Məhkəmə qərarları › İş №1(011)-108/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-108/2021

22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-108/2021 22.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi işlə məşğul olan, ünvan 1 d ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qanunsuz olaraq özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində etibarnamə ilə idarə etdiyi “Renault Tondar” markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillə *0404 taksi şirkətinin əməkdaşı kimi taksi fəaliyyəti ilə məşğul olan zaman müştəri qismində götürdüyü Zərərçəkmiş şəxs ilə birlikdə “Amay” ticarət mərkəzindən sağa doğru üzü Babək prospekti istiqamətinə hərəkətdə olarkən Bakı şəhəri Xətai rayonu, Nobel prospekti 23 ünvanında yerləşən “X2”nın qarşısında akkumulyator sistemində yaranmış problemə görə avtomobil sönmüş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomobili hərəkətə gətirmək üçün itələməsini xahiş etdikdə sonuncu avtomobili itələyərək hərəkətə gətirdikdən sonra Təqsirləndirilən şəxs avtomobildə olan Zərərçəkmiş şəxs məxsus pul qabını və ehtiyat hissəsini açıq talamaq qərarına gəldiyi üçün avtomobili saxlamayaraq oradan uzaqlaşıb müştəri Zərərçəkmiş şəxs 30 manat dəyərində pul qabısını və onun içərisində 1.287 (min iki yüz səksən yeddi) manat nağd pul, 800 (səkkiz yüz) manat dəyərində 750 əyyarlı 4.5 qram çəkidə olan brilyant qaşlı kişi üzüyünü, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilinin texniki şəhadətnaməsini və avtomobildə olan 550 (beş yüz əlli) manat dəyərində “Wolksvagen Tiguan” markalı avtomobilin mühərrikinin pompasının valını açıq yolla talayaraq Zərərçəkmiş şəxs 2.667 (iki min altı yüz altmış yeddi) manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsiri bilərək ifadəsində göstərmişdir ki, o, *0404 taksi şirkətində sürücü kimi çalışır. Belə ki, o, “Reanult Tondar” markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir və həmin şirkətdə sürücü kimi çalışır. xx xxxxxxxx 2020-ci il tarixdə saat axşam 19:00 radələrində 20 nömrəli məktəb ilə üzbəüz yolun kənarından şirkətin verdiyi sifariş əsaında müştərini götürüb Badamdar qəsəbəsinə aparmalı olmuşdur. O, həmin ünvana çatdıqdan sonra təxminən 25 yaşlarında orta boylu səliqəli geyimli bir nəfər oğlan avtomaşına əyləşmişdir. O, avtomaşını Badamdar qəsəbəsi istiqamətində idarə etməyə başlamışdır. Badamdar qəsəbəsinə çatana yaxın sonradan adının Rüfət olduğunu bildiyi şəxs ona Badamar qəsəbəsində yerləşən Express marketin arxasına ordanda Nobel prospektinə avtoservisə getmək lazım olduğunu və bütün marşurt üzrə ona 15 manat pul verə biləcəyini söyləmişdir. O, həmin şəxsə heç bir problemin olmadığını bildirdikdən sonra onlar Badamdar qəsəbəsində “Kempinski Hotel” ilə üzbə-üz yerləşən avtomaşınların təmiri ilə məşğul olan salona daxil olmuşlar. Rüfət həmin yerdən avtomaşını hər hansısa bir ehtiyat hissəsi götürərək yenidən ona Badamdar qəsəbəsinə “Express” marketin arxasına tərəf yaşadığı ünvana doğru sürməyini bildirmişdir. O, həmin ünvana çatdıqdan sonra məhəllədə olan zaman eyvandan kimsə Rüfətə pul atmışdır. Rüfət pulu götürdükdən sonra Xətai rayonunda olan “Amay” ticarət mərkəzi tərəfi sürməyini bildirmişdir. O, da həmin ünvana doğru hərəkət etmiş və saat təxminən 21:00 radələrində “Amay” ticarət mərkəzini keçdikdən sonra sağa dönərək üzü Babək prospekti ilə kəsişən yola doğru hərəkət edən zaman “X2”-nın qarşısında avtomaşının akkumlytaoru sıradan çıxdığı üçün avtomaşın sönmüş və xoda düşməmişdir. Bu zaman o, Rüfətdən avtomaşını itələməsini xahiş etmiş və Rüfət də öz növbəsində avtomaşından düşərək avtomaşını itələməyə başlamışdır. Rüfət avtomaşından düşən zaman onun gözü avtomaşının salonunda Rüfətə məxsus pul qabının qaldığını görmüşdür. Rüfət avtomaşını itələdikdən sonra avtomaşın xoda düşmüşdür. Avtomaşm xoda düşdükdən sonra o, pul qabının içərisində pulu ələ keçirmək məqsədi ilə avtomaşını saxlamamış və hərəkət elətdirmişdir. Rüfət avtomaşının arxası ilə qaçmağa başlasa da ona çata bilməmiş və o, oradan uzaqlaşmışdır. Oradan uzaqlaşdıqdan sonra o, pul qabına nəzər yetirən zaman ona məlum olmuşdur ki, həmin pul qabının içərisində 1.287 manat, 01 ədəd qızıl kişi üzüyü və Rüfətə məxsus şəxsiyyət vəsəqəsi, sürücülük vəsiqəsi, avtomaşma məxsus texniki şəhadətnamə və etibarnamə olmuşdur. O, bir az uzaqlaşdıqdan sonra pul qabından pul və qızıl üzüyü götürdükdən sonra pul qabının içərisində olan sənədlərlə birlikdə naməlum istiqamətdə avtomaşından çölə tullamışdır. Rüfətə məxsus ehtiyat hissəsini o, görməmişdir nə də ki, götürməmişdir. O, həmin günün səhəri yəni xx xxxxxxxx 2020-ci il tarixdə Rüfətə məxsus üzüyü Mərkəzi Univarmaqda 290 manat müqabilində satmışdır. Pul qabında olan pulu isə öz təbii ehtiyacları üçün xərcləmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə polis əməkdaşları ona yaxlayaraq 37-ci PŞ-nə gətirmişlər. Hazırda o, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam olaraq ödəmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmadığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs məhkəməyə teleqram vuraraq məhkəmə iclasında ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilmədiyini, verdiyi ifadəsini təsdiq etdiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin olmadığını və onunla barışdığını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə *0404 taksi şirkətindən 20 nömrəli məktəblə üzbə-üz yolun kənarından Badamdar qəsəbəsində yerləşən “Kempinski Hotel” ilə üzbəüz yerləşən ünvana getmək istədiyini bildirmişdir. Onun sifarişi əsasında saat 19:13-də “Reanult Tondar” markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomaşını 2 manat 10 qəpik müqabilində şirkət tərəfindən göndərilmişdir. O, avtomaşına mindikdən sonra sürücü ilə salamlaşmışdır. Sükanın arxasında təxminən 25 yaşlarında arıq qarabəniz bir nəfər oğlan əyləşmişmişdir. Onlar qeyd edilən ünvana çatdıqdan sonra o, orada olan avtomaşınların təmiri ilə məşğul olan servisə girib avtomaşın üçün ehtiyat hissəsi yəni “Wolsvagen Tiguan” markalı avtomaşının mühərrikinin pompasının valını götürmüşdür. O, ehtiyat hissəsini götürdükdən sonra sürücüyə bildirmişdir ki, Badamdar qəsəbəsində yerləşən “Express” marketin yanına ordanda Nobel prospektində yerləşən avtotəmir məntəqəsinə getməli olduğunu və bütün bu marşurt üzrə sürücüyə 15 manat pul verəcəyini bildirmişdir. Sürücü onun etdiyi təklif ilə razılaşmış və o avtomaşına minərək Badamdar qəsəbəsində yaşadığı ünvana yəni ünvan 3 istiqamətində sürməsini bildirmişdir. Onlar həmin ünvana çatdıqdan sonra o, avtomaşından düşmüş və həmin vaxtı valideyni balkondan ona 1.200 manat pul tullamış o da öz növbəsində həmin pulu götürərək avtomaşına əyləşmişdir. Daha sonra sürücü avtomaşını Nobel prospketi istiqamətində hərəkət etdirməyə başlamışdır. Nobel prospektində “Amay” ticarət mərkəzini keçdikdən sonra sürücü avtomaşını sağa hərəkət etdirən zaman avtomaşının akkumlyatoru “X2”nın qarşısında sıradan çıxdığı üçün avtomaşın sönmüş və işə düşməmişdir. Bu zaman sürücü ondan avtomaşını itələməsini xahiş etmiş və o da öz növbəsində avtomaşından düşərək avtomaşını itələməyə başlamışdır. O, avtomaşından düşən zaman ona məxsus pul qabı və aldığı ehtiyat hissəsi avtomaşında qalmışdır. O, avtomaşını itələdikdən sonra avtomaşın xoda düşmüşdür. Avtomaşın xoda düşdükdən sonra sürücü avtomaşını saxlamamış və dayanmdan oradan uzaqlaşmışdır. O, avtomaşının arxası ilə qaçmağa başlasa da avtomaşına çata bilməmiş və avtomaşın oradan uzaqlaşmışdır. O, bu barədə Azərbayca Respublikası DİN-in 102 zəng xidmətinə zəng gedərək məlumat vermişdir. O, bu barədə Azərbayca Respublikası DİN-in 102 zəng xidmətinə məlumat verdikdən sonra həmin ərazidə həmin şəxsi axtaran zaman hadisə yerindən bir qədər uzaqlıqda zibillik sahənin yaxınlığında yerdə özünə məxsus pul qabını görmüşdür. O həmin pul qabına baxdıqdan sonra içərisində pulun olmadığını lakin ona məxsus bütün sənədlərin yerində olduğunu yəni, şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, avtomaşınına məxsus texniki şəhadətnamə və etibarnamənin pul qabının içərisində olduğunu aşkar etmişdir. Lakin nağd pul və qızıl üzük pul qabı da olmamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə ona məlum olmuşdur ki, polis əməkdaşları tərəfindən hadisəni törətmiş Təqsirləndirilən şəxs yaxalanmışdır. Ona məlum olmuşdur ki, Nurlan Şahvediyev ona məxsus qızıl üzüyü Mərkəzi Univermağm yanında yerləşən mağazaya 290 manat müqabilində satmışdır. O da həmin qızıl dükanına gedərək öz cibindən 290 manat verərək qızıl üzüyünü geri almışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ünvan 4 ünvanında yəni Mərkəzi Univermağın yanında qızıl alqı satqısı ilə məşğuldur. İş prinsiplərinə əsasən müştərilərdən qızıl qəbul edib sonrada həmin qızılları müştərilərə və ya lom kimi zərgərlərə satırlar. Alqı satqı zamanı onlar qızılları müştərilər tərəfindən tərtib edilən alış aktı ilə alırlar. Alış aktına alqı satqı etdikləri tarixi, həmin şəxsdən aldıqları qızılların qramlarını, həmin qızılı və qızılları neçəyə aldıqları yazır və qızılı satan şəxsdə həmin sənədi imzalayır. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər o, tanımamış və onunla heç bir münasibəti olmamışdır. Sadəcə həmin şəxsi bir dəfə o, işlətdiyi dükana qızıl satmaq istəyən zaman tanımışdır. Bir dəfə həmin şəxs xx xxxxxxxx 2020-ci il tarixdə 4.4 qramlıq qızıl üzük gətirərək anasının xəstə olduğuna görə həmin qızılı satmaq istədiyini bildirmişdir. O, həmin şəxslə söhbət etdikdən sonra üzüyün 290 manata satmağa razılaşmışlar. Bundan sonra o, adəti üzrə qızılı ondan alan zaman alış aktı tərtib etmişdir. Həmin alış aktında qızılı neçəyə almağı qızılın qramı və nə vaxt almağı barədə qeydlər apardıqdan sonra Təqsirləndirilən şəxs həmin sənədi imzalamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə polis əməkdaşları Nurlan ilə o, işlətdiyi qızıl dükanına yaxınlaşıb Nurlanın onun dükanına satdığı qızılın cinayət yolu ilə əldə edildiyini bildirmişlər. O da alqı-satqı zamanı aldığı qızılı alış aktı ilə aldığına görə dükandan axtarış etmiş və həqiqətəndə Təqsirləndirilən şəxs ona qızıl satdığı zaman tərəfindən tərtib edilmiş aktı tapmışdır. Cinayət işinin 20-ci vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-75-ci vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi və təqsirlındirilən şəxsin MSY-dən azad edilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, MSY-dən həbsdən azad edilmişdir. Cinayət işinin 97-99-cu vərəqələrində olan Azərbaycan Respublikası “xxxx”MMC-nin xx xxxxxx 2020-ci il tarixli, 605 saylı ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus əşyaların hazırki vəziyyətdə 2020—ci ilin sentyabr ayına ümumi orta bazar qiyməti: üzərində heç bir markalanma yazısı olmayan brilyant qaşlı 750 əyyarlı 4.5 qram çəkili qızıl üzüyün qiyməti 800 manat və üzərində heç bir markalanma yazısı olmayan təbii tərkibli dəridən tikilmiş “partmane” tipli pul kisəsinin qiyməti isə 30 manat, ümumilikdə 830 manat müəyyən edilir. Cinayət işinin 102-107-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 (bir) ədəd pul qabı “partmane” və 01 (bir) ədəd brilyant qaşlı 750 əyyarlı 4.5 qram çəkili qızıl üzük maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Şahid tərəfindən könüllü təqdim edilərək Təqsirləndirilən şəxs satdığı qızıl üzüyün alqı satqısı zamanı tərtib edilmiş alış kartı iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 92-ci vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli alış kartından görünür ki, Təqsirləndirilən şəxs 01 (bir) ədəd brilyant qaşlı 750 əyyarlı 4.5 qram çəkili qızıl üzüyü 290 manata satmışdır. Cinayət işinin 127-ci vərəqəsində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus 01 (bir) ədəd pul qabını, 01 (bir) ədəd qızıl üzük, şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, avtomobilə məxsus texniki şəhadətnaməni təhvil almışdır. Cinayət işinin 79-cu vərəqəsində olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə vurduğu teleqramdan görünür ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilmədiyini, verdiyi ifadəsini təsdiq etdiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin olmadığını və onunla barışdığını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qanunsuz olaraq özgənin əmlakını açıq talayaraq soyğunçuluq cinayətinin törətməsi, onun özünün istintaq zamanı verdyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, ilk dəfə məhkum olduğunu, cavan olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və xx xxxxxxxx 2020-ci il tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək o, MSY-dən həbsdən azad edilmişdir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixindən xx xxxxxxxx 2020-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd pul qabı “partmane” və 01 (bir) ədəd brilyant qaşlı 750 əyyarlı 4.5 qram çəkili qızıl üzük Zərərçəkmiş şəxs təhvil verildiyindən, hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli alış kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixindən xx xxxxxxxx 2020-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd pul qabı “partmane” və 01 (bir) ədəd brilyant qaşlı 750 əyyarlı 4.5 qram çəkili qızıl üzük Zərərçəkmiş şəxs təhvil verildiyindən, hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli alış kartı cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən şikayət və ya protest verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar