyam tez çölə çıxaraq təlaşlı formada işçilərə yaxınlaşıb tez növbə almaq istəmiş, onlar isə növbənin tez olmasının mümkünsüz olmasını demişlər. O, işin tərs getdiyini görüb, sabaha qalmasını bildirmişdir. Lakin, Xəyyam avtomobili Samirin rəisi üçün alacaqlarını, ancaq avtomobilə dair etibarnaməni Samirin adına yazılacağını əvvəlcədən demişdir. Eləcə də, Xəyyam ona "bu gün mütləq həll etməliyik" demişdir. Bundan sonra, Xəyyam Samirə "sür avtomobili Xətai rayonunda olan notariusa" demişdir. Yolda Samirin sürdüyü avtomobildə olan zaman Samir Seyid adlı şəxslə mobil telefon vasitəsilə danışmış və ona demişdir ki, Əli Nağıyevin yanından çıxmış, onun məsələsini danışmış, məsələ həll olunmuş, verdiyi nömrə ilə əlaqə saxlayıb gedib görüşsün. Təxminən 2-3 dəqiqədən sonra həmin şəxs əlaqə saxlamış, Samirə demişdir ki, nömrəyə zəng çatmır. Samir isə demişdir ki, "səbirli ol şəbəkə daxilində ola bilər, yenidən yoxla". Yol boyu güzgüdən ona baxaraq ağsaqqal deyərək Əli Əsədovun yanına sənəd imzalamağa gedəcəyini, 400000 manat pul alacağını, bunun əvəzində özünə 40000 manat pul qalacağını, bu işin qarşılığında 40000 manatın az olubolmamasını ondan soruşmuşdur. O isə bildirmişdir ki, "mən axı bilmirəm siz nə işlə məşğulsuz, nə puldu". Xəyyam və Samir ona avtomobilə görə pulu 400000 manat pul aldıqdan sonra verəcəklərini demişlər. Onlar həmin gün, yəni 25 noyabr 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən 6 saylı Notariat kontoruna gəlmişlər, orada Samir çöldə qalmış, o, Xəyyam ilə içəri girmiş, şəxsiyyət vəsiqələrini təqdim etmişlər, fikir verib görmüşdür ki, Samirin şəxsiyyət vəsiqəsi deyil, başqa bir şəxsin adı çəkilmişdir. O, Xəyyama demişdir ki, “bəs sən deyirdin Samirin adına etibarnamə yazdıracağıq, ancaq Samirin deyil başqa adamın adı çəkilir". O isə həmin şəxsin Samirin sürücüsü olduğunu, fərqi olmadığını avtomobili Samir deyil sürücüsü sürəcəyini, "şənin üçün nə fərqi var, sənə avtomobilin pulu lazımdı, pulun isə dekabr ayının 4-5 arası veriləcək, ola bilər bugün ya sabah veriləcək" demişdir. O da inanıb Xəyyamın dediyi Şahid2 adına baş etibarnamə yazdırmışdır. Notarisdan çıxan kimi Xəyyam ona "biz tələsirik, 400000 alacağımız pulun arxasınca gedirik, əmi oğlu get rahat yat". Sonra isə ona taksi tutaraq yola salmışlar. Dekabr ayının 6-sı Xəyyama zəng edib demişdir ki, "Samirin rəisi 5-i gələrək 10000 manat pulunu verəcək demişdin, nə yerdə qaldı?". Xəyyam isə rayonda hüzr yerində olduğunu, rəisin gəlməyindən xəbəri olmadığını demişdir. Dekabr ayının 6-sı günü "turbo.az" saytına girərək maraq üçün baxanda görmüşdür ki, avtomobili Razi adlı şəxsin adından sayta yerləşdirilib, 12000 manata satışa qoyulmuşdur. O, tez Xəyyama zəng etmiş, Xəyyam isə xəbərinin olmadığını, Samirlə danışıb xəbər verəcəyini bildirmişdir. Xəyyam 2-3 gün belə onu aldatmışdır. Sonradan qardaşı ilə danışan zaman avtomobilin satışı ilə bağlı Xəyyam ilə arada danışdığını bildidmişdir. O bildirmişdir ki, Xəyyam ondan tanışı üçün avtomobili götürərək pulunu verəcəyini demişdir. Qardaşı isə Xəyyamın onu aldatdığını avtomobilə görə etibarnaməni tez ləğv etdirməsini, Xəyyamın dələduz olduğunu demişdir. Bundan sonra, Xəyyam hər gün eyni sözlər deyərək bugün-sabah pulu verəcəyini bildirib onu aldatmışdır. Sonradan isə "heç kimdən qorxmuram, çəkinmirəm, pulum yoxdur, nə vaxt olacaq verəcəm" demişdir. Beləliklə, Xəyyam və Samir onun etibarından istifadə edərək aldadıb 10000 manat dəyərində avtomobilini ələ keçirmişlər, onun xəbəri olmadan bir neçə şəxsə satmışlar, nəticədə isə alınan pulları götürərək mənimsəmişlər. Ona 10000 manat maddi ziyan dəymiş, hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onunla barışmışdır, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs 22 may 2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, ərizəsini heç bir təzyiq olmadan könüllü özü yazmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 30 ildir tanıyır. O, Xəyyamla bir məhəllədə böyümüş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Xəyyamın qohumu Zərərçəkmiş şəxs isə Xəyyam onun avtomobilini satmaq istəyən zaman görmüş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin noyabr ayında Xəyyam ona zəng edərək, əmisi oğlu Altayın avtomobilini satmasını, həmin avtomobili satmaqda ona köməklik etməsini xahiş etmişdir. O, Altayın yanına gedib, "Mercedes-Benz C200" markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxmış və avtomobilin şəkillərini çəkib tanışına göndərmişdir. Onun tanışı sonradan gedib həmin avtomobilə baxmış və avtomobilin nasaz olduğunu bilib ona zəng etmişdir. O da ona əgər avtomobil nasaz vəziyyətdədirsə almamasını demişdir. 25 noyabr 2023-cü il tarixdə saat 10 radələrində Xəyyam ona zəng edərək, avtomobilə müştəri tapdığını və onunla birlikdə etibarnamə verilməsi üçün "Asan xidmətə getməyi xahiş etmişdir. O da şəhərə getdiyini və Xəyyamı apara biləcəyini demişdir. O, idarə etdiyi "Mercedes- Benz S600" markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəyyamı “Koroğlu” metrostansiyasının yaxınlığından götürmüş və birlikdə Bakı şəhəri, H.Əliyev prospektində yerləşən 5 saylı "Asan xidmət”in qarşısına gəlmişlər. Orada Altayla görüşmüşlər, Altayı ilk dəfə orada görmüşdür. Xəyyamla Altay birlikdə Asan xidmətin binasına daxil olmuşlar, bir müddət sonra həyətə çıxmışlar. Altay ondan onları şəhərə aparmasını xahiş etmiş, o da etiraz etməyib Xəyyamla Altayı idarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektinin yaxınlığında düşürmüşdür. Daha sonra, o, işlərinin arxasınca getmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 12 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; (i.v. 1) - 12 sentyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v. 18) - 12 sentyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 12 sentyabr 2024-cü il tarixdə saat 18:00da tutulmuşdur; (i.v. 50) - 14 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur; (i.v. 66-67) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 14 sentyabr 2024-cü il tarixli, 4(011)- 608/2024 saylı qərarından görünür ki, vəsatət və təqdimat təmin edilməmiş, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “ev dustaqlığı” seçilmiş, bu qətimkan tədbirinin müddəti 03 ay həddində müəyyən edilməklə onun əvvəli 12 sentyabr 2024-cü il tarixdən hesablanmışdır; (i.v. 88-94) - 21 sentyabr 2024-cü il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs istintaqa Təqsirləndirilən şəxs ilə aralarında olan danışıqları köçürülmüş 1 ədəd CD diski təqdim etmişdir. Buna görə də, Zərərçəkmiş şəxs təqdim etdiyi yuxarıda qeyd olunan diskə baxan zaman içərisində müxtəlif adlarda 84 ədəd fayl olması aşkar olunur. Həmin 1 ədəd CD farmatlı disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür.; (i.v. 129) - 23 sentyabr 2024-cü il tarixli məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd CD diskin üzərində "Ahuang" CD-R sözləri yazılmışdır. Həmin disk Xətai RPİ-də inzibati otaqda olan “HP” markalı komputerdə disk oxuducuda açıldıqda içərisində 84 ədəd səs yazı olması görünür. Həmin səs yazılarda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs səs yazıları vardır və həmin səs yazılarda Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs aralarında avtomobilin satılması və pulun qaytarılması barədə danışıqları vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs səslərin ona məxsus olduğunu Zərərçəkmiş şəxsla danışıqları olmasını bildirdi; (i.v.130) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli 11430№-li məktubdan görünür ki, xx.xx.1985-cı il təvəllüdlü, Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb; (i.v. 131) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 25 sentyabr 2024-cü il tarixli tələbnamə sənədindən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v. 140) - Doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 Xəyyam Bəxtiyar oğlunun övladlarıdır; (i.v.141) - 28 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmaqla barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri nəzərə alınmışdır; (i.v. 142-150) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 4(011)-746/2024 saylı qərarından görünür ki, təqdimat təmin edilmiş, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 185 ünvanında qeydiyyatda olan və faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X8 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ev dustaqlığında saxlama müddəti 15 (on beş) gün olmaqla, yəni 27 dekabr 2024-cü il tarixədək uzadılmışdır; - Bakı şəhəri Xətai rayon məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 1(011)-104/2025 saylı qərarından görünür ki, xx xxxx 1985-ci il tarixdə Litva Respublikasında anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 185 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X8, fərdi tikilmiş evdə faktiki yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmişdir; - Bakı İstintaq Təcridxanasının 30 aprel 2025-ci il tarixli, 3-16-17/40/2-24431/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı istintaq təcridxanasına gətirilmişdir; - Bakı şəhəri Xətai rayon məhkəməsinin 02 may 2025-ci il tarixli, 1(011)-104/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir; - Zərərçəkmiş şəxs 22 may 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, ərizəsini heç bir təzyiq olmadan könüllü özü yazmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri zərərçəkmiş şəxs, şahidin ifadəsi və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə əməlindən peşman olmasını, zərəri tam şəkildə ödəməsi və himayəsində azyaşlı övladlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə həmçinin onun tutulduğu müddət də daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökm çıxarılan anadək həbsdə və ev dustaqlığında olduğu 07 (yeddi) ay 18 (on səkkiz) gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 07 (yeddi) ay 18 (on səkkiz) gün həbsdə saxlama müddəti 01 (bir) il 03 (üç) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X8, fərdi tikilmiş ev ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməlidir. İş üzrə maddi sübut kimi tanınan – bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 (otuz üç) saat iş saatına görə 223 (iki yüz iyirmi üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat (29 aprel 2025-ci il tarixindən 11 manat) məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 07 (yeddi) ay 18 (on səkkiz) gün həbsdə saxlama müddəti 01 (bir) il 03 (üç) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 (otuz üç) saat iş saatına görə 223 (iki yüz iyirmi üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar