Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-113/2020 10.06.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 A nömrəli yataqxanada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, xx xxxxxx 2020-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Dəmir yolu vağzalı adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 01 (bir) büküm çəkisi 0,180 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan əldə edib saxlayaraq üzərində daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində ünvan 3 nömrəli ünvanda hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə gətirilmiş, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ cibindən, gümüşü rəngli kağıza bükülmüş 0,180 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 A nömrəli yataqxanada valideyinləri ilə birlikdə yaşayır. Bir ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Dəmir yolu vağzalında üzdən tanıdığı bir nəfər şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə olan heroin əldə edib əynindəki qara rəngli gödəkçənin sağ cibinə qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 11:00-da ünvan 3 nömrəli ünvanın qarşısından keçərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyəti barədə maraqlanmış, üzərində narkotik vasitə olduğundan özünü şübhəli aparmış, bu səbəbdən onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. Bölmədə olan zaman o, könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sağ cibindəki gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, gənc olmasını, himayəsində yaşlı valideyinlərinin olmasını, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X5 3-cü Patrul Bölüyünün polis nəfəri Şahid1 ifadə verərək göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqələri və ya tanışlıq münasibətləri olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 11:00 radələrində inzibati ərazidə xidmət apararkən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 21 ünvanının yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb digər polis əməkdaşı Şahid2 ilə birlikdə ona yaxınlaşıb özlərini təqdim etmişlər. Vətəndaşdan harada yaşadığını soruşduqda həmin şəxs qaçmağa cəhd etmiş, onlar bunun qarşısını alaraq həmin şəxsi xidməti avtomaşınla Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə gətirmişlər. Bölmədə onun şəxsiyyəti müəyyən edildikdən sonra təhqiqatçı tərəfindən dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin cibindən bir ədəd gümüşü rəngli kağız bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisindəkinin qəhvəyi rəngli, mum şəkilli, spesifik iyə malik, narkotik vasitə olan heroinə oxşar maddə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulduqda, o, həmin maddənin narkotik vasitə olan heroin olduğunu, bir gün əvvəl 10 manata Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Dəmiryolu vağzalının yaxınlığında üzdən tanıdığı bir nəfər şəxsdən aldığını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi gümüşü rəngli bükümdə olan maddə təhqiqatçı tərəfindən xüsusi qaydada qablaşdırılaraq götürülmüş, bu barədə təhqiqatçı tərəfindən şəxsi axtarış protokolu tərtib edilmiş, o, da həmin protokolu imzalamışdır. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Cinayət işinin 12-ci vərəqəsində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 22-23-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşyanın könüllü surətdə təqdim olunması təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ cibindən gümüşü rəngli kağıza bükülmüş 01 (bir) ədəd bükülünü könüllü çıxardıb təqdim etmişdir. Həmin bükülü açılaraq içərisində spesifik iyli, qəhvəyi rəngli mum şəkilli narkotik maddə hesab olunan heroinə oxşar maddə götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin nə olması haqqında sual verilərkən sonuncu təqdim etdiyi gümüşü rəngli kağızda olan 01 (bir) ədəd bükümün kokos olmasını, narkotik vasitəni xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Dəmir yolu deyilən yerdə üzdən tanıdığı adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 (on) manata almasını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi maddə zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 151 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılarkən video yazan texniki vasitə olan “Panasonic” markalı video kameradan istifadə edilərək və bir ədəd “CD” diskə yazılaraq materiala əlavə edilmişdir. Cinayət işinin 59-60-cı vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 33-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 615 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,180 qram olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertizaya təqdim etmə zamanı heroinin təmiz çəkisi 0,180 qram, 0,050 qramı sərf edilmişdir, ekspertizadan sonra qalıq çəki 0,130 qram təşkil edir. Cinayət işinin 80-83-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib hissəsi aşkar olunmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə material ayrılaraq araşdırma aparılması, istintaq sənədlərində xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilməsi və Bakı şəhər Xətai RPİ-nin məsul saxlancına verilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokollar və protokollara əlavə edilmiş CD disk, ekspertiza rəyləri, maddi sübutlar və işdə olan digər hüquqi sənədlərin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Cinayət işinin 70-71-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2020-ciil tarixli, 97 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdır. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 77-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartoçkasında heç bir məlumat tapılmamışdır . Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 162 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən həmin kollecin qiyabi şöbəsinin rabitə qovşaqları və kommunikasiya sistemləri ixtisasında İİ kurs tələbəsidir; Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli, AA 337629 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkündür; Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 97 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 214 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən Cəbrayıl rayonunun məcburi köçkünləri üçün nəzərdə tutulmuş göz xəstəxanasında müvəqqəti olaraq məskunlaşmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 97 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, ekspertiza rəyləri, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama, daşıma cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən, düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bildiyini, əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını, tələbə olmasını, məcburi köçkün olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə ambulator X1nın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlancında saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,130 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 81,82 AZN (səksən bir manat, səksən iki qəpik) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144, 158.2, 197-198, 344-347, 349, 351-353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı oğlunun üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Xətai Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlancında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,130 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 81,82 (səksən bir manat, səksən iki qəpik) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşid Rzayev
Məhkəmə qərarları › İş №1(011)-113/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-113/2020
10.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver