Məhkəmə qərarları › İş №1(011)-105/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-105/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-105/2023 26.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 88, mənzil 19-da qeydiyyatda olmaqla yaşayan və barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,533 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİnin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 26 sentyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 88 saylı binanın qarşısında saxlanılıb ünvan 1 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd qara rəngli falqaya bükülmüş təmiz çəkisi 0,533 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop vasitə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, 25 sentyabr 2022-ci il tarixdə psixotrop maddə əldə etmək qərarına gəlmişdir. O, həmin tarixdə, yəni 25 sentyabr 2022ci il tarixdə səhər 11 radələrində Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında üzdən tanıdığı şəxsdən 10 (on) manat müqabilində bir büküm psixotrop maddə olan metamfetamin almışdır. Aldıqdan sonra qara rəngli falqa bükümündə olan psixotrop maddəni əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. 26 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 88 saylı binanın qarşısında olan zaman bir nəfər mülki geyimli, digəri isə polis formasını geyinmiş şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra, onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. O isə heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə olduğu könüllü olaraq təqdim etməyini bildirmişlər. O isə gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd qara rəngli falqa bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində psixotrop maddə olan metamfetamini olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan əldə etdiyini soruşduqda, o, həmin maddəni öz şəxsi istifadəsi üçün 25 sentyabr 2022-ci il tarixdə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadə məqsədi ilə alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, ilk dəfə cinayət törətdiyini qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 34-cü PŞ-nin inzibati ərazisində “Orxan” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində saxlaması və daşıması haqqında etimad doğuran, məlum və qərərsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə o və 34-cü PŞ-nin sahə inspektoru Şahid1 iştirakı ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. xx.xx.2022-ci il tarixdə saat 13:30-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ev 88 saylı binanın qarşısında saxlanılan və Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmiş xx.xx.1993-cii il təvəllüdlü, Bakı şəhəri Xətai rayonu, Babək prospekti ev 88 mənzil 19-da qeydiyyatda olmaqla faktiki yaşayan Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olan narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyəti malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən ünvan 1 ünvanında yerləşən 34-cü PŞ-nin inzibati binasında baş təhqiqatçı, polis mayoru Asiman İmaməlinin xidməti otağında, müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə tədbirində iştirak etmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək, paltarında əşyalarında və ya bədənində olması ehtimalı edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməsi təklif edilməsinin şahidi olmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cinsli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli falqa bükümünü çıxararaq masanın üstünə qoyub təqdim etdiyi bükümünün içərisindəkinin psixotrop maddə “metamfetamin” olduğunu, bu psixotrop maddəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında üzdən tanıdığı şəxsdən 10 (on) manata aldığını şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Şahid2 və təqsirləndirilən şəxsin ifadələrinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 26 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 34-cü PŞ-də müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümdəki ağ rəngli, kristalşəkilli maddə kütləsi, psixotrop maddə metamfetaminə bənzər maddə üzərində yazısı olmayan Çin istehsalı olan elektron tərəzidə çəkilərək, 0.74 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd CD-R disk protokola əlavə edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022ci il tarixli, 6/5529 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №152” dairəvi möhür əksi olan “...Təqsirləndirilən şəxs imza...“ yazısı və imzalar olan zərfdəki, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.533 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin - Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir (tədqiqatdan sonra qalıq 0,483 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X1 Şəxsinin xx.xx.2022-ci il tarixli, 5991 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin vıə psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 27 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0.533 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, habelə onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd disk iş üzrə maddi sübut qismində tanınmışdır. Ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd bükümdə təmiz çəkisi 0,483 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlancına təhvil verilmiş, 01 ədəd disk isə cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlandığı Xətai RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan 28 sentyabr 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamə əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin elektron informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ dərəcəli əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, axtarış və götürmə aparılması haqqında protokol və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, İİİ dərəcəli əlil olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmadığından nəzərə alınaraq ərazi narkoloji dispanserə qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd bükümdə təmiz çəkisi 0,483 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,483 qram olan kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar