Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-11/2022 27.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi - X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 05 mart 2019-cu il tarixdə, saat 23 radələrindən ünvan 2 ünvanının qarşısından Zərərçəkmiş şəxs məxsus “VAZ 2107 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan, qanunsuz olaraq ələ keçirib qaçırmaqla, 06 mart 2019-cu il tarixdə, saat 04 radələrinə kimi olan müddət ərzində idarə edib, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyası istiqamətindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi ilə “Bakıxanov” ticarət mərkəzi istiqamətində hərəkətdə olarkən, yolun Sabunçu rayonu ərazisinə düşən, “Rahat” marketin qarşısından keçən hissəsində, əks istiqamətli yola çıxaraq, həmin yolla hərəkət edən “Mercedes C250” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Accent” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşub, Zərərçəkmiş şəxs ümumilikdə 2115 manat məbləğində maddi ziyan vurmaqla, avtomobili hadisə yerində qoyub, oradan uzaqlaşaraq qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən mənzildə yaşamışdır. 2019-cu ilin mart ayının əvvəlində, axşam saatlarında içkili vəziyyətdə küçədə gəzirmiş. Xətai rayonu, S.Ə.Şirvani küçəsində olan bir binanın girişinin qarşısında saxlanılmış “VAZ 2107” markalı avtomobil diqqətini cəlb etmişdir. O, həmin avtomobili idarə etmək istəmiş və avtomobilə yaxınlaşıb qapısının açıq olduğunu görmüşdür. Avtomobilə əyləşib, sükanın altında olan naqilləri birləşdirərək, mühərriki işə salmışdır. O, avtomobili bir qədər idarə edib, geri qaytarmaq fikrində idi. Avtomobillə Bakıxanov qəsəbəsində hərəkətdə olduğu zaman, içkinin təsirindən idarəetməni itirmiş və qarşıdan gələn “Mercedes” markalı avtomobilin hərəkət istiqamətinə çıxaraq, həmin avtomobillə toqquşmuş, sonra isə həmin avtomobilin arxasında hərəkətdə olan “Hyundai” markalı avtomobilə çırpılmışdır. Baş vermiş hadisədən qorxmuş və həyəcanlı şəkildə avtomobildən düşüb qaçmışdır. Sonradan ona məlum olmuşdur ki, qaçırdığı avtomobilin sahibi Zərərçəkmiş şəxs adlı şəxsdir. “VAZ 2107” markalı avtomobilin sahibi olan, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxslə hazırda barışdığını, törətdiyi əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, o, əvvəllər Xətai rayonu, S.Ə.ünvan 3 ünvanında yaşasa da, hazırda ailəsi ilə birlikdə Balakən rayonunda yaşayır. Özünə məxsus olan “VAZ 2107” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili axşam saatlarında yaşadığı S.Ə.Şirvani küçəsində, binanında qarşısında saxlayırmış. 05 mart 2019-cu il tarixdə, həmişəki kimi avtomobili axşam saatlarında binanın qarşısında saxlamışdır. Səhəri günü, yəni 06 mart 2019-cu il tarixdə, saat 08 radələrində yaşadığı evdən çıxıb, avtomobilinin saxladığı yerdə olmadığını aşkar etmişdir. O, avtomobilin qaçırıldığını başa düşüb, dərhal DİN-nin 102 xidmətinə zəng edərək, baş vermiş hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları naməlum şəxs tərəfindən qaçırılmış avtomobili Bakıxanov qəsəbəsində qəzalı vəziyyətdə aşkar etmişdirlər. Lakin, avtomobilini qaçıran şəxsin hadisə yerindən uzaqlaşdığını ona bildirmişdirlər. Baş vermiş hadisə nəticəsində onun avtomobilinin ön və arxa hissələri yararsız hala düşmüşdür. Araşdırmadan məlum olmuşdur ki, ona məxsus avtomobili qaçıran və yol-nəqliyyat hadisəsi törədən Təqsirləndirilən şəxs adlı şəxsdir. Hazırda isə iş üzrə Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödədiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, 2010-cu il buraxılışlı, “VAZ 21074 minik” markalı, **-BX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs sahibliyindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2019-cu il tarixli, 8450 nömrəli ekspert rəyindən görünür ki, 2010-cu il buraxılışlı, “VAZ 21074” markalı avtomobilin 2019-cu ilin mart ayına normal vəziyyətdə orta bazar qiyməti 6.000 (altı min) manat təşkil edir. Nəzəri hesablama yolu ilə, “777” avtoservis tərəfindən tərtib edilmiş 19 aprel 2019-cu il tarixli ziyan aktına əsasən, 2010-cu il buraxılışlı, “VAZ 21074” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2115 manat müəyyən edilir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21074” markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə təhvil verilmişdir. İş materiallarından görünür ki, 24 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən, seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla, “həbs” qətimkan tədbiri seçilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 28 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirməyə (qaçırmaya) görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Digər tərəfdən, 01 may 2020-ci il tarixli Qanunla əlavə edilmiş və 01 iyun 2020-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə qeyd olunanları əsas tutaraq, Təqsirləndirilən şəxs ifadəsini, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, Təqsirləndirilən şəxs səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 162.1.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21074” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21074” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-11/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-11/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver