Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-106/2024 21.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhərinin rayon məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs , müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1991-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 8ində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,911 qram psixotrop maddə metamfetamin əldə edib saxlamaqla daşımış, 18 avqust 2023-cü il tarixdə saat 11:30 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 145 ünvanının qarşısında Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək inzibati binada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli cins şalvarının qabaq sağ yan kiçik cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,911 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o 18 avqust 2023-cü il tarixində 8 noyabr küçəsi 92 ünvanında evdə yatarkən polis əməkdaşları evinə gəlmiş və onu evdən aparmışlar. O, 2 il olar ki, narkotik vasitə “kokos” istifadə edir, lakin həmin gün üstündə heç bir narkotik vasitə yox idi. Narkotik vasitəni ona Elşən adlı polis əməkdaşı vermiş və cibinə qoyub çəkilişdə təqdim etməsini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 18 avqust 2023cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində Şəfəq adlı şəxsin narkotik vasitə və psixotrop maddələri əldə etməsi, daşıması və istifadəsi barədə Xətai RPİ-nin 37-ci PŞ-nə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat bölmə rəhbərliyinə məruzə olunmuş və Şəfəq adlı şəxsin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Təşkil edilmiş əməliyyat qrupunun tərkibinə o və PŞ-nin polis sahə inspektoru polis kapitanı Şahid2 daxil edilmişdir. Onlar Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasından çıxıb Bakı şəhəri Xətai rayonu 8 Noyabr prospekti 145 ünvanına yollanmışdırlar. Orada müşahidə mövqeyi tutaraq bir qədər gözlədikdən sonra saat 1 l:30-da həmin ünvanda zahiri görünüşünə görə Şəfəq adlı şəxsə bənzəyən şəxsin gəldiyini görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, daşıması və istifadəsində şübhəli olması barədə Xətai RPİ-nin 37-ci PŞ- nə məlumat daxil olduğunu bildirmişlər. Həmin məlumatın yoxlanılması üçün Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə Xətai RPİ-nin 37ci PŞ-nin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edildikdən sonra sonuncunun üzərinə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının qabaq sağ yan balaca cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükülünü çıxardanıq təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs psixotrop maddəni şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Xətai rayonu, UPD qəsəbəsində yerləşən “Qardaşlar" supermarketin yaxınlığında adını bilmədiyi və tanımadığı şəxsdən 25 manata aldığımı bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılmış, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin yaşadığı mənzilin sahibi də sonradan cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək oxşar ifadə vermişdir. Məhkəmə iclas zalında elan edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində bildirmişdir ki, o, narkotik vasitə və psixotrop maddələri Xətai rayonu, UPD qəsəbəsi ərazisində yerləşən "Qardaşlar” supermarketin yaxınlığında adını bilmədiyi və tanımadığı şəxsdən alır. O həmin şəxslə "Qardaşlar” supermarketin yaxınlığında görüşür. Sonuncu dəfə 17 avqust 2023-cü il tarixdə həmin şəxsdən bir ədəd bükümdə psixotrop maddə olan "metamfetamin"i 25 manata almışdır. xx.xx.2023-cü il tarixdə saat 11:30-da Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 145 ünvanının qarşısında olan zaman tanımadığı şəxsdən xx.xx.2023-cü il tarixdə aldığı şəffaf sellofana bükülmüş 1 bükümdə olan "metamfetamin" də üzərində olmuşdur. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşmışdırlar. Özlərini təqdim etdikdən sonra onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və cibində nə olmasını xəbər aldıqda o çıxılmaz vəziyyətdə qalmış və cibində bükülüdə psixotrop maddə olan "metamfetamin"in olmasını bildirmişdir. Polis əməkdaşları onu saxlamış və 37-ci PŞ-ə gətirmişdirlər. Polis şöbəsində hüquq və vəzifələri ona izah olunmuş, ona müdafiəçi seçmək üçün vəkillərin siyahısı təqdim edilmişdir. O sərbəst olaraq hüquqlarının vəkil tərəfindən müdafiə olunmasını istəmişdir. Daha sonra üzərində müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. O əynimdəki göy rəngli cins şalvarının qabaq sağ yan balaca cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükülünü təqdim etmişdir. Həmin büküm 1.04 qram olmuşdur. Eyni zamanda ondan həmin psixotrop maddəni haradan və kimdən almağını soruşanda, o həmin psixotrop maddəni özü qəbul etmək üçün xx.xx.2023-cü il tarixdə Xətai rayonu, UPD qəsəbəsində yerləşən "Qardaşlar” supermarketin yaxınlığında adını bilmədiyi və tanımadığı şəxsdən 25 manata aldığımı bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamamağını soruşanda, o təqdim etdiyi psixotrop maddədən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş psixotrop maddə "metamfetamin" zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Əlavə olaraq bildirmişdir ki, o psixotrop maddəni tanımadığı yalnız üzdən gördüyü şəxsdən almış və istifadə etmək üçün üzərində saxlamışdır. Əldə etdiyi psixotrop maddəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır, o həmin maddəni özü qəbul etmək üçün alaraq üstündə saxlamışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; (i.v.1) - Xətai RPİ-nin 34-cü PŞ-nin 18 avqust 2023-cü il tarixli “əməliyyat qrupunun yaradılması barədə” əmrdən görünür ki, xx.xx.1991-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 8ində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin əməkdaşlarından ibarət aşağıdakı tərkibdə əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Xətai Rayon Polis İdarəsinin 37-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, qrupun üzvü isə Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2 olmuşdur; (i.v.6) - şübhəli şəxsin tutulması haqqında 18 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdə saat 11:30 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılmışdır; (i.v.21) - cinayət işinə əlavə olunmuş 19 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının qabaq sağ yan balaca cibindən şəffaf sellofana bükülmüş 1 ədəd büküm aşkar olunaraq götürülmüşdür; (i.v.32-33) - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir; (i.v.34) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16-/2/-6/4439 nömrəli 18 avqust 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 153” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs “imza” sözləri, ad soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,911 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir; (i.v.40-44) - cinayət işinin istintaq materiallarına əlavə olunmuş elektron məlumatların əks olunduğu 1 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasında təhqiqatçı polis mayoru X3 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X8, Xətai RPİ-nin 37-ci PŞ-nin polis sahə inspektoru polis kapitanı Şahid2 Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının qabaq sağ yan balaca cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükülünü çıxardaraq təqdim edir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs psixotrop maddəni şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Xətai rayonu, UPD qəsəbəsində yerləşən “Qardaşlar” supermarketin yaxınlığında adını bilmədiyi və tanımadığı şəxsdən 25 manata aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılır, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanır; - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; (i.v.54-55) - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 20 avqust 2023-cü il tarixli qərarından görünür ki, Xətai RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xəta RPİ-nin İŞnin baş müstəntiqi, polis mayoru Taleh Baxişevin 20 avqust 2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad olunmuşdur; (i.v.72-73) - təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 20 avqust 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1991-ci ildə Salyan rayonu. Qarabağlı kəndində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 8ində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; (i.v. 74) - təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən barəsində axtarış elan edilməklə həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPMnin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır; (i.v. 74) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 07 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; (i.v. 79) - təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraatın təzələnməsi barədə 13 noyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir; (i.v. 97) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin xx.xx.2023-cü il tarixli 7406 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v. 101-102) Məhkəmənin elektron sisteminin çıxarışından görünür ki, 31 dekabr 2013-cü il təvəllüdlü X1 Şəfəq Ramil qızının himayəsindədir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,911 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində bir azyaşlı övladının olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 18 avqust 2023-cü il tarixdən 20 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,911 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,861 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 78 (yetmiş səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 8i ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Salyan Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,861 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-106/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-106/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver