Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-109/2024 02.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş. azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktna əsasən Təqsirləndirilən şəxs qəsdən zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 15 avqust 2023-cu il tarixdə saat 01 radələrində sərxoş vəziyyətdə ünvan 2 ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs məxsus mobil telefonun kontaktında təsadüfən evli olan bacısı X2 mobil telefon nömrəsini gördükdə, buna qısqanclıqla yanaşaraq həmin səbəbdən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs burun nahiyəsindən yumruqla bir dəfə vuraraq ona burun sümüyünün qapalı yerdəyişməsiz sınığı, burun, sol almacıq və sol qulaqarxası nahiyələrinin yumşaq toxumalarının şişkinlik halında əzilmələrı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2023-cu ilin avqust ayının əvvəllərində səhər saatlarında Zərərçəkmiş şəxs onun yaşadığı ünvan 3 ünvana qonaq gəlmiş, yeyib içdikdən sonra aralarında heç bir mübahisə və ya münaqişə olmadan ayrılmışlar və Tərxan çıxıb getmişdir. 14 avqust 2023-cü il tarixində səhər saatlarında Tərxan təkrarən onun yaşadığı ünvana qonaq gəlmiş, birlikdə yeyib içdikdən sonra Tərxan bir neçə saat yatmışdır. Təxminən 1-2 saat sonra Zərərçəkmiş şəxs yuxudan oyanmış və onlar birlikdə metronun Əhmədli stansiyasının yanından dönər alaraq, Xətai rayonu. N.Tusi küçəsində yerləşən adını xatırlamadığı kafeyə getmişlər. Həmin kafedə bir qədər pivə içdikdən sonra birgə Əhmədli qəsəbəsinə geri qayıtmış, metronun Əhmədli stansiyasının yaxınlığında hər zaman olduğu kimi Tərxanla əl-qol zarafatı edərkən, sonuncu onu zarafat adı ilə yumruqladıqda, o, Tərxana irad edib zarafatı ciddiyə çevirməməsini bildirmişdir. Bundan sonra onlar piyada yeriyərək Əhmədli qəsəbəsi ərazisinə gəlmiş, orada Tərxandan mobil telefonunda mahnı səsləndirməsini xahiş etmişdir. Tərxan mobil telefonunu ona vermiş. Terxanın mobil telefonunda mahnı qovluğunu axtararkən təsadüfən "Get Contact" adlı mobil əlavəyə daxil olmuşdur. Həmin proqram açılanda bacısı Aygül Məmmədovanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni görmüş, bu zaman Tərxandan bacısına aid mobil nömrənin mobil telefonunda haradan olduğunu və nə səbəblə qeyd olunduğunu soruşmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs ona cavab verməyə çətinlik çəkdiyi üçün əsəbiləşmiş, mobil telefonun enerjisi bitdiyindən təkrar proqrama daxil ola bilməmişdir. Bundan sonra o, Tərxana telefonu özü ilə yaşadığı evə aparacağını, mobil telefona baxış keçirəcəyini və bacısına aid mobil nömrənin orada olub-olmamasını dəqiqləşdirəcəyini, daha sonra isə telefonu Tərxana qaytaracağını bildirmişdir. Tərxan onunla razılaşmış və bundan sonra oradan çıxıb getmişdir. Yaşadığı ünvana çatdıqdan sonra Tərxanın onda olan mobil telefonunu işıq enerjisinə qoşub, yandırmış və içinə baxış keçirən zaman telefonun kontaktında bacısına aid mobil nömrənin "Ayka sx" adı ilə qeyd olunduğunu aşkarlamışdır. 15 avqust 2023-cü il tarixdə saat 01:00 radələrində Tərxanla Xətai rayonu, M.Hadi küçəsi 25 unvanının qarşısında görüşmüş, sonuncunun mobil telefonunu göstərib bacısı Aygülün mobil nömrəsini nə səbəblə kontaktına qeyd etdiyini soruşmuşdur. Tərxan ona cavab olaraq bacısına zəng edib və ya yazmadığını bildirdikdə mobil telefonu sonuncuya qaytararkən sağ əli ilə Zərərçəkmiş şəxs burun nahiyəsindən 1 dəfə olmaqla yumruq zərbəsiylə vurmuş və sonuncu yerə yıxılmışdır. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşmış və Xətai RPİ-nin 34-cu PŞ-nə dəvət etmişlər. Zərərçəkmiş şəxs ondan barışmaq üçün 3000 manat pul tələb edir, lakin onun 1000 manat ödəniş etməyə gücü çatır. Bu səbəbdən zərərçəkmiş şəxs onunla barışmır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir ildir tanıyır, sonuncu ilə yaxın dostluq münasibətləri olmuş, birgə işləmişlər və münasibətləri yaxşı olmuşdur. 2023- cü ilin avqust ayının əvvəllərində səhər saatlarında Nicatın dəvəti ilə yaşadığı ünvana qonaq getmiş, sonuncu orada kabab hazırlamış və spirtli içki qəbul edərək yeyib içmişlər Həmin günü Nicat ondan danışmaq üçün mobil telefonunu istəmiş, sonuncuya telefonu vermiş və Nicat kimləsə danışıb bir neçə sonra telefonu ona qaytarmışdır. Həmin gün aralarında heç bir mübahisə və ya münaqişə olmadan öz yaşadığı evə qayıtmışdır 14 avqust 2023-cu il tarixdə səhər saatlarında Nicatın dəvəti ilə ailəsi ilə yaşadığı evə getmiş yeyib içdikdən sonra evin yataq otağında bir neçə saat yatmışdır. Yuxudan oyananda Nicatın ona məxsus mobil telefonuna baxdığını görmuş, dərhal Nicatdan telefonunu almış və nə səbəblə telefonuna baxdığını soruşmuşdur Təqsirləndirilən şəxs isə ona mobil telefonda mahnıya qulaq asdığını demiş və söhbət bağlanmışdır. Bir qədər sonra Nicatia birgə Xətai rayonu, Gəncə prospektində yerləşən adını və ünvanını xatırlamadığı kafeyə getmiş, orada bir qədər pivə içdikdən sonra Əhmədli qəsəbəsinə geri qayıtmışlar Metronun Əhmədli stansiyasının yaxınlığında Nicat zarafatlaşaraq onu sol və sağ qol nahiyələrindən yumruqla vurmuş, o, da zarafatlaşmaq niyyəti ilə sonuncunun qoluna 2 dəfə olmaqla yumruq zərbəsi vurmuşdur Bu zaman Nicat onu vura bilməyəcəyini deyib üzərinə gələndə öz yaşadığı ev ünvanı istiqamətində qaçmağa başlamış, Nicatin arxasıyca gəldiyini görüb ev unvanının yaxınlığında dayanmışdır. Həmin vaxt Nicat ona yaxınlaşıb sillə ilə üzündən vuraraq telefonunda kiminsə nömrəsinə baxdığını bildirmiş, telefonunu cibindən çıxararkən Təqsirləndirilən şəxs telefonu əlindən almış və aparıb telefonuna baxış keçirəcəyini, mobil telefonda ailəsinə dair hər hansı mobil nömrə olduğu halda sözlə onu öldürəcəyi ilə hədələmişdir. Nicatdan telefonunu istədikdə, telefona baxdıqdan sonra səhəri gün gətirib özünə qaytaracağını bildirmiş və oradan çıxıb getmişdir. 15 avqust 2023-cü il tarixdə saat 01 radələrində Nicatla Xətai rayonu, M.Hadi küçəsi 25 ünvanının qarşısında görüşmüş, mobil telefonunu ona qaytararkən sağ əliylə qəfildən 1 dəfə yumruq zərbəsiylə onun burun nahiyəsindən vuraraq oradan uzaqlaşmışdır. Həmin vaxt onun burnundan qan açılmış, formada olan polis əməkdaşları ona yaxınlaşmışlar. Polislərə vəziyyəti izah etdikdən sonra Nicatla onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra 34-cu PŞ-nə getmiş, orada şikayət ərizəsi və izahatını yazdıqdan sonra ona tibbi ekspertizadan keçməyi üçün təliqə təqdim edilmiş və ona təqdim edilmiş təliqə ilə tibbi ekspertizadan keçmişdir. Xəsarət nəticəsində onun burnuna vurulmuş zərbə ilə əlaqədar olaraq əməliyyat xərcləri 3000 manat edir. Qeyd edilən məbləğ ona ödənilmədiyindən hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və onunla barışmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, DİN-nin ƏÇPAnın 3-cü Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyır. 15.08 2023-cü il tarixdə saat 01:20 radələrində ƏÇPA-nın 3- cu Patrul Bölüyünün polis nəfərləri Şahid3 və Şahid1 ilə birlikdə dislokasiya üzrə ünvan 5 ünvanının qarşısında iki nəfər şəxsin münaqişə etdiyini görüb dərhal onlara yaxınlaşmışlar. Həmin şəxslərə yaxınlaşdıqda onların spirtli içki təsirində olduqlarını, onlardan birinin burun nahiyəsindən xəsarət aldığını və burnundan qan axdığını görüb dərhal həmin şəxsə yerində ilkin tibbi yardım göstərərək onları ərazi aidiyyəti üzrə Xətai RPİ-nin 34-cü PŞ-ne dəvət etmişlər. Həmin şəxslər onların qanunauyğun tələbinə heç bir etiraz etmədən patrul avtomobilinə əyləşmiş və birlikdə 34cü PŞ-nə yaxınlaşmışlar. PŞ-də onlara məlum olmuşdur ki, burun nahiyəsindən xəsarət alan şəxs 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs və digər şəxs isə 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra bu barədə PŞ-nin rəhbərliyinə raport tərtib edib, məruzə edərək NH-yə təhvil vermiş və xidməti əraziyə geri qayıtmışlar. O, hadisə yerinə yaxınlaşanda Zərərçəkmiş şəxs burun nahiyəsindən qan axdığını görmüş, aldığı xəsarətin səbəbini soruşduqda yanındakı şəxsi, yəni Təqsirləndirilən şəxs göstərib sonuncunun onu burun nahiyəsindən yumruqla vurduğunu və bu səbəblə xəsarət aldığını bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs və yəni Təqsirləndirilən şəxs arasında dava-dalaş olduğundan əmin olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ifadəsində uyğun ifadə verərək onun məhkəmə iclasında dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış digər Şahid1 məhkəmə iclasına gəlməmiş, tərəflər həmin şahidin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etməmişdir. Məhkəmə Şahid1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. (i.v. 1); xx.xx.2023-cü il tarixli raportdan görünür ki, X5 Alayının əməkdaşları xx.xx.2023-cü il tarixində, saat 01:20 radələrində iki nəfər şəxssin dava-dalaş etidklərini görmüş və onlara yaxınlaşmışlar. Bu zaman bir nəfərin üzərində qan ləkələrinin olmasını görmüş, ona tibbi yardım göstərmiş, daha sonra həmin şəxsləri 34-cü PŞ-nə dəvət etmişlər.(i.v 2) Zərərçəkmiş şəxs 15 avqust 2023-cü il tarixində Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 01 radələrində Əhmədli metrostansiyası yaxınlığında telefonunu götürmək üçün Nicat adlı tanışı sonuncunun bacısının mobil nömrəsini telefonundan götürdüyü üçün onu döyərək xəsarət yetirmişdir. Bu barədə qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. (i.v3) Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/27649 saylı tibbi müayinə protokolundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixində orta sərxoş olmuşdur. (i.v 9) Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/27648 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində yüngül sərxoş olmuşdur. (i.v 11) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 X6 15 avqust 2023-cü il tarixli 918 saylı məhkəmə tibbi-ekspertizası rəyindən görünür ki, Vət.Zərərçəkmiş şəxs burun sümüyünün qapalı yerdəyişməsiz sınığı, burun, sol almacıq və sol qulaqarxası nahiyələrinin yumşaq toxumalarının şişkinlik halında əzilmələri müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. 2.Vət.Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasyalarına görə özü-özünə yetirməsi inkar olunur. (i.v.15-16); xx.xx.2023-cü il tarixində hadisə yerinə baxış keçirilməsi barədə tərtib edilmiş protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hal şahidlərin iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 25-də baxış keçirilmişdir. (i.v.18-19) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 13 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 20); 04 oktyabr 2023-cü il tarixində zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v. 26) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” X6 xx.xx.2023-cü il tarixli, 6124 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda deyil. (i.v 43) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməyib. (i.v 45) 18 noyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir.(i.v 58- 60) 18 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur.(i.v 69-70) 18 noyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 87-88) xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti 91 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşayır və qonşular arasında nümunəvi gənc kimi tanınır.(i.v 98) xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti 91 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşayır.(i.v 99) 02 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM- nin 221ci maddəsinin tərkibi olmadığından həmin hissədə barəsində cinayət təqibi rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180-ci maddəsinin tərkibi olmadığından həmin hissədə barəsində cinayət təqibi rədd edilməsi, istintaq zamanı zərərçəkmiş və təqsirləndirilən şəxslərin ifadələri, şahid ifadələri, üzləşdirmə protokolu, məhkəmə-tibbi ekspertizasının rəyi iş üzrə sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır.(i.v100-104) “AZEMİS” elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs barəsində bir neçə dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati tənbeh tədbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etiraf edici ifadəsi, zərərçəkmiş şəxs ifadəsi, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsi (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 6 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-109/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-109/2024
02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver