Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-113/2021 03.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1973-cü ildə Lənkəran rayonunun, Boladı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, halhazırda heç bir yerdə işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonunun, Boladı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan şəxslə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə qrup üzvləri 26 avqust 2020-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri Xətai rayonu, X.Məmmədov küçəsi ev 32 saylı binanın 4-cü mərtəbəsində yerləşən dəhlizə gəldikdən sonra, dəhlizdə maddi nemətlərin saxlanılması üçün xüsusi olaraq plastik materialdan hazırlanmış saxlanc yeri hesab olunan anbarın kilidini sındırmaqla qanunsuz daxil olub, özlərində olan kəlbətin alətlə anbarın içərisindəki Alexandra Kondylina məxsus 750 manat qiymətində 01 ədəd “Cube Aim” markalı velosipedin bağlandığı zənciri kəsib, anbardan çıxardıqdan sonra, qrupun naməlum üzvü binanın 1-ci mərtəbəsinə enib ətrafı müşahidə etməklə kənar şəxlərin gələcəyi zaman məlumat verməli olduğu halda, Təqsirləndirilən şəxs velosipedi gizili olaraq talayıb, binadan çıxarmaqla, zərərçəkmiş şəxs Alexandra Kondylinaya ümumilikdə 750 (yeddi yüz əlli) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsiri bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci ilin iyul ayında 8 km bazarında fəhlə kimi işlədiyi zaman təsadüfən Məcid adlı şəxslə tanış olmuş, tanışlıq zamanı münasibətləri yarandığından, arabir onunla görüşərək söhbətləşirmişlər. 26 avqust 2020-ci il tarixdə saat təxminən 09:00 radələrində 8 km bazarında olduğu zaman, Məcid ona yaxınlaşaraq, həmin gün gecə saatlarında tək şəkildə metronun “Həzi Aslanov” stansiyası yaxınlığında yerləşən 16 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən dəhlizdə quraşdırılmış saxlanc yerinin kilidini özündə olan dəmir alətlə sındırıb, oradan 01 qutu alət dəsti, 01 ədəd “Bosh” markalı drel və 01 ədəd lobzik oğurladığı barədə məlumat verməklə, həmin əşyaları oğurladığı zaman saxlanc yerində 02 ədəd velosiped aşkar etdiyini, lakin velosipedlərin bir-birilərinə zəncir vasitəsi ilə bağlandığı üçün həmin velosipedləri oğurlaya bilmədiyini deyib, velosipedləri oğurlamaqda ona yardımçı olmasını xahiş etmişdir. Belə ki, velosipedlərin bağlandığı zənciri sındırıb, velosipedlərin birini özü, digərini isə onun oğurlamalı olacağını demişdir. İlk əvvəl o, etiraz bildirsə də, sonda pula ehtiyyacı olduğu üçün o, Məcidin təklifi ilə razılaşmış, bundan sonra onlar velosipedlərin bağladığı zənciri kəsməkdən ötrü bazardan 01 ədəd iri kəlbətin alət almış, həmin aləti o, özündə olan bir ədəd qara rəgli çantanın içərsinə qoymuşdur. Məcidlə birgə göstərməsinə əsasən “Həzi Aslanov” stansiyası yaxınlığında yerləşən 16 mərtəbəli, 2 bloklu yaşayış binasının qarşısına gəlmiş, artıq saat 10:00 radələri olarmış, binanın girişindən bloka daxil olmaq istədikdə, bloka giriş qapısının şifrə ilə təhciz edildiyini aşkar etmiş, belə olan halda, bir qədər binanın qarşısında qalıb, qapını açacaq şəxsi gözləməyə başlamışdır. Həmin ərəfədə binada yaşayan sakinlərdən biri qapını açdıqda, bundan istifadə edib, bloka daxil olmuş, ardınca lift vasitəsi ilə binanın 4-cü mərtəbəsinə qalxmış, liftdən çıxdıqda dəhlizdə kənar şəxsin olmadığına əmin olduqdan sonra, hər ikisi dəhlizdəki plastik materialdan hazırlanmış saxlanc yerinə yaxınlaşmış, saxlanc yerinə yaxınlaşdıqda, artıq saxlanc yerinin qapıları üzərindəki kilidinin sınmış, qapılarının isə açıq vəziyyətdə olmasını aşkar etmişdir. O, saxlanc yerinə nəzər saldıqda, orada Məcidin dediyi kimi, 02 ədəd bir birilərinə zəncir vasitəsi ilə bağlanmış velosipedlərin olmasını görmüşdür. Həmin vaxt Məcid çantasında saxladığı kəlbətin aləti çıxarmaqla, velosipedlərin bir-birilərinə bağlandığı zənciri kəsmiş, bundan sonra isə velosipedləri oğurlamağı ona tapşırıb, onu binanın birinci mərtəbəsinə gözləyəcəyini, belə ki, kənar şəxsin gələcəyi təqdirdə dərhal onu məlumatlandıracağını bildirmişdir. Ardınca Məcid ondan kənarlaşıb, lift vasitəsi ilə birinci mərtəbəyə enmiş, o da, ondan təxminən 1-2 dəqiqə sonra, velosipedlərdən birini oğurlayıb, lift vasitəsi ilə binanın 1-ci mərtəbəsinə enmişdir. Velosipedin birini oğurladıqdan sonra, Məcid həmin velosipedi ondan təhvil alıb, o biri velosipedi də, oğurlamağı bildirmiş, o isə törətdiyi hadisədən qorxduğu üçün, bundan imtina etmiş, belə olan halda, onlar ikinci velosipedi oğurlamaqdan fikirindən daşınıb, oğurladıqları velosipedi satmaqdan ötrü idarə edərək, metronun “Neftçilər” stansiyası yaxınlığına gəlmişdir. Orada Məcid velosipedi tanımadığı, xarici görünüşünü isə xatırlamadığı şəxsə özünün velosipedi kimi təqdim edib, 110 manat müqabilində satmış, əldə etdiyi 110 manat puldan isə 20 manatını ona verib, pula ehtiyyacı olduğunu bildirib, qalan 90 manatı özündə saxlamışdır. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini, ailəli olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş şəxs Alexandra Kondylina məhkəməyə ərizə verərək COVİD-19 xəstəliyinə tutulduğundan məhkəmə iclaslarına gələ bilməyəcəyini, şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Alexandra Kondylinanın ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, ifadəsində göstərmişdir ki, o, zəruri olan əşyaların saxlanmasından yaşadığı binanın dəhlizində, mənzilinin qarşı tərəfində plastik materialdan xüsusi saxlanc yeri yəni, anbar inşa etdirmişdir. Anbarın qapısı kilidlə təhciz edilmiş, lazım olduqda özündə olan açarlardan istifadə etməklə kilidi açır, oradan zəruri əşyaları götürür, daha sonra saxlanc yerinin kilidini bağlayırmış. Bununla belə sonuncu dəfə o, 25 avqust 2020-ci il tarixdə axşam saatlarında özündə olan açarlardan istifadə etməklə, saxlanc yerinin kilidini açmış, oradan lazımi olan hazırda xatırlamadığı əşyanı götürdükdən sonra, təkrarən saxlanc yerinin kilidini bağlamışdır. 26 oktyabr 2020-ci il tarixdə saat təxminən 20:00 radələrində o, yenidən anbara yaxınlaşıb, oradan olan zəruri əşyanı götürmək istədikdə, anbarın kilidinin sındırıldığını aşkar etmiş, dərhal anbarı açıb, içərisində saxladığı əşyalara nəzər saldığı zaman, orada olan 100 manat qiymətində 01 ədəd “Boch” markalı drelin, 01 ədəd 100 manat qiymətində “Boch” markalı lobzik alətin, 200 manat qiymətində 01 ədəd qutuda olan təmir alətləri dəstinin və 750 manat qiymətində 01 ədəd “Cube Aim” markalı velosipedin yerində olmadığını, naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Həmin saxlanc yerində bir-birinə zəncir vasitəsi ilə bağlanmış 02 ədəd velosiped olmuş, hadisə zamanı isə həmin velosipedlərin bağlandığı zəncir kəsilməklə, velosipedlərdən yalnız 01 ədədi oğurlanmış, sadaladığı əşyalardan başqa saxlanc yerindən digər hər hansı əşya oğurlanmamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1.150 manat maddi ziyan dəymiş, hadisə zamanı oğurlanmış alətlər və “Cube Aim” markalı velosiped təzə vəziyyətdə olmuşdur. Demək olar ki, həm alətlər, həm də velosiped onun tərəfindən az bir müddət istifadə edilmişdir. Cinayət işinin 34-35-ci vərəqələrində olan 15 sentyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 57-ci vərəqəsində olan 17 sentyabr 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, Bakı şəhəri Xətai RPİ-nin MSY-dən azad olunmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, qətimkan tədbirinin dəyişdirilməsi və iş üzrə icraatın dayandırılması barədə məhkəmə iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə, məhkəmə iclasına gəlmədiyinə görə və məhkəmədən qaçıb gizləndiyinə görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyə daxil olmuş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 17/38-1927 nömrəli 30 mart 2021-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 16 mart 2021-ci il tarixdə Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq 18 mart 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işinin 76-81-ci vərəqələrində olan 16 dekabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanında hadisə yerinə baxış zamanı binanın 4-cü mərtəbəsində quraşdırılmış kamera qurğularından əldə edilmiş 26 avqust 2020-ci il tarixdə saat 10:00 radələrində həmin ünvanda baş vermiş oğurluq cinayətinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 83-84-cü vərəqələrində olan 16 dekabr 2020-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* №-li cinayət işinin materiallarından şəxsiyyəti istintaqla araşdırılan Məcid adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Ayrılmış cinayət işinə ********* nömrəli cinayət işindən müvafiq sənədlərin əsli və ya surəti siyahı üzrə əlavə edilmişdir. Cinayət işinin 69-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 dekabr 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Lənkəran Rayon Xalq Məhkəməsinin 14 yanvar 1993-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək, əməyə mütləq cəlb olunmaqla 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin Məcəllənin 23-1-ci maddəsinə əsasən şərti məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 mart 1994-cü il tarixli qərarı ilə 01 (bir) il 02 (iki) ay 04 (dörd) gün Cəzaçəkmə Müəssisəsinə qaytarılmışdır. 29 may 1995-ci ildə cəzasının sonu ilə azad olunmuşdur; 2) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 yanvar 2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 11 sentyabr 2003-cü il tarixli qərarı ilə 01 (bir) il 10 (on) ay 20 (iyirmi) gün vaxtında əvvəl şərti olaraq azad olunmuşdur; 3) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 aprel 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyun 2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası azaldılmışdır. 15 avqust 2009-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətinin törətməsi, onun özünün istintaq zamanı verdyi ifadəsi, zərərçəkmiş şəxs məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2020-ci il tarixində şübhəli şəxs kimi tutulmuş və 17 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, Bakı şəhəri Xətai RPİ-nin MSY-dən azad olunmuşdur. Daha sonra, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə, məhkəmə iclasına gəlmədiyinə görə və məhkəmədən qaçıb gizləndiyinə görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Təqsirləndirilən şəxs keçirilmiş-axtarış tədbirləri nəticəsində 16 mart 2021-ci il tarixdə tutulmuş və 18 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2020-ci il tarixindən 17 sentyabr 2020-ci il tarixinədək həbsdə olduğu 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 mart 2021-ci il tarixindən hesablanmalıdır və onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD- R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 15 sentyabr 2020-ci il tarixindən 17 sentyabr 2020-ci il tarixinədək həbsdə olduğu, 02 (bir) gün müddət nəzərə alınaraq ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində, qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 16 mart 2021-ci tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-113/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-113/2021
03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver