Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-111/2022 22.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs hüquqi varisi - oğlu X1, Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təhqiqat orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq halında 11.01.2022-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhər Xətai rayon NZS qəsəbəsi Mingəçevir küçəsində fəaliyət göstərən “Kosmos” marketin yanında keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında məişət zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi ülgüclə qəsdən sonuncunun üz nahiyəsindən vuraraq ona alın və burun nahiyəsinin kəsilmiş yaraları kimi ümumilikdə sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə iclasında məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsi əsasları müəyyən edildiyindən, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Belə ki, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs hüquqi varisi kimi tanınmış oğlu X2 izahat verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası Rafiq 03 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanın qarşısında özünü qaz borusundan asaraq intihar etmişdir. Bununla əlaqədar olaraq atası mərhum Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verlməsini məhkəmədən xahiş edərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi - Müdafiəçi təqsirləndirilən şəxsin hüquqi varisinin ərizəsini nəzərə alaraq Təqsirləndirilən şəxs oğlunun ölümü ilə əlaqədar onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı çıxış edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs hüquqi varisi oğlu X1 və müdafiəçi - Müdafiəçi ərizələrini və Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinin müddəalarını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Prokurorluğunun müstəntiqi Mahmud Mehdiyevin sorğuya cavab məktubundan məlum olur ki, 03.02.2022-ci il tarixində, saat 07.30 radələrində Xətai rayon polis idarəsinin 37-ci polis şöbəsindən növbətçi hissəsindən rayon prokuroruluğuna xx.xx.1966-cı ildə Füzuli şəhərində anadan olmuş Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanının qarşısında qaz borusundan özünü asaraq intihar etməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs özünü öldürməsi faktı ilə əlaqədar aparılan araşdırma ilə əlaqədar olaraq hadisə yerinə və meyitə baxış keçirilmiş, meyit daxili müayinə olunması üçün MTE və PA birliyinin Xətai rayon şöbəsinə göndərilmişdir. Hazırda Təqsirləndirilən şəxs ölümünün səbəbini və iş üçün əhəmiyyət kəsb edən digər halları müəyyən etməkdən ötrü məhkəmə tibb ekspertizası təyin edilmiş və ekspert rəyi götürüldükdən sonra toplanmış material üzrə qərar qəbul ediləcəkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsinin müddəalarından aydın olur ki, ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən, məhkəmə gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” 17 iyun 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq və CPM-in 43.3-cü maddəsində nəzərdə tutulmuş müdafiə tərəfinin məhkəmə baxışına aid hüququnu analogiya üzrə ibtidai araşdırma mərhələsinə tətbiq edərək, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs öldükdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan, o cümlədən həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilərkən onun CPM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş hüququnun həyata keçirilməsi üçün ölmüş şəxsin CPM-in 7.0.32-ci maddəsində göstərilmiş yaxın qohumları və həmin Məcəllənin 7.0.28-ci maddəsində nəzərdə tutulmuş müdafiəçisi etiraz etmək hüququna malik olmalıdırlar. Ölmüş şəxsin yaxın qohumlarının qanuni maraqlarını nəzərə almadan cinayət təqibinə CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi cinayət prosessual qanunvericiliyinin vəzifələrinə xələl gətirmiş olar. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən və cinayət işi üzrə icraata xitam verilməsi barədə ölmüş şəxsin hüquqi varisinin və təqsirləndirilən şəxsin müdafiəçisinin razılığı olduğundan, cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.5, 43.3-1, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-111/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-111/2022
22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver