Məhkəmə qərarları › İş №1(011)-112/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-112/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-112/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 208 saylı uşaq baxçasında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 0,492 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşımış və Şahid3 ərizəsi əsasında Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 17 dekabr 2021-ci il tarixdə saat 14:15 dəqiqədə ünvan 2 208 saylı uşaq baxçasının yaxınlığında saxlanılıb ünvan 3 ünvanda yerləşən Xətai RPİ- nin 35-ci PBnin inzibati binasına gətirilərək orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 0,492 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, uzun müddətdi narkotik vasitələr istifadə edir. Narkotik vasitələri tanımadığı şəxslərdən alır. Son zamanlar narkotik vasitələri inyeksiya yolu ilə qəbul edir. Narkotik vasitəni əldə etdikdən sonra əsasən yaşadığı yerin həyətində istifadə edir. 17 dekabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində yerləşən Ali Hərbi Liseyin yanında olmuş, orada tanımadığı bir nəfər şəxs ilə rastlaşmış və öyrənmişdir ki, həmin şəxs narkotik vasitə satır. Həmin şəxsdən narkotik vasitə istəmiş, bundan sonra heç kəsin olmadığı bir kənara çəkilmişlər. Həmin şəxs cibindən bir ədəd şəffaf rəngli sellofan büküm çıxarıb ona vermişdir. Bükümü götürüb cibinə qoymuşdur. Həmin şəxs 30 manat pul istəmiş, o da 30 manat pulu verərək narkotik vasitəni əldə edib çıxıb getmişdir. Yolla gələn zaman bükümün içərisini açıb baxmış və içərisində narkotik vasitə heroin olmasını görmüşdür. Narkotik vasitəni əynində olan qara rəngli şalvarının cibinə qoyaraq yaşadığı yerə tərəf getməyə başlamışdır. Yaşadığı uşaq baxçasının yaxınlığına çatdıqda saat 14:15 dəqiqədə iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları olmalarını bildirmişlər. Bundan sonra onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. O, etiraz etməmiş və onlarla polis bölməsinə getmişdir. Polis bölməsində vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olubolmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitəni çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin maddənin nə olması və haradan əldə etməyi barədə sual vermişlər, bu zaman demişdir ki, həmin narkotik vasitə heroindir, narkotik vasitəni şəxsi istifadəsi üçün 30 manata almışdır. Polis əməkdaşı tərəfindən həmin maddəyə baxış keçirilmiş və içərisində qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Aşkar edilmiş həmin maddə polis əməkdaşı tərəfindən elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,54 qram olduğu müəyyən edilmişdir. Bundan sonra üzərində axtarış aparılmış, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan əlavə o bildirmişdir ki, hal-hazırda törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 Gündüz oğlu ifadəsində göstərmişdir ki, 15 dekabr 2021-ci il tarixdə Şahid3 DİN-nin 102 xidmətinə məlumat verərək bildirmişdir ki, 208 saylı baxçada Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrdən istifadə edirHəmin günü Şahid3 ilə əlaqə saxlanılmış və sonuncu Xətai RPİ-nin 35-ci Polis Bölməsinə dəvət edilmişdir. Şahid3 208 saylı baxçanın müdiridir. Şahid3 DİN-nin 102 xidmətinə verdiyi məlumat ilə əlaqədar ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs müəyyən olunması istiqamətində tapşırıq verilmiş və həmin tapşırığın təmin edilməsi ona tapşırılmışdır. Təqsirləndirilən şəxs müəyyən edilməsi üçün əməliyyat tədbirləri keçirmişlər. 17 dekabr 2021-ci il tarixdə saat 14:15 dəqiqədə bölmənin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə ünvan 5 ünvanda yerləşən 208 saylı uşaq baxçasının qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs həmin baxçada məskunlaşıb yaşayır. Baxçanın yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Rauf da etiraz etməmiş, onlar bir yerdə polis bölməsinə gətirmişlər. Sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarışda vəkil, o və bölmənin əməliyyat müvəkkili Şahid2 iştirak etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və içərisində spesifik iyə malik tünd qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da demişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə heroindir, narkotik vasitə heroini 17.12.2021-ci il tarixdə Xətai rayonu, P.Həşimov küçəsində yerləşən Ali hərbi liseyin yanında tanımadığı şəxsdən 30 manat pul müqabilində almış və istifadə etmək üçün üzərində gəzdirmişdir. Aşkar edilmiş maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0.54 qram olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıyev X3 Elvin Gündüz oğlunun ifadəsi ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, 4 ildir ki, ünvan 2 208 saylı uşaq baxçasının müdiridir. Təqsirləndirilən şəxs həmin baxçaya müdir təyin olunandan sonra tanımışdır. Rauf həmin baxçada yaşayır. Belə ki, dayısı və dayısının ailə üzvləri ilə baxçanın otaqlarının birində məskunlaşmışlar. Raufun dayısı məcburi köçkündür. Daima Raufdan şikayət eşitmiş, belə ki, məcburi köçkünlər bildirmişlər ki, Rauf narkotik vasitə istifadə edir. Eyni zamanda baxçada təmizlik işləri aparan zamanda baxçanın həyətində şprislər görmüşdür. 15 dekabr 2021-ci il tarixdə baxçada olan zaman tanıdığı şəxslər yenədə bildirmişlər ki, Rauf narkotik vasitə istifadə edir və buna görə narahat olurlar. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitənin satışı ilə və istifadə etməsi ilə məşğul olması barədə məlumat vermişdir. Həmin günü mobil telefonuna zəng gəlmiş və onu Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə dəvət etmişlər. Bundan sonra polis bölməsinə getmiş və ərizə ilə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (i.v.01); şübhəli şəxsin tutulması haqqında 17 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:15 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.20-21); şəxsi axtarış və götürmə aparılması haqqında 17 dekabr 2021-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə olan bükümü təqdim edərək, həmin bükümdəki maddənin narkotik vasitə olan heroin olmasını, həmin maddəni 17.12.2021-ci il tarixdə Xətai rayonu, P.Həşimov küçəsində “Ali hərbi liseyin” yanından tanımadığı şəxsdən 30 manat müqabilində şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirməsini və 17.12.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 208 saylı uşaq baxçasının yanında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİNnin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 31-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5536 nömrəli 18 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “(imza) Təqsirləndirilən şəxs” Yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.492 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azerbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir (i.v. 40-43); 18 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 52-53); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 18 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və o, Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir (i.v. 67-68); qətimkan tədbirinin seçilməsi barədə 18 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 69-71); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 27.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22.07.2011-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 85-ci maddələri ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə tətbiq edilmiş və 10.10.2011-ci il tarixdə cəriməni tam ödəmişdir; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.06.2014-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 30.12.2014-cü ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının 05 ay 03 günü hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.08.2015-ci il tarixli hökmünə əsasən CM-nin 263-1.1, 264, 66.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29.07.2017-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının 04 ay 23 günü hissəsindən vaxtından əvvəl şərti azad olunmuş və 21.12.2017-ci ildə cəzasının vaxtı başa çatmışdır (i.v. 78-80); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 barədə 24.12.2021-ci il tarixli 5275 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 88-89); sübutların qiymətləndirilməsi haqqında 21 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, Azərbaycan Respublikası ƏN-nin MEM-nin 18.12.2021-ci il tarixli 6/5536 saylı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin 24.12.2021-ci il tarixli 5275 saylı rəyləri, şəxsi axtarış və götürmə, diskə baxış protokolları sübut növü kimi qiymətləndirilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.442 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 01 ədəd DVD disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 105-113). bir ədəd “DVD-R” diskdə olan videogörüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 17 dekabr 2021-ci il tarixli protokola uyğun olmuşdur; Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş 09.03.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.08.2015-ci il tarixli hökmü ilə tətbiq olunmuş 03 (üç) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının müddəti onun əsas cəzadan azad edildiyi tarixdən hesablanmağa başlanmışdır. Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 0,492 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bükümü çıxararaq təqdim edir, Təqsirləndirilən şəxs həmin vasitənin nə olması və haradan əldə etməsi soruşulduqda, o, həmin kütlənin heroin olduğunu və narkotik vasitəni P.Həşimov küçəsində yerləşən hərbi liseyin yaxınlığında tanımadığı şəxsdən 30 manat müqabilində aldığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,492 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22.07.2011-ci il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.2-ci maddəsinə əsasən ödənildiyindən, həmçinin azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bundan başqa Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.06.2014-cü il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.08.2015-ci il tarixli hökmlər üzrə olan məhkumluqları ödənildiyindən hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 25.05.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının CM-nin 83.3 və 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və hökmlərin məcmusu üzrə məhkum olunduqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.06.2014-cü il tarixli hökmü üzrə olan əməli az ağır cinayət olduğundan CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.08.2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu CM-nin 263-1.1-ci maddəsi ilə olan əməli ehtiyatsızlıqdan törədilmiş cinayət olduğundan, CM-nin 264-cü maddəsi isə böyük ictimai təhllükə törətməyən cinayət olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alınmır. Əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əsas cəzasını 2017-ci ildə çəkib qurtarması nəzərə alınmaqla, ona Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.08.2015ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanı da çəkib qurtarmışdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 01.05.2020-ci il tarixli qanunla edilmiş dəyişikliklə CM-nin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Göstərilən qanun 01.06.2020-ci il tarixdən qüvvəyə minmişdir. Yəni göstərilən qanunun qüvvəyə minməsindən əvvəlki CM-nin normalarına əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 17 dekabr 2021-ci il tarixdən 18 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 44 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixdən 18 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 44 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 0,442 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar