Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-111/2025 23.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış və məhkumluğu ödənilməmiş, Xaçmaz şəhəri, X11 küçəsi, ev 13 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, ümumi təmiz çəkisi 13,978 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib üstündə saxlayaraq daşımış və 01 noyabr 2024-cü il tarixdə saat 15:30-da Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsində saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki qəhvəyi rəngli gödəkcənin sol iç cibindən 08 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,728 qr, 1,206 qr, 2,230 qr, 2,377 qr, 1,706 qr, 1,433 qr, 2,02 qr, 1,278 qram olmaqla, ümumi çəkisi 13,978 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərdi ki, o, 2004-cü ildə X3 ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan 2005-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. 2005-ci ildə Azərbaycan Respublikası CM-nin 29, 120.2.7-ci maddələri təqsirli bilinib Ağır Cinayətlərə Dair İşlər Üzrə məhkəmənin hökmü ilə 11 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib Xaçmaz rayon məhkəməsinin hökmü ilə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 2024-cü ilin sentyabr ayında "Gül göl" adlanan ərazidə balıq tutmaq üçün getmiş yaxınlıqda olan meşədə gördüyü marixuana kolunun yarpaqlarını yığıb şəxsi istifadəsi üçün qurutmuşdur. 01 noyabr 2024-cü il tarixdə Bakı şəhərinə gələrkən həmin qurudulmuş marixuananı səkkiz ədəd kibrit qutusuna yığaraq özü ilə gətirmişdir. 01 noyabr 2024-cü il tarixdə saat 15:30-da Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən "Təbrik" şadlıq sarayının arxa küçəsində piyada hərəkət edən zaman 3 nəfər şəxsin əllərində telefonla videoçəkiliş edərək ona yaxınlaşıb saxlayıb narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirib üzərində qanunla qadağan edilmiş əşyanı təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra əynindəki qəhvəyi rəngli gödəkcənin sol iç cibindən içərisində nəşə kimi tanıdığı narkotik vasitə olan səkkiz ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Təqdim olunan kibrit qutuları elektron tərəzidə çəkilərək bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənmişdir. Bundan sonra onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət edərək gətirib üzərindən aşkar edilmiş bükümlərlə birlikdə təhqiqatçıya təqdim edilmişir. Polis şöbəsinə hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulması haqqında protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xidməti vəzifəsini yerinə yetirərkən Xaçmaz şəhəri X11 küçəsi ev 13 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatla əlaqədar olaraq 01 noyabr 2024-cü il tarixdə saat 15:30-da Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkilləri polis leytenantı Şahid3 və polis leytenantı Şahid2 ilə birlikdə keçirilən əməliyyat tədbiri zamanı Xətai rayonu, Əhmədli qəsəbəsi Ş.Səmədov küçəsində piyada olan zaman Təqsirləndirilən şəxs saxlayıb polis vəsiqələrini təqdim edərək saxlama səbəbini bildirərək üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsini söyləmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkcənin sol iç cibindən səkkiz ədəd kibrit qutusuna qoyulmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, səkkiz ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkildikdə ümumi çəkisi 41.15 qram olması müəyyən edilərək bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldıqda heç bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət edərək gətirib üzərindən aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan səkkiz ədəd kibrit qutusu olan bir ədəd kağız zərfi baş təhqiqatçı Aşqin Abdullayevə təhvil vermişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə barəsində şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 ifadəsi Şahid1 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 02 noyabr 2024-cü il tarixli cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir; (i.v. 1) - 01 noyabr 2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçənin sol iç cibindən 8(səkkiz) ədəd kibrit qutusuna qoyulmuş narkotik vasitə hesab edilən marixuananı təqdim etmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildikdə ümumi çəkisi 41.15 qram olması müəyyən edilmiş, həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitə hesab edilən qurudulmuş marixuananı tanımadığı şəxsdən əldə etdiyini və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir; (i.v. 13-14) - 01 noyabr 2024-cü il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Xətai RPİ-nin 34-cü PŞ-nə vət. Təqsirləndirilən şəxs Xətai rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 01 noyabr 2024-cü il tarixdə saat 15:30-da Bakı şəhəri, Xətai rayonu, Ş.Səmədov küçəsində saxlanılaraq üzərinə baxış keçirilmiş və üzərindən 08 ədəd kibrit qutusunda spesifik iyə malik ota bənzər maddənin aşkar edilərək qablaşdırılmış və ümumilikdə çəkisinin 41.15 qram olduğu müəyyən edilmiş, həmin maddə yerindən qablaşdırılıb möhürlənmişdir. Əməliyyat tədbirinə dair videogörüntülər bir ədəd "Samsung" markalı mobil telefonda təqdim olunmuş və həmin görüntülərin DVD diskə köçürülərək materiala əlavə edilməsi bildirilmişdir; (i.ş. 25) - İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir; (i.v. 26) - 01 noyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2024-cü il tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 36) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/1815 nömrəli 02 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs imza...” yazılar və imzalar olan bir ədəd ağ rəngli kağız paketdə 8 (səkkiz) ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,728 qr, 1.206 qr, 2.230 qr, 2.377 qr, 1.706 qr, 1.433 qr, 2.02 qr və 1.278 qram olmaqla ümumi çəkisi 13.978 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi – 13,978 qram, tədqiqata sərf edildi – 0,4 qram, qalıq – 13,578 qram; (i.v. 50-52) - 03 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v. 65-66) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-682/2024 saylı, 03 noyabr 2024-cü il tarixli qərarından görünür ki, vəsatət və onun əsasında verilmiş təqdimat təmin edilmiş, xx xxx 1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Xaçmaz şəh., X11 küçəsi, ev 13-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “həbs” seçilməklə, prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 01 noyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır; (i.v.91-94) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərfindən verilmiş 08 noyabr 2024-cü il tarixli tələbnamədən, Xaçmaz Rayon Məhkəməsinin 1(067)-126 nömrəli, 05 oktyabr 2016-cı il tarixli və 1(067)-29/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 29, 120.2.7-ci maddəsi ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə məhkəmənin hökmü ilə təqsirli bilinib 11 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Apellyasiya Məhkəməinin qərarı ilə xx.xx.2005-ci il tarixli hökm dəyişdirilib Azərbaycan Respublikası CM-nin 29, 126.1 və 120.1-ci maddələrinə tövsif edilərək CM-nin 66.3maddəsinə əsasən 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunub. xx.xx.2016-cı il tarixdə Xaçmaz rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə Sumqayıt Apellyasiya məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək cəzası 01 il 6 aya endirilmişdir. xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon məhkəməsinin hökmü ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; (i.v. 99-101) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli, 14797 №-li məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü, Xaçmaz şəh., X11 küçəsi, ev 13 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb; (i.v.107) - “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verilmiş 11 dekabr 2024-cü il tarixli, 18-1-43/2-2425/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək "QKBT. Baş beyin silkələnməsi. Postravmatik astenonevrotik vəziyyət. Alın nahiyyəsinin cırılmış-əzilmiş yarası. Sağ topuq oynağının əzilməsi. Bədənin müxtəlif nahiyyələrinin sıyrıntıları" diaqnozu ilə "Xaçmaz Rayon Mərkəzi Xəstəxanası" PHŞ-də stasionar müalicə olunmuşdur. Təqsirləndirilən şəxs Xaçmaz RMX-da həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur; (i.v. 109) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin 04 noyabr 2024-cü il tarixli 7154 №-li Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; (i.v.131-132) - Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfatı idarəsinin 03 dekabr 2024-cü il tarixli 952 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhər, X11 küçəsi, ev 13 ünvanında qeydiyyatdadır, lakin həmin ünvanda yaşamır. Qeydiyyatda olduğu müddətdə onun barəsində Xaçmaz Mənzil Komunal Təsərrüfatı idarəsinə heç bir şikayət daxil olmamışdır; (i.v.133-134) - 23 dekabr 2024-cü il tarixli DVD-R disk üzrə videoyazı məlimatlarına baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında “DVD-R” disk üzrə videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin DVD diskdə 02 ədəd fayıl vardır. Diskə köçürülmüş birinci fayıl açıldıqda video görüntünün 01 noyabr 2024-cü il tarixdə saat 15:30-da Xətai rayonu Şahin Səmədov küçəsində qeydə alınması müəyyən edilmişdir. Videogörüntü Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkilləri polis leytenantı Şahid1, polis leytenantı Şahid2, polis leytenantı Şahid3 və şübhəli şəxsi Təqsirləndirilən şəxs iştirakı ilə aparılır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərinə qanunla qadağan edilmiş əşyaların olduğu təqdirdə təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkcənin sol iç cibindən səkkiz ədəd kibrit qutusunu çıxarıb təqdim edərək içərisində nəşə kimi tanıdığı narkotik vasitə olmasını və şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Təqdim olunan səkkiz ədəd kibrit qutusu ayrıayrılıqda çəkildikdə kibrit qutusu ilə birlikdə 3.73, 3.51, 4.15, 3.94, 4.83, 4.52, 4.81, 4.18 qram olmaqla ümumilikdə 33.67 qram olması müəyyən edilmişdir. Səkkiz ədəd kibrit qutusu bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək yapışqan lentlə bağlandıqdan sonra elektron tərəzidə çəkildikdə bağlama ilə birlikdə ümumi çəkisi 41.15 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış qeyd olunandan başqa heç bir əşya aşkar edilməmişdir; (i.v.141-142) - 23 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır; (i.v.143-147) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş « Narkotik vasitələr » adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 13,978 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən onun əməlini etiraf etməsini, səmimi peşmanlığını və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hal kimi habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 01 noyabr 2024-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 01 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1nın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 13,578 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 290 (iki yüz doxsan) manat ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat (29 aprel 2025-ci il tarixindən 11 manat) məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 01 noyabr 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 13,578 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan – bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 70 (yetmiş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 290 (iki yüz doxsan) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-111/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-111/2025
23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver