Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-107/2022 06.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1983-cü ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2020-ci il tarixli qərarı ilə cəzası 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 17 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Füzli rayonu, Pirəhmədli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədilə 09 noyabr 2021-ci il tarixdə, saat 19 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus qeyri-yaşayış sahəsinin həyətinə hasardan keçmək yolu ilə qanunsuz daxil olub, MMC-yə məxsus inzibati binanın sağ tərəfində olan plastik pəncərəsinin dəmir barmaqlığını sındırıb pəncərəni açmaq yolu ilə laboratoriya otağına daxil olub, oradan 01 ədəd 50 manat dəyərində “Acer” markalı, “Al 1916W” modelli monitoru, 01 ədəd 100 manat dəyərində “HP” markalı, “LV2011” modelli monitoru, 01 ədəd 250 manat dəyərində “HP Pro” markalı, “3400 series” modelli sistem blokunu, 01 ədəd 160 manat “Lenovo” markalı, “İntel Pentium” modelli sistem bloku, 01 ədəd 5 manat dəyərində “A4tech” markalı “KRS-85” modelli klaviaturanı, 01 ədəd 5 manat dəyərinə “A4tech” markalı, “KR-750” modelli klaviaturanı, 01 ədədi 5 manat olmaqla, 10 manat dəyərində 02 ədəd “HP” markalı siçanı, 01 ədəd 392 manat dəyərində “Canon LBP 6030 W” markalı printeri, 01 ədəd 9.834,77 manat dəyərində torpağın sıxlığını ölçən HMP LFG-SD cihazını, 01 ədəd 6.860,32 manat dəyərində paya vurma testeri İT və PİT proqram təminatı aksesuarını, 01 ədədi 2.000 manat olmaqla, 4.000 manat dəyərində 02 ədəd “Microlance” markalı antirütubət və temperatur sınayıcını gizli talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 21667,09 (iyirmi bir min altı yüz altmış yeddi manat doqquz qəpik) manat məbləğində - xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən bir il olar ki, heç bir yerdə işləməmişdir. Buna görə də, gündəlik tələbatlarını ödəmək üçün pula ehtiyacı olmuş və oğurluq etmək qərarına gəlmişdir. 09 noyabr 2021-ci il tarixdə, axşam saatlarında yaşadığı evdən çıxaraq, gəzməyə başlamışdır. Yolda gedən zaman, diqqətini Xətai rayonu, Daşqın Səfərov küçəsində yerləşən sökülməkdə olan bina cəlb etmişdir. Fikirləşmişdir ki, həmin binaya daxil olaraq, oradan nə isə qiymətli əşya tapıb sataraq, pul ələ də bilər. O, həmin binanın hasarından içəri atlanaraq, binanın həyətinə daxil olmuşdur. Daha sonra, binanın pəncərəsinin dəmir barmaqlığını sındıraraq, içəri daxil olmuşdur. Otağın sağ hissəsində ilkin olaraq bir ədəd kompüter dəstini görüb, yaşadığı evə aparmışdır. Ardınca yenidən həmin yerə qayıdıb, digər otağın sol hissəsində yerləşən bir ədəd kompüter dəstini götürərək, həmin kompüteri də yaşadığı evə aparmışdır. Bundan sonra o, yenidən qayıdıb, həmin otaqda olan bir ədəd “Mirjolayn” markalı cihazı və bir ədəd çemodanı götürərək, həmin əşyaları da yaşadığı ünvana aparmışdır. Çemodanın içərisini açan zaman, içərisində cihaz olduğunu görmüşdür. Həmin cihazın nə işə yaradığını bilməmişdir. 10 noyabr 2021-ci il tarixdə oğurladığı iki kompüter dəstini əvvəllər tanıdığı 8 Noyabr prospektində yerləşən, kompüter mağazasını işlədən Murad adlı şəxsə birini 43 manata, digərini isə 25 manata olmaqla, ümumilikdə 68 manata satmışdır. Bundan əlavə, həmin çemodanı da özü ilə birlikdə Sabunçu qəsəbəsində yerləşən bazara apararaq, 150 manata tanımadığı şəxsə satmışdır. “Mirjolayn” markalı cihazı isə gələcəkdə satmaq üçün yaşadığı ünvanda saxlamışdır. 12 noyabr 2021-ci il tarixdə yaşadığı ünvanda olan zaman, polis əməkdaşları ünvana gəlib, onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində o, etdiyi oğurluq əməlini səmimi olaraq etiraf etmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə göstərmişdir ki, o, "xxxx" MMC-də labaratoriya rəisi vəzifəsində işləyir. 11 noyabr 2021-ci il tarixdə, saat təxminən 11 radələrində işçisi Məmməd adlı şəxs ona zəng edərək, laboratoriyada oğurluq hadisəsinin olduğunu ona bildirmişdir. Həmin dövrdə o, məzuniyyətdə olduğu üçün, iş yerində olmamışdır. Məmməd ona məlumat verdikdən sonra o, işə getmişdir. Laboratoriyaya getdikdən sonra, onun rəhbəri olduğu şöbədən 392 manat qiymətində bir ədəd “Canon” markalı printerin, bir ədəd dəstinin qiyməti 131 manat olan kompüterin, bir ədəd dəstinin qiyməti 186 manat olan kompüterin, digər şöbədən isə qiyməti 9.834,77 manat olan torpağın sıxlığını ölçən cihazın, qiyməti 6.860.32 manat olan paya vurma testeri İT və PİT proqram təminatı aksesuarı, bir ədədinin qiyməti 2.269,76 manat olan “Microlance” markalı iki ədəd antirütubət və temperatur sınayıcının oğurlandığını aşkar etmişlər. Bundan sonra, oğurlanan avadanlıqların sayını dəqiqləşdirdikdən sonra, 12 noyabr 2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsi barədə kadrlar şöbəsində işləyən Şahid2 DİN-nin 102 zəng mərkəzinə baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları şirkətin laboratoriyasına gəlib, baş vermiş oğurluq hadisəsi barədə sənədləşmə aparmışlar. Sonradan məlum olmuşdur ki, onun işlədiyi "xxxx" MMC-dən oğurluğu edən Təqsirləndirilən şəxs adlı şəxsdir. Oğurlanmış əşyaların bir qismi sonradan qaytarılmış, lakin hal-hazıradək əşyaların bəziləri qaytarılmamış və ya dəyəri ödənilməmişdir. Odur ki, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də metal və qaynaq birləşmələrinin mexaniki üsulla sınaq laboratoriyasının mühəndisi vəzifəsində işləyir. 12 noyabr 2021-ci il tarixdə, səhər saatlarında işə gedərək, laboratoriyaya daxil olmuş və laboratoriyanın pəncərəsinin açıq olduğunu və pəncərənin çöl hissəsində olan dəmir barmaqlıqların sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Həmin laboratoriyada işlədiyi şöbədən əlavə, digər şöbənin də avadanlıqları olmuşdur. Ona görə də, tanışı Şahid4 zəng etmiş və sonuncunun da laboratoriyaya dəvət etmişdir. Bir qədər sonra, Kənan laboratoriyaya gəlmiş və onlar birlikdə laboratoriyaya baxış keçirən zaman, naməlum şəxs və ya şəxslərin laboratoriyada pəncərənin dəmir barmaqlıqlarını çöl tərəfdən sındıraraq, pəncərədən laboratoriyaya daxil olub, laboratoriyadan iki ədəd monitorun, iki ədəd prosessorun, iki ədəd klaviaturanın, iki ədəd kompüter üçün nəzərdə tutulmuş siçanın, “Canon” markalı bir ədəd printerin onların şöbəsindən oğurlandığını, Kənan işlədiyi şöbədən isə “Microlance” markalı iki ədəd antirütubət və temperatur sınayıcı, torpağın sıxlığını ölçən cihazın çemodanda olan aksesuarı, paya vurma testeri İT və PİT proqram təminatı aksesuarını oğurlandığını aşkar etmişlər. Bundan sonra baş vermiş oğurluq hadisəsi barədə polisə məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də tikinti üzrə inspektor vəzifəsində işləyir. 12 noyabr 2021-ci il tarixdə, səhər saatlarında iş yoldaşı Şahid3 ona zəng edərək, "xxxx" MMC-nin laboratoriyasına yaxınlaşmasını xahiş etmişdir. O, Məmməddən səbəbinin soruşduqda, sonuncu ona laboratoriyadan oğurluq olduğunu bildirərək, oğurlanmış əşyaların sayını dəqiqləşdirmək üçün, laboratoriyaya çağırdığını bildirmişdir. O, laboratoriyaya getmiş və orada olan zaman iki ədəd monitorun, iki ədəd prosessorun, iki ədəd klaviaturanın, iki ədəd kompüter üçün nəzərdə tutulmuş siçanın, “Canon” markalı bir ədəd printerin, “Microlance” markalı iki ədəd antirütubət və temperatur sınayıcı, torpağın sıxlığını ölçən cihazın çemodanda olan aksesuarı və paya vurma testeri İT və PİT proqram təminatı aksesuarının oğurlandığını aşkar etmişdir. Torpağın sıxlığını ölçən cihaz iki hissədən ibarət olmuşdur. Həmin cihazın əsas hissəsi ona məxsus çemodanın içərisində olmuş, qalan hissəsi isə sadə dəmir parçası olmuşdur. Baş vermiş oğurluq hadisəsi barədə polisə məlumat verilmişdir. Çemodan oğurlandığı üçün, cihazın dəmir hissəsi heç bir işə yaramamış və cihaz ayrılıqda satılmadığı üçün, həmin cihaz yenidən alınmalı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, yaşadığı Xətai rayonu, 8 Noyabr prospektində, özünə məxsus obyektdə, kompüter təmiri ilə məşğul olur və kompüter avadanlıqlarının alqı-satqısı ilə məşğul olur. 10 noyabr 2021-ci il tarixdə, axşam saatlarında, əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onun işlədiyi obyektə gəlmişdir. Həmin şəxs obyektə daxil olan zaman, özü ilə birlikdə bir ədəd kompüter ekranı, bir ədəd prosessor, bir ədəd klaviatura və bir ədəd kompüterə aid siçan olmuşdur. Rəhim həmin kompüterin onun özünə məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. O, kompüterə baxandan sonra, həmin kompüteri 42 manata almışdır. Bundan bir gün sonra, həmin şəxs yenidən onun işlədiyi yerə gəlmiş və özü ilə birlikdə bir ədəd kompüter ekranı, bir ədəd prosessor, bir ədəd klaviatura və bir ədəd kompüterə aid siçanı gətirmiş və həmin kompüteri satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən kompüteri haradan əldə etdiyini soruşduqda, sonuncu ona həmin kompüterin qohumuna məxsus olduğunu və qohumuna təcili pul lazım olduğunu bildirmişdir. O, həmin kompüteri 25 manata almışdır. 12 noyabr 2021-ci il tarixdə polis əməkdaşları onun işlədiyi kompüter təmiri mərkəzinə gəlib, ondan Rəhim adlı şəxsdən kompüter alıb-almadığını soruşmuşlar. O da, polis əməkdaşlarına Rəhimdən iki ədəd kompüter aldığını demişdir. Bundan sonra o, Rəhimdən aldığı iki ədəd kompüteri polis əməkdaşlarına təhvil vermişdir. İş üzrə digər Şahid2 vəsatətlə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və ibtidai istintaq dövründə vermiş olduğu ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 göstərmişdir ki, təxminən beş il olar ki, Xətai rayonu, D.Səfərov küçəsi 9 ünvanında yerləşən "xxxx" MMC-də kadr və sənədlərə nəzarət şöbəsində kadr üzrə mütəxəssis vəzifəsində işləyir. 11 noyabr 2021-ci il tarixdə "xxxx" MMC-nin inzibati binasında olan zaman, həmin MMC-də işləyən mühafızəçilərdən biri laboratoriyada oğurluğun baş verdiyini onlara demişdir. Laboratoriyaya çatan zaman, həmin laboratoriyada işləyən Şahid4 və Nümayəndə də laboratoriyaya çağırılmışdır. Dilsuzla Kənan həmin laboratoriyada məsul şəxslər olduğu üçün, onlar laboratoriyada oğurlanmış əşyaların sayını və adını dəqiq bilmişlər. Kənanla Dilsuz birlikdə laboratoriyaya baxış keçirib və laboratoriyada olan plastik pəncərənin dəmir barmaqlıqlarının sındırıldığını aşkar etmişlər. Onlar oğurlanmış əşyaların sayını və adını dəqiq bildikdən sonra, 12 noyabr 2021-ci il tarixdə o, DİN-nin 102 zəng mərkəzinə baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Həmin gün hadisə yerinə polis əməkdaşları gəlmişlər. Laboratoriyadan ümumilikdə 200 manat qiymətində iki ədəd monitorun, iki ədəd prosessorun, iki ədəd klaviaturanın, iki ədəd kompüter üçün nəzərdə tutulmuş siçanın, bir ədəd 392 manat qiymətində “Canon” markalı printerin, bir ədədinin qiyməti 2300 manat olan “Microlance” markalı iki ədəd antirütubət və temperatur sınayıcısının, 9800 manat qiymətində torpağın sıxlığını ölçən HMP LFG-SD markalı cihazın aksesuarın, 6800 manat qiymətində payavurma testeri İT və PİT proqram təminatı aksesuarın oğurlandığını müəyyən etmişlər. O, kadrlar şöbəsində işlədiyi üçün, əşyaların qiymətini tam dəqiq bilməmişdir. O, DİN-nin 102 zəng mərkəzinə baş vermiş oğurluq hadisəsi barədə məlumat verəndə, laboratoriyada işləyən Kənan və Məmməddən oğurlanmış əşyaların qiymətini soruşan zaman, sonuncular ona oğurlanmış əşyaların təxminin qiymətinin, ümumilikdə 20.000-22.000 manat olduğunu bildirmişlər. Ona görə də o, 102 zəng mərkəzinə bu qaydada məlumat vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq yaşadığı ünvan 2 ünvanından bir ədəd “Microlance” markalı antirütubət və temperatur sınayıcısını təqdim edərək, həmin sınayıcını 09 noyabr 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin binasından oğurladığını bildirmişdir. Hazırda isə həmin sınayıcını könüllü olaraq istintaq orqanına təqdim edir. Təqdim olunmuş bir ədəd “Microlance” markalı antirütubət və temperatur sınayıcı iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən, götürülmüşdür. İş materiallarında olan Baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Şahid1 iki ədəd “HP” markalı kompüter dəstini könüllü olaraq istintaq orqanına təqdim edib, həmin kompüterləri Təqsirləndirilən şəxs alarkən, onun oğurluq yolu ilə əldə edilməsindən məlumatsız olduğunu bildirmişdir. Təqdim olunmuş iki ədəd monitor, iki ədəd klaviatura, iki ədəd kompüter üçün nəzərdə tutulmuş siçan və iki ədəd prosessor iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən, götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, 9/8902 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 7 adda malların istifadədə olması nəzərə alınmaqla, 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 580 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2022-ci il tarixli, 9/9333 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “Microlance” markalı, 48-D0462 model antirütubət və temperatur sınayıcısının istifadədə olması nəzərə alınmaqla, 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 2000 manat müəyyən olunur. İş materiallarından görünür ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus bir ədəd “Acer” markalı, A1 1916W modelli monitor, bir ədəd “HP” markalı, LV2011 modelli monitor, bir ədəd “HP PRO” markalı, 3400 Series modelli sistem bloku, bir ədəd “Lenovo” markalı, İntel Pentium modelli sistem bloku, bir ədəd “A4 Tech” markalı, KRS-85 modelli klaviatura, bir ədəd “A4 Tech” markalı, KR-750 modelli klaviatura, iki ədəd “HP” markalı siçan (mouse) və bir ədəd “Microlance” markalı, 48-D0462 modelli antirütubət və temperatur sınayıcısı cinayət işi üzrə maddi sübut kimi tanınaraq, sahibinə qaytarılmışdır. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 16 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 mart 2020-ci il tarixli qərarı ilə cəzası 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 17 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.2-1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Həmçinin, iş materiallarından görünür ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC məhkəməyə müraciət edərək göstərmişdir ki, cinayət işi üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan istintaq zamanı, istintaq orqanı tərəfindən aşkar edilərək, ümumi dəyəri 2586,76 manat olan avadanlıqların şirkətə qaytarılması təmin edilmişdir. Lakin, oğurlanmış əşyaların bir hissəsi qaytarılmamışdır. Qeyd olunanları nəzərə alaraq, "xxxx" MMC-dən oğurlanmış və hazıradək qaytarılmamış avadanlıqların şirkətə qaytarılması və ya vurulmuş 17856,85 manat maddi ziyanın ödənilməsi üçün tədbirlər görülməsi xahiş edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 13 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus bir ədəd “Acer” markalı, A1 1916W modelli monitor, bir ədəd “HP” markalı, LV2011 modelli monitor, bir ədəd “HP PRO” markalı, 3400 Series modelli sistem bloku, bir ədəd “Lenovo” markalı, İntel Pentium modelli sistem bloku, bir ədəd “A4 Tech” markalı, KRS-85 modelli klaviatura, bir ədəd “A4 Tech” markalı, KR-750 modelli klaviatura, iki ədəd “HP” markalı siçan (mouse) və bir ədəd “Microlance” markalı, 48-D0462 modelli antirütubət və temperatur sınayıcısının sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC onlara cinayət əməli nəticəsində vurulmuş zərərin tələb edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 13 noyabr 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus bir ədəd “Acer” markalı, A1 1916W modelli monitor, bir ədəd “HP” markalı, LV2011 modelli monitor, bir ədəd “HP PRO” markalı, 3400 Series modelli sistem bloku, bir ədəd “Lenovo” markalı, İntel Pentium modelli sistem bloku, bir ədəd “A4 Tech” markalı, KRS-85 modelli klaviatura, bir ədəd “A4 Tech” markalı, KR-750 modelli klaviatura, iki ədəd “HP” markalı siçan (mouse) və bir ədəd “Microlance” markalı, 48-D0462 modelli antirütubət və temperatur sınayıcısının sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-107/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-107/2022
06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver